"Əsrin ilk onilliyində musiqi sahəsində
boşluq yarandı,
Ona görə də
indiki gənc nəsil ancaq musiqili meyxana dinləməli
olur"
Deyirlər, musiqi ruhun qidasıdır. Gündəlik
həyatımızda, yəqin ki, çoxlarımız bu
fikrin təsdiqini tapmışıq. Bəzən
yolda gedərkən, işdə olarkən, dostlarımızla
söhbətləşərkən hardansa musiqi səsləri
eşidir və istər-istəməz dayanmalı, əlimizi
saxlamalı, sözümüzü yarımçıq
qoymalı oluruq. O səs uzun müddətdən bəri
axtardığımız hüzur mənbəyi kimi gəlir
bizə. Belə səs sahibləri, gənc
istedadlar çoxdur. Məxfirət
Hüseynova ilə Məhərrəmli Əlişanov da o gənclərdəndir.
Onları cəmi bir dəfə, təsadüfən
dinləmişdim. Amma elə həmin
qarşılaşma gənc ifaçıları
müşahidə etməyim üçün kifayət oldu.
Üzlərindəki təbəssümə
baxıb əmin oldum ki, onlar gördükləri işdən
- müxtəlif restoranlarda canlı mahnılar ifa etməkdən,
həqiqətən, zövq alırlar. Odur
ki, onlarla görüşüb musiqiyə onlan sevgiləri barədə
söhbətləşdim.
- Necə
oldu ki, praktik formada ifaçılığa
başladınız?
- Məxfirə
Hüseynova: Uşaqlıqdan musiqiyə həvəsim olub. Orta məktəbin birinci sinifində oxuyandan bəri,
demək olar, bütün tədbirlərdə
çıxış edirdim. Çoxlu
mahnı bilirdim. Həvəskar formada ifa
edirdim. Amma o zaman haçansa bu işlə
peşəkar formada məşğul olacağım
ağlıma gəlməzdi. Baxmayaraq ki,
musiqiyə maraq mənə irsən keçib, babam
tanınmış muğam ifaçısı olub. Daim onu dinləyirdim. Mənim ən
böyük arzum isə ingilis dili müəllimi olmaq idi.
2013-cü ildə bu ixtisasa qəbul olundum.
Amma demək olar, musiqi ilə məşğul
olurdum. Vaxtımın böyük hissəsi
musiqi ilə keçirdi. Bunun əsas səbəbkarı
isə mərhum bəstəkar, Əməkdar incəsənət
xadimi Nailə Mirməmmədli idi. Nailə
xanmla tanışlığım 2014-cü ildən
başlayıb. Həmin vaxt Ümummilli
lider Heydər Əliyevin 91 illiyi ilə bağlı respublika səviyyəsində
müsabiqə keçirilirdi. Mən də
qoşulmuşdum. Nailə xanım əvvəl mənə
dedi ki, sənin yerin səhv düşüb, musiqi müəllimliyi
ixtisasını seçməli idin. Sonradan
fikrini dəyişdi. Bildirdi ki, ingilis dili müəllimliyi
ixtisasına yiyələndikdən sonra da musiqi ilə məşğul
ola bilərəm. Valideynlərimlə
görüşdü. Fikrini onlarla da
bölüşdü. Beləliklə,
artıq 5 ildir, yəni 2017-ci ildən professional şəkildə
praktik ifaçılıqla məşğulam.
- Məhərrəməli
Əlişanov: O zamanlar mən Azərbaycan Dövlət
Pedaqoji Universitetində Tələbə Həmkarlar
İtifaqının sədri idim. Təşəbbüsümlə
"ADPU-nun səs"i layihəsinə start verildi. Məxfirət xanım da o layihədə iştirak
etdi, qaliblərdən biri oldu. Bundan sonra tədricən
kollektivimiz formalaşdı. "Sun rise" qrupunu
yaratdıq, bir sıra uğurlara imza atdıq. Nailə
xanım həmin vaxt da bizə əlindən gələn qədər
dəstək verirdi. Koronavirus
pandemiyasından sonra isə ikimiz, demək olar ki, tandem
yaratdıq.
- Əlbəttə, asan sahə yoxdur. Bəs sizin
işinizin çətin tərəfləri nələrdir?
- Məxfirə
Hüseynova: Deyirlər, elin gözü tərəzidir. İşimizin ən məsuliyyətli tərəfi
insanların qarşısında çıxış etməkdir.
Əksəriyyətini tanımırıq,
çoxunun üzünü ilk dəfə görürük.
Amma ifa etdiyimiz məkanlarda bütün
müştərilərin zövqünü oxşamağa
çalışırıq. Bunun
üçün təkcə ifamıza deyil, geyimimizə,
davranışlarımıza da diqqət etməli oluruq.
- Məhərrəməli
Əlişanov: Ən vacib məqamlardan biri isə
repertuardır. Məxfirət xanım haqlı
olaraq deyir ki, biz tanımadığımız insanların
zövqlərini oxşamağa çalışırıq.
Əlbəttə, zövqlər müxtəlifdir.
Hər kəs bir janrda mahnını sevir. Gərək bütün seçimlərə
hörmətlə yanaşasan. Buna
baxmayaraq, biz bayağı ifalardan mümkün qədər
uzaq qalmağa çalışırıq.
- Bildiyimə
görə, kifayət qədər sevilirsiniz. Sizcə,
bunun sirri nədədir? Tandeminiz nə ilə
fərqlənir?
- Məhərrəməli
Əlişanov: Əslində, elə də çox yol qət
etməmişik. Amma hər şey təməldən
asılıdır. Görünür,
müəllimimiz Nailə xanımın da dəstəyi ilə
təməlimiz möhkəm olub. Həm də
konkret arzumuz, məqsədimiz var. Biz, doğrudan da, ən
yaxşı olmağa çalışırıq. İkinci bir tərəfdən isə
repertuarımıza xüsusi diqqət edir, ənənələrimizi
yaşatmağa çalışırıq. Üzeyir
Hacıbəyovu, Bülbülü.., onların irsini unutmaq
olmaz.
- Çətinlikləri
sadaladınız, bəs sizi yorulmağa qoymayan nədir?
- Məhərrəməli
Əlişanov: Sevgi. Ümumiyyətlə, hər
şeyin kökündə sevgi dayanır. Sevgisiz nəyəsə
nail olmaq mümkün deyil.
- Məxfirə
Hüseynova: Doğrudan da, işimizi çox sevirik. Bu, artıq həyat tərzimizə çevrilib.
Hətta bir gün ifa etməyəndə səhnə
üçün darıxırıq (gülür).
- Etiraf
etmək lazımdır ki, ifaçılar kifayət qədərdir.
Amma onların heç də hamısının
ixtisası məşğul olduqları sahəyə uyğun
deyil. Sizcə, ifaçı
üçün musiqiçilik ixtisasına yiyələnmək
nə qədər önəmlidir?
- Məxfirə
Hüseynova: İlk növbədə onu deyim ki, oxuduğun mahnını
hiss etmək lazımdır. Bunu bacarmırsansa,
yaxşı ifaçı olmağın çox çətindir.
İkinci bir tərəfdən, Nailə
xanım həmişə deyirdi ki, peşəkar
ifaçı səsini özünə tabe etdirməyi
bacarmalıdır. Bunu isə ancaq müəllimlə,
xüsusi hazırlıq nəticəsində öyrənmək
mümkündür. Həmçinin,
düzgün nəfəs almanın özü də məşqlər
tələb edir. Əslində, incəliklər
çoxdur. Və bu incəliklər
ifaçının musiqi təhsili almağını zərurətə
çevirir.
- Məhərrəməli
Əlişanov: Məxfirət xanımın dediklərinə
onu əlavə edim ki, istək, sevgi də çox mühüm
məsələdir. Bir çox insanın
yaxşı səsi var. Bu, fitri istedaddır. Ancaq bəzən insanlar Allahın onlara verdiyi vergidən
istifadə etmək istəmirlər. Fikrimcə,
səsin varsa, mütləq onu qorumalı, inkişaf etdirməli,
üstündə işləməlisən. Yəni peşəkarlardan dəstək almalısan.
Təəssüf ki, başqa cür
düşünənlər də var.
-
Xüsusilə son vaxtlar bulvarda, yeraltı keçidlərdə
müxtəlif musiqi alətləri vasitəsilə ifa edən
gənclərə rast gəlirik. Bu tendensiyaya
münasibətiniz necədir?
- Məhərrəməli
Əlişanov: Normaldır. Ümumiyyətlə,
bəzi gənclərdə musiqiyə hədsiz həvəs
var. Müəyyən hallarda onlar daxillərindəki musiqi atəşini
söndürmək üçün həvəskar formada ifa
edirlər. Bəziləri isə bunu
maddiyyat üçün edirlər. Hər
ikisi normaldır.
- Belə
gənclərə məsləhət verdiyiniz, onlarla öz təcrübənizi
bölüşdüyünüz olubmu?
- Məhərrəməli
Əlişanov: Küçə ifaçıları ilə
adətən təsadüfən, yol gedərkən
rastlaşırıq. Onları
tanımırıq, xarakterlərinə bələd deyilik.
Ona görə bəzi hallarda həmin gəncləri
bir müddət kənardan müşahidə edirəm.
Öz-özümə düşünürəm: görəsən,
fikrimi desəm, hansı reaksiya ilə qarşılaşaram? Bəli, dediyiniz kimi, elə gənclər olub ki,
onlara yaxınlaşıb, ifaları ilə bağlı
münasibətimi bildirmişəm. Amma gərək
bunu da dostyana deyəsən ki, qaş düzəltmək istədiyin
yerdə, göz çıxarmayasan. Çünki
bircə söz gəncləri həvəsdən sala, onlarda
ruh düşkünlüyü yarada da bilər.
- Necə
düşünürsünüz, son dövrlərdə
musiqinin hansı janrına tələbat daha çoxdur?
- Məxfirə
Hüseynova: Düşünürəm ki, musiqili meyxanalara
maraq daha çoxdur. Hər halda biz bu
tendensiyanı əyani formada müşahidə edə bilirik.
- Məhərrəməli
Əlişanov: 2000-ci ilin əvvəllərindən etibarən
mahnı janrının yaradıcıları Tofiq Quliyev, Emin
Sabitoğlu və başqaları dünyalarını dəyişdilər.
Beləliklə, hətta indi də musiqimiz belə
demək mümkünsə, keşikçisiz qalıb. 2008-ci ildən etibarən yeni simalar musiqi səhnəsinə
daxil oldu. Meyxana maraqlı janrdır. Amma musiqi ilə meyxananın "sintezinə"
münasibətim birmənalı deyil. Musiqili
meyxananın sevilməyinin, kütləviliyinin bir neçə
səbəbi var: ritm, ərəb xalqlarına xas ahəng və
s. Həm də insanlar belə musiqiləri daha tez qəbul
edirlər. Dediyim kimi, XXI əsrin ilk onilliyində
musiqi sahəsində boşluq yarandı. İndi
böyüyən uşaqlar, gənc nəsil də ancaq musiqili
meyxananı dinləməli olurlar. Çünki
alternativ yoxdur. Bu məqam adını
çəkdiyimiz janrların daha da kütləviləşməsinə
səbəb olur. Hətta musiqi məktəbində təhsil
alan uşaq belə, öz-özünə
düşünür ki, yəqin, müəllimimin dedikləri
səhvdir.
- Son
zamanlar bəzi mahnılar məhz sözlərinə görə
müzakirələrə səbəb olur, ifaçılar tənqid
edilir. Mahnının ictimai rəyə təsirində
sözlər hansı rolu oynayır?
- Məxfirə
Hüseynova: Bu, çox ciddi məsələdir. Elə mahnılar var ki, fəlsəfəsi,
funksiyası ilə sözləri uyğun deyil. Məsələn, "Ad günü"
mahnısı buna misaldır. Mahnının
adı "Ad günü" olsa da, sözləri sevgilisindən
ayrılmış birinin doğum gününü yalnız
keçirməsindən bəhs edir. Bu
mahnı 5-6 yaşlı uşağın doğum
günündə ifa edilir. Görünür,
reklamdan, təbliğatdan çox şey asılıdır.
Ümumiyyətlə, mahnının adı
"qapı"dır. "Qapı"nın
o tərəfində olanlar isə adətən dinləyicələri
maraqlandırmır. Onlara lazım olan elə
"qapı"dır.
- Bu mənfi
tendensiyaları necə dəyişmək olar?
- Məhərrəməli
Əlişanov: Bəstəkarlar, nəzəriyyəçilər
təbliğat aparmalıdırlar. Bayağılığa
qarşı müqavimət olmalıdır. Bu gün tanınan ifaçıların bir
çoxunun reklamı güclüdür. Əgər
reklam olmasa, onlar tanınmaz. Deməli, rəqabət
aparılmalıdır. Əsl sənətçilər
üçün də reklam ayırılmalı, onlara da
meydan verilməlidir.
- İkiniz də musiqi təhsili almısınız. Əminəm
ki, tələbə yoldaşlarınızdan cəmi bir
neçəsi bu pilləyədək gəlib çata biliblər.
Bu uğurunuzu nə ilə əlaqələndirirsiniz?
- Məxfirə Hüseynova: Bütün ixtisaslarda olduğu kimi, bizdə də təsadüfən bura düşənlər var idi. Yəni tələbə yoldaşlarımızın heç də hamısı musiqini sevmirdi. Onlara sadəcə diplom lazım idi. Bəzi tələbə yoldaşlarım isə hazırda müəllim kimi çalışır.
- Məhərrəməli Əlişanov: Valideynlərin münasibətindən də çox şey asılıdır. Elə gənc var ki, həqiqətən, musiqiyə həvəsi var. İstedada da malikdirlər. Amma ata-anaları onlara mane olur, övladlarının müəllim, həkim, prokuror... olmalarını istəyirlər. Bəzən də maddiyyat məsələsi əsas kimi göstərilir. Lakin bu, bəhanədir. Həqiqi sevgi olan yerdə hər şey, o cümlədən də, maddiyyat ikinci planda dayanır.
- Siz həm də orta məktəbdə musiqi müəllimisiniz. Bu gün məktəblərdə musiqi fənninə münasibət necədir?
- Məhərrəməli Əlişanov: Təəssüf ki, arzuolunan səviyyədə deyil. Musiqiyə, rəsmə, idmana ikinci dərəcəli fənn kimi yanaşılır. Halbuki hər bir ölkə dünyada məhz mədəniyyəti, o cümlədən, musiqisi ilə tanınır. Bundan başqa, bəziləri yanlış olaraq düşünür ki, musiqi dərsi ancaq mahnı oxumaqdan ibarətdir. Əsla belə deyil. Şagirdlərə həm də müxtəlif mahnıların tarixi, bəstəkarların həyatı barədə məlumat vermək lazımdır. Ümumiyyətlə, professional musiqi ədəbiyyat üzərində qurulub. Nizamini, Nəsimini, Füzulini tanmayan nə yaxşı ifaçı olar, nə də musuqi müəllimi.
- Musiqi müəllimi olmağın çətinliyi nədən ibarətdir?
- Məhərrəməli Əlişanov: Mütləq ruha inteqrasiya etmək lazımdır. Ancaq bu yolla şagirdin qəlbinə yol tapmaq olar. Təsadüfi olaraq demirlər ki, musiqi ruhu qidasıdır. Əgər riyaziyyat müəllimi nəyisə yazaraq izah edirsə, biz bunu ruha toxunaraq edirik.
- Gələcək planlarınız nələrdir?
- Məxfirə Hüseynova: Planlarımız, ideyalarımız çoxdur. Yəqin ki, zamanla açıqlayacağıq. Xüsusilə uşaqlarla bağlı layihələr üzərində düşünürük. Və bayaq da dediyimiz kimi, böyük Üzeyir Hacıbəyov və digər klassik sənətkarlarımızın irsini qorumağa çalışırıq.
Kənan NOVRUZOV
525-ci qəzet.- 2022.- 15 sentyabr.- S.11.