Turanın qardaş
dövlətləri: Azərbaycan və Özbəkistan
"Biz Azərbaycanda Özbəkistanla etibarlı
tərəfdaşlıq münasibətlərinə
malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf
edib möhkəmlənsin".
Ümummilli lider Heydər Əliyev
Azərbaycan və Özbəkistan münasibətlərinə nəzər
saldıqda o qədər
zəngin faktlar qarşımıza çıxır
ki, bu iki
ölkəni birləşdirən
köklərin izi ilə hətta əsrlər əvvələ
gedib çıxırıq.
Mahmud Kaşğari, Əl-Biruni,
İbn Xoca, Əhməd Yasəvi, Əlişir Nəvai kimi türk dünyasının fəxri
olan şəxsiyyətlər
özbək xalqının
yetirdiyi dahilərin yalnız bir qismidir. Azərbaycanda da bütün
dövrlərdə onların
yaradıcılıqları diqqət mərkəzində
olub, sevilib və öyrənilib.
"Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!"
- deyən mütəfəkkir
şairimiz Hüseyn Cavidin əslində türk xalqları olaraq birlikdə güclü olmağımız
üçün belə
bir düstur təqdim etməkdə haqlı olduğunu bugünki siyasi cərəyanlar fonunda bir daha dərk edirik.
Eyni mədəni
dəyərləri bölüşməklə
yanaşı həm xalq, həm dövlət olaraq bu coğrafiyada eyni taleyi yaşamağımız
və elə gözü türkü götürməyən, işğal
üçün fürsət
axtaran yadəsilli düşmənlərə qarşı
dura bilmək üçün türkün
türkdən başqa
arxa-dayağı olmadığını
bilməyimiz də Azərbaycanla Özbəkistanı
birləşdirən səbəblərdir.
Mənsub olduğumuz Altay və Oğuz dil qrupları
ümumi türk dilləri ağacının
qoşa budaqları olduğu üçündür
ki, bir özbəklə
bir azərbaycanlı ünsiyyət zamanı bir-birinə heyranlıq və hədsiz məmnuniyyətlə qulaq
asmaqdan yorulmaz. Bu əsrlər əvvəl də belə idi, indi də
belədir.
Özbək Nəvai yazır:
Mehridin mendek nihoni toza
doği bulmasa,
Yuzdə nevçun kavkabi aşkin kilur izhor subh.
Nəvaidən təsirlənən azərbaycanlı
şair Füzulinin isə belə bir beyti var:
Gün degil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.
Nizami Gəncəvi yaradıcılığından
bəhrələnən bütün
dünya xalqları kimi özbək xalqının da qədirbilənliyinin nəticəsidir
ki, Daşkənddə Nizami
Gəncəvinin, Bakıda
isə Əlişir Nəvainin abidələri
ucaldılıb. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır.
Azərbaycanda isə bir qəsəbə Nəvainin
adını daşıyır.
Müasir dövr ədiblərinin də əsərləri hər iki qardaş dövlətin müvafiq qurumları tərəfindən
nəşr olunaraq əlçatan edilir. Məsələn, 2020-ci ildə
tanınmış özbək
şairi Xasiyyət
Rüstəmin "Adı
Lalə idi o qızın" adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla)
nəfis tərtibatla dərc edilib. "Önsöz" və
"Təqdim" yazılarını
Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri Qənirə
Paşayeva ilə Daşkənddəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov yazıb. Kitabın redaktorları Əkbər
Qoşalı və İntiqam Yaşardır.
"Adı Lalə
idi o qızın"
əsərində Birinci
Qarabağ savaşı
zamanı öz ata-baba yurdundan didərgin düşən
Lalənin acı həyat hekayəsindən,
Ermənistanın Azərbaycana
qarşı apardığı
işğalçılıq siyasətindən bəhs edilir.
Azərbaycan və Özbək ədəbiyyatındakı qaynayıb-qarışmalar
ölkələrimiz arasında
saysız- hesabsız bağlardan yalnız biridir.
Təkcə bunu demək kifayətdir ki, ötən əsrin 30-cu illərində kütləvi
repressiyalar zamanı
on minlərlə azərbaycanlı
Özbəkistan torpağında
sığınacaq tapıb.
Bu gün 40 mindən
çox azərbaycanlı
Özbəkistan cəmiyyətinin
sosial, ictimai, iqtisadi və digər sahələrində
fəal iştirak edir. Seyid Rza Əlizadə,
Məqsud Şeyxzadə,
Nəsibə Abdullayeva
kimi onlarla istedadlı azərbaycanlı
üçün Özbəkistan
doğma Vətəndir.
1966-cı ilin aprelində
dağıdıcı zəlzələdən
sonra Daşkəndin bərpasında azərbaycanlılar
yaxından iştirak ediblər.
1955-ci ildə Tofiq
Tağızadənin rejissorluğu
ilə çəkilmiş
"Görüş" filmi
Azərbaycan tamaşaçısının
bu gün də sevə- sevə izlədiyi, azərbaycanlı gənc Kamil ilə özbək gözəli Lalanın sevgisindən bəhs edən sənət əsəridir. Özbək
aktrisası Nelya Ataullayevanın canlandırdığı
Lala obrazı ilə bir özbək
qızının cəsarəti
və sevgisi fonunda biz azərbaycanlılar,
özbək xalqının
dünya görüşü,
mədəniyyəti, mənəvi
dəyərləri ilə
bir daha tanışlıqdan məmnuniyyət
duyurduq. Doğma soydaşlarımız olan özbəkləri sanki Lalanın mükəmməl xarakteri
ilə bir daha yenidən sevirik.
Teatr sahəsində
də Özbəkistanla
olan əlaqələrimiz
hər zaman sıx olub. Məsələn,
dahi Üzeyir bəy Hacıbəylinin
"Arşın mal alan" operettası
ilk dəfə Özbəkistanda
1919-cu ildə Daşkənddəki
"Kollizey" teatrında
tamaşaya qoyulub. Həmin il
Bakıdan gələn
rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan
azərbaycanlılardan ibarət
teatr truppası yaradıb və "Arşın mal alan" bu qədim şəhərdə
də səhnələşdirilib.
Əsər 1921-ci ildə Buxarada
tamaşaya qoyulub.
2000-ci illərdə də
"Arşın mal alan" dəfələrlə
Daşkənd, Fərqanə,
Buxara, Kokand, Xarəzm,
Səmərqənd şəhərlərində
səhnələşdirilib.
Görkəmli Azərbaycan bəstəkarı
Arif Məlikovun özbək yazıçısı
Şərəf Rəşidovun
əsəri əsasında
yaratdığı "İki
qəlbin dastanı baleti" dünya musiqi sənətinin incilərindəndir.
Ötən əsrin 80-ci illərindən
xalqımızın dillər
əzbəri olan
"Qaragöz boy-boy" özbək
mahnısını sevməyən
azərbaycanlı varmı?
İstər 1918-ci ildə Azərbaycanda
Demokratik Cümhuriyyət
qurulanda, istərsə
də 70 il sonra yenidən rus imperiyasının caynağından qurtulub
əbədi müstəqilliyinə
qovuşduğumuz dövrdə
Özbəkistan siyasi
müstəvidə Azərbaycanın
mövqeyini hər zaman dəstəkləyib.
Cümhuriyyət qurucularından olan Yusif Vəzir Çəmənzəminli 1938-ci ildə Bakıda repressiyanın dözülməz
psixoloji zərbələrindən
qurtuluş kimi Özbəkistana getməyi
seçmişdi. 1938-ci ildə
Özbəkistanın Xarəzm
Vilayət Pedaqoji İnstitutunda baş müəllim işləmiş,
eyni zamanda, institut kitabxanasında müdir kimi fəaliyyət göstərmişdi.
lll
İki ölkə
arasında diplomatik əlaqələr isə
2 oktyabr 1995-ci ildə
qurulub. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistanda,
1998-ci ilin may ayında
Özbəkistan Respublikasının
Azərbaycanda səfirlikləri
fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixində ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
21-22 oktyabr 1996-cı il tarixində isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib.
23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub.
Bir sözlə, Azərbaycan üçün Özbəkistan Türkiyədən sonra ikinci ən yaxın türk dövlətidir. Turan yumruğunun ilk üçlüyü Türkiyə, Özbəkistan və Azərbaycan olması şübhəsizdir. Bu ehtimalımızı cənab Prezident İlham Əliyevin qardaş Özbəkistana hələlik sonuncu son səfərində dövlət və mədəniyyət xadimlərinin qarşısında söylədiyi müsbət enerji və sevinc dolu nitqi də təsdiq edir:
"Bu gün
yeni Özbəkistanı mən özüm üçün
kəşf etdim. Yeni
Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və
Azərbaycan xalqları bir yumruq
kimi birlikdə olacağıq".
Aygün
YAŞAR
525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.14.