Azərbaycan gənclərinin xaricdə təhsil
imkanları genişlənib
Dövlətin bu sahədə atdığı addımlar
gənclərin mükəmməl təhsil almalarına şərait
yaradır
"Gənclərin xarici ölkələrin nüfuzlu
ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"na ilk qəbul
prosesinin nəticələri
müəyyən olunub.
Dövlət proqramına dünyanın
30 ölkəsinə aid 15 prioritet
ixtisas sahəsi üzrə 673 nəfər
müraciət edib.
Müsabiqənin ilkin
nəticələrinə əsasən,
80 namizəd bakalavriat
səviyyəsi, 149 namizəd
isə magistratura səviyyəsi üzrə
müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını
qazanıb.
Proqram iştirakçılarının
ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə,
iqtisadiyyat, informasiya texnologiyaları, təhsil
olub. Təqaüd qazanan
gənclərimiz dünyanın
"Bilkent University", "Koç University", "Middle East Technical
University", "University of Bonn", "University of
Freiburg", "Stanford University", "New York
University", "Texas A&M University", "George Washington
University (DC)", "Imperial College London", "University of
Cambridge", "King's College London", "London Business
School", "UCL", "University of Warwick",
"University of Strasbourg", "University of Tartu", "Sapienza University of Rome", "Politecnico di Milano",
"University of Toronto", "McGill University",
"University of British Columbia", "University of
Amsterdam", "Korea Advanced Institute of Science and Technology
(KAIST)", "Nanyang Technological
University, Singapore", "Monash
University", "University of Sydney", "KU Leuven" kimi nüfuzlu təhsil müəssis ələrində təhsillərini
davam etdirəcəklər.
Elm və təhsil naziri Emin Əmrullayev "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı" çərçivəsində
2022-2023-cü tədris ilində
xaricdə təhsil almaq hüququ qazanan tələbələrlə
görüşüb. Görüş zamanı Emin Əmrullayev Prezidentin müvafiq Sərəncamı
ilə təsdiq edilmiş Dövlət Proqramının ölkə
rəhbərliyinin gənclərə
xüsusi diqqətinin
təzahürü olduğunu
deyib. Sözügedən proqramın müasir
və gələcək
əmək bazarının
tələblərinə cavab
verən rəqabətqabiliyyətli
və yüksəkixtisaslı
peşəkar kadrların
hazırlanmasına, o cümlədən,
ölkəmizin dinamik
inkişaf prosesinə
töhfə verəcəyini
bildirib.
Nicat Osmanlı Dövlət Proqramı çərçivəsində
"Queen Mary University of London" ali təhsil müəssisəsində
Maliyyə və mühasibatlıq
ixtisası üzrə
magistraturada təhsilini
davam etdirəcək:
"Xaricdə təhsillə
bağlı artıq müəyyən təcrübəm
var. Belə ki, mən bakalavriatura təhsilimi Hökumətlərarası
Təqaüd Proqramları (HTP) çərçivəsində
Macarıstanın Budapeşt
şəhərində almışam. Adımı qəbul olunanlar
siyahısında görəndə
təbii ki, sevindim. Mənim üçün Dövlət
Proqramına qəbul olmaq böyük
məsuliyyətdir. Bütün
gözləntiləri doğrultmaq
və təhsilimə
ayrılan investisiyanı
düzgün şəkildə
qaytarmaq üçün bacarıqlı
və peşəkar mütəxəssis kimi Vətənimə dönmək
istəyirəm. Avropa mədəniyyəti
və düşüncə
tərzi ilə artıq tanışam.
Düşünürəm ki, İngiltərə yeni dünyaya daha yaxındır və
mənim kritik və biznesyönümlü düşüncə
tərzinə yiyələnməyimə
böyük təsir göstərəcək. Dövlət
Proqramı mənə
London kimi bahalı şəhərdə yaşamağıma,
təhsil xərclərini
düşünmədən dünya səviyyəli təhsil almağıma və ölkəyə geri qayıtdıqda iş dünyasında daha reputasiyalı kadr olmağıma şərait yaradacaq. Yaxın gələcək üçün
hədəflərim praktiki
və akademik biliklərimi təkmilləşdirməkdir.
Uzun dövrdə isə Azərbaycanın ilk onlayn
universitetinin qurucularından
olmaq istəyirəm".
Məhsəti Piriyeva Elm və
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika,
riyaziyyat və informatika təmayüllü
liseyi xüsusi nailiyyətlərlə
başa vuraraq qızıl nişanla təltif olunub. Məktəbdə oxuduğu
illərdə respublika
və beynəlxalq olimpiadalarda qızıl,
gümüş və
bürünc medallar qazanıb: "Məhz bu bilik yarışlarında
uğur qazandıqdan sonra qərara gəldim ki, ali təhsilimi xaricdə alım. Sağ olsun dövlətimiz
ki, mənə bu arzumu reallaşdırmağa
imkan yaratdı. Bakalavriat səviyyəsi üzrə
müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olundum. Seçimim Sinqapur Nanyanq
Texnologiyalar Universitetində
Kimya mühəndisliyi
ixtisası oldu. Dövlət
Proqramı təqaüdçüsü
olacağıma əmin
idim. Belə ki, qaydalar açıqlandıqda
bakalavriat səviyyəsi
üzrə ayrılan
yerlərdə beynəlxalq
olimpiadada
medal qazanmış şagirdlərə
üstünlük veriləcəyi
qeyd olunmuşdu. Və bu üstünlük mənə qəbul şansımın daha çox olduğunu göstərirdi. Xaricdə
ali təhsil
almaq arzuma çatdığım üçün
sevinirəm. Bilirsiniz ki, xarici ölkələrdəki
nüfuzlu universitetlərin
bir çoxunda illik təhsil haqqı yüksək olur və bu
təqaüdü qazanmağım mənə Sinqapurda təhsil almağımı
əlçatan etdi.
Bu Proqramın mənim
kimi bir çox gəncin xarici ölkələrin yüksək
təhsili ilə seçilən ali məktəblərində keyfiyyətli
təhsil almaq arzusunun gerçəkləşməsində əvəzsiz rolu var".
Toğrul
Əlibəyov "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı" çərçivəsində Belçikanın "KU Leuven" Universitetinin
bakalavriat səviyyəsi
üzrə Mühəndislik
texnologiyaları ixtisasında təhsil alacaq: "Xaricdə təhsil almaq istəyimin arxasında seçdiyim mühəndislik texnologiyaları
ixtisasını dünya
standartlarına uyğun
tədris edən universitetdə öyrənməkdir.
Xaricdə təhsil peşəkar mühəndis
olmağımla yanaşı,
yeni dostlar qazanmağıma,
əlaqələrimin genişlənməsinə
də fürsət yaradacaq. Dövlət Proqramı mənə maddi problemləri fikirləşmədən
dərslərimə fokuslanmağa
imkan verəcək. Eyni zamanda, mənim
üzərimə gələcəkdə
Azərbaycana qayıdıb
öyrəndiyim bilikləri,
qazanacağım bacarıqları tətbiq etmək kimi mühüm bir vəzifə qoyur. Ən əsası, bu proqram gənclərin
üzünə xəyal etdikləri universitetlərin qapılarını açır. Xaricdə təhsil almaq gənclərin böyük əksəriyyətinin
arzusudur, amma reallıq budur ki, ailələrin heç
də hamısının
maddi durumları bu arzunu reallaşdırmağa
imkan vermir. Bu baxımdan, Dövlət
Proqramı həmin gənclər üçün
böyük şansdır".
Dövlət Proqramı çərçivəsində
xaricdə təhsil almaq şansı qazanan tələbələrdən
biri də Əsmər Kərimlidir. O London Kral
Kollecinə
İctimai səhiyyə
ixtisası üzrə
magistraturaya qəbul olunub: "Bu sahədə
çalışdığım illər ərzində işimlə əlaqədar
ünsiyyətdə olduğum
müxtəlif
beynəlxalq ekspertlərlə
etdiyim fikir mübadilələri,
təmsil etdikləri ölkələrindəki səhiyyə sahəsində tətbiq olunan islahatlar, son illərin ən aktual ictimai səhiyyə problemi olan COVID-19 pandemiyası ictimai səhiyyə ilə bağlı xaricdə təhsil almağı əsas hədəfimə
çevirdi. Etiraf edim ki, ictimai
səhiyyə sahəsində
olan iş təcrübəmə və
akademik göstəricilərimə
dayanaraq, elə ilk gündən təqaüdü qazanacağıma
çox ümidli idim. Adımı təqaüdü
qazananlar siyahısında
görəndə hədsiz
sevinc hissi yaşadım və birinci olaraq bu xoş xəbəri mənə böyük dəstək olan ailəm və dostlarımla paylaşdım. Xaricdə təhsil almaq
mənə nə verəcək?
Son illər COVİD-19 pandemiyası bir daha sübut etdi ki, ictimai
səhiyyə təşəbbüslərini
uğurla idarə etmək böyük bilik və təcrübə tələb
edir. Xaricdə ictimai səhiyyə
sahəsində təhsil
almaq mənə nəzəri biliklərlərlə
yanaşı, praktik olaraq digər ölkələrdə ictimai
səhiyyə idarəsinin
necə işlədiyini
görmək imkanı
yaradacaq. Dövlət
Proqramı çərçivəsində
ictimai səhiyyə sahəsində alacağım
magistratura təhsilinin bu
istiqamətdə daha da təkmilləşərək mütəxəssis
olmağımda böyük
rol oynayacağından
əminəm. Əsas
hədəfim ictimai səhiyyə mütəxəssisi
olaraq əhaliyə keyfiyyətli səhiyyə
xidmətlərinin əlçatanlığının
təmin edilməsi istiqamətində işimi
davam etdirmək və bu sahədə
ölkəmizdə tədqiqatlar
aparmaqdır. Dövlət Proqramı bütün təbəqədən olan
gənclərin xaricdə
təhsilinə geniş
imkanlar yaradır".
Nicat İsaxanlı isə Böyük Britaniyanın Edinburq Universitetində Maliyyə ixtisası üzrə magistraturada təhsil alacaq: "Bir çox yoldaşlarım, dostlarım xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsillərini artıq başa vuraraq geri qayıdıblar və aldıqları təhsil sayəsində karyeralarında yüksəliblər. Bakı Mühəndislik Universitetində bakalavriat təhsili almış bir gənc olaraq xaricdə alacağım təhsilimin də özünəməxsus tərəflərini onunla birləşdirərək gələcək iş həyatıma tətbiq etmək istəyirəm. Təqaüdünü qazandığım Edinburq Universiteti "QS Dünya Universitetlərinın Reytinq" sıralamasında 15, "Times Higher Education" reytinqində isə 29-cu yerdədir. Şübhəsiz ki, digər reytinqli universitetlərə də müraciət etdiyimdə akademik nəticələrimə güvənirdim. Onların arasında isə seçim etmək çətin idi, sonda bir çox akademik təşkilatlara rəhbərlik edən Edinburqu təhsil yoluma əlavə etdim. Mənim üçün ən önəmli məsələ, təhsil alacağım universitetdə öz ixtisasım üzrə yeni bilgilər əldə etmək, müəyyən təcrübə toplamaqdır. Böyük Britaniyadakı təhsilim zamanı öyrənəcəyim nəzəri və praktiki bilikləri ölkəmə qayıtdıqdan sonra tətbiq etməyi planlaşdırıram. Ümid edirəm ki, bu biliklərimlə Azərbaycanın müxtəlif sahələrində yeniliklər edə, digər gənclərə də dəstək ola bilərəm. Gələcək hədəflərimi özüm üçün artıq müəyyənləşdirmişəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 16 sentyabr.- S.12.