Reallıq hissini itirəndə
Rusiya Təhlükəsizlik Şurasının
katibi Nikolay Patruşev bildirib ki, Qərbin Kiyevə genişmiqyaslı
yardımı və Rusiyaya qarşı misli görünməmiş
sanksiyalarına baxmayaraq,
"xüsusi hərbi
əməliyyat"ın məqsədlərinə
nail olunacaq. ABŞ və onun tərəfdaşlarını
Ukraynaya silah yardımı etməklə
müharibəni uzatmağa
çalışmaqda günahlandıran
Patruşev əlavə
edib ki, Vaşinqton kritik infrastruktur obyektlərinin yerləşməsilə bağlı
məlumatları Ukrayna
ordusuna ötürür.
Belə görünür ki, Rusiya Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşevin müharibə meydanında
baş verənlərdən
xəbəri yoxdur.
Ukraynadakı hərb meydanında isə Rusiya ordusu faciə ilə üzləşib. Ukrayna Silahlı
Qüvvələrinin sentyabrın
ilk günündən etibarən
Xerson, Xarkov və Donetsk istiqamətlərində
başlayan əks hücumu Rusiya ordusu üçün faciəyə çevrilib.
Ukrayna ordusu sentyabrın ilk yarısı
ərazində Rusiya ordusunun son beş
ay ərzində ələ
keçirdiyi ərzidən
çox torpaq azad edib. Belə demək
olar ki, Rusiya ordusunun 150 gün ərzində qazandığı uğurları
Ukrayna ordusu 15 gün ərzində qazanıb. Bu isə Rusiya ordusunun ağır itkilərlə üzləşməsinə
səbəb olub.
Rusiya ordusu işğal etdiyi əraziləri sürətlə tərk etmək məcburiyyətində
qaldığı üçün
yüzlərlə tank və
yük maşını,
eləcə də tonlarla sursat Ukrayna ordusunun əlinə keçib.
Elə bir ağır vəziyyət
yaranıb ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, BMT Təhlükəsizlik Şurasında
məsələ qaldıracaqlar
ki, Ukrayna ələ keçirdiyi Rusiya tanklarını, artilleriyasını, zirehli
transportyorlarını, hava
hücumundan müdafiə
sistemlərini, radar stansiyalarını
və Xarkov vilayətində qanunsuz olaraq ələ keçirilən yüzlərlə
ton sursatı geri qaytarsın. Rusiyanın düşdüyü bu vəziyyət artıq tragikomediyadır.
Rusiya Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşev isə "xüsusi hərbi əməliyyat"ın
məqsədlərinə nail olunacağından bəhs
edir.
Ukrayna ordusunun
sürətli əks-hücumu
beynəlxalq ictimai rəyə çox ciddi təsir edir. Qərb mediası
Ukraynanın uğurunu
"heyrətləndirici" adlandırıb. Alman mətbuatı
Olaf Şoltsu Ukraynaya silah göndərilməsini
sürətləndirməyə çağırır. Britaniyanın nüfuzlu "The Guardian" qəzeti
Ukraynanın əks-hücum
əməliyyatını "beş gündə hər şeyi dəyişdi" kimi şərh edib. Ümuni rəy bundan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri 70 kilometrə
qədər irəliləyişə
nail olub. Eyni zamanda,
beynəlxalq media Rusiya
ordusunun geri çəkilməsini "fəlakətli
qaçış" kimi
dəyərləndirir. Bütün bunların fonunda isə Rusiya iqtidarında əsas söz sahiblərindən biri olan Nikolay Patruşev
"xüsusi hərbi
əməliyyat"ın məqsədlərinə
nail olunacağı haqqında
açıqlama verməkdən
çəkinmir. Məlum olduğu
kimi, Rusiya Ukraynaya qarşı müharibəni "xüsusi
hərbi əməliyyat"
adlandırır və
müharibə ifadəsinin
qəti əleyhinə
çıxır. Hətta "xüsusi hərbi əməliyyat"ı müharibə
adlandırmaq inzibati, bəzi hallarda cinayət məsuliyyəti
yaradır. Buna görə mətbuat Rusiya ordusunun işğal etdiyi torpaqları ataraq qaçmasını da
"xüsusi hərbi
geri çəkilmə"
adlandırmağa başlayıb.
Ukrayna ordusu Xarkov vilayətində Balakleya, İzyum və Kupyansk kimi strateji əhəmiyyətli
bölgələri Rusiya
işğalından azad
edib. Kreml təmsilçiləri isə
baş verənləri
"qoşunların köçürülməsi əməliyyatı"
adlandırır. Qarşıda Rusiyanı Xerson
faciəsi gözləyir. Rusiya rəsmiləri
reallıq hissini itirərək "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə
çatacağından bəhs edirlər.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.7.