"Elzanamə", yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri  

 

Müdriklik də ilahi vergidir. Olanlar olacaqlar üçün ibrət dərsidir. Keçmişindən bəhrələnməyənin gələcəyi olmur. Bu yığcam fikirlərin arxasında həyat təcrübəsi durur. İri romanlar, uzun-uzadı povestlər yazıb həyat haqqında, təbiət haqqında fikirlərini çatdıran yazıçılar, ruh oynadan misraları bir-birinə calayıb gözəl poeziya nümunələri ərsəyə gətirən şairlər sözün gücü ilə keçmişdən gələcəyə mənəvi körpü atırlar. Yazılanları cümlə-cümlə, misra-misra gözlərinə təpən oxucular görüb-götürdüklərindən şəxsi həyatlarında faydalanmağa çalışır, pisdən qaçır, yaxşıdan bəhrələnməyə ümid edirlər. Hər zamanın bir hökmü var. Uzaq keçmişdə adamların çoxu savadsız idilər deyə, yazılanları oxuya bilmirdilər, indi isə elmin, texnikanın inkişafı informasiya yükünü o qədər ağır eləyib ki, çoxlarının iri həcmli əsərləri oxumağa hövsələsi çatmır. İnsanlar az, yığcam, lakonik informasiyalara can atır, həyatı və fəaliyyəti üçün gərəkli olan fikri həcmcə kiçik deyimlərdən almağa çalışırlar.

Mən yetmişinci illərdə Asif Ata (Əfəndiyev) müdrikliyinin sirrini onun fəlsəfi deyimlərində görürdüm. Bir kəlmə adamın fikrini aparıb haralara çıxarmırdı ki?! O fəlsəfi fikirlərin kökündə dayanan resursların biri fəlsəfə elmi idisə, digəri Azərbaycan folklorunun lakonik janrı olan atalar sözləri idi. Bu iki qaynaq Asif Ataya MÜDRİKLİK SƏLAHİYYƏTİ  verirdi.

Bu yaxınlarda bir neçə şairin, yazıçının atalar sözlərinə, müdrik deyimlərə bənzər yaradıcılıq nümunələri mətbuata ayaq açdı ki, bunun da qanını, canını lakonik fikirlər, nəticələri ifadə edən söyləmələr təşkil edir. Məsələn, Rəşad Məcidin QƏLƏMSİZ YAZILANLARI onun bütün ədəbi fəaliyyətinin fövqünə qalxdı. Yaxud Sabir Zəkullaoğlunun özünə janr kimi seçdiyi deyimlər maraqlı bir nəticə verdi: Yazılı ədəbiyyatla folkloru birləşdirən yığcam fikirlər yarandı ki, bunları da oxucudan çox vaxt tələb etmədən böyük düşüncələrə rəvac verən bədii nəsnələr saymaq olar! Belə ənənə Avropa ədəbiyyatında da mövcuddur. Fransız yazılı ədəbiyyatından alınmış müdrik fikirlərin bir qismini Cəlil Qurbanov ayrıca kitab şəklində çap etdirib.

İmzasını mətbuatdan tanıdığım Elza Gülməmmədovanın çoxsaylı deyimləri bir neçə kitaba sığmır. Rastlaşdığı gündəlik həyat hadisələri üzərində quraşdırdığı, qoşub-düzdüyü MÜDRİK NƏTİCƏLƏR hər kəs üçün maraqlı görünür. Elza Rəşad (Elza Osman qızı Gülməmmədova) Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Doğulduğu kənddə yaşamağına baxmayaraq, səsinin-sorağının mətbu orqanlardan gəlməsi, bir qələm adamı kimi gündəmdə özünə layiqli yer tutması diqqətimi çəkdi. Çünki bölgədə ədəbi ruhu saxlamaq olduqca çətindir. Düzdür, internet məkanı, sosial şəbəkələr kimin harada yaşamasından asılı olmayaraq, yazdıqlarını diqqətli oxuculara çatdırır. Lakin bölgə bölgədir, ədəbi qaynarlıqdan uzaq bir məkandır. Elə bölgə var ki, aylarla bircə dənə ədəbi tədbir keçirilmir. Bu halı bölgədə yaşayan yaradıcı bir şəxs kimi özüm də yaşayıram. Tez-tez də Bakıya ayaq döymək olmur. Yaradıcı şəxsin qadın olduğunu nəzərə alsaq, onun ev-ailə qayğıları ilə yükləndiyini də bunun üstünə gəlsək, ədəbi mühitdə dözüb dayanmasını qəhrəmanlıq saymaq olar.

Elza xanım həm də bölgənin tanınmış mədəniyyət işçisidir, internet saytları ilə əlaqə saxlayır, "Şərqin səsi" qəzetinin Oğuz bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərir. Bölgədə bütün qələm adamları ilə ədəbi əlaqələrini qoruyub saxlamağa çalışan Elza xanım "Qəbələnin səsi" Şairlər Birliyinin fəal üzvüdür. Elza xanımın ədəbi yaradıcılığını, qələmə aldığı aforizmləri dəyərlərindən sənət adamları onun ibrətamiz hikmətlərini "mirvari axtarmaq" kimi dəyərləndirirlər. Yazdıqlarını "Elzanamə" (üç kitabda) və "Aforizmlər" adıyla işığa çıxaran Elza xanım folklordan qaynaqlanan yazılı ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Onun günümüzlə səsləşən bu müdrik deyimləri "Oğuznamə"ləri xatırladır. Həmkarları Elza Rəşidin (Gülməmmədovanın) kitablarında toplanmış deyimləri sözün müdrikliyinə açılan qapı sayırlar. Deyimlərin toxunduğu mövzu çaları isə genişdir. "Buta" ədəbi-bədii, elmi-publisistik məcmuəsi (2021, ¹ 3, s.96) aforizmlərin əhatə etdiyi mövzuların heyrətamizliyinə diqqət çəkir və qeyd edir ki, müəllif "ayı, günəşi, həsrəti, hicranı, qəmi, tənhalığı, ana sevgisini, uşaq yuxusunu, döyüş itkisini, qürbəti, sadiqliyi, pərvanəni, küləyi, ildırımı, dağı, gülü, çiçəyi, qartalı, sirri, səbri, igidliyi, göy qurşağını, sevgini, ruhu, taleyi, baxtı, gözəlliyi, buludu, səmanı, Vətəni, kapanayi, meşəni, azadlığı, hürriyyəti, haramı, halalı, duyğunu, məhbəsi, təkliyi, məqamı, şöhrəti, yetimçiliyi və sairi bəzəmişdir". Bu mövzularda ardıcıllığın gözlənilməməsinin səbəbi Elza xanımın həmin aforizmləri müxtəlif vaxtlarda qələmə alması ilə bağlıdır. Elza xanım bu gün də müdrik kəlamlarını öz Facebook səhifəsində gündəlik olaraq oxucuları üçün paylaşır.

Elza xanımın atalar sözləri ilə tən gələn, bir misqal belə fərqlənməyən deyimləri dərin düşüncə tələb etmədən oxucu tərəfindən qəbul edilir:

 

Çağlayan sel lilə qısılar.

Qəlbi tərk etməyən fərağın, sorağı təbibdən gələr.

Əli açıq olmayan varlı, dili ilə də səxavət göstərməz.

Saflıq yaylaqda bitən yarpız kimidir, rayihəsi azalmaz.

Hər pətəyi möhürlü olan şanda bal olmaz.

İnsanın arxasıyla şeytan gəzməsə, mələk olmağa nə var.

Tamahdan bina quran, insafı pilləkəndə yaddan çıxarar.

Kökü çürük olanın qeyrəti sürüşkən olar.

Ömrün sonuna düşən gün, uzun olar.

Çəkisi olanla   deyil, dəyəri  olanla  dost  ol.

 

 

Elza xanımın müdrik deyimləri müxtəlif mövzulardadır, həm də bu mövzular aktual, gündəm hadisələrinin nəticəsini əks etdirir. Mövzu seçimlərinə diqqət çəksək, maraqlı bir görüntü alınır. Məsələn:

 

Qarışqa həyatından alınanlar:

Qarışqanın boyu balaca olmağına baxma,

nizamla işə çıxmağına bax.

Qarışqanın həşarat olmağına baxma,

düşüncəsi olə qış tədarükü görməyinə bax.

Qarışqa yuvanı yarğanda qursa da,

obası torpağın üstə olar.

Yaxşı ata övladına qarışqa ilə arıdan ibrət götürməyi tövsiyyə edər.

Öz yaşamında qarışqa kimi fəal olmasan,

özünə məskən qura bilməzsən.

 

 

Yaddaşa güvənən fikirlər:

Yaddaş sədaqətli  it kimidir, sən uzaqlaşdıqca səni qovar, getdikdən sonra səni   dayanacaqda   gözləyər.

Şirin sözün arasına girən yaddaş,

sözü zəqquma döndərər.

Yuxuya əl atan yaddaş, alovlu olar.

Yaddaşda qalan xəyanət, könülə bağlanıb baxar.

Od  qarsan yaddaş, ağlı sarsıdar.

Yaddaşından keçən yaxşı adamı, gözündə sıx saxla.

Yaddaşın zəhləsi silahı atıb, vətəni satandan  gedər.

 

 

Vətən sevgisi aşılayan deyimlər:

Öz vətənində qərib olan ölməz,

kökdən qırılmış   ağac kimi yıxılar.

Vətənsiz insan, limanına yan ala bilməyib,

daşlara çırpılan gəmi   kimidir.

Vətənsizlik sevgi ilə qüruru

bir düyünə salıb itirmək   kimidir.

Eşq və məhəbbət haqqında deyilənlər:

Yalan eşqi talan edər.

Sevgi yalana tabe olmaz.

Nakam sevgi kəfənə bükülüb basdırılsada,

gözü yoldan yığılmaz.

Sadiqlik sönüb külə dönsə də, sönməməkdir.

Sevgiyə bükülən dərd, dərmanlı olar.

Sevginin qənimi nifrət, dostluğun  qənimi xəyanətdir.

Həsrətli qolun boyuna dolanmağı,

sönən ocağı yandırmaq kimidir.

 

 

Elza xanımın deyimləri içərisində mücərrəd fikirlər də mövcuddur. Belə deyimlərin məğzini tutmaq üçün bir qədər düşünmək lazım gəlir. Hətta sətiraltı mənaları olan deyimlər də vardır:

 

Ağlayan gözdən qorxan, kədəri baxışında yandırar.

Şövqlə bəzənib süslənən, hissdə aranar.

Sevgi köksdə köz, ürəkdə daşdır.

Könlü tox bir daş götürər, könlü  ac  közdə  yanar.

Yarından küsən, dua edəndə əlini tərsinə çevirər.

 

 Söz deməkdə baş olmaq, Allah kəlamından gələn   sözdən cümlə qurmaqdır.  

Əlbəttə, belə deyimlərin də bir mənası, yozumu vardır. Lakin Elza xanımın fikri nöqtəsinə vuran deyimləri daha çoxdur:

 

Keçəlin bəxti  yüyürək olar, ağıllının sözü.

Yaşayış olmayan evin divarı qurum bağlayar.

Haqqa əmin  olmasan, haqsızlığın dərdini çəkmə.

Yiyəsiz gözəli, abır-həyası qoruyar.

Qələm qaşın atdığı ox, gözü giryan edər.

Odda yanan sudan imdad istəyər.

Tez yanıb sönənin tüstüsü gözə görünməz.

 

Tənəkdə məğrurluq olsaydı qırılanda ağlayıb, içiləndə çılğınlaşdırmazdı.

Hər biri təhlil olunmağa layiq olan bu cür deyimlər daha çox oxucu kütləsi qazanır, səbəbi də odur ki, mənası böyük olsa da, mütaliəsi az vaxt götürür.

Fikrimin sonunda Elza xanıma nəyi məsləhət görərdim? Qələmə aldığı deyimləri mövzular üzrə qruplaşdırmaq vacibdir. Mövzular üzrə qruplaşmalar aparılmadığından oxşar fikirlər müxtəlif deyimlərdə özünə yer alıb. Bundan başqa, deyimlər ələnərkən artıq görünən, mücərrəd fikirlərin üstünlük təşkil etdiyi bəzi nümunələrə yenidən baxmaq olar və bu vacibdir. Şübhəsiz, Elza Gülməmmədovanın atalar sözlərini xatırladan bu müdrik deyimləri ibrətamiz fikirlər üzərində qurulduğundan, həm də lakonikliyi ilə seçildiyindən oxucu sevgisini qazanacaqdır. Yazılı və şifahi ədəbiyyatı birləşdirən deyim (söyləmə) janrı günün tələbindən doğan bədii nümunələrdən ibarətdir. Qısaca deyim ki, bu janr oxucu hövsələsinə hesablanıb və bəzi hallarda böyük-böyük əsərlərin ifadə etdiyi fikirlərin yekunu kimi görünür. Elza xanım roman, yaxud hekayə yazmayıb, lakin bu nəsr əsərlərinin oxucuya aşılamaq istədiyi fikirləri yığcam şəkildə qələmə alıb. Adama elə gəlir ki, hər bir deyim böyük bir əsərin bir cümlə ilə ifadəsidir.

 

Bilal ALARLI HÜSEYNOV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 16 sentyabr.- S.14.