Bütöv gedənlər, yarım qalanlar  

 

 

Uşaq olanda tarix kitablarını oxuyub heyran qalardım, ya da müharibə haqqında filmləri izlərkən. O çətinliyi, təhlükəni yaşamaq istərdim. Özümü baş roldakı döyüşçünün, tarixdəki sərkərdənin yerinə qoyar, onun kimi döyüşməyi, qəhrəman olmağı arzulayardım. Mənsə bir müharibə, xəstəlik görmüş, vəhşi heyvanlarla, zəhərli həşəratlarla mübarizə aparmışdım. Sadə, məişət problemlərindən başqa dəyişiklik olmayan həyəcansız həyatımdan narazı idim. O vaxtlar belə şeylərə həsəd apardığımı düşünəndə dəhşətə gəlirəm.

Müharibə ilə tanışlığım 2016-cı ilin aprel ayında oldu. Çiyinlərinə almasan da, tanıdığın insanın bayraqlı tabutunu görmək qədər ağır bir şey yoxdur.  Sən demə, müharibədə göz yaşı qədər qan da axırmış. Ətrafımda filmlərdəkindən cəsur adamlar olduğundan illərlə xəbərsiz olmuşam. Mən dostunu xilas etmək üçün ölümə gedən qəhrəman haqqında hekayəni oxumuşdum axı. İnsan da oxuduğu hekayənin şahidi olarmı?

Həyat filmlərdəki kimi deyilmiş. Filmin sonunda yanan tank fonunda görünən qəhrəman üz-gözü qan içində olsa da, sağ-salamat qayıdıb yuxuda olan uşaqlarının üzündən öpür. Nolardı ki, həyatda da belə olardı? Körpələr atalarını bir görməyəcəkləri üçün yox, bazar zənbillərindən çıxmayan şokoladlar üçün ağlayaydılar...

İllərdən sonra kəndimizə ilk şəhid gəlmişdi. Kaş son olardı... Bir neçə il keçdi və topların səsinə yuxudan oyandıq. Bomboz, tutqun sentyabr səhəri çardağımız titrəyərkən müharibə arzuladığım günə lənət oxudum. O gündən gözlərimiz səmada quşları yox, qırıcıları axtardı. Çox yaxınımızda  filmlərdəkindən də dəhşətli döyüşlər gedirdi, bizsə yeməyi isti yeyirdik... İlk dəfə onda qız olduğum üçün günahkar hiss etdim. Günlər keçdikcə xoş xəbərlər, ardınca da səbəbkarların əbədi yuxuya getmiş bədənləri gəlirdi. Gülümsərkən yuxarı çəkilən dodaqlarımız göz yaşlarımızla görüşüb kor-peşman yerlərinə qayıdırdılar. O il kəndin yollarında oynayaraq böyüyən uşaqlar yıxılarkən üz-gözlərinə bulaşan torpağa qarışdılar. Böyüdülər deyirəm, sözün gəlişidi. Həm böyüdülər, həm böyümədilər, əslində. O qədər uca yüksəkliyə çatdılar ki, "yataqlarına" üçrəngli bayraq sancıldı. Elə kiçik idilər ki, ata-anaları hələ sağ idi... Sağ idi deyirəm, bu da sözün gəlişidi. Sağ nə deməkdir? Döyülməkdən göyərən sinə, cırılmaqdan qanayan yanaqlar, çarəsizlikdən çökən dizlər, bükülən bel, kədərdən partlayan ürək sağ ola bilər ki?

Gedən bütöv gedib, qalan yarımdır. Gedib deyirəm, kaş, bu da söz gəlişi olardı. Hələ də gedirlər. Kaş yollarına sədd çəkib saxlaya biləydik. Növbəti əmrləri "atəş" yox, "öpüş", əllərinə ilk toxunan silahın soyuq lüləsi yox, körpələrinin isti yanaqları olaydı. Kaş səngərdə yox, kiçik evlərinin köhnə divanında "yuxuya gedəydilər". Sonra oyanaydılar amma. Çox yatmaq ziyandır axı. Həm tezdən durub uşaqları məktəbə aparmaq, bazarlıq etmək lazımdır. O oyanmasa, kim edəcək bunları? Onun qoxusu, varlığının verdiyi güc... Kim qovacaq təzəcə küçəyə çıxan oğlunu qorxudan itləri? Kim çiyinlərinə alıb gəzdirəcək qızını? Kim dayaq olacaq uşaqların anasına? "Mən",- deyən tapılarmı bütün bunlara? O qüvvə heç birimizdə tapılmaz. Onun sahibinin yuxusu isə yaman çox çəkdi...

 

 

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2022.- 20 sentyabr.- S.13.