"Qaqarin uçur"

 

Azərbaycanın Əməkdar rəssamı İrina Eldarova 1955-ci ildə Moskvada anadan olub. Tanınmış rəssam Müslüm Eldarov ilə ailə quraraq Bakıya köçüb. Təhsilini İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutu (1975-1979) və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1980-1982) alan rəssam incəsənətin qrafika, rəngkarlıq, illüstrasiya, video-art, fotoqrafiya kimi sahələrində fəaliyyət göstərir. İrina Eldarova parlaq boyaların, nostalji səhnələrin geniş yer aldığı əsərlərində qəzet parçaları, sosialist realizmi və pop-art üslubunu birləşdirərək müxtəlif mövzulara müraciət edir.       

Bakı metrosunun "Xalqlar dostluğu" stansiyasındakı monumental rəsmlərin müəllifi olan İrina Eldarova, həmçinin, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan kimi ölkələrin irimiqyaslı nəşriyyat layihələrinə aid kitabların bədii tərtibatını da həyata keçirib.

Müxtəlif illərdə rəssamın "Atəşpərəstlər", "Salam, bu mənəm", "Qızlar neftçilərə üstünlük verir", "Azərbaycan nefti. Nobel qardaşları. Mükafat 2015", "Brend kimi kişi" kimi fərdi sərgilərlə dəfələrlə nümayiş etdirdiyi yaradıcılıq hesabatı hər dəfə böyük maraqla qarşılanıb. O, həmçinin, bir çox beynəlxalq əhəmiyyətli sərgi, biennalelərdə də iştirak edərək, böyük yaradıcılıq uğurlarına imza atıb.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Dürdanə Qurbanovadır. Onunla Əməkdar rəssam İrina Eldarovanın "Qaqarin uçur" əsəri haqqında danışmışıq.

- Dürdanə xanım, İrina Eldarovanın "Qaqarin uçur" əsərinin yaranma tarixçəsi haqqında nə bilirik?

- İrina Eldarovanın böyük maraq doğuran "Qızlar neftçilərə üstünlük verir" layihəsinin rəssamın həyatında ayrıca yeri var. Müəllifin qəhrəmanları böyük silsilə şəkilində bir mövzunu əhatə edən əsl Bakı neftçiləridir: güclü, sarsılmaz və qorxmaz... İrina Eldarovanı bu mövzunu işləməyə ilhamlandıran Merlin Monronun filmdə ifa etdiyi mahnıdakı "Qızların əsl dostları - brilliantlardır" sözləri olur. Rəssam hesab edir ki, günümüzdə brilliant, heçneft qədər əhəmiyyətli deyil. Beləliklə, "Qızlar neftçilərə üstünlük verir" adlı silsilə əsərlər yaratmaq ideyası meydana çıxır. Haqqında danışacağımız "Qaqarin uçur" əsəri də bu silsiləyə daxildir.

- Merlin Monro ilə Bakı neftçilərini bir araya gətirmək maraqlı ideyadır. Rəssam başqa əsərlərində də Merlin obrazına müraciət edirmi?

- İrina Eldarovanın "Qızlar neftçilərə üstünlük verir" silsiləsinə daxil olan "Təklif", "Nişan", "Sarı gəlin", "Oxuyur Müslüm Maqomayev", "Nahar vaxtıdır", "Qaqarin uçur", "Əlvida" kimi əsərlərinin əsas personajları 60-cı illərin Sovet afişalarındakı naməlum Bakı neftçisidünya kinosunun ən məşhur sarışını Merlin Monrodur. İrina Eldarovanın müsahibələrinin birində qeyd etdiyi kimi, əslində, bu silsilə rəssam üçün bir qədər şəxsi xarakter daşıyır. O, "Neftçi yerinə MüslümüMerlinin yerinə məni qoysanız, bu layihədə ən vacib şeyin qadın ilə kişi arasındakı incə münasibətin olduğu sizə aydın olar" deyə qeyd edir.

- Əsərin rəng koloriti necədir?

- İrina Eldarovanın elə əsəri yoxdur ki, orada rəssamın şux rənglərin ritmik keçidlərindən məharətlə istifadə etdiyi duyulmasın. "Qaqarin uçur" əsərində isə əsasən mavigöy rənglərin ahəngdar paylanmasını izləyirik. Mavigöy rəngli geyimdə ciddi, sərt görünüşlü kişi obrazları arasında sarışın, gülərüz Merlinin obrazı çəhrayı geyimi ilə diqqəti cəlb edir. Əsərdə dərin emosional əhval-ruhiyyə yaratmaq qabiliyyəti, romantik ab-havaeyni rəngin müxtəlif çalarlarının yumşaq keçidləri, forma və fiqurların qalın kontur xətlər vasitəsilə həlli və sadalanan digər xüsusiyyətlər əlbəttə ki, rəssamın dünyagörüşünü və yüksək sənətkarlığını əyani şəkildə göstərir.

- Kompozisiya haqqında nə deyə bilərik?

- Silsiləyə daxil olan  "Qaqarin uçur" tablosunun kompozisiyasına diqqət yetirsək, əsərin ideya məzmunu bizə aydın olar. Pop-Art üslubunda işlənmiş bu əsərdə adından da göründüyü kimi, Sovet dövrünün tarixi hadisəsi Yuri Qaqarinin kosmosa uçmasını izləyən ümumiləşdirilmiş üç neftçininaktrisa  Merlin Monronun obrazlarını görürük. Neftçi obrazları arasında sarışın gözəl Merlinin obrazı xüsusilə seçilir. Personajların səmaya tuşlanmış baxışları və Merlinin üzündəki təbəssüm ifadəsi ilə rəssam insanların hadisəyə münasibətini, sevinc və həyəcanlarını nümayiş etdirib. Ümumiyyətlə, İrina Eldarovanın əsərlərində Merlin obrazı Azərbaycan xalq ədəbiyyatının dillərə dastan personajı Sarı gəlin ilə assosiasiya olunur.

Tabloda diqqət çəkən digər bir məqam rəssamın kosmosa uçan Qaqarini seyr edən neftçilərin söykəndikləri məhəccəri qəsdən təsvir etməyərək illüziyaya nail olmasıdır. Bu da əsərin kompozisiya quruluşuna mücərrədlik və bir o qədər də mistik ruh bəxş edir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Özündə maraqlı ideya məzmun daşıyan əsər lirik tonlar üzərində qurulub. Baxmayaraq ki, tabloda Qaqarinin kosmosa uçması tarixi hadisəsi əks olunub, ümumilikdə əsərdə qadın gözəlliyi ilə ciddi və sərt kişi obrazlarının ziddiyyətini də görə bilirik. Rəssamın özününqeyd etdiyi kimi, burada hökm sürən romantik ab-hava ilə qadın və kişi münasibətləri ön plana çəkilib.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.13.