"ASAN könüllüləri"nin ədəbiyyat
sevgisi
Bədii qiraət
müsabiqəsinin final mərhələsi xoş təəssüratla
yadda qaldı
İnsanın mənəvi dünyasını saflaşdıran nəsnələr içində poeziyanın xüsusi yeri var. İnsanın düşüncələrinin, daxili dünyasının, yaşantılarının bədii tərcümanı kimi söz sənətinin qüdrəti böyükdür. Bu baxımdan dünən 7 saylı "ASAN xidmət" mərkəzində baş tutan tədbir olduqca maraqla qarşılandı. "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi, milli fikir tariximizdə müstəsna rolu olan Bəxtiyar Vahabzadənin 97 illiyi münasibətilə keçirilən bədii qiraət müsabiqəsinin final mərhələsi xoş təəssüratlarla yaddaşlarda qaldı.
Müxtəlif "ASAN xidmət" mərkəzlərinin könüllüləri müsabiqənin final mərhələsində 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə apardılar. Müsabiqə iştirakçılarının hər biri Bəxtiyar Vahabzadənin müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndirdilər.
Fidan Mədətova "Vətən marşı", Əminə Abdullazadə "Şəhidlər", Elyar Əkbər "Ayrıldıq", Şəbnəm Ağazadə "Qorxu", Ofeliya Nəbiyeva "Anam öldümü?", Aydan Bağırova "Yağma, yağış", Bikə Zəkiyeva "Ana dili", Mahilə Əlizadə "Yaşamaq istəyirəm", Aytən Nurməmmədli "Qızım", Nuranə Babazadə "Bayraq", Büllur Sadıqova "Ömür", Xəyalə Abıyeva "Mənim ana dilim", İlkanə İbrahimbəyli "Sevincin zirvəsi, dərdin zirvəsi", Ayxanım Məlikova "Anam öldümü?" şeirlərini səsləndirdilər.
Səhnə danışığı, bədii qiraətin sirlərinin həmin könüllülərə tədris olunmadığını nəzərə alsaq, ifalarını yüksək qiymətləndirmək olar. Emosional qiraət, obrazlı ifaları ilə dinləyicini duyğulandırmağı bacardılar və həqiqətən, finala layiq olduqlarını sübut etdilər. Fidan Mədətova və Nuranə Babazadənin coşqusu şeirinin xarakteri ilə uyğun gəlirdi. Bikə Zəkiyeva və Xəyalə Abıyeva dillə bağlı şeirlərində təəssübkeşlik ruhunu hiss etdirə bildilər. Ofeliya Nəbizadə və Ayxanım Məlikova eyni şeiri səsləndirsələr də, qiraətlərindəki spesifik çalarları ayırd etmək mümkün oldu. İfaları ilə dinləyiciləri olduqca təsirləndirdilər. Əminə Abdullazadə, Elyar Əkbər və Aytən Nurməmmədlinin ifaları da yaddaqalan oldu. Şəbnəm Ağazadə, Aydan Bağırova, Mahilə Əlizadə və Büllur Sadıqova şeir seçimləri ilə münsiflər heyətinin xüsusi marağına səbəb oldular.
Münsiflər heyətinin qərarına əsasən, Mahilə Əlizadə 1-ci, Nuranə Babazadə 2-ci, Ayxanım Məlikova 3-cü yerə layiq görüldülər. Müsabiqə iştirakçıları diplomlarla təltif edildilər.
Münsiflər heyətinin üzvü, Prezident yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə agentliyin insan resusları və təlim şöbəsinin müdir müavini Fərid Sadıxlı keçirilən müsabiqənin mahiyyəti barədə söhbət açdı, bu təşəbbüsü təqdirəlayiq hesab etdiyi söylədi.
İştirakçıları qiymətləndirən digər münsif, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcid idi. O, xüsusi qeydlərini səsləndirdikdən sonra könüllülərin poeziyaya olan marağını alqışladı.
AYB-nin mətbuat xidmətinin və Müşfiq komissiyasının rəhbəri, şair Xəyal Rza münsiflər heyətinin digər üzvü kimi bütün çıxışçıları təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. O, gənclərin qiraətlərindəki bir sıra məsələlərə toxundu.
Sonda "ASAN könüllüləri" təşkilatının sədri Emiliya Bayramova münsiflər heyətinə minnətdarlığını bildirdi.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.13.