Azad edilmiş ərazilərimizdə
təhsil mühiti canlanır
Zəngilanın Ağalı
kənd tam orta məktəbinin ardınca Qarabağdakı digər
təhsil müəssisələri də tezliklə fəaliyyətə
başlayacaq
Sentyabrın 15-də Ermənistanın işğalından
azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29
ildən sonra ilk dəfə dərs başlayıb. 360 şagird
yerlik ikimərtəbəli
məktəbdə 65 şagird
təhsilə cəlb
olunub.
Elm və təhsil
naziri Emin Əmrullayev deyib ki, uzun müddətdən
sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki
tam orta məktəbdə
zəng çalınıb. Bu, böyük prosesin başlanğıcıdır, həm
qürurverici, həm də ümid artıran hadisədir.
Təhsil
nazirinin sözlərinə
əsasən, Azərbaycanın
müxtəlif bölgələrindən,
eləcə də Ağalı sakini olan 14 müəllim məktəbdə dərs
deyəcək: "Sevindirici
hal idi ki,
burada işləmək
üçün təxminən
800-ə yaxın müəllim
müraciət etmişdi.
Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə
şagird sayının
artması gözlənilir.
Kompleksdə, həmçinin, məktəbəqədər təhsil
müəssisəsi də
fəaliyyət göstərəcək.
Əminəm ki, Ağalı
kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri
olacaq".
Emin Əmrullayevin dediyinə görə, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə,
işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün
işlərə başlanılıb:
"Şuşa və
Ağdam məktəbi
bu tədris ilinin sonu artıq
tam hazır olacaq, bəlkə də bir az daha
tez. Növbəti tədris ilindən
o məktəblərdə də
ilk zəng çalınacaq.
Bunlar böyük - 960 nəfərlik
məktəblərdir. Cəbrayıl və Füzuli
bölgələrində məktəblərdə
tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki
məktəb təmirdən
sonra hazır vəziyyətdədir. Füzuli peşə
liseyinin hazırlıq
prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi
bitib. Bütün bu layihələr
özlüyündə 10 minlərlə
şagirdi əhatə
edəcək".
Nazir əlavə
edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək
əhalinin planlaşdırılması,
hazırda müxtəlif
bölgələrdə fəaliyyətdə
olan məktəblərin
düzgün şəkildə
köçürülməsi, o cümlədən, müəllimlərin
işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli
tədrisin təmin edilməsi kimi layihələr üzərində
işlənilir.
Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən
Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini
əhatə edən birinci "Ağıllı
kənd" layihəsinin
təməli qoyulub.
Bu il mayın
27-də "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış
mərasimi olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin
dövrdə Birinci Ağalıda 40 ailə
(154 nəfər), İkinci
Ağalıda 60 ailə
(245 nəfər), Üçüncü
Ağalıda isə
161 ailə (675 nəfər)
yaşayıb. Hazırda bu
kəndlərdən olan
ailələrin ümumi
sayı 352-dir (1504 nəfər).
Ağalı kənd sakinlərinin
ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə
sentyabrın 7-də və
10-da doğma yurdlarına
qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı
kəndlərinin sakinləri
var.
Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib ki, rəhbəri
olduğu məktəbin
ən əsas məqsədi Azərbaycan
dövləti üçün
yararlı olan müasir düşüncəli,
yüksək əxlaqa
mənsub, savadlı və vətənpərvər
şəxsiyyətlər yetişdirməkdir:
"Qeyd edim ki, Ağalı kənd sakinlərinin ilk qrupu bu ilin
iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də doğma
yurda qayıdıb. Bu hadisə, əlbəttə
ki, Azərbaycan xalqı üçün qələbədən sonra
yaşadığı ikinci
böyük sevinc idi. Bu gün
Ağalıda əsl bayram əhval-ruhiyyəsi hökm sürür.
Otuz il
bundan əvvəl öz ata-baba yurdundan didərgin düşmüş kənd
sakinləri yenidən
bu torpağa qayıdır, öz doğma nəfəsləri
ilə torpağa can verirlər. İllərlə yetim qalıb,
boynu bükük şəkildə əsl sakinlərini gözləyən
kənd öz qollarını əzizləri
üçün açır.
Burada həyat yenidən canlanır".
Direktorun
sözlərinə əsasən,
ilk pilot layihənin məhz
Zəngilanda icra edilməsi, əlbəttə
ki, ağalılılar
üçün böyük
sevindirici haldır:
"İşğaldan azad
olunmuş bölgələrimiz
ən müasir texnologiyaların tətbiqi
əsasında yenidən
qurulur. Zəngilan rayonunun Ağalı
kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Ağalıya "ağıllı kənd" layihəsi çərçivəsində yeni nəfəs verilir. "Ağıllı
kənd" layihəsinin
icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ
tikinti materiallarından
istifadə olunmaqla tam
izolyasiya olunmuş 200
fərdi ekoloji evin, ikimərtəbəli
4 qeyri-yaşayış binasının,
360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi
sürətlə başa
çatdırılıb".
N.Həsənova bildirib ki, kənddə yaradılan
"ağıllı məktəb"də
distant təhsilin aparılması
üçün bütün
imkanlar mövcuddur:
"Burada müasir şəhərsalma standartları
tətbiq olunub. Kənddə
piyada və velosiped yolları çəkilib. Ağalıda kənd təsərrüfatının
təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülüb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə
olunur. Bundan əlavə, "Ağıllı kənd"
layihəsi üçün
əkin planı hazırlanıb. Planda nəzərdə
tutulmuş torpaq sahələrinin əkinə
yararlılığı qiymətləndirilib
və əkin üçün hazırlığa
başlanılıb. Əkin planına
əsasən müəyyənləşdirilən
600 hektar ərazidən
412 hektarının minalardan
təmizlənməsi üçün
müvafiq işlər
görülüb. "Ağıllı kənd"də
xüsusi layihə çərçivəsində ictimai ferma qurulmuşdur.
Fermada
250 baş qaramal və 600 baş davarın saxlanması mümkündür. Burada "ağıllı
idarəetmə sistemi"
məlumat və təhlil mərkəzindən
həyata keçirilir.
Rəhbərlik etdiyim məktəb müasir təlim texnologiyalarının tətbiq
olunduğu və innovativ yenilikləri özündə əks etdirən bir məktəbdir, təhsil ocağıdır. Əlbəttə ki, məktəbimizin
birinci məqsədi ölkəmizə yararlı
olan müasir düşüncəli, yüksək
əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər
yetişdirməkdir. Məlumdur ki,
təlim-tərbiyə işi
böyük zəhmət
və səbr tələb edən prosesdir. Bu yolda
mənimlə çiyin-çiyinə
işləyəcək bütün
pedaqoji heyətə uğurlar arzu edirəm. Ümid edirəm ki,
kollektivimizlə qarşımıza
qoyduğumuz məqsədlərə
nail olacağıq".
Ermənistanın Azərbaycana qarşı
30 ilə yaxın davam edən silahlı təcavüzü
nəticəsində işğal
olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. Hazırda işğaldan
azad edilən ərazilərdə dağıdılan
təhsil infrastrukturunun
bərpası istiqamətində
mühüm işlər
görülür. Qarabağda
həyata keçirilən
infrastruktur layihələrinin
başında məhz
təhsil müəssisələrinin
yenidən qurulması,
məktəblərin və
ali təhsil
ocaqlarının bərpası
dayanır. Düşmənin məhv etdiyi
tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə
tam cavab verəcək,
Azərbaycan təhsilinə
əhəmiyyətli töhfə
vəd edən təhsil ocaqlarının
tikintisi planlaşdırılır.
Şagirdlərin təhsil
prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə standartlara uyğun ümumtəhsil məktəblərində
təhsil alması üçün artıq Ağdam, Şuşa, Füzulidə bir neçə orta məktəbin tikintisinə
başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib ki, artıq ikinci ildir ki, yeni tədris ilinə Zəfər tarixinin yaratdığı qürur hissi ilə qədəm qoyuruq: "Bu gün hamılıqla Qarabağa böyük Qayıdışın həyəcan və sevincini yaşayırıq. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi, kiçik bir həyat nişanəsi belə tapmaq mümkün olmayan doğma yurd yerlərimizdə yeni həyat qurulur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunmuş torpaqlarda çoxşaxəli silsilə layihələrin uğurlu həllinə şahidlik edirik. 29 ildən sonra Zəngilanda ilk məktəb zənginin çalınması, bu zəngin sevincini yaşayan məktəblilərin xoşbəxt anlarını görmək hər kəs üçün böyük bir bəxtiyarlıqdır. İşğal nəticəsində xarabalığa çevrilən məktəblərimizdə çalınacaq zənglər övladlarımızı elmin sirlərini öyrənməyə səsləyəcək. Əminik ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə təhsil sisteminin yetişdirdiyi vətəndaşlar öz layiqli töhfələrini verəcəklər".
İdarə müdiri qeyd edib ki, ötən tədris ilində olduğu kimi, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası yeni dərs ilində də qarşıya qoyulan hədəflərdəndir. Növbəti tədris ilində də bu tendensiyanı davam etdirəcəyik, çünki Vətənimizə qalibiyyəti qazandıranlara ehtiram, vəfa borcumuz var.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 17 sentyabr.- S.10.