Vətən üçün
axan göz
yaşlarımız
Esse
Keçən dəfə belə
bir sual çıxdı qarşıma:
"Ağlaya bilən
insanlar daha güclüdürlər?" Aleza Solter
isə deyirdi ki, ağlamaq dərd çəkmək
deyil, dərd çəkməkdən qurtulmaq
dövrüdür". Bəs, doğrudan da, ağlamaq nədir? Bir refleks, yoxsa zehnimizin qərarı?
Yəqin, baxır nəyə ağlayırsan...
Bu günlərdə xalq
olaraq hamımız ağlayırıq. Kimimizin gözlərindən yaş çıxır, kimimiz göz yaşlarımızı içimizə
axıdırıq. Amma istisnasız
qəlbi olan hər birimiz ağlayırıq. Bircə
gecədə vətən
uğruna, torpaq uğruna yox olan 71 cana
ağlayırıq. 71 yarımçıq
həyata... 71 qırılan
ömürə... 71 susan dodaqlara... 71 yaşanmamış günlərə...
71 gerçək olmayacaq
arzuya...
Sentyabrın 12-si gecədən başlamış
ta indiyə kimi cəbhədən gələn hər gərginlik xəbərinə,
yayılan hər şəhid adına,
gördüyümüz hər
şəhid rəsminə,
oxuduğumuz hər şəhid taleyinə yana-yana göz yaşı tökürük.
Biz göz yaşı
tökürük də,
bu günlərdə gördüyüm bəzi
şəhid analarının,
atalarının qupquru
gözləri, təmkinli
danışıqları zehnimi
məşğul etdi.
Bəli, bu 71 şəhid xalqımızın torpaq uğrunda verdiyi nə ilk, nə də son olacaq. Elə bu
sətirləri qələmə
aldığım gün-
15 sentyabr tarixinin özü də vətənimiz üçün
əlamətdar, eyni zamanda, qanla yazılmış gündür.
1918-ci ilin məhz
bu günündə azərbaycanlılar və
osmanlılardan ibarət
Qafqaz İslam Ordusu Bakını azad etmişdi. Bu azadlıq neçə
gərgin döyüşlər,
neçə cavan canlar, neçə yarımçıq ömürlər
bahasına başa gəlmişdi. Əsrin
sonlarında isə Qarabağ dərdi... Sonra Qarabağ uğrunda müharibələr:
"Aprel döyüşləri",
Tovuz döyüşləri,
Vətən müharibəsi.
İndi də sentyabr döyüşləri. Bitmədi, bitmir.
Torpaq şəhid qanına, qulağımız şəhid
xəbərlərinə doymur
sanki. Vətən müharibəsində çox şəhid ailələriylə həmsöhbət
olmuşdum. Onlardan balasının
adı çəkilən
kimi göz yaşlarına boğulanları
da vardı, təmkinlə balasından
bəhs edənləri
də. Yəni, ilk dəfə deyildi
ağlamayan şəhid
valideyni görməyim.
Amma bütün bu müşahidələrimə görə,
kiçik bir araşdırma etmək qərarına gəldim.
Nədir
ağlamaq? Doğrudanmı, dərdin, iztirabın ən bariz göstəriş
şəklidir? Fikrimcə,
yox!
Məncə, ağlamaq ani refleks, dərdin dərinlərə işləyib
depressiyaya dönməsinə
zehnimizin göstərdiyi
müqavimətdir. Qısacası, ağlaya bilməyin özü də bir xoşbəxtlikdir.
İnsan
həmişə güclü
olmağa, güclü
görünməyə çalışır.
Xüsusən, övladı şəhadətə
ucalmış, qəhrəmanlıq
zirvəsini fəth etmiş valideyn balasının bu böyüklüyü qarşısında
özünün ağlamağını
gücsüzlük kimi
bilir. Onun ucalığına layiq olmaqdan ötrü göz yaşlarını içinə
axıdır. Sanki güclü olmaqla ağlamaq bir çərçivəyə sığmaz
kimi.
Sən demə, ağlamağın insan orqanizmi üçün faydaları da varmış. Hər hansı bir hissdən, duyğudan yaranan göz yaşları romantik gözyaşları adlanırmış. Romantik göz yaşları digər göz yaşlarından 25 faiz daha çox zülal ehtiva edir. Təzyiqi salıb toksinlərin çölə atılmasını təmin edir. Bədənin yaxşılaşmasına köməkçi olur. Həmçinin, bu göz yaşları sayəsində gözümüz zərərli bakteriyalardan təmizlənir. Araşdırmalara görə, romantik göz yaşları insanı depressiyadan uzaq tutur. Stress hormonlarının bəziləri ağlarkən vücuddan atılır.
Bilirsinizmi, Yaponiyada iş adamlarının ağlayıb rahatlaması üçün xüsusi "Ağlama Klubları" fəaliyyət göstərir? Orada onlara təsirli filmlər göstərilir, duyğusal musiqilər dinlədilir ki, ağlaya bilsinlər.
Eh... Bizdə isə ağlamaq üçün nə çox səbəb var, deyilmi? Çölə çıx ağla, televizoru aç ağla, sosial şəbəkələrə, saytlara gir ağla, biriylə söhbət elə ağla. Dörd yanımız Ağlama Klublarıdır və biz bundan ötrü yaponlar kimi pul da ödəmirik. Əvəzində can ödəyirik, qan ödəyirik.
Lakin nə yazıq ki, ağlamaq bu qədər çox olarkən, fəsadları da qaçınılmaz olur. Məsələn, ağlamaq mədəniyyətinə nə qədər riayət edə bilirik? Bu mövzu da məni elə bu günlərdə, şəhidlərimizin dəfnindən olan videolara və onlara yazılan şərhlərə baxarkən düşündürdü. Ümumiyyətlə, bəzilərimiz dərd çəkməyi, başqasının dərdinə hörmət göstərməyi nə qədər bacarır? Birinin dərdindən PR kimi istifadə edən də, rahat yerində oturub şəhid dəfninə, şəhid məzarına gedənlər də eyiblər tutan da, o dəfnlərə sırf "Tik-tok" kimi sosial şəbəkələrdə reytinq yığmaq üçün gedib, o həngamədə "ekrana tıklayın" sözünü unutmayan da, bilmədiklərini danışıb, bilənləri susduran, yalan informasiyalarla cəmiyyəti vahiməyə salan da yenə bizim aramızdakı "ağlayanlardır". Hə, mən belə ağlamaqdansa, bir ömür daş olmağı, heykəl olmağı üstün tutardım, düzü.
Bütün bunlara baxmayaraq, bizim uğrunda göz yaşı tökəcək qədər
sevdiyimiz vətənimiz var.
Onu cənnətə çevirmək də,
cəhənnəmə döndərmək də öz əlimizdədir. Bu
günlərdə belə ümid edirəm
ki, şəhidlərimiz üçün
damla-damla axan göz yaşlarımız bu
torpaqlara sevgi toxumu səpəcək. Və o
sevgi toxumu cücərib
gözəl fidan, sonra
isə köklü-köməcli ağac olacaq. Azərbaycan böyük
qələbəsiylə nəhayət, müharibələrə,
hərblərə son qoyacaq
və balalarımız əl-ələ, diz-dizə o ağacın kölgəsində bir ömür xoşbəxt
yaşayacaqlar. Məhz o günlər uğruna
canını fəda edən, gözlərimizi yaşlı qoyan şəhidlərimiz də cənnətdən
özlərinin əsəri olan bu gözəl tabloya, azad və firavan vətənə
baxıb, gülümsəyəcəklər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 16 sentyabr.- S.16.