Teatr Muzeyində Xanlar Haqverdiyev anılıb

 

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyevə həsr olunub.

Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub. Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur xanəndələrinə olan rəğbəti hələ uşaq vaxtlarından onda musiqiyə maraq oyadır və o, el şənliklərində ara- sıra ifaçı kimi görünməyə başlayır. Məlahətli səsi ilə hamını özünə valeh edən gəncin öz yolunu seçməsində aktyor Əhməd Ağdamskininböyük rolu olur. Məhz onun təşəbbüsü ilə Xanlar Üzeyir Hacıbəylinin yanına yollanır. Onun səsi və istedadı dahi bəstəkarımız tərəfindən bəyənilir. Beləliklə, o, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olur. Oxumaq həvəsi, çalışqanlığı və qabiliyyəti sayəsində ilk günlərdən buradakı müəllimlərin diqqətini cəlb edir. Qısa müddət ərzində milli, habelə dünya klassik musiqi sənətinin sirlərini dərindən mənimsəyə bilir. Bununla kifayətlənməyərək Xalq artisti Seyid Şuşinskidən Azərbaycan muğamlarının və Qarabağ xanəndəlik məktəbinin incəliklərini də öyrənir. Onun istedadı sənət adamlarının nəzərindən yayınmır. Belə ki, 1929-cu ildə Azərbaycan Dövlət OperaBalet Teatrının xor bölməsinə qəbul edilir. Lakin gözəl səs diapazonu ilə yanaşı, həm də səlis nitqə malik olan gənc Xanlar yalnız xorda oxumaqla kifayətlənmir, həm də epizodik rollarda səhnəyə də çıxır. O, Ü. Hacıbəylinin “Leyli və Məcnun”unda Zeyd, Əbül-Qeys, “Əsli və Kərəm”ində Sofi, Z. Hacıbəylinin “Aşıq Qərib”ində Aşıq Səlim kimi obrazların öhdəsindən məharətlə gəlir. Xanəndə eyni bir tamaşada gah “Mənsuriyyə” zərbli muğamı, gah daŞur” dəstgahı üstə füsunkar bir avazla oxuyaraq hamını səsinə heyran edə bilir. 1931-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət OperaBalet Teatrına geri qayıdan aktyor-xanəndə artıq bütün muğam operalarında baş rollarda çıxış etməyə başlayır. Hüseynqulu Sarabski, Şövkət Məmmədova, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşları, İsmayıl Eloğlu, Münəvvər Kələntərli, Həqiqət Rzayevas. kimi dövrünün peşəkar sənətkarlarla eyni səhnəni bölüşmək, qastrol səfərlərinə çıxmaq X. Haqverdiyevin yaradıcılığına müsbət təsir göstərir. Sənət dostlarının zəngin təcrübəsi onun səhnə səriştəsinin artmasında müstəsna rol oynayır. Xanəndə təkcə opera tamaşalarında iştirak etməklə kifayətlənmir, həm də muğamatxalq mahnılarının mahir ifaçısı kimi də Azərbaycan Dövlət Şərq Orkestrinin müşayiəti ilə tez-tez konsertlər də verirdi.

1937-ci ilin repressiyası X. Haqverdiyevin də taleyindən izsiz ötüşmür. Bu ədalətsiz siyasət onu öz doğma vətənindən ayırır. Lakin mövcud olan ağır vəziyyət, baş verən ürək ağrıdan hadisələr aktyoru teatrdan uzaqlaşdıra bilmir. O, dövrünün dahi şəxsiyyətlərinə, ziyalılarına “düşmən kəsilən gözlərdən” uzaq olmaq və yaradıcılığını davam etdirmək məqsədilə Türkmənistanın Aşqabad şəhərinə köçür. 1938-40-cı illərdə burada fəaliyyət göstərən Azərbaycan Dövlət OperaBalet Teatrının truppasında çalışır. Bilavasitə onun da iştirakı ilə 1940-cı ildə həmin kollektivin bazası əsasında Türkmənistan Dövlət OperaBalet Teatrı yaradılır və teatrın səhnəsində müxtəlif xalqların, o cümlədən Azərbaycan milli operalarından partiyalar ifa edərək sənətin zirvəsinə yüksəlir. X.Haqverdiyev lirik-dramatik tenor səsə malik olduğundan Ü. Hacıbəylinin “Koroğlu” operasında Koroğlu obrazını elə gözəl ifa edir ki, bütün türkmən xalqının məhəbbətini qazanır. Beləliklə aktyor milli teatrmusiqi mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğində, sevilməsində əhəmiyyətli rol oynayır. Lakin qazandığı uğurlara baxmayaraq qəlbində vətən nisgili çəkən xanəndə 1942-ci ildən yenidən Bakıya qayıdır. Həmin ildən 1963-cü ilədək indiki Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində müxtəlif illərdə Ü. Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, M. Maqomayevin “Nərgiz”, F. Əmirovun “Sevil”, Q. Qarayev və C. Hacıyevin “Vətən”, Ə. Bədəlbəylinin “Nizami”, P. ÇaykovskininYevgeni Onegin”, R. Qliyerin “Şahsənəm”, R. MustafayevinVaqif”, C.VerdininSiciliya axşamları” və başqa operaoperettalarda Alı kişi, Ehsan paşa, carçı, Məcnun, İbn Səlam, Cəfər, Əlyar, Babakişi, Aşıq Səlim, Kəmaləddin, Trike, Aşıq Həsən, gürcü əsiri, Tibo kimi irili-xırdalı rollara öz imzasını atır. O, təqaüdə çıxdıqdan sonra belə teatrdan ayrılmayır, gənc aktyorların, yeni xanəndələrin yetişməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir.

X.Haqverdiyev musiqili səhnə sənətinin inkişafında göstərdiyi mədəni xidmətlərə görə 1939-cu ildə Türkmənistan Respublikasının və 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə fəxri fərmanlarla və "Əməkdə fərqlənməyə görə" medalı ilə də təltif olunub. 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edib. Onu da qeyd edək ki, o, yazıçı-dramaturq Marat Haqverdiyevin atasıdır.

Xanlar Haqverdiyev 74 yaşında 1980-ci il dekabr ayının 5-də Bakıda vəfat edib.

 

525-ci qəzet.- 2022.- 15 sentyabr.- S.9.