Qrafika rəssamlığında seçilən imza: Nadir Axundov  

 

 

Onun müəllifi olduğu təsviri sənət nümunələri daha çox düşündürücü tünd çalarlarla zəngindir. Bəlkə bu xüsusiyyət həyatın onu lap balaca yaşlarından taleyin əzabları ilə üz-üzə qoymasından irəli gəlir. Söhbət Azərbaycan təsviri sənət tarixində öz yaradıcılığı ilə seçilən, heç bir fəxri ada layiq görülməyən, istedadlı rəssam Nadir Axundovdan (1925-1999) gedir.

Nadir Səfərəli oğlu Axundov Naxçıvan şəhərində anadan olmuş, 3 yaşından ata-ana nəvazişindən məhrum olan balaca Nadir xalası Münəvvər xanımın himayəsində böyümüşdü. Onun lap kiçik yaşlarından rəssamlığa xüsusi marağı olub. Bu maraqla o, 1938-ci ildə Bakıya rəssamlıq təhsili almağa gəlmiş, bir neçə ay Bakıda qaldıqdan sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə getmiş Leninqrad Orta Rəssamlıq Məktəbinə daxil olmuşdu. 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar N.Axundov təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. 1945-ci ildə ordudan tərxis olunan N.Axundov doğma şəhəri Naxçıvana qayıtmış, orada yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Rəssam daha geniş yaradıcılıq mühitinə qovuşmaq üçün 1946-cı ildə Bakıya gələrək ömrünün axırına kimi burada bədii yaradıcılıq fəaliyyəti ilə məşğul oldu, təsviri sənətin qrafika rəngkarlıq sahəsində uğurlu təsviri sənət nümunələri ərsəyə gətirdi.

N.Axundov, həmçinin, uğurlu pedaqoji fəaliyyətlə məşğul olub. O, 1950-ci illərin ikinci yarısından 1960-cı illərin sonunadək Yuri Qaqarin adına Bakı Pionerlər Sarayında rəsm dərnəyinin rəhbəri işləyib təsviri sənəti gənc nəslin nümayəndələrinə sevə-sevə tədris edib. Rəssamın tələbələri arasından bir sıra tanınmış sənətkarlar çıxıb, Xalq rəssamları yetişib. Xalq rəssamı Arif Hüseynovla söhbətimiz zamanı o, müəllimi N.Axundov haqqında böyük hörmətlə xatırlayaraq, xoş xatirələr danışdı.

N.Axundovun sağlığında Bakı, Gəncə doğulub boya-başa çatdığı Naxçıvan şəhərində əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri təşkil olunub. N.Axundovun "Kitab oxuyan qız" (1952), "Qarpız yeyən oğlan" (1955), "Mühəndisin portreti" (1970), "Birinci kurs tələbəsi" (1972) adlı rəngkarlıq, "Görüş" (1958), "Rəfiqələr" (1959), "Ana sevinci" (1959), "Suvaqçılar" (1960), "Arx kənarında" (1961), "Kitabxanada" (1963), "Təhsil" (1964), "Tələbə qız" (1964), "Düşüncələr" (1965), "Şlyapalı avtoportret" (1966), "Bakı qalası" (1966), "Fasilə" (1966), "Çadralı qadınlar" (1967), "Qədim kənd" (1967), "Kənd musiqiçiləri" (1967), "Qız portreti" (1970), "Qədim Bakı" (1973), "Azadlıq" (1975), "Dəniz kənarında" (1976), "M.Füzuli" (1976) adlı qrafika əsərləri rəssama böyük şöhrət qazandırıb. Rəssamın əsərlərinə tamaşa edərkən seyrçidə xoş duyğularla yanaşı, həzinlik, düşündürücülük hissləri yaranır. Əzim Əzimzadə satirik, Ələkbər Rzaquliyev romantik, Nadir Axundov isə realistik prinsiplərlə öz yaradıcılıq dünyalarını təcəssüm etdirmişlər. Rəssamın yaradıcılığında bədii estetik təsir qüvvəsi maarifçi xətlə ahəngdar aparılıb. Bu xüsusiyyət rəssamın özünəməxsus yaradıcılıq üslubunun formalaşdırılmasına təkan verib. Onun həyat yaradıcılığı haqqında 1994-cü ildə nəşr olunmuş albom kitabda sənətşünaslıq namizədi Nadir Zamanov yazır: "Nadir Axundovun əsərlərində xalqının mədəniyyətini sevən, onun sənət irsi ilə fəxr edən rəssam ürəyinin çırpıntıları hiss olunur".

Müxtəlif vaxtlarda Leninqrad, Daşkənd Tblisidə təşkil olunmuş sərgilərdə rəssamın "Çay süfrəsi" (1961), "Çoban qız" (1961), "Kənd musiqiçiləri" (1966), "Dəniz kənarında qala" (1966), "Köhnə Bakı" (1967), "Dənizdə neft buruqları" (1969), "İçərişəhər" (1971), "Dəniz kənarında" (1976) digər əsərləri nümayiş olunaraq yüksək tamaşaçı rəğbəti qazanıb. Onun əsərləri, həmçinin, Fransa, İtaliya, Almaniya, Finlandiya, Macarıstan, Kuba, Əlcəzair kimi ölkələrdə təşkil olunmuş sərgilərdə uğurla nümayiş etdirilib. Rəssam kitab qrafikası sahəsində diqqəti cəlb edən yaradıcılıq fəaliyyəti göstərib. O, T.Ş.Simurqun "Qayçı" (1966), S.S.Axundovun "Qaraca qız" (1966) hekayələrinə illüstrasiyalar çəkib.

N.Axundovun əsərlərinin reproduksiyaları yaradıcılığı haqqında Azərbaycan incəsənət tarixi ilə bağlı nəşr olunmuş albom, kitab monoqrafiyalarda dəfələrlə dərc olunmuş, tədqiqatçı sənətşünas alimlər tərəfindən yüksək qiymətləndirilmişdi. 2007-ci ildə Azərbaycan dəzgah qrafikası mövzusunda müdafiə olunmuş dissertasiya işində rəssamın yaradıcılığı haqqında "Nadir Axundov əsərlərində sadə kompozisiyalar qurmuş, istədiyi fikri, məqsədi dolğun vermək üçün canlı xətlər, ştrixlər tapmış, bunların vasitəsi ilə müxtəlif formalarda sənətkarlıq nümunələri göstərmişdir. Birinci növbədə, rəssam həyat həqiqətlərinə sadiq qalmışdır, reallığa, təbiiliyə geniş yer vermişdir", - deyə qeyd olunur.

İstedadlı rəssam N.Axundovun 1978-ci ildə Bakıda təşkil olunmuş fərdi sərgisinə tamaşa edən Xalq şairi Bəxtiyar Vahabzadə rəy kitabında yazır: "Siz zəhmətinizə mükafat ummadan işləmisiniz. Xırda, cılız təriflərə ehtiyacınız olmayıb. Buna görə də siz əsl sənət örnəkləri yarada bilmisiniz... Qoy sizin qiymətinizi zamanın özü versin". Bu dəyərləndirmə rəssam haqqında vaxtında deyilmiş ən doğrulayiq fikirlərdir. Bəli, zaman o zamandır ki, rəssamın yaradıcılıq dünyası və yaratdığı sənət nümunələri müasirdir, öz bədii dəyəri ilə sənət adamlarının diqqətini cəlb edir, marağına səbəb olur və dəyərləndirilir. İstedadlı rəssam Nadir Axundov özünün bədii yaradıcılıq fəaliyyəti və yaratmış olduğu təsviri sənət nümunələri ilə Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaq.

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2022.- 15 sentyabr.- S.12.