Şirindil Alışanlı fenomeni: tənqidçi,
nəzəriyyəçi, tədqiqatçı
Son üç ildə pandemiya da daxil olmaqla gündəlik
həyatın irili-xırdalı məişət problemləri,
sevincli və ya kədərli qayğıları qorxu xofu
altında başımızı elə qatdı ki, illərin
necə keçdiyindən xəbərsiz olduq. Bu üç
ildə o qədər doğmalarımızı, yaxın
sirdaşlarımızı itirdik ki, nəsə bir söz deməyə,
kiməsə pasiban olmağa belə gücsüz qaldıq.
Özümüz bir yana, hətta
yaxınlarımızın, cani qəlbdən istədiklərimizin
varlığı və fəaliyyəti ilə təkcə
özləri üçün yaşayanlarla yanaşı, həm
də başqaları üçün yaşayanların
yubiley yaşına çatdığının fərqinə
belə vara bilmirik.
Mənim
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna gediş-gəlişim 1976-cı ilin iyunundan
başlanıb. Tanınmış tənqidçi, professor Qulu Xəlilovdan və klassik ədəbiyyatın
bilicisi Qulamhüseyn Beqdelidən dərs alırdım. O illər
Şirindil Alışanovun tənqidi, nəzəri məqalələri
ədəbi ictimaiyyətin diqqətini az
bir zamanda özünə cəlb etmişdi.
Son 8-10
ildə şöbələrimiz qonşu otaqlarda yerləşdiyindən
istər koridorda ayaqüstü ədəbi-elmi söhbətlərdə,
istərsə də rəhbərlik etdiyi şöbədəki
söhbətlərində onu dünya ədəbiyyatını
mütəmadi izləyən, erudisiyalı, intellektual səviyyəli
ciddi bir tənqidçi, poetikanı dərindən mənimsəmiş,
situasiyalardan asılı olaraq polemika doğuran məsələlərə
aydın, anlaşıqlı şəkildə, hər kəsin
başa düşəcəyi tərzdə cavab verə biləcək,
həm də nöqtə qoyub son akkordlarını vuran
görkəmli bir alim, vətəndaş, şəxsiyyət
kimi tanımışam. Bu söhbətlərdən, onun rəhbərlik
etdiyi şöbəyə gediş-gəlişdən sonra
qiyabi, qonşu münasibətlərimiz əyaniləşdi,
daha da istiləşdi, onu həmişə yaşından
asılı olmayaraq hər kəsə qayğı, tövsiyə,
məsləhətlər verən ustad kimi gördüm. Özü də
təvazökarlıqla... Bəziləri kimi mən
ifadəsi, mən iddiası Şirindilin leksikasına daxil olan
söz deyildir.
Şirindil Alışanlını alim kimi səciyyələndirən
məxsusi xarakterik xüsusiyyətlər barədə
düşünəndə ilkin olaraq onun elmi maraq dairəsinin
dərinliyi ilə fərqlənməsi yadıma
düşür. Şirindil Alışanlı hələ
universitetdə oxuduğu illərdə intellektual təfəkkür
sahibi olması ona dərs deyən alimlərin diqqətini
çəkib, 1970-1975-ci illərdə Bakı Dövlət
Universitetində təhsil alarkən, filologiya fakültəsində
tənqid üzrə ixtisas kursunu bitirib. 1977-1980-ci illərdə
SSRİ Elmlər Akademiyasının M.Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam
etdirib, XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi
ilə 1981-ci ildə namizədlik dissertasiyasını
müdafiə edib. Deməli, quyuya su tökməklə sulu olmaz, su quyunun dibində olar. Bir də ki,
Şirindil böyüyüb başa çatdığı, tərbiyə
aldığı ocaqda - böyük qardaşı, çox
istedadlı Azərbaycan şairi, Şərq ədəbiyyatının
bilicisi, professor Hüseyn Kürdoğlu kimi alimin misilsiz bir xəzinəsi
içində pərvəriş tapıb. Gül
tutan əldən gül iyi gələr, - deyib
babalarımız. Şirindil
Alışanlı Laçının çeşməli-bulaqlı,
axarlı-baxarlı bir cənnət məkanında doğulub.
Buz kimi dağ suları, yamyaşıl yaylaqlar,
sıx meşələr uşaqlıq illərini
keçirdiyi unudulmaz yerlərdir. 1994-cü ildə
avtoqrafla təqdim etdiyi "Sözün estetik
yaddaşı" kitabından aldığım təəssürat
o vaxt bu oldu ki, bu kitabda Azərbaycan tənqidinin, ədəbiyyatşünaslığının
və nəzəri-estetik fikrinin problemləri yeni təfəkkür
işığında araşdırılıb, milli-mənəvi
dəyərləri və müasir ədəbi prosesi qiymətləndirməkdə
sənət meyarı başlıca prinsip seçilib. Kitabdakı ayrı-ayrı məqalələrdən
duydum ki, son iyirmi ildə (1974-1994) poetik fikrimizin ideya-bədii
təkamülünün başlıca istiqamətləri alim
tərəfindən dünya təcrübəsinə istinadən
ümumiləşdirilib.
Professor
Şirindil Alışanlının 2011-ci ildə "Elm"
nəşriyyatında işıq üzü görən
"Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
monoqrafiyasında çağdaş dünya humanitar fikrinin
kontekstində XX əsr Azərbaycan ədəbiyyatşünaslığının
tarixi təcrübəsi ümumiləşdirilib, müasir ədəbi-nəzəri
fikrin dəyərləndirmə, dövrləşdirmə, bədii
metod və poetika məsələləri ilə bağlı
problemlər araşdırılbsa, 2013-cü ildə nəşr
olunan "Ədəbi-nəzəri fikrin tarixiliyi və
müasirliyi" kitabına ədəbiyyatşünaslığın
müasir nəzəri-metodoloji problemləri,
yaradıcılıq metodu konsepsiyasının təşəkkülü
və inkişaf mərhələləri, ədəbi tənqid
və tarixi ədəbi proses, həmçinin, ədəbi-nəzəri
fikrin korifeyləri (Hənəfi Zeynallı, Məmməd Cəfər,
Mir Cəlal, Yaşar Qarayev, Məsud Əlioğlu, Əziz Mirəhmədov,
Mirzə İbrahimov, Elçin) haqqında məqalələr
daxil edilib.
Professor Şirindil Alışanlı 2022-ci ildə,
baharın təravət saçan günlərində
"Sözün yaşamaq haqqı" fundamental bir əsərini
elmi ictimaiyyətə ərmağan etdi (Bakı,
"Sabah", 2022). Yeni nəşr olunan kitaba tənqidçi-ədəbiyyatşünasın
son illər apardığı tədqiqatların yekunu olaraq
(sanki alim bu dəyərli, məxəz, mənbə olan kitabla
həm 70 illik yubileyinə bir töhfə verir, həm də
buradakı elmi-nəzəri məqalələrlə
çağdaş gənclərimizə ustad dərsi
keçir, örnək olur), XX əsr Azərbaycan ədəbi
gedişatının ideya-estetik mahiyyətini özündə
ehtiva edən əsərləri toplanıb.
Şirindil Alışanlını
tanıdığım onilliklərdə o, şəxsiyyət
kimi necə saf, təmiz, dəqiqdirsə, ədəbiyyatşünas-tənqidçi
kimi də dəqiqdir və ədəbiyyatşünaslıq
özü də dəqiqliyi sevir.
5 monoqrafiyanın, 200-dən artıq məqalənin
müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafına sanballı, ciddi töhfə vermiş,
barmaqla sayılası alimlərdən biridir.
Professor Şirindil Alışanlı elmi araşdırmalarında
nəzəri və praktiki əhəmiyyət kəsb edən
mövzulara meyl göstərib. Nəzəriyyəçi
alimin elmi üslubunun səciyyəvi cəhətlərindən
biri də odur ki, o, düşüncə, mülahizəsini
sadə, anlaşıqlı dildə vermək mümkün
olanda (akademizmə qaçmır - B.B.) bu imkandan maksimum
yararlanır. Onun təhlilləri də,
elmi mülahizələri də sadə və
anlaşıqlı dildə ifadəsini tapır. Şirindil Alışanlının yazı
üslubuna nəzəri terminlərdən yeri gəldi-gəlmədi
istifadə yaddır. Onun əsas əyarı
mülahizənin mahiyyətinin, nəzəriyyənin fəlsəfəsinin
dolğunluqla çatdırılmasıdır.
Görkəmli ədəbiyyatşünas Şirindil
Alışanlı Azərbaycan ədəbiyyatşünaslığında
Yaşar Qarayevin konsepsiya kimi irəli sürdüyü məsələ-problemləri
davam və inkişaf etdirmişdir. Ş.Alışanlı
nəzəriyyəçi olaraq bədii ədəbiyyatın ideologiyadan
və ictimai fikridən asılılığına nöqtə
qoyur. Alim bədii ədəbiyyatı məhz
obrazlı yaradıcılıq kimi, yəni
dünyagörüşün təkrarsız və əvəzsiz
bir forması kimi, canlı həyata və insana daha adekvat olan
inikas forması kimi dərk edərək təhlil edir. Alim "Səməd Vurğun sənəti müasir
ədəbi-ictimai reallıqlar kontekstində" məqaləsində
("Sözün yaşamaq haqqı", 2022) "Səməd
Vurğun və onun ədəbi nəsli avtoritar cəmiyyətin
ədəbi-siyasi gerçəkliyi müstəvisində
yazıb yaratmışlar", - deyir. Nəzəriyyəçi
daha dərin qatlara gedərək, heç kəsin görə
bilmədiyi və ya deməyə gücü
çatmadığı məsələləri də
nişangaha gətirir. Professor Şirindil
Alışanlı sanki, müəllimi, professor Mir Cəlal
Paşayevin "Azərbaycanı şeirə gətirən Səməd
Vurğun oldu" aforizmini konsepsiya kimi, məhz müstəqillik
ərəfəsində, sözün yaşamaq haqqı olan
bir zamanda davam və inkişaf etdirib. Sanki nəzəriyyəçi
alim "Ən qatı siyasi rejimə meydan oxuyan Vaqif - Səməd
Vurğun idi, millətin danışan dili, xalqın müstəqillik
amalının daşıyıcısı. Qalanları belə nəzərə almasaq, "Azərbaycan"
şeiri və "Vaqif" dramı Azərbaycan Xalq
Cümhuriyyətinin ideyalarının ədəbi mətndə
ifadə olunmuş böyük tarixi missiyanı icra etmiş
abidələrdir" mülahizələri ilə bu iki
şah əsər haqqında gələcəkdə kiminsə
fikir söyləməyinə ipucu qoymur.
Səməd Vurğun poeziyasının poetikası, fəlsəfi tutumu, mətnlərə istinadən açılmamış qatların fuqanla üzə çıxarılması ("S.Vurğun poeziyası Azərbaycanın poetik rəmzidir", "Azərbaycan" şeiri əslində xalqın ruhunda əbədi kök salmış himndir", "Azərbaycan" şeiri yurdumuzun poetik xəritəsidir", "Səməd Vurğunun fəlsəfi cəhətdən müdrik faciəsi "Vaqif"də meydana çıxır", "Səməd Vurğun Azərbaycan poeziyası tarixində yeni poetik sistem yaratmışdır", "M.F.Axundovdan sonra məhz S.Vurğun dünya nəzəri-estetik fikrinin dövriyyəsinə daxil olmuşdur"...) və digər məqamlar bir məqalədə sanki konsepsiya kimi təqdim olunur. Bunlar isə yeni yanaşma prinsipləri ərsəyə gəldikcə Vurğun poeziyasının ideya-estetik dəyərləri öz vüsəti ilə daha çox sonralar yaşamaq hüququ qazanacaqdır.
"Sözün yaşamaq haqqı" kitabı əhatə dairəsinə, elmi sanbalına, mövzuların aktuallığına, resenziyaların prinsipiallığına, təhlilə çəkilən mətnlərin nəzəriyyə ilə əsaslandırılıb ümumiləşdiriləməsinə, opponentinin fikirlərinə sayğı ilə yanaşmaya, tarixi faktları təhrif etməməyə və s. müsbət keyfiyyətlərinə görə fundamental bir monoqrafiyadır. Sərlövhələrin elmi tutumundan kimdənsə, dəyərli bir ədibdən, yaxud alimdən danışılacağı əvvəlcədən duyulmaqdadır. Kitabdakı "Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında", "XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni", "Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində", "Klassikləri oxumağın Həmid Araslı dərsləri", "Yaşar Qarayev: yaxından və uzaqdan" və sair yazılar hər biri özlüyündə zəngin bir nəzəri məxəzin ortaya qoyulmasından xəbər verir.
Elmi fəaliyyətimdə müstəsna xidmətləri olmuş akademiklər Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev və başqalarından sonra biz nəslin 80-ci illərdə aldığı öyüd-nəsihətləri, elmi öyrənməyin prinsiplərini bugünkü gənc tədqiqatçılar daha çox müraciət etdikləri Şirindil Alışanov kimi alimlərdir (Çox təəssüflər olsun ki, professor Şirindil Alışanlı bu gün ona Ana südü kimi halal olan Akademiyanın həqiqi üzvlüyünə layiq görülməyib. Allah rizasına bu, onun halal haqqıdır).
Həyatda olduğu kimi (müqtədir,
həssas olan alim - elmimizin gələcəyini
düşünərəkdən əsasən, son vaxtlar
yazılan dissertasiyalardan çox narahatlıqlar keçirir),
resenziyalarında, tənqidi məqalələrində, ədəbiyyatşünaslığa
dair düşüncələrində də prinsipiallıq
nümayiş etdirən, dünya şöhrətli Yuri Borev məktəbinin, Yaşar Qarayev
irsinin görkəmli davamçısı, filologiya elmləri
doktoru, professor, Estetika və Azad Sənətlər
Akademiyasının akademiki (Rusiya) Şirindil Həsən
oğlu Alışanlını yeni kitabı və yubileyi
münasibəti ilə təbrik edir, növbəti on illiyin bu
zaman kəsimində görüşmək arzuları ilə
ona möhkəm cansağlığı arzulayırıq.
Baba
BABAYEV
525-ci qəzet.- 2022.- 15 sentyabr.- S.13.