Lerikdə yaddaqalan ədəbi görüş

 

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı ərəfəsində respublikamızın  hər yerində ədəbi tədbirlər geniş vüsət alıb. Bütövlükdə mədəniyyətimiz, ədəbiyyatımız təbliğ olunur, klassik ədəbi irs xatırlanır, çağdaş şeirimizin nəsrimizin tanınmış simalarının yaradıcılıq hesabatları dinlənilir, kitabları oxuculara paylanılır, imza günləri təşkil edilir.

Lap bu yaxınlarda Lerikdə əslən buradan olan nasir-publisist Qəni Camalzadənin "Şeytana  daş atanlar" kitabının geniş müzakirəsi keçirildi. Əlamətdar tədbir rayon İcra Hakimiyyətinin regional mədəniyyət idarəsinin təşəbbüsü ilə təşkil olunmuşdu. Mədəniyyət evinin foyesində kiçik kitab  sərgisi dərhal diqqət  çəkirdi. İmza saatından öncə Qəni Camalzadə avtoqrafla müxtəlif illərdə nəşr edilmiş "Qızıl xotuq", "Karxana", "Şeytana daş atanlar", "Kiaksarın axırıncı savaşı" sair kitablarını oxuculara hədiyyə  etdi. Sonra əsas mərasim başlandı.

Tədbirin aparıcısı Ağacəfər Həsənli salona toplaşanları salamladı, yazıçının həmyerlilərilə görüşünü dəyərləndirdi Qəni Camalzadənin son dövr  yaradıcılığı barədə müfəssəl məlumat verdi. "Nasir kimi Qəninin yazı üslubu satirikdir, yumor, təhkiyə, ironiya hekayə romanlarının zahirində yox, daxilindədir. Oxuduqca, daha çox maraqlanır detallardan, obrazlardan ləzzət alırsan. Bu ruhun klassik dramaturgiyamızın nəsrimizin banisi M.F.Axundovdan, Ə.Haqverdiyevdən, sonrakı mərhələdə Mirzə Cəlildən gəldiyini görürsən. O, heç bir yazıçını təkrar etmir, özünü yazır yaradıcı  surətdə bəhrələnməyi bacarır. Əgər bircə Qəninin əvvəl "Azərbaycan" dərgisində, sonra  kitab şəklində çap edilmiş "Qızıl xotuq" irihəcmli romanını kimsə götürüb oxusa, sətirbaşı sifətinə  təbəssüm qonar, özünü  qəşş edib gülməkdən zorla saxlayar. Bu, artıq ustalıqdır, peşəkarlıqdır ciddilikdən xəbər verir".

İdris Şükürlü yaxından tanıdığı naşirin əsərlərini həvəslə oxuduğunu söylədi. "Qəni Camalzadənin mövzu seçimi maraqlıdır. O, daim  aktuallığa can atır. Bədii parçalardan (roman povestlərdən), hekayələrdən, esselərindən gülüş əskik deyil. Yazıçı hədəfə düz vurur, cəmiyyətimizin yararsız ünsürlərini ustalıqla tənqid edir, düzlüyə çağırır".

Şair-publisist Qəhrəman Əliyev fikirlərini bölüşərkən dedi: "Lerikdən Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev, Əlisa Nicat, Hüseynbala Mirələmov kimi görkəmli nasirlər çıxıb. Xoşbəxtəm ki, Məmmədhüseyn Əliyev orta məktəb müəllimim olub, vaxtilə kitablarını avtoqrafla hədiyyə edib. Ağacəfər Həsənli poeziyada parlayan, söhbəti Azərbaycanı da aşan qüdrətli şairimizdir. Biz həmyerlilərimizi mütaliə edir, onlarla qürur duyuruq. Təəssüf ki, Qəni Camalzadənin əsərlərinə bələd deyiləm. Bu gün fürsətdən yararlandım, bir-iki kitabını aldım, İnşallah, oxuyaram".

Yazıçının "Kiaksarın axırıncı savaşı" bədii əsəri haqqında danışan Hüseynbala Əliyev çıxışını təxminən belə yekunlaşdırdı: "Qədim Midiyanın tarixinin bir parçasını nəsrə çəkməklə  müəllif çətin yükün altına düşüb. Əlbəttə, bədii həqiqətlər başqa, tarixi həqiqətlər bambaşqa. Qəni Camalzadənin yaratdığı şah obrazı da, vəzir surəti , sərkərdələrin, onların ailə üzvlərinin portretləri maraqlıdır, diqqəti cəlb edir, oxucunu  düşündürür".

Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Nərimanov (Bakı) rayon təşkilatının nümayəndəsi, polkovnik-leytenant, müharibə veteranı Ədhəm Məmmədov fəxrlə bildirdi ki, Qəni müəllimi təkcə kitablar müəllifi kimi tanımır. O, birinci Qarabağ savaşında ağır yol keçib, qan-qada görüb, əsl  həyat məktəbində sınanıb, zabit kimi mərdi-mərdanə döyüşüb, yaralanıb.  Sonra o, yazıçı ilə birgə bir sıra lerikli döyüşçülərin valideynlərinə, o cümlədən, Mükafat Yaqubluya, təmsil elədiyi təşkilatının adından "Fəxri diplom" verdi.

İlk diplom isə Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Heydərovun atasına təqdim edildi. Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bu mükafatı  gurultulu alqışlar altında mərhum döyüşçünün atasına verdi. Çıxışçı bildirdi ki,  ədəbiyyat-mədəniyyət tədbirlərinin təntənəli surətdə keçirilməsi ta Ulu öndər Heydər Əliyevin dövründən ənənəvi şəkil almışdı. İndi bu yaxşı ənənə Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir. Ardıcıl keçirilən "Nəsimi İli", "Nizami İli" tədbirləri, Şuşada  M.P.Vaqifin  məqbərəsinin  bərpasından sonra təşkil olunan poeziya bayramları fikrimizi təsdiqləyir. Bu gün  Lerikdə yazıçı Qəni Camalzadənin  "İmza günü"nün keçirilməsini o böyük mərasimlərin davamı sayıram".

"Ədəbiyyat qəzeti"nin şöbə müdiri, kulturoloq alim Aydın Xan Əbilov dəfələrlə Qəni Camalzadənin yaradıcılığına üz tutduğunu, məqalələr yazdığını, onunla telekanallarda həmsöhbət olduğunu dedi. Bu mövzunu davam etdirən publisist Əlisəfa Həsənov müəllifin potensial imkanlarından söz açdı. "Azərbaycan" jurnalında ardıcıl dərc olunan nasirin "Fosforlu əkizlər" "Karxana" romanlarını xatırlatdı. Eyni fikirləri şair Mirzəxan Abbasov da qüvvətləndirdi.

Tədbirin sonunda söz alan Qəni Camalzadə Mədəniyyət evinə toplaşanlara səmimi minnətdarlığını bildirdi. Sonra ayrı-ayrı məktəblərə, kitabxanalara əsərlərini hədiyyə etdi, oxucuların bir neçəsinə yenicə nəşr olunmuş "Şeytana daş atanlar" romanını bağışladı. Beləliklə, sözün işığına toplaşanlar  həmin gün özlərilə ürəkdolusu sevinc apardılar.

 

Şəhriyar TƏYYAROĞLU

filoloq-müəllim

 

525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.8.