Hər şəhid qardaşdı bizə  

 

 

Ana Torpaq, Anam Torpaq,

Bir ömürlük yol gəlmişik

Tarix olan yaddaşına.

Zamanında

qətiyyətin, cəsarətin,

Azıxdan,

Gəmiqayadan,

Qobustandan

düşən nura sədaqətin

qılınc kimi sıyrılıbdı

boy göstərən yad daşına!

 

 

 

2020-nin payızında

Azərbaycan əsgərinin

Qüdrətinin qarşısında

dizin-dizin sürünənlər

ermənilik kəfəninə büründülər,

2022-nin sentyabrında

Kəlbəcərin, Laçının

dağ-daşında göründülər...

 

 

Azərbaycan əsgərinin

Qətiyyəti dikəltmişdi

dağı-daşı.

Soltanbəyin ruhu idi.

hər əsgərin səngərdaşı...

 

 

...ya daşa,

Ya qaynaya, ya daşa.

Can verərəm. Qoymaram,

Bu dağları yad aşa!, -

deyirdi döyüşçülər.

 

 

...daşa çallan,

daşı daşa çallam.

Quduzlaşan düşmənin

Bəxtini daşa çallam!, -

Deyirdi döyüşçülər...

 

 

Azərbaycan əsgəriylə yan-yanaşı

Bamsı Beyrəklərin,

Qaraca Çobanların, ...

          qətiyyəti döyüşürdü,

Pənahəli xanın, Cavad xanın, ...

dövlətçilik sədaqəti döyüşürdü,

Xan qızının

 

məmləkətə məhəbbəti döyüşürdü ...

Əsgərləşən bir millətin

Tarixlərə tarixin

yazan adı döyüşürdü,

Min illərə günyə olan

döyüş andı döyüşürdü.

Nizaminin "Sirlər xəzinəsi",

Füzulinin "Şəbi-hicran"ı,

Xətainin "Dəhnamə"si,

Xanın səsi,

Seyidin zənguləsi,

Yaqubun "Mənsurə"si,

"Qarabağın şikəstəsi" döyüşürdü...

 

Azərbaycan əsgəriylə

hər el, oba döyüşürdü.

Murov, Dəbdağ,

Sarı baba döyüşürdü...

 

 

O Zəfəri tamamlayan

Zəfər üçün döyüşürdülər.

Son illərin

gözlərinə nur olası

səhər üçün döyüşdülər...

 

 

Döyüşdülər...

Vətən üçün

Ermənilik xislətini

əzə-əzə döyüşdülər,

Bir niyyətin boğazını

üzə-üzə döyüşdülər...

 

 

Kəlbəcərə daş atanın

Əllərini

kəsmək üçün döyüşdülər,

"Laçın!" - deyən

dillərini kəsmək üçün döyüşdülər...

 

 

Bir bayrağın işığında

Şəhid oldu döyüşçülər...

Bir döyüşdən ölməzliyə

Gedən yoldu döyüşçülər...

 

 

Yeri göyə dikəldəsi,

Göyü yerə ələyəsi

bir növrağın döyüşüydü,

Göy üzündən enməyəcək

bir bayrağın döyüşüydü!

Qara bağı qırnaq üçün

Qarabağın döyüşüydü!

 

 

Ömür nədi, ölüm nədi

Vətən deyə!

Ana Torpaq, Anam torpaq!

Şəhidləri

Uğurladıq ölməzliyə!

...daşdı dizə,

Min illər adaşdı bizə.

Son qəmin olsun, ay Vətən!

Hər şəhid qardaşdı bizə!..

 

 

 

15 sentyabr 2022

 

Rəşid FAXRALI

2022-ci ilin sentyabr şəhidlərinə

 

525-ci qəzet.- 2022.-  17 sentyabr.- S.16.