"Sağlıqla qal, yaxın
qonşu"
II yazı
TÜRKİYƏ HƏSRƏTLİ XANIM: XALQ ŞAİRİ NİGAR RƏFİBƏYLİ
"Sağlıqla qal, yaxın qonşu" Azərbaycan Sovet dövrü publisistikasının dəyərli bir nümunəsi olmaqla, həm də o dövrdə adının çəkilməsi qismən də olsa yasaq siyahısından çıxarılan Türkiyənin oxuculara yeni ərmağanı idi. Əslində, Stalinin ölümündən sonra yaranan yeni əhval,
ədəbiyyatdan və jurnalistikadan da yan keçməsə
də, bu barədə danışmaq, yazmaq hər kəsin cəsarətində
olan məsələ deyildi. Bir sıra
Sovet sənət adamlarının, o cümlədən, Azərbaycan
Sovet yazıçılarının Türkiyə səfərləri
baş tutsa da, bu barədə Mehdi Hüseyndən sonra söz
deyilməmişdi. Əslində, sözdə
30-cu illərin repressiyasından qurtaran cəmiyyət, bu illərin
mənəvi qorxusundan qurtara bilməmişdi. Digər tərəfdən senzura və təhlükəsizlik
orqanlarının təhdidləri ciddi bir şəkildə
qalmaqda idi. Hətta müstəqillik illərinin
ilk vaxtlarında da bu təhdid çoxlarını səksəkədə
saxladı, hətta demək olar ki, on illərlə bu təhdiddən
qurtulmaq mümkün olmadı.
Bu
baxımdan da Nigar Rəfibəylinin 1969-cu il 8-25 may tarixində
Türkiyəyə səfəri ilə bağlı
yazılmış, "Azərbaycan" jurnalının
1970-ci il 3-4-cü saylarında çap olunmuş
"Sağlıqla qal, yaxın qonşu!"
əsəri həm də ciddi bir cəsarətin bariz nümunəsi
idi. Bu əsər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Azərbaycan dilində latın
qrafikasıilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 fevral 2004-cü il tarixli sərəncamı ilə nəşr
olunmuş "Seçilmiş əsərləri"nə də
daxil edilmişdir. Əsərdə Türkiyədən
böyük sevgi və məhəbbətlə
danışılır. Ən önəmlisi də o
dövrün mətbuatında dərc olunan, xarici ölkə həyatından
bəhs edilən məqalələrdən fərqli olaraq bu əsərdə
ideoloji təsirləri və yaxud Sovet qurluşunun, Sovet
"humanist" həyat tərzinin
tərənnümünü görmürük. Amma əslində, xaricə gedən
yazıçının, jurnalistin, sənət
adamının qarşısına qoyulan önəmli vəzifələrin
önəmlisi məhz bu idi.
Nigar Rəfibəyli
Rəsul Rzanın qohumları ilə
Əsərdə
müəllif Türkiyənin Ankara, İzmir, Bursa, İstanbul
şəhərlərindən aldığı təəssüratları
ən xoş duyğularla oxucuya çatdırır. Bu səmimiyyət və şirinlik əsəri sevdirdiyi
qədər də, Türkiyəyə, türk insanına və
onun həyat tərzinə maraq və sevgi yaradır. Bu sevginin kökündə isə adi statistika, yaxud
tarixlərdən bəhrələnən faktlar yox,
böyük bir şair ürəyinin
çırpıntıları, türk insanına əvəzsiz
məhəbbəti dayanır. Professor Əsgər Rəsulovun
bir məqaləsində yazdıqları burada da çox yerinə
düşür: "Statistikaya yeni həyat vermək, dəlilləri,
sənədləri quruluqdan çıxarıb gözəl əsər
səviyyəsinə qaldırmaq, elmiliyi qorumaq şərtilə
estetiklik qazandırmaq, oxunaqlı etmək yüksək istedad
və məharət tələb edir".
Bu, təkcə
insani yox, həm də şairanə bir yanaşmadır və
fəxrlə demək olar ki, bu duyğuların müəllifi
ancaq Türkiyə sevdalı, həm də Türkiyə həsrətli
Nigar Rəfibəyli ola bilərdi. O,
türklərin şirin dilinin, nəzakətinin vurğunudur və
bunu özünəməxsus bir hökmlə dəyərləndirir:
"Hər xalqı başqa xalqdan ayıran ümumi bir cəhət
olur. Məndən soruşsalar ki, türklərin
bu xüsusiyyəti nədir? Nəzakətdir
- deyərəm. Şirin dilli, mehriban təbiətli,
xoş rəftarlı, qonaqpərəst xalq. Türkiyəyə səfərimizi İstanbuldan
başladıq. Birinci diqqqətimi cəlb
edən bu nəzakət oldu. ...Əvvəlcə
mənə elə gəldi ki, bu, Avropa mədəniyyətindən
gələn cəhətdir. Lakin sonralar
ölkənin içərisinə, dərinliklərinə
getdikcə başa düşüm ki, bu xüsusiyyət mənbəyini
xalqdan alır, kəndlərdən, qəzalardan şəhərlərə
gələn bir keyfiyyətdir".
Maraqlıdır
ki, müəllif İstanbuldan sonra Egey dənizinin incisi
İzmiri də özünəməxsus bir təəssüratla
təqdim edir, bu möhtəşəm və tarixi şəhəri
"gecələri işıq gölünə bənzəyən
şəhər"
adlandırır. "İzmirin
yüksək yerlərindən birində yerləşən
cameyə gəldik, dərs otağına daxil olduq. Burada məktəbin şagirdlərindən olan bir
neçə qız... bizi görüb yanımıza gəldilər.
Başları yaylıqla bağlı olan bu
qızların sir-sifətindən şeytanlıq
yağırdı. Gələcəkdə bunların
molla, hacı-xacə olacaqlarına adam
heç inana bilmirdi. Bu sağlam... Ürəyimdə
- yaman da sizdən molla olar, deyə
düşündüm". İndi bu təəssüratların
üstündə yarım əsrdən də çox vaxt
keçir, amma İzmir yenə də Atatürk sevdalı bir
şəhər kimi Türkiyənin incisi olaraq, həm də
ziyalılarının düşüncəsi ilə fərqli
bir şəhər kimi qalır.
Səfər boyu türk ədəbiyyatı və
yazarları müəllifin diqqətininin fövqündə
dayanır. Oktay Akbal, Fazil Hüsnü
Dağlarca, Yaşar Kamal, Tofiq Fikrət, Orxan Vəli,
Şövkət Sürəyya Aydəmir, Xaldun Taner və
başqaları oxucuya təkcə təqdim edilmir, az qala
onların hər biri haqqında verilən qısa, amma kifəyət
qədər dolğun təəssüratlar oxucunu türk ədəbiyyatının
və mədəniyyətinin təkcə bu gününün
yox, maraqlı və zəngin keçmişinə də
şahid edir. Ola bilsin buna görədir ki, bu təqdimatlar
oxucuda təkcə maraq doğurmur, həm də yeni təəssüratlar
yaradır. Azərbaycan oxucusunun sevə-sevə
oxuduğu Nazim Hikmətin, Rəşad Nuri Güntəkinin
adları sırasında Şövkət Sürəyya Aydəmirin, Haldun Tanerin, Orxan Vəlinin və
başqalarının adlarını görən oxucunun o
dövrdə hansı hisslər keçirdiyini təsəvvür
etmək çətin deyil. Xüsusən də
uzun illərin yasaq və qadağalarından sonra bunun nə
demək olduğunu anlamaq da heç çətin olmur. Maraqlıdır ki, çox qısa təqdimatlarda
onların kimliyi, həyat tərzi və yaradıcılıq
uğurlarının çox incə təqdimatını
görürürük. "Sürəyya Aydəmiri
Vala Nürəddinin "Bu dünyadan Nazim keçdi"
kitabından tanıyıram. Nazim Hikmət
haqqında yazılan əsərlərdə onun adı Nazimin
yoldaşı kimi çəkilir. ...Şövkət
Sürəyya inqilabdan əvvəl Azərbaycanda olmuş, bir
neçə il Şəkidə müəllim
işləmişdir. O, bir çox romanların və
publisistik əsərlərin müəllifidir. "Suyu arayan adam, "Torpaq oyanırsa" və sairə
onun qələminin məhsuludur. ...Azərbaycanla maraqlanır,
həyatımız, dilimiz və əlifbamız haqqında
suallar verirdi. Xeyli söhbət edib
ayrıldıq. O, bizi gördüyünə ürəkdən
şad oldu". "Türkiyədə ictimai
fikrin inkişafına böyük təsir göstərmiş
şairlərdən biri Tofiq Fikrətdir. O, xalqına
Əbdülhəmid istibdadına qarşı üsyan ruhu
aşılayır, vətəni bürüyən acı sisdən
xilas olmağa çağırırdı". Haldun Taner Avropa təhsili görmüş
ziyalıdır. Onun şəxsiyyəti ilə
yaratdığı əsərlər arasında ziddiyyət
var. Ağlamalı işlərə güldürməyi bacaran
sənətkardır" (2-198). Əsər bu cür
qısa və mənalı təqdimatlarla o qədər zəngindir
ki, mübaliğəsiz demək olar ki, müəllif
Türkiyənin 60-cı illərdəki ədəbi mənzərəsini
az qala bütün incəlikləri ilə
təqdim edə bilir.
Nigar Rəfibəylinin
ikinci qardaşı Rəşid bəy xanımı ilə
Yaxud Ankarada "HO - Halq Oyunları" teatrında Erol Toyun "Pir Sultan Abdal" tamaşası haqqında təqdimatı o qədər canlıdır ki, oxucu özünü tamaşanın iştirakçısı kimi hiss edir. XV əsrdə yaşamış türk şairi Pir Sultan Abdalın həyat və mübarizəsinə həsr edilən tamaşadan sonra böyük bir türk şairi ilə tanışlıq özü də canlı bir təəssürat yaradır. "Tamaşadan sonra uzun zaman yuxuya gedə bilmədim. Nədənsə uşaq vaxtı yaylağa getdiyimiz Gəncə dağları, Xaçbulaq, Ağbulaq, Muşavak, Pir Sultan dağlarını xatırlamağa başladım. Kim bilir, bəlkə də dar ağacından qurtarandan sonra Pir Sultan Abdal Gəncə yaylaqlarına qədər getmiş, dağı da onun adı ilə bağlamışlar. Şeir üçün, sənət üçün şahların, sultanların qoyduğu sərhədlərin nə əhəmiyyəti ola bilər?" 30-cu illərin repressiyalarının dəhşətlərini həyatından keçirən bir xanımın bu cür cəsarət və riqqətlə danışması onun həyat yolunun və amalının təntənəsidir. Maraqlıdır ki, bu cür riqqətlərlə əsər boyu tez-tez rastlaşmaqdayıq. "Ankara" kinoteatrında "Ruslar gəlir" ingilis filminə baxandan sonra da, Xalq Tetrında "Tənəkə" tamaşasından, Ankara Dövlət Tetırında fransız yazıçısı Rasinin "Andromak" pyesinin tamaşasından və sairə bu cür təəssüratlardan sonra da yazıçının çox cəsarətli fikirləri ilə tanışlıq mümkün olur.
Nigar xanımın şeirlərindəki ezop dili vasitəsi ilə çatdırdığı ehkamlardan fərqli olaraq bu əsərdə hər şeyə açıq və aydın bir münasibət görməkdəyik. Əslində, bu, Sovet insanının arzuladığı həyat tərzinin yeni təqdimatı idi və bunu Nigar xanım çox rahatlıqla qələma almışdır. Üstəlik, "Azərbaycan" jurnalında dərc etdirmişdir və əminəm ki, o dövrdə bu yazının hansısa bir hissəsinin digər bir mətbuat orqanında dərc edilməsi mümkünsüz idi. Bu incəliklərin fərqinə varanda bir fikir də bu olur ki, ölkənin ictimai-siyasi fikir həyatında önəmli yerə sahiblənən jurnalın bu ənənələrini "Qobustan", "Gənclik-Molodost" jurnalları, "Odlar yurdu" qəzetləri davam etdirdi, amma bu, çox sonralar oldu. Nigar xanımın təqdimatında isə Türkiyə mətbuatının, ədəbiyyat və mədəniyyətinin azadlığını və həyatı reallıqların acıq təqdimatını gördükcə oxucunun hansı arzularla baş-başa dayandığına da şübhə etmirsən.
Bu təqdimatlar o qədər canlı bir sevgi ilə qələmə alınıb ki, oxucu sanki bu səfərlərin iştirakçısı olur. Konya təəssüratları, "orta əsrlərin məşhur mütəffəkkir şairi Cəlaləddin Ruminin-Mövlananım türbəsi olan şəhər" Mövlanə müzeyi və yanındakı Səlmiyyə məscidi, İzzət Qoyunoğlu muzeyi və burada muzeyin yaradıcısı İzzət əfəndi ilə görüşlər bir günün təəssüratları olsa da, minilliklərdən soraq verir. Bir gün sonra Ankara Milli Kitabxanasında baş tutan görüş də, "Bulvar Palas" otelinə dəfələrlə gəlib azərbaycanlı qonaqlarla görüşmək arzusunda olan, "55 il əvvəl Ermənistandan aclıq, səfalət, milli qırğının vətəndən didərgin olmağa məcbur etdiyi" Doktor Hasanın onları qonaq aparması, evində xanımı Malihə ilə, doktorun qızı Leyla ilə görüş elə səmimiyyətlə qələmə alınıb ki, bu hissləri sevgisiz yazmaq mümkün olmazdı. Ümumiyyətlə, bu cür təəssüratlar əsər boyu qırmızı xətt kimi keçir. O da mütləq qeyd edilməlidir ki, "Əsərdə daha çox N.Hikmətə geniş yer verilmişdi. O, Nazim Hikmətə çirkab atanlara ikrah hissi ilə yanaşır. N.Hikmətin dəfn mərasimində iştirak edən İstanbulda Çinar altında Türkiyə tarixində həlledici rol oynayan böyük inqilabçı şair Namiq Kamalı, Sultan Əbdülhəmidə qarşı gəncləri milli azadlığa səsləyən Tofiq Fikrəti, dəstə-dəstə gənclərin onun "ev-muzeyini - Asiyan"ı (Yuva) ziyarət etməsi, İstanbulu gözəl tərənnüm edən şairi Orxan Vəli, tribunası böyük meydanlar olan N.Hikmətin şeirlərini xatırlayır". Hətta İstanbul səfəri zamanı "İstanbul yolunda Nazimi düşünürəm" vurğusu ilə başlayan "... biz İstanbula gedirik. Nazimsiz, Nazimin əziz, unudulmaz xəyalı ilə onun İstanbuluna gedirik" təəssüratları Tiflisdən, Bakıdan, Moskvadan keçir və böyük şairin dəfn olunduğu Nove-Devici qəbiristanlığına qədər uzanır. Nazim Hikmət düşüncələri və Nazim Hikmət obrazı Nigar xanımın xəyalında və əsərində ən azı əziz və böyük Türkiyə boydadır, hər şəhərdə, küçədə, qonaq getdikləri evdə də Nazim Hikmət var...
Qürbət motivləri Nigar xanımın
yaradıcılığında ayrıca bir silsilədir, hətta
tərcümələrində belə bu
ağırlığı duymamaq mümkünsüzdür. Bu motivlər onun yol qeydlərində də
açıq-aşkar görünür, üstəlik, çox arzuladığı əzız
Türkiyədə Azərbaycan həsrətindən qaça
bilmir, bu ünsiyyəti tanış olduğu azərbaycanlılarda,
kitab mağazalarında rastlaşdığı kitablarda
tapır. Əsərdə o
vaxtlar Türkiyədə çalışan həmyerlilərimiz
Arif Heydərov, Azad Şərifov, Zahid Hüseynov və onun həyat
yoldaşı Azadə xanımla epizodik
tanışlığımız da baş tutur. Arif Heydərov
Sovet səfirliyinin konsulluq idarəsinin rəisi, Zahid
Hüseynov məsul işçisi, Azad Şərifovsa məşhur
"İzvestiya" qəzetinin Türkiyə müxbiri
olmuşdu. Onlarla görüşün isti təəssüratlarını
Azərbaycana bağlı kitablar tamamlayır: "Gözüm
ərəb əlifbası ilə basılmış
tanış bir kitaba sataşdı. Molla Pənah Vaqif əzizim,
xoş gördük, sən Türkiyə torpağına
xoş gəlmisən, o gün olsun ki, Sabir gəlsin, Mirzə
Cəlil, Mirzə Fətəli Axundov gəlsin bu ölkəyə...
Hər cürə kitabla dolu olan kitab mağazalarında yeriniz
elə görünür ki..."
Namiq ƏHMƏDOV
Əməkdar jurnalist
525-ci qəzet.- 2022.- 15 sentyabr.-
S.14;15.