"Sağlıqla qal, yaxın
qonşu"
III yazı
TÜRKİYƏ
HƏSRƏTLİ XANIM: XALQ ŞAİRİ NİGAR
RƏFİBƏYLİ
Nigar
xanım Rəfibəylinin tale yolunu bilənlər
üçün Türkiyə təkcə qardaş ölkə
yox, həm də hələ uşaqlıq illərində
itirdiyi qardaşı Kamilin sığındığı və
onu qoruyan ölkə olub. Ona görə də Türkiyə
adının dəyər və müqəddəsliyi Nigar
xanım üçün ikiqat əziz olub. Amma nə
yaxşı ki, həyatın ağır imtahanlarından
keçən tale yolu bu dəfə də şairənin
üzünə gülmüş, onun Türkiyə ümidləri
yenidən çiçəklənmişdi.
Yazıçı Anar bu hadisəni belə qiymətləndirdi:
"Yaşlı vaxtının ən böyük sevinci
qırx illik ayrılıqdan, xəbər-ətərsizlikdən
sonra Türkiyədə qardaşı Kamillə
qovuşması oldu".
Bu ülvi hisslər Nigar xanımın təkcə poeziyasında
yox, həm də Türkiyə təəssüratlarının
təqdim edildiyi yol qeydlərində də xüsusi bir ruh və
ilhamla, eyni zamanda, bütün yaradıcılıq
imkanları ilə təqdim olunur. Bu əsərdə yer alan həsrət, sevinc dolu hisslər də,
bir-birinə qarışan göz yaşlarının təlatümlü
hissləri də təkcə yaradıcılıq uğuru
deyil, amansız və həsrətli illərin bəxş
etdiyi acı və şirin həqiqətlərin tərənnümü
idi. Xeyli sonralar bu barədə danışan və bu
yanğıları özününkü kimi yaşayan Xalq
yazıçısı Anar yazırdı: "İlk dəfə
Türkiyəyə 1956-cı ilin 26 oktyabrında Rəsulla
birgə "Pobeda" gəmisiylə Avropa səyahətinə
çıxdıqları zaman gəlir. Məktublaşmaları
1936-cı ildə birdəfəlik kəsilmiş Kamil
haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi, sağdırmı, bircə tibb təhsili
alıb həkim işlədiyindən xəbəri vardı.
Mənə danışırdı ki, bircə gün
İstanbulda olduqları zaman küçələri
dolaşdıqca həkimlərin lövhələrinə
baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi. Təbii ki,
Kamilin İstanbuldamı, Türkiyənin başqa şəhərindəmi
yaşadığını da bilmirdi. Onu
da bilmirdi ki, böyük qardaşı Bakıdakı
qohumlarını qorumaq üçün soyadını dəyişmiş,
Kamil Arran olmuşdu. O biri Rəfibəyli əqrəbaları
da eyni səbəbdən Sayqın və Əsgəran
soyadlarını qəbul etmişdilər".
"Qarşıda İstanbul var, sevincli, həyacanlı
günlər gözləyir bizi" riqqəti isə
dünyanın ən bəxtəvər və xoşbəxt
insanının təəssüratları və xoşbəxtlik
harayıdır. Bu təəssüratlara qırx ilin
ayrılığından sonra qardaşı ilə növbəti
görüşün çox şirin xatirələri
qarışır. "Dağ dağa
qovuşmaz, insan insana qovuşar. Biz
ayrılanda mənim 14, onun isə 18 yaşı var idi, əllini
keçəndən sonra görüşdük. Hər ikimiz elə bir hərəkət etməmişdik
ki, bacı-qardaş kimi bir-birimizin üzünə baxa bilməyək.
O, özü haqqında danışmağı sevmir, lakin onun
haqqında eşitdiklərim mənə bir bacı kimi onunla fəxr
etməyə imkan verir".
Rəsul
Rza və Nigar Rəfibəyli Nigar xanımın qardaşı
Kamil bəylə
Bu duyğular təkcə uzun illərin
ayrılığından sonra tapılan qardaş sevgisindən
doğmur.
Kamil bəyin ailəsi, onun həyat yoldaşı Ruqiyyə
xanım, övladları Aydın, Bertan və Nigar elə səmimi
duyğularla təqdim edilir ki, taleyindəki ağrı
yükünü bütün ömrü boyu daşıyan
yazıçının şükranlığı və səbri
adamı ovsunlayır. Onların görüş
və söhbətlərində kiminsə ünvanına nə
qarğışlar, nə də lənətlər səslənir.
Hətta bu görüşlərdə göz
yaşları da yoxdur və bir anlıq adama elə gəlir
ki, dövrün amansız zülmləri bu insanları o qədər
ağladıb ki, yəqin yenidən ağlamaq
üçün göz yaşları da qalmayıb. Əksinə, onların timsalında bu günə
olan sevgi və inam gələcəyin xoş müjdəçisi
kimi görünür. Xüsusən də
Kamil bəyin qızı Nigarla Nigar xanımın söhbətləri
o qədər maraqlı təəssürat yaradır ki, balaca
Nigarın duyğularına, Azərbaycan sevgisinə, Məhsəti,
Natəvan marağına heyrət etməli olursan. Balaca Nigarın şeir və rəsmlərində
maraqlı obrazlar tapan Nigar xanım "Nigar gələcəkdə
Türkiyənin gözəl şairlərindən biri
olacaq" kimi inamı təsdiqləyir.
İstanbuldakı
son gün, əziz qohumlarla son görüş o qədər
hüznlüdür ki, hətta Nigar xanım bu duyğuları
da o qədər incəliklə çatdıra bilib ki, istər-istəməz
bu həsrətli anların iştirakçısı kimi
duyğulanırsan və bu həzin duyğulara şərik
olmalı olursan: "İstanbuldan Ankaraya gedən
avtobusların stansiyasına gəldiyimiz zaman uşaqlar
hamısı orada idilər. Nigarın rəngi
qaçmışdı. Çox qəmli
görünürdü. Üşüyən
adamlar kimi görünür, mənim böyrümə
qısılırdı.
...Uşaqlarla
öpüşüb ayrıldıq. "Varan"
ekspresinə mindik. Nigarın solğun
üzündən gilə-gilə yaş axırdı. Günsel və Bertan bizi qucaqlayıb
görüşdülər. Aydın hələ
avtobusa da çıxdı. "Varan"
yerindən tərpəndi. Biz bu ayrılıq
səhərinin ağır hissləri ilə avtobusda
oturmuş, bir kəlmə də danışmırdıq.
"Varan" Təpəbaşı məhəlləsindən
keçib Bəyoğluna gəldi. Atatürk
abidəsi yanından, Kültür sarayı yanından
keçdi. Sirkəçiyə endi, araba
vapuru ilə qarşı sahilə çıxdı, Ankaraya gələn
sərnişinləri götürdü. Son
dayanacaqda əyləndi, axırıncı sərnişinlər
avtobusa mindilər. İçəri girən
yolçular arasında Aydını görüb çox
sevindim. O, maşını avtobus marşrutu ilə qovub
özünü bizə çatdırmışdı. Bir də görüşmək, bir də
vidalaşmaq istəyirdi.
- Bəlkə
bir şey yadınızdan çıxıb, bir söz demək
istəyirsiniz, - dedi. Atası ilə də, Rəsul
ilə də görüşdü. Mən ayağa
qalxıb boynunu qucaqladım, sənə qurban olum, Aydın,
-dedim. İstanbulda səndən gözəl
oğlan görmədim. Bir də gözlərindən
öpüb ayrıldım. "Varan" bu
ayrılıq qəminin ağır yükü ilə baş
götürüb Ankaraya tərəf yol aldı".
Maraqlıdır ki, İstanbul təəssüratları
təkcə bu şəxsi motivlərlə məhdudlaşmır. Nigar
xanımın təqdimatında Aya Sofiya, Süleymaniya camesi,
altı minarəli Sultan Əhməd camesi nadir və möhtəşəm
sənət abidələri kimi heyranlıqla təqdim edilir.
Bu sırada inşası 23 ilə başa
çatdırılan İstanbul Mədəniyyət
Sarayının, Atatürkün 1919-cu ilin 19 mayında Samsundan
başlayan milli azadlıq mübarizəsinin rəmzi olaraq
Atatürk tərəfindən "Gənclik və İdman
Bayramı" günü kimi qeyd edilən və azadlıq
bayrağının Samsundan götürülərək şəhər-şəhər
keçərək Ankaraya, oradan da İstanbula gətirilməsi,
gənclərin, o cümlədən, kamalçı tələbələrin
bayram nümayişləri, türk yazıçısı
Xalden Tanerin dəvəti ilə Böyük Adaya səyahətləri iftixar hissi ilə təqdim edilir. Bu təqdimatların hər biri o qədər
şairanə və gözəldir, eyni zamanda, vətənpərvər
duyğularla o qədər doludur ki, həm təqdim edilən
faktlara, həm də gözəlliklərə biganə
yanaşmaq olmur. Xüsusən də ada gəzintisi,
"sarı, qırmızı, mavi çiçəklər,
yaşıl yarpaqlı vəhşi gözəlliklərin"
bəzədiyi adaların dəbdəbəsi, "əlimlə
toxuna bilmədiyim vəhşi çiçəkləri
uzaqdan gözlərimlə öpüb ayrıldım" təəssüratları
insanı bütün varlığı ilə cəlb edir.
Nigar
xanımın İstanbul təəssüratları o qədər
zəngin və duyğuludur ki, Boğaz içində
"xalq dərdinə biganə olan sultanlara qəsidələr,
mədhiyyələr yazan şairlərin
yığışdığı" Çinaraltı,
"ömrü zindanlarda keçən və Rodos adasında
sürgündə məhv olmuş" inqilabçı
şair Namiq Kamalın, böyük söz ustaları Yəhya
Kamalın, Əhməd Hazımın, Orxan Vəlinin və
yenidən Nazim Hikmətin, İstanbulun şairanə guşələrindən
biri, pəncərələri boğaz içinə
açılan, həyətində
Tofiq Fikrətin məzarının da yerləşdiyi "Aşiyan"ın təqdimatı
və sairələr adamı Türkiyəyə, onun
torpağına, insanlarına, mənəvi zənginliklərinə
elə bağlayır ki, bu təəssüratlardan bir
ömür ayrıla biləcəyini belə təsəvvür
edə bilmirsən.
Əsərin sonundakı həzin notlarsa təkcə İstanbuldan, əziz qohumlardan ayrılıq nəğməsi və ayrılığın təəssüratları deyil, həm də Türkiyəyə yeni bir minnətdarlıq, şükranlıq nidasıdır: "Əlvida Türkiyə, Birsənli, Kəzbanlı, Bursalı, İzmirli Türkiyə, dağlarının başında qış, ətəklərində bahar olan məmləkət. Sağlıqla qal, yaxın qonşu". Bu sətirlər də adama elə gəlir ki, qələmlə yazılmayıb, ilahi bir duyğunun hökmü ilə diktə edilib, Nigar xanım sadəcə vərəqlərə köçürüb bunları. Qəlbinin hökmü ilə köçürüb.
Son söz yerinə
"Sağlıqla qal, yaxın qonşu" son dərəcə səmimi təəssüratlar olmaqla, təbii insani duyğuların olduqca güclü və təsirli, milli ruhun, eləcə də türk ruhunun çoşqu ilə ifadə olunduğu publisistik əsərdir. Burada məhəbbətlə işlədilən hər bir söz və hər bir ifadə yaxın qonşu olan Türkiyənin, onun zəhmətsevər, namuslu insanlarını, həm də Azərbaycana könüldən bağlı olan açıq ürəkli insanlarını, xeyirxah vətənpərvər adamlarını, onların olduqca sadə həyatını sevdirir. Nigar xanım "yaxın qonşu" ifadəsini əsərinin az qala hər səhifəsində, əvvəlində və sonunda da dönə-dönə və böyük bir riqqətlə işlətsə də, hətta sərlövhəsində belə bu ifadəyə yer versə belə, hiss edilən bir həqiqəti də anlamalı olursan: ola bilsin ki, o, indi bu ifadəni əziz dost, yaxud doğma qardaş sözləri ilə və ya daha obrazlı bir ifadə ilə əvəz edərdi. Görünür, təzəcə açılan qapıların yenidən bağlanmaq təhlükəsi və yaxud Sovet senzurasının qadağaları buna imkan vermirdi. Amma heç şübhəsiz ki, bu əsər böyük Türkiyəyə açılan, ən önəmlisi də işıq dolu ümid və sevgilərlə, həm də cəsarətlə açılan qapıdır.
Eyni zamanda, mütləq qeyd edilməlidir ki, Nigar Rəfibəylinin təqdim olunan yol qeydlərində də şeirlərində olduğu kimi, uzun illər ayrıla bilmədiyi daxili əzablardan yox, işıqlı duyğularından və gələcəyə böyük inamdan söz açılır. Türkiyənin Ankara, İzmir, Bursa, İstanbul şəhərlərindən, Egenin, Mərmərənin mavi-yaşıl sularından və gözəllik adalardan, qonaq olduqları evlərdən və xoş duyğulu insanlardan, bir sözlə, bu torpağın hər qarışından, suyundan, daşından alınan təəssüratlar bütün Türkiyəyə, illər boyu qadağalarla ayrılmış türk insanına, onun səmimiyyətinə, həyatına dərin bir sevgi aşılaya bilir. Bu sevgi böyük bir şair ürəyinin çırpıntıları və türk insanına əvəzsiz məhəbbəti ilə təsdiq olunur. Təəssüf yaradansa odur ki, bu günümüzə böyük inamla yazılan "Sağlıqla qal, yaxın qonşu" yol qeydlərinin müəllifi Türkiyənin və böyük Türk dünyasının bu günlərini görə bilmədi...
Zərif duyğular şairi kimi tanınan Nigar
Rəfibəyli xidmətlərinə görə
"Şöhrət" nişanı ordeni və digər
medallarla təltif olundu. O, Azərbaycanın xalq şairi, tərcüməçi,
əməkdar mədəniyyət işçisi kimi də ədəbiyyat
tariximizdə şərəfli bir ad qoydu. Həyat və
yaradıcılığı, onun həzin hisslər və incə
duyğular tərənnüm edən poeziyası milli ədəbiyyatımızın
özünəməxsus nümunələridir. Gözəl
şairimiz, XX əsr ədəbiyyatımızın zərif
qadın nəfəsi Nigar xanım Rəfibəyli 1981-ci il
iyulun 10-da Bakıda vəfat edib. Onun məzarı II Fəxri
xiyabandadır. Hazırda Bakı küçələrindən
biri Nigar Rəfibəylinin adını daşıyır. Qədim
Gəncədə dörd Rəfibəylinin adına
küçə var: Ələkbər bəy küçəsi,
Xudadat bəy küçəsi, Cavad bəy küçəsi,
Nigar Rəfibəyli küçəsi. Xan bağında
(keçmiş adıyla Sərdar bağında) Nigar
xanımın əzəmətli heykəli ucaldılıb,
adına məktəb var, yaşadıqları evin divarına
xatirə lövhəsi vurulub. Amma hakimiyyət Nigar xanıma
sonacan etibar etmədi, ehtiyatla, müəyyən şübhələrlə
yanaşırdı. Hətta onun cənazəsinin Birinci Fəxri
xiyabanda - Rəsul Rzanın yanında basdırılmasına
da icazə vermədilər. Bu, Sovet quruluşunun Rəfibəylilərdən
aldığı son qisas idi. Çox sonralar belə yazdı
xalq şairinin oğlu - Xalq yazıçısı Anar...
Namiq
ƏHMƏDOV
Əməkdar
jurnalist
525-ci qəzet.-
2022.- 17 sentyabr.- S.11.