Təhsildə repetitorluq təcrübəsi:
dünyada və Azərbaycanda
Repetitor - mürəbbi, haqqı valideynin hesabına
ödənmək şərti ilə, şagirdlərə təkbətək
və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində
daha yaxşı nəticə əldə etmək, müxtəlif
özəl təhsil müəssisələrinə,
universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən
şagirdlərə müəyyən fənn və ya fənlərdən
dərs verir.
Repetitorluq
barədə müzakirələr cəmiyyətimizdə həmişə
getsə də, son zamanlar bir az da
aktuallaşıb. Xüsusilə də bəzi
ekspertlər heç bir elmi tədqiqata söykənmədən
ölkədə geniş yayılan bu fəaliyyəti
birbaşa olaraq ölkəmizdə təhsilin səviyyəsi
ilə bağlayır, bunun məhz Azərbaycanda bu qədər
geniş yayılmasını, digər ölkələrdə
belə yayğın olmamasını iddia edirlər.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli
deyir ki, dünya ölkələrində repetitorluq və onun ən
müxtəlif aspektləri ilə bağlı geniş tədqiqatlar
aparılıb. Elmi dildə bu hadisəni "kölgə təhsili"
(shadow education) adlandırırlar. Repetitorluğun
orta təhsilin aşağı keyfiyyətinin nəticəsi
olması, yaxud da onlar arasında ciddi korrelyasiya əlaqəsinin
olması ən azı dünyada aparılan tədqiqatlarda
öz təsdiqini tapmır. Bu gün orta təhsilin
keyfiyyətini beynəlxalq səviyyədə ölçən
bir neçə qiymətləndirmə var ki, onlar da PİSA,
TİMSS, PİRLS və sairdir. PİSA-da 2018-ci ildə ən
yaxşı nəticə göstərən ölkələrin
(şəhərlər) ilk onluğu belədir: Çin
(yalnız 4 şəhərdə keçirilib), Sinqapur, Makao,
Honq-Konq, Estoniya, Yaponiya, Cənubi Koreya, Kanada, Tayvan, Finlandiya.
Deməli bu ölkələrdə orta təhsilin səviyyəsini
(ortalama) əla və ya yaxşı adlandırmaq olar:
"Sinqapurun ən böyük ingilisdilli qəzeti olan
"The Straits Time" qəzetinin 2015-ci ildə 500 valideyn
arasında apardığı sorğuya əsasən, hər 10
valideyndən 7-si öz övladını ödənişli
repetitor yanına göndərir. 2015-ci ildə
sinqapurluların bu məqsədlə xərclədiyi ümumi
vəsait 1,1 milyard Sinqapur dolları olub ki,
bu da 2004-ci ilə nisbətdə təxminən iki dəfə
çoxdur (2004-cü ildə 650 milyon Sinqapur dolları).
Cənubi Koreyanın rəsmi stastika qrumunun məlumatına
görə, koreyalı şagirdlərin təxminən 70 faizi
(2016) fərdi ödənişli repetitor xidmətlərindən
yararlanır.
Honq-Konqda şagirdlərin 73,5 faizi (2010)
pullu repetitor xidməti alır. Yaponiya Təhsil
siyasəti tədqiqatları Milli İnstitutunun
apardığı tədqiqata əsasən (2010) burada
şagirdlərin 62 faizi repetitorlardan istifadə edir. 2007-ci ildə Yaponiyada 37 min məktəb var idisə,
repetitor mərkəzlərinin sayı 50 min olub. Müxtəlif sorğulara əsasən, Estoniyada
şagirdlərin 40-50 faizi repetitor xidmətlərindən
yararlanır. Bundan başqa, Almaniyada 2016-ci
ildə aparılmış sorğuya əsasən, 17
yaşlı gənclərin 47 faizi repetitordan
yararlanıb".
Nicat Məmmədlinin sözlərinə görə,
repetitorluq Cənubi-Şərqi Avropa dövlətlərində
də çox geniş yayılıb. Yunanıstanda sonuncu
sinif şagirdlərinin 96 faizi repetitor yanına gedir. Kiprdə şagirdlərin 80 faizi repetitordan istifadə
edir. İtaliyada şagirdlərin 40 faizi, İspaniyada 63
faizi, Latviyada 46 faizi, Maltada 78 faizi, Polşada 50 faizi, Slovakiyada
56 faizi, Çexiyada 47 faizi repetitorlara müraciət edir:
"Bütün tədqiqatlar göstərir ki, repetitorluq xidmətlərinin
həcmi əksər dünya ölkələrində
genişlənməkdədir. Məsələn, Niderlandda ev təsərrüfatlarının
repetitorluğa xərclədiyi vəsait 2016-cı ildə
2005-ci ilə nisbətən 160 faiz artıb. Bu
statistikanı kifayət qədər uzatmaq olar. Lakin əgər ölkələr üzrə
statistik göstəricilərə fikir versək, aydın
görmək olur ki, repeptitorluq cənub və şərq
ölkələrində daha geniş yayılıb. Bir sıra mütəxəssislər belə hesab
edir ki, burda etnik-mədəni faktorların əhəmiyyətli
rolu var. Məsələn, şərqi Asiya ölkələrində
repetitorluğun geniş yayılmasının səbəbi
Konfutsian mədəniyyətdir. Buna
sübut olaraq hətta ABŞ və Avstraliyada yaşayan
çinli və koreyalı diaspora nümayəndələri
arasında da bu ənənənin geniş yayılması
göstərilir. Amma bu barədə ayrıca yazmaq
lazım gələcək: "Hələlik statistik faktlardan
ən azı belə nəticəyə gəlmək olar ki, təhsilin
keyfiyyəti ilə repetitorluq arasında səbəb-nəticə
əlaqəsi tapmaq çətindir. Amma buna
baxmayaraq, bəzi ölkələrdə repetitorluğun məhdudlaşdırılması
ilə bağlı da dövlət səviyyəsində tədbirlər
nəzərdə tutulub".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
dediyinə görə, orta məktəblərdə bu gün əsas
problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar
törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin
inkişafına mənfi təsir edir: "Repetitorluq fərdin
təhsilidir, 1920-ci ildən qabaqkı təhsildir, cəmiyyətin
inkişafına mənfi təsir edir. Repetitorluq
dövlətin təhsil siyasətini aparmağa əngəldir.
Repetitorluq orta məktəblərin yuxarı
siniflərini iflic edir, tərbiyəyə və vətənpərvərliyə
imkan vermir. Repetitorluq biliyin mənimsənilməsinə
yox, əzbərçiliyə xidmət edir, bu imkandan istifadə
edə bilməyən valideynlər dövlətdən
narazı qalırlar".
Şahlar Əsgərov bildirib ki, repetitorluq məktəbdən
fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki
təhsil sistemində müxtəlif səviyyələrdə
tədris olunan bütün fənlər, tədris
proqramları həm də təhsilalanların vətənpərvərlik
tərbiyəsi onlara millətə, xalqa sevgi aşılamaq
üzərində qurulub. Repetitorlar gənclərə
vətənpərvərlik aşılaya bilir? Repetitor
yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o
şagirdin idmandan, musiqidən, rəssamlıqdan heç bir
anlayışı olmur: "Repetitor təhsili orta təhsildən
fərqli olaraq abituriyentə bir neçə fənni öyrədir.
Nəticədə gənc bəzi fənlərdən
mükəmməl, ancaq kamil olmayan orta təhsil alır.
Gənc orta məktəbdə təhsil alarkən
dövlətə bağlı olur, dövlətsevər, millətsevər
olur. Evdə repetitor təhsili almış
gənc ailəyə, qohuma bağlılığı
artır, vətən qarşısında özünü
borclu saymır".
Elm və
təhsil naziri Emin Əmrullayev bildirib ki, repetitor ali təhsil müəssisələrinə qəbul
üçün lazımdır. Heç kim
öz övladını repetitor yanına ona görə
göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni
məqsəd sonda universitetə qəbul olmaqdır:
"Hamı alitəhsilli ola bilmir. Ali təhsilə qəbul ənənəvi olaraq
müəyyən mənada hamı üçün olan təhsil
deyil. Biz ali təhsilə
hamını qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul
hesab edirik. Yəni bu, cəmiyyətin gəldiyi
qərardır. Hamı alitəhsilli
olmalıdırmı - bu, ayrı mövzudur. Mən belə hesab etmirəm. Repetitorluq
təkcə Azərbaycanda deyil, dünyanın bir çox
ölkələrində var. Amma o ölkədə bu daha
çoxdur ki, təhsil modeli olaraq rəqabətlilik
seçib. Kim daha çox bal
yığdı, kim daha irəli getdi. Dəfələrlə
bu misalı deyirəm ki, bu gün Azərbaycan
təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır.
Sabah islahatlar etdik və 200 bal qalxaraq 300
bal oldu. Yəni 33 faiz təhsilin keyfiyyəti
yaxşılaşdı. Belə olan təqdirdə
şagirdlər onda da repetitor yanına getməyəcəklərmi?
Yəqin ki, yenə də gedəcəklər.
Çünki indiki qəbul modelimiz bu məntiqə
əsaslanır ki, bir yer üçün 2 nəfər
mübarizə aparır. Ona görə də
şagirdlərdə qəbul imtahanına daha yaxşı
hazırlaşmaq üçün əlavə olaraq nəsə
bilik almaq marağı olacaq. Loru dildə
izah etsək, dövlət həmişə hamı
üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən
kənarda məşğul olsalar, digərlərinə nisbətən
daha yüksək bal toplaya biləcəklər".
Emin
Əmrullayevin dediyinə görə, repetitorluq vacib ictimai
müzakirə mövzusudur: "Bunu qadağan etmək
olarmı? Məktəblərdə təhsilin
keyfiyyətini artırmaq və repetitorluğun
qarşısını almaq üçün bir neçə
addımlar atılıb. Misal olaraq, təmayül
sinif və məktəblərin yaradılması buna nümunədir.
Ümumilikdə isə bu məsələnin dərin
köklü problemləri var. Repetitorluq əslində təzahürdür,
nəinki problem. Nələrisə dəyişsək,
repetitor öz-özünə əhəmiyyətsizləşəcək,
amma bunun üçün birmənalı olaraq biz təhsildə
rəqabət və əməkdaşıq prinsiplərini bir
daha müzakirə etməliyik".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, repetitorluq dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur: "Cəmiyyətdə bəzən haqlı fikirlərə qarşı belə aqressiya olur. İnanıram ki, bu sağlam fikir olsa belə, buna da fərqli düşüncə və prizmadan münasibət bildirənlər olacaq. Biz repetitorluğun yaranma və yayılma arealına baxsaq, görərik ki, bu, heç də təhsili geri olan dövlətlərlə bağlı deyil. Repetitorluğun yayılma arealı daha çox təhsil tutumlu, inkişaf etmiş ölkələrdədir. Məsələn, Yaponiya kimi təhsil tutumlu ölkədə belə, repetitorluq çox geniş yayılıb. Cənubi Koreya kimi sürətlə inkişaf edən ölkədə də kifayət qədər repetitorluq fəaliyyəti var. Bu, onu göstərir ki, insanlar hər zaman öyrənməyə meyilli və öz övladlarının daha yaxşı təhsil almasına maraqlı olublar. Düşünürəm ki, insanlar hər zaman övladlarının daha çox öyrənməyində maraqlı olacaqlar. Azərbaycanda təhsil nə qədər yüksək olsa da, bütün hallarda şagirdlər repetitor yanına gedəcəklər".
İ.Orucov hesab edir ki, xaricdə və bizim ölkədə repetitorluq anlayışı və məqsədi fərqlidir: "Bizdə insanlar əsasən ali məktəbə qəbul olmaq üçün repetitor yanına gedirlər. Xarici ölkələrdə bu, bir qədər fərqlidir. Orada insanlar əlavə bilik almaq məqsədilə bu addımı atırlar. Güman edirəm ki, nazir də bu baxımdan həmin sözləri deyib. Repetitorlar hər zaman olub və olacaq . Cəmiyyətimiz nə qədər inkişaf etsə, təhsilli olsa, yenə də bu mövcud olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 15 sentyabr.- S.10.