Əhməd bəy Ağaoğlu
yaradıcılığında kulturoloji fikir
Görkəmli ictimai xadim, böyük türkoloq Əhməd bəy Ağaoğlunun yaradıcılığının
önəmli bir hissəsini kulturoloji fikir tariximizin öyrənilməsi təşkil
edir. Əhməd bəy milli
kulturoloji fikirdə mədəni qələbənin
qazanılmasını Azərbaycan
xalqının Qərb
mədəniyyətinə meyillənməsində
görürdü. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyətin tarixi
tipologiya problemlərinə
daim nəzər salmışdır. O, dünyada
üç böyük
mədəniyyətin olduğu
fikrini irəli sürmüş və bu fikri dəstəkləmişdir.
Şərq mədəniyyətini və Budda-Brahma mədəniyyətini bütün
dünyaya hakim olan Qərb mədəniyyətinə
məğlub olmaqda günahlandırırdı. Ə.Ağaoğlu yaradıcılığında
ən çox toxunduğu mövzulardan biri də məhz
mədəniyyət anlayışıdır.
O,"Mədəniyyət demək
- həyat tərzi deməkdir" - fikrini həyat və yaradıcılığında rəhbər tutmuşdur.
Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və
kulturoloji fikri dövrün ziddiyyətləri
ilə əlaqədar
olaraq, mürəkkəbdir.
O, mədəniyyət və
maarif anlayışlarının
ayrılmazlığını öz əsərlərində
dönə-dönə vurğulayırdı
və mədəniyyəti
"Yaxşıları özündə
birləşdir" prinsipində
görürdü. Əhməd bəy
İslam mədəniyyətindən
Quranı kamil şəkildə dərk edib, onun şərtlərinə
əməl etməyi məsləhət görürdü.
Qərb mədəniyyətindən isə
elm və texnikanı dərindən öyrənməyi
tövsiyə edirdi.
Ə.Ağaoğlu Azərbaycan xalqı
üçün tərəqqini
elm və təhsil sahəsində uğur qazanmaqda görürdü.
Bununda yolunu xalqın maarifləndirməsində olduğunu
bildirirdi. Əhməd bəy
Ağaoğlunun əsərləri
onun kulturoloji görüşlərini tamamilə
əks etdirə bilmişdir. Dünya mədəniyyətşünasları
mədəniyyət tarixinin
inkişaf mərhələlərinin
müxtəlifliyini dünyanın
müxtəlif ölkə
və xalqlarının
mədəniyyətlərinin müxtəlifliyi ilə əlaqələndirmişlər. Dünya sivilizasiyalarında
daim müxtəlif
yerdəyişmələr olmuşdur,
bu dəyişmələr
Şərqdən Qərbə,
bəzi hallarda isə Qərbdən Şərqə doğru baş vermişdir. XX əsrin əvvəllərində
artıq Türkiyə
və Azərbaycanda
modern Qərb dəyərləri
tarixə "yeniləşmə",
"müasirləşmə", "qərbliləşmə" kimi
adlar şəklində
daxil olmuşdur. Azərbaycanda müasirləşmə prosesi dövlət səviyyəsində deyil,
qabaqcıl ziyalılar
tərəfindən aparılırdı.
Buna görə də, Azərbaycanda qərbliləşmə prosesi
ciddi nəticələr
verə bilməmişdir.
Əhməd bəy Ağaoğlu
kulturoloji fikrində ifrat qərbçi mövqeyi ilə tanınırdı. Əhməd
bəy Ağaoğlu Avropa mədəniyyətinin
uğurunu onların
elm və texnika sahəsində qazandıqları nailiyyətlər
ilə əsaslandırırdı.
XX əsrin I yarısında
Azərbaycanda mədəniyyət
məfhumu cəmiyyətin
maddi və mənəvi həyatına
köklü dəyişikliklər
gətirməyi bacardı. Tarixi şəraitin
özü bu vəziyyəti formalaşdırdı.
Azərbaycan Rusiya və
İranın tərkibində
iki yerə bölünmüşdü. Şimali Azərbaycanda da Rusiyadakı kimi 1905-1907-ci
illər inqilabının,
Birinci Dünya müharibəsinın və
vətəndaş müharibələrinin
təsiri görülürdü.
Azərbaycanda da ictimai-siyasi
fəallıq özünü
açıq bir şəkildə göstərirdi.
Azərbaycan mütəfəkkirləri də öz növbələrində bu
prosesdən kənarda
qalmırdılar.
XX əsrin I yarısında
Azərbaycanda kulturoloji
fikrin daha çox inkişaf etdiyi açıq bir şəkildə görülürdü. XX əsrin
əvvəllərində artıq
"mədəniyyət" anlayışına dair fikirlər dövrü mətbuatın mərkəzində
dayanırdı.
XX əsrin birinci
yarısında Azərbaycanda
başqa sahələrdə
yaranan çətinliklər
kimi kulturoloji fikir də müəyyən
çətinliklərlə və maneələrlə
qarşılaşdı. Bu çətinliklərə baxmayaraq
inkişaf edib, millətin inkişafına
tərəqqisinə istiqamətlənə
bildi. XX əsrin ilk onilliklərində
Azərbaycan kulturoloji
fikri Şərq ilə Qərb arasında körpü rolunda idi. Həmin ideoloji düşüncələr çərçivəsində
mədəniyyət probleminə
dair fikir və mülahizələr
Əlibəy Hüseynzadənin,
Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin,
Məhəmməd Əmin
Rəsulzadənin, Hüseyn
Mirzə Camalovun, Ömər Faiqin, Hacı İbrahim Qasımovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd
Cavadın, Üzəyir
Hacıbəylinin və
digərlərinin yaradıcılığında
öz əksini tapmışdır.
İctimai-siyasi, fəlsəfi baxışların
geniş vüsət alması qaçılmaz hala çevrilir, azadlıq hərəkatının
miqyası getdikcə genişlənirdi. Bu dövrdə artıq inqilabi və demokratik dünyagörüşün formalaşması,
ictimai fikrin siyasi mübarizə ilə əlaqələndirilməsi
üçün bacardıqlarından
da artığını
edən Əlibəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu,
Məmməd Əmin Rəsulzadə, Üzəyir
bəy Hacıbəyli
bu proseslərdə xalq üçün böyük xidmətlər
etmişdilər.
Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixində böyük xidmətləri
olmuşdur. Əhməd bəy Rusiya
və Qərbi Avropada tanınmış şərqşünas - alim,
publisist, ictimai xadim və ideoloq
olmuşdur. Əhməd bəy
Ağaoğlunun dünyagörüşü
və ictimai fəaliyyəti mürəkkəb
olması ilə yanaşı eyni zamanda, bir qədər
də ziddiyyətli olmuşdur. Görkəmli
mütəfəkkirin mədəniyyətə
baxışı onun yazmış olduğu çox dəyərli əsərlərində - "Üç
mədəniyyət", "Azərbaycanın əhəmiyyəti",
"Türk hüquq tarixi", "Sərbəst
insanlar arasında",
"Sərbəst insanlar
ölkəsində", "İslama görə və islamda qadınlıq''və digərlərində
öz əksini tapmışdır. Ağaoğlunun ədəbi irsinin çox mühüm və qiymətli bir hissəsini bədii-fəlsəfi və
publisist məzmunlu traktatlar təşkil edir. Bu əsərlərdə
utopik sosializm, xalq hakimiyyəti, mənəvi təkamül,
müasirləşdirmə ideyaları, əməkçi
insanın qüdrətinə
və gələcəyinə
inam əksini tapmışdır. Ə.Ağaoğlu əsərlərində daim
qeyd edirdi ki, mədəniyyət və maarifin tərəqqisi milli istiqlaliyyətin qazanılmasından
keçir. Əhməd bəy
tərəqqiyə çatmağın
yolunu yenidən tərbiyələnməkdə görürdü. O, öz
növbəsində məqsədinə
nail olmaq üçün yollar
da axtarırdı. Əhməd bəy bunun yolunu Quranın kəlamlarını dərindən
bilib, onlara əməl etməkdə və eyni zamanda,
Avropanın mədəni
xalqlarının ən
yaxşı ənənələrini
tətbiq etməkdə,
elmi və texniki nailiyyətləri dərindən öyrənməkdə
görürdü. Müsəlman xalqlarının yüksəlişinin
bu şərtlərə
əməl olunmasında
olduğunu bildirirdi.
Əhməd bəy hər zaman Azərbaycan xalqının
dünya miqyasında tanınmağının yolunu
elm və təhsildə
görürdü. Buna görə də bütün səyləri
ilə bacardığı
qədər xalqın
maarifləndirilməsinə çalışırdı. Artıq XX əsrin əvvəllərində
Əhməd bəy Ağaoğlu "Asiyanın
oyanması" dövründə
Şərq və Qərb mədəniyyətləri
arasındakı anlaşılmazlıqların
aradan götürülməsinin
mümkünlüyünü irəli sürən bir mütəfəkkir olmuşdu.
Ə.Ağaoğlunun "Üç mədəniyyət"
əsərini milli kulturoloji fikrin tarixi qaynağı hesab etmək olar. Müasir Azərbaycan milli
kulturologiyasının öyrənilməsində
Ağaoğlunun "Üç
mədəniyyət" əsərinin
böyük rolu vardır. Əhməd bəy Ağaoğlunun
kulturoloji görüşlərini
əks etdirən bu traktat onun
yaradıcılığının şah əsəridir.
Əhməd bəy mədəniyyətdə
böhran, tənəzzül,
geriləmə və onlara əks olan tərəqqi, intibah, çiçəklənmə
hallarının törənmə
və yaranma səbəblərini izah edirdi və onları qarşılaşdırırdı. Şərq və
Qərb mədəniyyətlərinin
"məğlub" və
"qalib" edən
şərtləri bir-biri
ilə müqayisə
edirdi. Müasir, sivil dünya
mədəniyyətinin çökməkdə
olan mədəniyyətlərin
hesabına yarandığını
qeyd edirdi. Ə.Ağaoğlunun fikrinə görə,
hər millət mədəniyyət hadisəsini
özünəməxsus şəkildə
anlayır. Əhməd
bəy bildirir ki, mədəniyyət müxtəlif millətlərin təfəkküründə
formalaşan məfhumdur.
Ədib mədəni müxtəlifliyi tərəqqinin əsas şərtlərindən biri kimi görürdü. Milli özünəməxsusluğu mədəniyyətlərarası tərəqqinin şərtlərindən biri kimi analiz edirdi. Əhməd bəy bildirirdi ki, hər bir xalqın mədəniyyəti onun keçmişi, ənənəvi dəyərləri, dini inancları, mənsub olduqları milli kimlikləri, yerləşdikləri region ilə çox sıx bağlıdır.
Ədib Avropanın digər mədəniyyətlər üzərində qələbə qazanmağının səbəbini yalnız elm və mədəniyyətdə uğur əldə etməsində görmürdü. Onun gəldiyi nəticəyə görə, Avropa mədəniyyəti başqa mədəniyyətlərə qalib gəlmişsə, o bu qələbəni bütün gücü ilə, bütün qüvvələri ilə, bütün səhvləri ilə birgə qazanmışdı.
Ə.Ağaoğlu Qərb mədəniyyətinin qələbə qazandığını bir çox əsərlərində təsdiqləyir. Ə.Ağaoğlunun fikrincə, "Mədəniyyət həyat tərzi deməkdir". Mədəniyyət bir həyat tərzi olduğuna görə onda bütün tərzlər cəm olur.
Ə.Ağaoğlu "Üç mədəniyyət" traktatında həm keçmişin, həm öz dövrünün, həm də gələcəyin təsvirini vermişdir. Ədib azərbaycançılıq ideologiyasından çıxış edərək, ümumbəşəri dəyərlərə və Azərbaycan xalqının mədəni ənənələrinə söykənərək milli mədəni inkişaf konsepsiyasını yaratmağa çalışmışdır. Mədəniyyətşünas alim "Üç mədəniyyət" əsərində müsəlman xalqlarının milli tərəqqiyə çatmağı üçün Qərb mədəniyyətini öyrənməklərinin vacibliyini dönə-dönə qeyd edirdi. Əhməd bəy Qərbin dünyagörüşü və kulturoloji fikir cəhətdən sürətlə irəliləməsinin səbəbini onların ən azı üç Avropa dilini - fransızcanı, ingiliscəni, almancanı bilmələrində görürdü. Qərbdə alim və ədiblərin demək olar ki, hamısı ortaq Avropa dillərini bilir. Məhz dil vasitəsilə onlar Avropa mədəniyyətini bu qədər geniş yaymağa və yaşatmağa nail ola bilirlər. Qərbdə ümumi götürdükdə mədəniyyət dili kimi yunan və latınca qəbul edilib və buna görə də mədəniyyətləri yaşadıb gələcək nəsillərə ötürmək üçün bu dilləri gənc nəslə uşaqlıqdan öyrədirlər. İslamda ərəbcə və farsca ortaq mədəniyyət dili olduğu kimi, Qərbdə də ortaq mədəniyyət dili latınca sayılır. Əhməd bəy Ağaoğlu Şərq mədəniyyətinin çökməsinin səbəbini Şərqdə hökmdarlara, Qərbdə isə qanunlara itaət edilməsi ilə əlaqələndirir. Ədib mədəniyyət anlayışını xarakterizə edərək onu - ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s. kimi bölmələrdə təhlil edir. Ədib "Üç mədəniyyət" əsərində xalqın əxlaqının formalaşmasında dindən sonra ən çox təsir göstərmək gücündə ola biləcəklər kimi ədəbi və fəlsəfi əsərləri görür.
(Ardı var)
Həcər ATAKİŞİYEVA
525-ci qəzet.- 2022.- 20 sentyabr.- S.15.