Rusiyanın strateji məğlubiyyəti
Prezident Vladimir Putinin iyirmi ildən artıq müddətdə 1.1 trilyon
dollar sərf edərək
qurduğu və dünyanın ikinci ordusu kimi təqdim
olunan Rusiya ordusu Ukraynada demək olar ki, məhv edilib. ABŞ-dakı Müharibə Tədqiqat İnstitutunun
(ISW) hərbi analitiki Corc Barrosa görə,
Rusiya öz silahlı qüvvələrini
yenidən qurmalı olacaq: "Kremlin müasir
ordu yaratmaq üçün son iyirmi ildə qurduğu quru qoşunları Ukraynadakı müharibənin
son altı ayında böyük ölçüdə
məhv edilib".
Corc Barrosun və Rusiya ordusunun Ukraynada böyük ölçüdə
məhv edildiyini iddia edən digər ekspertlərin fikirləri son günlərə
qədər şübhə
altına alınırdısa,
Xarkov ətrafındakı
döyüşdən sonra
bu fikir aparıcılıq qazanıb. Böyük Britaniya
kəşfiyyatının yaydığı
məlumata görə,
Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində Rusiyanın
NATO ilə müharibəyə
hazırladığı ordu
birliyini darmadağın
edib. Söhbət Rusiyanın ən
yüksək döyüş
qabiliyyətinə malik
hərbi birləşməsi
hesab olunan 1-ci Qvardiya Tank Ordusundan gedir.
Bu ordu NATO-ya qarşı müharibə
üçün hazırlanmışdı
və La-Manşa qədər gedib çıxacağı iddia
olunurdu. Avropada təhdid mənbəyi
kimi qəbul olunan bu birləşmə
2016-cı ilin əvvəlində
yaradılıb. Krımın ilhaqından sonra Qərblə münasibətlərin
gərginləşməsi fonunda
yaranan 1-ci Qvardiya Tank Ordusuna Rusiyanın məşhur Kantemirov tank diviziyası və Tamansk qvardiya motoatıcı diviziyası
daxil edilmişdi.
Yaradıldığı zaman 1-ci Qvardiya
Tank Ordusu T-72B3, T-80 əsas
döyüş tankları,
BMP-2 piyadaların döyüş
maşınları, həmçinin,
130-dan çox digər
növ və modifikasiyalı hərbi texnika ilə silahlandırılmışdı. NATO ilə müharibə
üçün hazırlanmış
ordunun tərkibinə
artilleriya, zenit bölmələri və raket qoşunları daxil edilmişdi. "Çox böyük
döyüş potensialına
malik" ordu kimi xarakterizə edilən və Avropada qorxu yaradan bu hərbi
birləşmə Xarkov
vilayətində, İzüm
şəhəri ətrafında
darmadağın edilib.
Ukrayna Silahlı
Qüvvələrinin güclü
əks-hücumu nəticəsində
avqustun 29-dan sentyabrın
12-dək Xarkov vilayətində
Rusiya ordusunun 442 ədəd texnika itirməsi vizual olaraq təsdiqlənib. Ən çox
itkiyə isə 1-ci Qvardiya Tank Ordusu məruz qalıb. Rusiya ordusunun itirdiyi hərbi texnikanın
237-sini, yəni 54 faizini
Ukrayna ordusu qənimət olaraq ələ keçirib.
Ukrayna ordusunun döyüş meydanında
ələ keçirdiyi
texnikanın siyahısına
79 ədəd piyadaların
döyüş maşını,
45 ədəd tank, 41 ədəd
yük avtomobili, 11 ədəd özüyeriyən
artilleriya qurğusu,
15 ədəd zirehli texnika, 7 ədəd hərbi mühəndis qurğusu, 5 ədəd yaylım atəşli raket sistemi, 5 ədəd qoşqu artilleriya qurğusu, 5 ədəd pilotsuz uçuş aparatı, 6 ədəd komanda və rabitə məntəqəsi, 2 ədəd
tank əleyhinə özüyeriyən
raket sistemi və digər hərbi texnika daxildir. Rusiya ordusunun itkisi
o qədər böyükdür
ki, rəsmi şəxsləri qeyri-ciddi
açıqlamalar verməyə
vadar edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın ələ keçirdiyi Rusiya tanklarını, artilleriyasını,
zirehli transportyorlarını,
hava hücumundan müdafiə sistemlərini,
radar stansiyalarını
və yüzlərlə
ton sursatı geri qaytarması üçün
BMT Təhlükəsizlik Şurasında
məsələ qaldıracaqları
ilə bağlı gülüş doğuran
açıqlama ilə
çıxış edib.
Xarkov vilayətində
Rusiya ordusunun məruz qaldığı
məğlubiyyət fevralın
24-dən ötən müddətdə
ikinci uğursuzluğu
olsa da, bu hadisənin strateji əhəmiyyətini
artıran 1-ci Qvardiya
Tank Ordusunun məğlub
olmasıdır. Çünki bu hərbi birləşmə Avropa üçün əsas təhdid olmaqla yanaşı, Rusiya hücuma məruz qalacağı halda Moskvanın müdafiəsi
üçün hazırlamışdı.
Eyni zamanda, bu ordu
rejimin əsas müdafiə gücü idi. Belə fikirlər var
ki, əsas qüvvələri Moskva vilayətində yerləşdirilən
1-ci Qvardiya Tank Ordusu rejimə qarşı kütləvi çıxışların
qarşısını almaq
üçün də
yaradılmışdı. İndi isə Moskva müdafiəsiz qaldığı
kimi, rejim də əsas güclərindən birindən
məhrum olub. Hərbi ekspertlər hesab edir ki,
1-ci Qvardiya Tank Ordusunu
bərpa etmək üçün ən azı bir il vaxt lazımdır.
Rusiyanın itirdiyi nəhəng
hərbi texnikanı ələ keçirən
Ukrayna ordusu isə daha da
güclənib.
Rusiya Müdafiə Nazirliyinin "İzüm-Balakley qoşun qrupunun mütəşəkkil köçürülməsi əməliyyatı" adını verdiyi bu hadisənin Rusiya üçün nəticəsi həqiqətən strateji məğlubiyyətdir. Çünki Rusiya ordusu qorxunc miqdarda hərbi texnika ilə yanaşı, çox böyük sayda da canlı qüvvə itirib. Gürcüstanın üçüncü prezidenti, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Komitənin rəhbəri Mixail Saakaşvilinin açıqladığı məlumata görə, Rusiya ordusunun 150 nəfərə yaxın zabiti, 800 nəfərdən çox əsgəri əsir düşüb. Ukrayna mənbələri isə ölən və yaralananların sayının minlərlə olduğunu bildirir. Mixail Saakaşvili hesab edir ki, Rusiya ordusununXarkov ətrafında məruz qaldığı məğlubiyyət 1856-cı il Krım müharibəsindən sonra ən böyük uğursuzluqdur.
Hərbi ekspertlər "Orlan-10" Pilotsuz Uçuş Aparatının sənədlərin tam dəstinin Ukrayna hərbçilərinin əlinə keçməsini də uğur adlandırırlar. Ekspertlər hesab edir ki, bu olay Rusiya dronlarına qarşı sistemləri hazırlayan mütəxəssislər üçün böyük qənimətdir.
Xarkovdan sonra Rusiya ordusunun Xersonda da ağır məğlubiyyətlə üzləşməsi ehtimalı var. Hətta bəzi ekspertlər Xersonda, Dnepr çayının sağ sahilində "tələyə düşmüş" hərbi hissələrin məğlubiyyətinin Xarkov ətrafındakı çöküşdən daha qorxunc ola biləcəyini ehtimal edirlər.
Xarkov ətrafında 1-ci Qvardiya Tank Ordusunun dəhşətli məğlubiyyəti hərbi nəticələrlə yanaşı, siyasi nəticələr də doğurmağa başlayıb. Ukrayna işğal altındakı bütün torpaqlar azad olunmadan Rusiya ilə danışıqlar aparmaqdan imtina edir. Rusiyanın hərbi gücü haqqında yaranmış əfsanə də sürətlə dağılır. Corc Vaşinqton Universitetinin professoru Robert Orttunq bildirib ki, Rusiyanın Ukraynada üzləşdiyi dəhşətli məğlubiyyət Rusiyanın hərbi gücünün qiymətləndirilməsini kəskin şəkildə dəyişdirəcək: "Rusiya ordusu bizim düşündüyümüz qədər güclü deyil". Professor Robert Orttunq hesab edir ki, Suriyadakı müharibədə Rusiyanın qalib gəldiyi və Qərb strategiyasının məğlub olduğu qənaəti yaranmışdı. Bu isə Moskvanın hərbi qüdrətinə dair təbliğata böyük təkan vermişdi. İndi isə həmin əfsanə dağılıb.
Xarkov ətrafında Rusiya ordusunun ağır məğlubiyyətinin
doğuracağı siyasi nəticələr
bununla bitməyəcək. Əksinə,
hərb meydanında məruz qaldığı strateji
məğlubiyyət Rusiyanın siyasətdə də strateji məğlubiyyətini qaçılmaz
edəcək.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 17 sentyabr.- S.6.