Media və müharibənin
siması
İzlədiyimiz görüntülər gündəlik
həyatımıza necə
təsir edir?
Bu mövzu həmişə
media sahəsinin qaynar
mübahisələrinə səbəb olsa da, müharibə günlərində bütün
cəmiyyət üçün
həyati vacib əhəmiyyət kəsb
edir.
Görüntü və ictimai reaksiya arasında əlaqəni hələ yunan filosofları müzakirə edirdilər. Platon eramızdan
əvvəl "Respublika"
əsərində yazırdı
ki, incəsənət
(nəzərə alaraq
ki, o günlərin mediası ictimai tamaşalar idi) maarifləndirici və ilhamlandırıcı məqsəd
daşımalıdır. Məsələn, şeytanı tərifləyən
səhnələrdə sadə
xalq ikinci mənanı görməyə
və bunu həqiqət kimi qəbul edə bilər. Platonun tələbəsi Ərəstun
(Aristotel) isə, hesab edirdi ki,
tamaşalar insan həyatını olduğu
kimi göstərməlidir
və bir az da əyləncə qatmalıdır.
Müharibə işıqlandırılmasına
gəldikdə isə
media və söz azadlığının aparıcı
qüvvə olduğu
ABŞ-da daim mühafizəkar yanaşma
sərgilənirdi. Xüsusilə, görüntülər nəzarətdə
saxlanılırdı. Pentaqon bunu özü etməklə yanaşı,
digər rəsmi kanallar vasitəsi ilə də mediaya təzyiq göstərib müəyyən
işıqlandırma siyasəti
tətbiq etməyə
çalışırdı. Ən həssas məsələlər
həlak olan hərbçilərlə bağlı
görüntülər, İraq
və Əfqanıstandan
qayıdan veteranlar arasında narkotikə qurşanma və özünəqəsd hadisələrinin
işıqlandırılması idi. Burada amerikan mediası
Konstitusiyanın söz
azadlığı maddəsinin
verdiyi hüquq və ictimaiyyətə nəyin çatdırılması-göstərilməsinin
münasib olduğu arasında etik seçim etməli idi. Və maraqlıdır ki,
bu vəziyyət hər iki siyasi
düşərgə hakimiyyətə
gələndə yaranırdı.
Məsələn, Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən
sonra öz siyasi sələfi Corc Buşun müharibədən gətirilən
amerikan əsgərlərinin
cənazə kadrlarının
yayımına qoyduğu
qadağanı aradan götürdü. Lakin sonra
özü Amerika hərbçilərinin məhbuslara
qarşı qanunsuz hərəkətlərini əks
edən məlumatın
yayılmasının qarşısını
aldı, çünki
dünyada antiamerikan fikrinin formalaşmasından
ehtiyatlandı. Eyni şəkildə,
Osama bin Ladeni aradan götürən donanma qüvvələrinin onun cəsədini və dənizdə hara atıldığını göstərən
görüntünün yayılmasına
icazə vermədi, çünki Amerikaya qarşı yeni terror dalğasından çəkinirdi.
Amerika siyasi hakimiyyəti hər zaman müharibə günlərində əməkdaşlıq
göstərmədiyinə görə media ilə çətin bir dönəmə girir.
Lakin bu məsələlərə diqqət
çəkən təkcə
hakimiyyət deyil, ictimaiyyətin özüdür. Məsələn, ABC kanalının məşhur
aparıcısı Ted Koppel axşam xəbərlərində
İraqda həlak olan hərbçilərin
adlarını bir-bir oxumağa qərar verəndə, yerli telekanalların sahibi
"Sinclair Broadcasting Group" bu proqramı yayımlamayacağını
bəyan etmişdi.
Onlar ABC-nin "Amerikanın müharibədə səylərinə
zərbə vuracaq"
addımını dəstəkləməyəcəklərini
deyir və bildirirdilər ki, müharibə haqda media işıqlandırılması təkcə onun qurbanlarını deyil, digər tərəflərini
də nəzərə
almalıdır. Çünki müharibə milli təhlükəsizlik məsələsidir
və kompleks şəklində nəzərdən
keçirilməlidir.
Ermənistan silahlı qüvvələrinin
Azərbaycana qarşı
son təxribatının nəticəsində
həlak olan şəhidlərimizlə bağlı
ənənəvi və
sosial media işıqlandırılmasını
izləyərkən, bu
qənaətə gəlirəm
ki, müharibə günlərində bizim də işıqlandırma
ilə bağlı konkret siyasətə ehtiyacımız var. Müharibə
kollektiv kimliyimizin qoşulduğu prosesidir. Xüsusilə, nəzərə alaraq ki, indiki
halda bu müharibəni nə hakimiyyət, nə müxalifət, nə də ayrı-ayrı ictimai qruplar başlayıb və yaxud ona görə
günahkardır. Otuz illik
səbrdən sonra Azərbaycan işğalçını
sülhə məcbur
edərək ərazisindən
qovur. Ölkənin suverenliyinin və
təhlükəsizliyinin bərqərar
olması hər bir azərbaycanlı vətəndaşın birbaşa
marağıdır. Ona görə
də, müharibə
günlərində ənənəvi
medianın ümumi siyasi xətdə riayət etməsi, sosial mediada isə ictimaiyyətin səbr nümayiş etdirməsi çox vacibdir.
Xatırlayıram ki, ADA-da dərslərimizin birində
etik məsələləri
müzakirə edərkən
- bu, yenə qızğın döyüşlər gedən
vaxta təsadüf edirdi - tələbələrdən
biri soruşdu:
- Siz bizə medianın
həqiqət carçısı
və ədalət vəkili olduğunu aşılayırsınız. Amma mən
dünən qonşumun
şəhid olmuş oğlunun dəfn mərasimində onun anasına yaxınlaşan
kameranın deyilən
sözləri verməyəcəyini
eşitdim.
- Nə demişdir ki?
- Şəhidin anası
deyirdi ki, gözünüzə girsin
bu Vətən, bu torpaq, mənim
oğlumu qaytarın. Jurnalist
də dedi ki, bunu çəkməyin,
verməyəcəyik.
- Səncə, şəhidin
anası həmin anda başqa bir şey deyə
bilərdimi?
- Yox. Elə itkidən sonra
yox.
- Bəs səncə, o, gələcəkdə bunu
başqa cür qiymətləndirə bilərmi?
- Yəqin ki. Axı onun oğlu qəhrəman oldu.
- Təsəvvür elə ki, ən yaralı,
emosional anında səndən xəbər düzəltmək üçün
istifadə edirlər.
Və sonra, bu, dayanmadan
yayılır. İnternetin, tarixin bir parçasına
çevrilir. Sən sonra
- soyuqqanlı vaxtında
özünü necə
hiss edərsən?
- Sui istifadə olunmuş.
- Bundan başqa, biz, media barədə danışarkən
deyirik ki, jurnalistlər ictimai marağı qorumalıdır.
Səncə, həmin anda
sən ictimai marağı nə ilə qoruya bilərsən - davam edən müharibədə
bir ananın qanlı yarasını qaşımaqla, yoxsa ictimaiyyəti ruhlandırmaqla?
Nədir
ictimai maraq?
- Müharibənin bitməsi.
Zənnimcə, tələbəmin gəldiyi
sonuncu qənaət
tam doğru idi. Ölkədə müharibə günlərində
media işıqlandırılması müharibənin bitməsinə
yönəlməlidir. Biz buna nə
sosial mediada yaratdığımız isterika,
nə göz yaşlarında boğulan
şəhidlərin ailə
üzvlərinin ağzına
dirədiyimiz mikrofonlar
və onların hisslərinə tamamilə
etinasızcasına yanaşıb
başlıq düzəltmək
səylərimizlə, nə
də hərbi məqsədləri təhlükəyə
ataraq operativlik adı altında yarımçıq işlərimizlə
nail oluruq.
Şəhidlər ürəyimizi dağlayır. Bunu biri-birinizə
individual yazın, bir yerə toplaşın, birlikdə ağlayın, birlikdə göynəyin.
Amma bunu sosial media meqafonundan istifadə edib şişirtməyin.
Müharibədir! İtkilərimiz var
və olacaq! Sülh müqaviləsini məcbur
imzalatdıqdan sonra da belə qurbanlarımız
davam edəcək.
Çünki ərazilərimizdə
yüz minlərlə
mina var. Və gəlin
unutmayaq: biz, yalançı
və etibarsız xalqla qonşuyuq - hər şey gözləmək olar.
Biz, nəyin bahasında
olur olsun, qələbəyə birlikdə
getməliyik. Burada
medianın bizə göstərdiyi isə bizi
kökləyən ən birinci vasitədir.
Şəfəq MEHRALIYEVA
525-ci qəzet.- 2022.- 16 sentyabr.- S.9.