Akademikin vida məktubu
Bu
düşündürücü zərbülməsəli XX
yüzilin başlanğıcında Bakıda az
qala hər kəs əzbər bilirmiş. Çünki o
cümlə hamının gözünün
qarşısındaymış - Bakının ən cazibədar
binasının, İstiqlaliyyət küçəsindəki
"İsmailiyyə"nin lap yuxarı
hissəsində həkk edilibmiş. Sözlər
əski hürufatla, həm də Azərbaycan dilində deyil, ərəbcə
yazılıbmış, ancaq bilməyənlər dərhal
bilənlərdən soruşub öyrənməyə tələsirmiş
ki, görən, o sözlərin mənası nədir?
Yeddinci əsrdən
iyirminci əsrə gəlib çatmış, 1920-ci illərdə
bolşeviklərin məhz ərəb əlifbasında
yazıldığından dini mətn hesab edərək
sındırıb yox etdiyi həmin hikmətli cümlə fəlsəfə
ilə dolu idi: "Dünyanın
qatışıqlığı təəccüblü deyil,
təəccüblü olan insanların bu
qatışıqlıqdan necə baş çıxarmasıdır".
Bu binanın yuxarı başında, dəndanələrin
altında bir vaxtlar o kəlmələrin yazılmış
olduğunu gözəlcə bilən akademik Musa Əliyev
1950-58-ci illərdə hər gün o binaya işə gəlirdi. Həmin illərdə
o, Azərbaycan Elmlər Akademiyasının prezidenti idi və
bu dövr baş elm məbədimizin həyatındakı ən
parlaq mərhələ sayılır.
O vəzifəni
daşıyanadək də, həmin illərdə də
akademik Musa Əliyev elə çətin, keşməkeşli
həyat döngələrindən adlamışdı ki, indi
vaxtın ucalığından olub-keçənlər
haqqında düşünürkən heyrətlənməyə
bilmirsən bu fırtınalardan necə salamat qurtarıb, təlatümlərün
ağuşunda ola-ola böyük işlər görməyi
necə bacarıb və ən mühümü - həm də
qoruna bilib, məhv olmayıb?
Onun özü də, ailəsi, nəsli, əsli-kökü
də, qoynundan keçdiyi onillər və bütövlükdə
ömür möhlətinə düşmüş vaxt kəsiyi
də, qarşılaşdığı hadisələr,
işlədiyi insanlar da qeyri-adi olub.
Quruculuq və dağıdıcılıq, insana
özünüifadə üçün geniş üfüqlərin
açılması və insan həyatının heçə
sayılacaq qədər ucuzlaşdırılması, ən
sonda öldüyü deyilən ümidin milyonların qəlbində
dəfn edilməsi və digər milyonların könlündə
gələcəyə ən dərin ümidlərin pöhrələnməsi. Bu, təzadlı
XX yüzildir. Bu, insan oğlunun
yaşadığı əsrlərin ən mürəkkəblərindəndir.
Bu, iki dünya müharibəsinin, o müharibələr qədər
qəddar və qanlı sovet siyasi repressiyalarının
tüğyan etdiyi, bir tərəfdən şərin meydan
suladığı yaşanılmaz, o biri tərəfdən də
ən dar macalda belə ədalətin, haqqın zəfər çala, ayaq tuta
bildiyi, insanların inama kökləndiyi ağlı-qaralı
zəmanə, nisgil və fərəhlərlə ləbələb
qəliz zaman parçasıdır.
Həmin burulğanlı illərin hadisələrini
yaddaşdan keçirərkən görürsən ki, sovetin
1920, 1930, 1940, 1950-ci illərində daim üzdə olmaq və
axıracan da xətərsiz qalmaq nəinki sadə məsələ
deyil, hətta əfsanə kimidir.
O dövr
nə qədər parlaqları udub, neçə
tanınmış, güclü şəxsiyyət bir müddət
öndə olandan sonra çöküb, həyatdan
qoparılıb, adı, imzası unutdurulmağa məhkum kəsilib.
Musa Əliyevsə elmdə, təhsildə, dövlət
həyatında bu sərt dönüşlü onillərin
hamısında birinci sıralarda, göz önündə, mərkəzdə
olub. Ən
aparıcı ali məktəblərdən birinin - Sənaye
İnstitutunun rektoru da işləyib, akademiya prezidentliyinə
də yüksəlib, Mərkəzi Komitədə məsul vəzifələr
də tutub, Dövlət Plan Komitəsinin sədri də olub.
Keçmiş
NKVD-KQB - Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik
Komitəsinin arxivlərində sovet dövründə siyasi
repressiyaya uğramışların yüzlərlə cinayət
işi ilə yaxından tanış olan,
oxşar yüksəlişlərə nail olmuşların
sonra hansı bəlalarla
qarşılaşdığını bilən, həmin
çağların bütün səhnəarxası siyasi
idbarlıqlarına uzun illərin diqqətli
araşdırmalarından bələd şəxs kimi ikinci
adamı görmürəm ki, belə yol keçmiş olsun və
taleyi tar-mar edilməsin.
Musa
Əliyevsə bütün iş həyatı ərzində həmişə
fəallığı ilə seçilib, daim arxa deyil, ön
planda olub, dövrün səciyyəvi təhlükələri
hər an onun da yan-yörəsində hərlənib, xata-bəla
başı üstündə bir qılınc kimi asılı
qalıb, lakin bununla belə, qətiyyətlə yolunu davam
etdirib və həmişə də bütün gərəkli
işlərini görməklə bərabər,
simasını, mənliyini hifz etməyə, şəxsiyyətini,
adını o çağlara xas ənənəvi ləkələrdən
kənarda saxlamağa müvəffəq olub.
Mat
qalmamaq mümkünsüzdür!
Söz
yox, Allahın nəzərində olmasının, taleyin onu
qorumasının, xoşbəxt təsadüflərin də
yeri var. Amma əsas səbəblərdən ən ümdəsi
olaraq onun bilgin mütəxəssis kimi yüksək peşəkarlığı,
müstəsna qabiliyyətlərinə müəyyən
tarixi məqamlarda kəskin ehtiyac duyulması, onun edə biləcəklərinin
öhdəsindən bir başqasının gələ bilməyəcəyinin
aşkar hiss edilməsi, tapşırılan istənilən
işə bütün ürəyini qoyub fədakarlıqla
çalışması, çox mənada əvəzolunmazlığı,
təmkini, təmizliyi, dürüstlüyü,
iddiasızlığı götürülməlidir.
İnsanlar
zəka və duyğuları ilə sıx bağlı
olduqları, kamil yiyələndikləri və asta-asta talelərinə,
varlıqlarının bir parçasına dönmüş
ixtisaslarına bənzəyirlər və bəzən bu
oxşarlıqlar, üst-üstə düşmələr elə
bariz olur ki, bu adamın bu sənətə
bağlanmasının elə alın yazısı, sanki irəlicədən
cızılmış bir qismət olmasına iman gətirirsən.
Musa Əliyev geoloq idi. Geologiya isə qədimlikdir,
dərinlikdir, qat-qat laylardır, o laylardakı sərvətlərdir
və eyni zamanda gələcəyin təməlidir, sabaha dikilən
baxışdır, gələcək içində rahat,
firavan yaşamağa imkanlar açan qüdrətdir.
Və
Musa Əliyev şəcərəsi, ömrü və əməlləri
ilə qoşa alma kimi sənətinin,
sevib-seçdiyi elm sahəsinin oxşarı idi.
Sənədlərinə görə o, 1908-ci ildə
Şamaxıda təvəllüd tapıb. Amma onun dünyaya gəlişinəcən
nəslin keçdiyi yol da vardı axı! Musa həm
də bu yolun, qanın yaddaşının, nəslin ənənələrinin,
vərdişlərinin davamı idi. Atası Mirzə
Mahmud hörmətli-izzətli sahibkar idi, əmisi Məmmədtağı
Əliyev Sankt-Peterburqdakı məşhur Petrovsko-Razumovski Kənd
və Meşə Təsərrüfatı Akademiyasında təhsil
almışdı, dünyanı gəzib
dolaşmışdı, Avropada yaşamışdı, Rusiya
imperiyasının tanıyıb-etiraf etdiyi barmaqla sayılacaq
qədər seyrək olan seçkin azərbaycanlılardan idi
və Birinci Dövlət Dumasına deputat da
seçilmişdi.
Vaxt ötəcək, bu nəsil dərinliyi və şəcərə
qol-budaq açması Musanın da ömründə əks-sədalarını
verəcək.
Torpağın
təki təbəqə-təbəqə olub hər lay öz
sirlərini daşıdığı kimi, Musanın da cavan
yaşlarından etibarən həyatı qat-qat, mərtəbə-mərtəbə
fərqlənəcək, hər mərhələnin də digərinə
bənzəməyən özəllikləri olacaq. Sənətində
- geoloqluğunda mahir olduğu, daşın-torpağın dərin
qatlarının dilini başqalarından, hətta ən
yaxşı mütəxəssislərdən də
üstün anladığı, heç vaxt
yanılmadığı kimi, elə yerin dərinlərindəki
sayaq mübhəm, çoxsuallı həyat dolaylarında da
heç zaman yanılmayacaq, anına görə həmişə
ən doğru cavabı tapmağı bacaracaq.
lll
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
binasında - "İsmailiyyə"dəki kiçik iclas
zalında bir divarda bu quruma lap başlanğıcdan
başçılıq etmiş bütün prezidentlərin rəssamlarımızın
çəkdiyi portretləri sıralanıb. Hər dəfə
orada keçirilən iclaslarda istər-istəməz həmin
cərgəni seyr edirsən.
Tale elə
gətirdi ki, 1970-ci illərin sonlarından, Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsini bitirərək Elmlər Akademiyasına təyinat
aldıqdan sonra həmin sıradakıların xeylisi ilə
birgə işlədik, onları yaxından tanıdım, bəziləri
ilə səmimi təmaslarımız da yarandı. Ancaq akademiya prezidenti olmuşlardan birinə
marağım və onunla qaibanə
tanışlığım həmin silsilədəkilərin
hamısından əvvəl başlanıb. Səbəbkar da dahi Hüseyn Cavidin qızı Turan
xanım olub.
Hələ tələbəykən mən XII yüzilin
böyük riyaziyyatçısı, filosofu, rübai
ustası Ömər Xəyyam Nişaburini
araşdırmağa başlamışdım və o vaxtdan
indiyədək də Xəyyam mənimlədir. Həmin
çağlarda yazdığım və tələbə
konfransında da məruzə kimi təqdim etdiyim bir məqaləm
"Hüseyn Cavidin "Xəyyam" faciəsi və tarixdəki
Ömər Xəyyam" adlanırdı. O dövrdə
o yazımı ölməz şairin tək yadigarı Turan
xanım Cavidə də göstərmişdim, bəzi
suallarıma cavab istəmişdim və o da mənə bir
sıra başqa təfərrüatlarla yanaşı
maraqlı bir məqamı da xatırlatmışdı. Söyləmişdi ki, dünyada Xəyyamla əlaqədar
iki ilk Azərbaycanla bağlıdır. Biri
mənim atamın "Xəyyam" pyesidir. Onun 1935-də yazdığı, həyatında
mükafata layiq görülmüş yeganə əsəri
olan bu dram dünyada Xəyyama həsr edilən birinci bədii
əsər idi. Bir də həmin əsərdən 2-3 il əvvəl Azərbaycanda ilk Xəyyam
adı yarandı. 1935-ci ildən, atamın
pyesindən sonra o əsərdəki bir neçə ad bizimlə
yaxın olan ailələrin də övladlarına verildi -
adların qoyulmasını çox zaman elə həmin ailələr
özləri atamdan təvəqqe edirdilər.
Cümhuriyyət dövründə milli parlamentin rəhbəri
Həsən bəy Ağayevin nəvəsi, elə o vaxtlar ilk
əmək nazirimiz olmuş Əhməd Pepinovun qızı
Sevdaya həmin adı atam verib. Sevda surəti "Xəyyam"ın
baş qəhrəmanlarından biri idi. Professor
Hadi Mirzəzadənin sonradan məşhur bəstəkar olacaq
oğlu Xəyyama da 1935-ci ildə həmin ad bu pyesdən
alınaraq verilib. Ancaq Azərbaycan ailəsində Xəyyam
adı daşıyan ilk uşaq bundan bir az
əvvəl dünyaya gəlib. Həm də o
uşağa sadəcə Xəyyam adı verilməyib,
bütöv halda Ömər Xəyyam adı qoyulub. Bu,
akademik Musa Əliyevin ilkinin, böyük oğlunun adı
idi...
Turan xanım belə söyləyirdi və Ömər Xəyyamın
yüzillər boyu dünyanı dolaşan, sayı bilinməyəcək
qədər çox dillərə çevrilmiş müdrik
dördlüklərindən biri adətən onun
"Rübaiyyat"ının əlyazma nüsxələrində
ən əvvəldə gəlir. Bu şeir insan, kainat, həyatın
açılmaz sirləri, varolmanın mahiyyəti haqqında
bir aqilin yorğun fikrədalmasıdır:
Əsrar-e
əzəlra nə to dani yo nə mən,
Vin hərf-e
moəmma nə to xani yo nə mən.
Həst əz
pəs-e pərde qoftequ-ye mən o to,
Çon
pərde bər oftəd nə to mani yo nə
mən.
Əzəli
sirri bilən nə sən olarsan, nə də mən,
O müəmmaya
cavab nə sən bularsan, nə də mən.
Getmədə
pərdə dalında bizim hər söhbətimiz,
İtsə pərdə aradan, nə sən qalarsan, nə
də mən.
O pərdə
hər kəs üçün günlərin birində
mütləq düşür. Hamımız gedəriyik.
Ancaq hər ömür üçün
mühüm olan budur ki, pərdə enəndən,
ömür bitəndən sonra bizdən sonra nə qalır,
bizi hansı izlərimizlə, necə anırlar.
Gənc
yaşındaykən Allahın ona
bağışladığı ilk övladına Ömər
Xəyyamın adını vermiş böyük
düşüncə adamı və dövlət xadimi akademik
Musa Əliyev üçün həmin əbədi
ayrılıq anı yetişəndə 1985-ci il
mayın 3-ü idi və o, 77 yaşında idi.
Musa Əliyev hadisələrlə, insanlarla,
eniş-yoxuşlarla dolu bir həyat yaşamışdı. Artıq mənzilinin səssizliyinə
çəkildiyi, bütün ömrü boyu onu müşayiət
etmiş iş-güclə qaynayan onillərdən sonra sakit təqaüdçü
həyatı sürdüyü əyyamlarda, təbii ki, o da
ara-sıra dünənlər haqda xəyallara dalırdı,
olub-keçənlər haqda fikirləşirdi.
Ömrün bu qürub fəslinə yetişənəcən
Musa Əliyev o qədər çoxlu və faydalı işlər
görmüş və silinməz izlər qoymuşdu ki,
dünyanın qarşısında üzüağ idi.
Xəyallara
dalanda o, yalnız keçmişini görmürdü,
özünün olmayacağı gələcək günlərdəki taleyini də
aydın təsəvvür etmək imkanında idi. Dünyanın hər üzünə bələd
insan kimi anlayırdı ki, gec-tez hər yaxşılıq, hər
savab cavabını tapır və onun yurdu, milləti və
insanlıq naminə əməlləri də unudulmayacaq,
zaman-zaman xatırlanacaq, qiyməti veriləcək.
O,
heç vaxt əlini-qolunu yanına salıb oturanlardan
olmamışdı, indi bu ixtiyar sinnində də elə
köhnə eşqi ilə ürəyində daha nəsə
gərəkli bir iş görmək, xeyir vermək istəyi
vardı.
Və o, son yaxşılığını edirdi.
Gözləri getdikcə işığını itirsə
də, 2-3 səhifə oxuyunca-yazınca heysizləşsə
də, səhhətə müqavimət göstərirdi. Sabahdakılar
dünənləri daha aydın görsünlər, gələcək
içərisindəki yolları daha işıqlı olsun deyə
işığını itirən gözlərinə ürəyinin
nurunu əlavə edərək xatiratını yazırdı.
Bu, nə gündəlik idi, nə tərcümeyi hal, nə
onun özünün də canlı şahidi olduğu, həyəcanları
və sevinclərini yaşadığı tarixin rəngarəng
parçaları haqqında sənədli hekayət.
Əslində hər gün səhifə-səhifə
artan həmin yazılarda onların hamısı vardı, ancaq
bu dəftərlər qatarı onun sabaha və
sabahdakılara vəsiyyəti, nəsihəti, uzun vida məktubu
idi.
Sezirdi ki, artıq dünya dəyişir, qarşıdan
ayrı, indiyədək yaşanmışdan fərqli bir zəmanə
gəlir. Elə
həqiqətlərdən yazırdı ki, bunlar daha təkrarlanmayacaq,
o dövr, o şəxsiyyətlər
bir daha olmayacaq, dərk edirdi ki, bildiyi həqiqətləri
yazılaşdırmasa, onların sabaha çatmasından
ötrü gücünün tükəndiyi məqamında
da olsa edə bildiyini etməsə, bu gizlinclər də onunla
məzara gedəcək, yerli-dibli unudulacaq.
Bütün bunları yazmağında məqsədi təkcə
xəbər ötürmək də deyildi. Təcrübəli
insan idi. Bilirdi ki, zaman çayı durmadan
axsa da, axan çaya ikinci dəfə ayaq basmaq
mümkünsüz olsa da, dünya həmin dünyadır,
insan həmin insandır. Təqvimlər dəyişir, rənglər
dəyişir, yolsa yolluğunda qalır və sabah həmin
yolla büdrəmədən, ağrısız, daha az itkilərsiz
irəliləyə bilməkçün gərək dünənin
dərslərindən ibrət götürəsən, ibrət
götürməkçünsə gərək
başvermişlərdən şayiələrə, qondarma rəvayətlərə
əsasən deyil, qərəzsiz və doğruçu
şahidlərin, sənədlərin-sübutların əsasında
agah olasan.
Cavanlığında qorxmaz olmuşdu,
çılğın olmuşdu, geoloq idi və indi uzaqlarda
sayrışan 1930-cu illərdə çox zaman elə
ekspedisiyalara könüllü yollanmışdı ki, onların
əksərində həyatı itirmək təhlükəsi
gözlə qaş arasındakı kimiydi. Ancaq heç vəchlə
çəkinməmişdi, daim qabağa can
atmışdı. İndi həyatı bitəbitdəydi,
ömrün xəzanındaydı, amma təpər həminki
təpər idi və o, tükənən gücünü səfərbər
edərək keçilmiş yol haqqında sabahkı
övladlara yol xəritəsi yazırdı. Və millətinə, yurduna son borcunu verirdi.
Hələ
bu "Xatirat"ın bütün başqa istiqamətlərini
bir kənara qoysaq belə, akademik Musa Əliyevin Azərbaycanın
XX yüzildə düşüncə mərkəzi olmuş
Elmlər Akademiyası, tarixə həmişəyaşar
möhürlərini vurmuş böyük alimlərimizlə
bağlı qiymətəsığmaz yaddaşları
yaxın keçmişimizin xalqa naməlum qalan elə səhifələrini
aydınladır ki, bunları gərək insanlarımız
mütləq bilə.
Bu xatirələr vaxtında yazılmasaydı, o səhifələrə
indi əlimiz çatardımı?
Heyhat,
daha xatirə bölüşə biləcəklərdən
biri də qalmayıb...
Akademiyamızın
XX əsrin ortalarındakı həyatı ilə əlaqədar
çoxlarına bəlli olmayan xeyli örtülü
gerçəkləri bir vaxtlar mənə iş
yoldaşım, erkən və faciəli ölümünə
rejimin bais olduğu böyük filosof Heydər Hüseynovun
qızı Sara xanım söyləmişdi. Tarixçi
Tamilla Kərimovanın Elmlər Akademiyasının tarixinə
həsr etdiyi mükəmməl əsərində də o
dönəmdə akademiyanın nələri
yaşadığı və hansı ucalıqlara
çatdığı barədə arxivlərin əldəyməz
dərinlərindən ilk dəfə üzə
çıxarılmış son dərəcə maraqlı
bilgilər var. Di gəl, hadisələrin tən mərkəzində
dayanmış, həm bir çox proseslərin idarəedicisi,
yönəldicisi olmuş, həm də başqalarının
heç cürə bilməyəcəyi
bir para məxfi mətləblərdən bilavasitə agah Musa
Əliyev xatiratında elə gerçəkləri və incəlikləri
əyan edir ki, bütün başqa xidmətlərindən əlavə
tariximizin, mənəviyyat keçmişimizin zülmətə
qərq olmuş hadisələrinə güzgü tutduğu
üçün bu nəcib insana minnətdar olmaya bilmirsən.
Öz əli ilə qələmə aldığı
"Xatirat"ını oxuyanadək akademik, dövlət
adamı Musa Əliyevin macəralı və şanlı həyat
yolu haqqında müəyyən biliklərim vardı. Qızı, unudulmaz ərəbşünas
alim Rəna Paşayeva ilə Elmlər Akademiyamızın
Şərqşünaslıq İnstitutunda birgə işləmişdik,
akademikin haqqında eşitdiklərim, oxuduqlarım da az deyildi. Ancaq nə qədər
bilirsən bil, insanı olduğu kimi görmək və
tanımaqçün gərək onunla üz-üzə
dayanasan, nəfəs-nəfəsə olasan, özünü
dinləyəsən.
Bu da nəsibimiz
oldu!
Qızı
Rəna xanım günlərin birində illərcə tək
özünün oxuduğu, üzə çıxarmağa,
hamınınkılaşdırmağa ürək eləmədiyi
dəftərləri - atasının 1970-ci illərin
sonlarından rusca qələmə almağa
başladığı xatiratını tam düz seçim edərək
usta jurnalist Nadejda İsmayılovaya etibar edir.
Və nə heyif ki, həmin xatirələrin bir kitaba
çevrilərək hamıya çatdığı
günü görmək Rəna xanıma qismət
deyilmiş.
Həyat
yoldaşı, dəyərli diplomat, alim və təhsil
qurucusu Hafiz Paşayev ona xas səliqə və zövqlə,
qızı Cəmilə xanım ikiqat nəvazişlə - həm
Musa Əliyevin, həm Rəna xanımın xatirəsinə məhəbbətlə
bu niyyəti tamama yetirdilər və akademik Musa Əliyevin
yadigar dəftərlərini nəfis bir kitaba döndərərək
hamının həmsöhbətinə çevirdilər.
Yaşadığı dövrün söz sahibi şəxsiyyətlərindən
olmuş akademik Musa Əliyevin səciyyəvi cəhətlərindən
biri miqyaslı düşüncə idi.
O, hələ
cavan, ahıl çağlarında müasiri olduğu
gedişata üstdən baxa bilirdi, onda qalmış
üst-üstə qalaqlanan onillərin də əlavə bəsirətlilik
gətirdiyi ixtiyar çağlarında ola.
Həmin səbəbdən də akademikin
xatiratı sadəcə keçən günlərin və
hadisələrin təsviri deyil. Bu
yazılar bütövlükdə zəmanənin portretidir,
bir ömrün, bir nəslin timsalında XX yüzil içərisindəki
Azərbaycanın taleyi və tarixidir, əsrin fərqli bir
salnaməsidir.
Yazır ki, yeriməyə erkən, 1 yaşım olanda
başlamışam.
Bu cizgini mən Musa müəllimin ömür yoluna nisbətdə
sırf rəmzi sayıram. Sanki vaxt, həyat ona diktə
edirmiş ki, cəld ol, qabağa düş, yaşından irəli
get.
1934-cü ildə namizədlik dissertasiyasını
yazıb başa çatdıranda onun 26 yaşı vardı.
1 il sonra ardıcıl imtinalarına baxmayaraq,
Qafqaz Geologiya Trestinin Azərbaycan Geologiya Bürosuna rəis təyin
edilincə qısa müddətdə ona qədər mövcud
olmuş iş üslubunu dəyişəndə, rəhbərlik
etdiyi idarənin tərkibini gəlmə mütəxəssislərdən
təmizləyərək yerli kadrlarla əvəzləyəndə
də bu ağsaqqalcasına uzaqgörən hərəkətləri
edən bir cavan oğlandı.
1936-cı
ildə az əvvəl bitirdiyi Azərbaycan
Sənaye İnstitutunun Neft (dağ) fakültəsinə dekan
seçiləndə heç 28 yaşı tamam
olmamışdı.
1938-ci ildə
30-na çatanda Musa Əliyevi həmin məşhur ali məktəbə rektor, ya o günün ifadəsi
ilə yazarsaq, "direktor" təyin edirlər.
Musaya qədər orada başqa millətlərdən 3-4
direktor olmuşdu. Yeganə azərbaycanlı direktorunsa aqibəti
faciəylə qurtarmışdı, onu da, müavinini də
sovet cəza orqanları 1937-də güllələmişdilər.
Musanın bu vəzifədə əvəzlədiyi erməni
direktorun vaxtındasa institutda sahman lap pozulmuşdu.
Musa Əliyev gəlir və düzəldir. 1940-cı ildə Azərbaycan
İndusrtrial İnstitutu - AZİİ SSRİ-nin neft təmayüllü
ali məktəbləri arasında birinci
yeri tutur. O çağacansa həmin yerin daimi sahibi Moskva Neft
İnstitutuymuş.
Musa
Əliyev iftixarla anır: "Bütün Sovet
İttifaqında bizim institutdan danışmağa
başladılar".
Onda AZİİ 20 yaşındaydı. Üstündən 60 il keçərkən, bu təhsil
ocağının 80 illiyində həmin 1940-cı ildə
buranın tələbəsi olmuş adil bir münsif məhz
Musa Əliyevin rektor olduğu dövrün institutun tarixindəki
ən işıqlı, ən uğurlu illər olduğunu təsdiqləyirdi.
Bu qiyməti verən böyük Heydər Əliyev idi!
1941-ci ilin baharı. Musa Əliyevin 33 yaşı var. Onu
- hələ az adamın
tanıdığı bir azərbaycanlını çox
yuxarılara çəkirlər: SSRİ Neft Nazirliyində Təhsil
müəssisələri şöbəsinin müdiri təyin
edilir.
Bayaqdan
ixtiyarında bir AZİİ idisə, indi bütün Sovet
İttifaqının neft təmayüllü ali
məktəb və texnikumları onun səlahiyyətləri
çərçivəsində idi.
Təbiətindəki yenilikçi, qurucu ruhla
ideyalarını bütün İttifaq boyu gerçəkləşdirmək
barədə düşünür.
1942-ci ilin sentyabrı. Dünya qopmaqdadır, göydən od yağır. Alman qoşunu
Şimali Qafqazdadır, Mozdoka çatıblar. Faşist hərbi hissələri Gürcüstanda
aşırımlarda yerləşib. Və Musa
Əliyevi, artıq SSRİ Neft Nazirliyində Təhsil müəssisələri
ilə iş üzrə baş idarənin rəisi olan azərbaycanlı
cavanı Kremlə dəvət edirlər, yollayırlar həmin
ən qaynar, ən təhlükə
altındakı bölgəyə. Əlində
İosif Stalinin imzaladığı mandat. O, sovet liderinin
təmsilçisi kimi gedir, orada onun verəcəyi hər
tapşırıq Stalinin əmri kimi qəbul ediləcək.
Geriçəkilmələrin müvəqqətiliyinə, qələbənin
hökmən bizimlə olacağına inam oyadan xüsusi
tapşırıq növbəti tədris ili
üçün Qafqaz respublikalarında tələbə qəbulunun
təşkili və həyata keçirilməsidir. Ali dövlət
əhəmiyyətli bu missiyanı layiqincə yerinə yetirən
Musa Əliyevin 34 yaşı var, getdiyi hər yerdə
qarşısında mil dururlar, göstərişləri,
tövsiyələri danışıqsız icra edilir.
...Bən-i
Amir qəbiləsinin şad günü idi. Qeys
dünyaya gəlmişdi. Qohum-əqrəba,
yaxınları gənc ananı əhatəyə
almışdılar. Uşaqsa ətini kəsirlərmiş
kimi durmadan ağlayırdı. O çevrədəki
xanımların ən gözəli körpəni alır
qucağına və uşaq xırp səsini kəsir.
Dahi
Füzuli nəticə çıxarırdı:
Zatında
çü var idi məhəbbət,
Məhbubi görüncə tapdı rahət.
Quruculuq, ixtiraçılıq,
yenilikçilik, müdriklik, uzaq gələcəyi
düşünərək ölçülü-biçili
addımlar atmaq Musanın cövhərində, ruhunda idi. Hara göndərilsə,
orada gəlişi hökmən hiss olunmalı idi. Hansı səmtə üz tutsa, illərcə bəhrələr
verəsi tədbirlərini tökməli idi.
1949-cu ildə
41 yaşında Azərbaycan Dövlət Plan Komitəsinin sədri
təyin ediləndən lap az sonra
respublikanın 1950-1970-ci illər üçün inkişaf
planını hazırlayaraq Moskvaya Baş İdarəyə təqdim
edir.
Həyatı
boyu nail olduqlarını qürurla dilə, qələmə gətirməkdə
xəsis olan Musa Əliyev, bir növ, ömür hesabatı
olan xatiratını yazarkən tərtib edib irəliləməsinə
nail olduğu həmin plana görə sidq ürəkdən fəxr
edirdi: "Mən həyatım boyu təvazökar adam
olmuşam, heç vaxt öz müvəffəqiyyətlərimdən
bəhs etməmişəm. Amma indi özüm
öz qarşımda ürəyimi aça bilərəmmi?
Dövlət Plan Komitəsinə rəhbərliyim
zamanı nələri etdiyimlə öyünə bilərəmmi?
İttifaq Dövlətplankomunda Respublika
kitabxanasının, Azərbaycan Dram Teatrının, Akademiya
şəhərciyinin, Astrofizika rəsədxanasının,
metronun, boru-prokat zavodunun tikintilərini təsdiq etdirdim.
Mənim təşəbbüsümlə Gəncədə
alüminium, Sumqayıtda sintetik spirt və kauçuk
zavodlarının inşası başlandı".
Qəhərlənən həddə qədər
qürurlanmağa, əlbəttə ki, haqqı vardı. Bu tikintilərdən
hər biri əslində həm də onun əsəri idi.
Vətənində qalacaq izləri!
O illərdə
məhz Moskvada şəxsiyyətinə və sözünə
bəslənən sayğı və inam, təklif və təşəbbüslərini
aşılması çətin mərhələlərdən
keçirə bilmək qabiliyyəti bütün bu layihələrin
həyata vəsiqə almasında xüsusi rol
oynamışdı.
Hər
böyük vəsait ayırmalarının Moskvada həll
olunduğu illərdə bu qədər nəhəng layihələrin
bir-ikisinin yolunu açmağa nail olmaq da böyük uğur
sayılardı, o isə hamısını
qazanmışdı.
Memar Əcəmi demiş, insan gedir, əsər
qalır. Akademik Musa Əliyev çoxdan həyatda yoxdur, həmin
ƏSƏRlərin hər birisə yaşayır, xalqın, Vətənin
xidmətindədir.
...8 il Azərbaycan Elmlər Akademiyasının
prezidenti oldu. Çox işlər gördü.
Amma əsl böyük dövlət xadimi və millətpərvər,
vətənsevər kimi etdiklərindən biri, üstündən
xeyli zaman da sovuşarkən də, ona məxsusi ləzzət
verirdi: "Mən akademiyanı qəbul edəndə
ştatda 1050 nəfər vardı və onların 30 faizi azərbaycanlı
alimlər idi. 1953-cü ildə artıq bizdə 1600 nəfər
işləyirdi və
azərbaycanlıların faiz nisbəti 50-yə
çatmışdı. 1954-cü ildə isə
akademiya əməkdaşlarının miqdarı 2500 idi və
onların 70 faizi azərbaycanlılar idi".
Azərbaycan
akademiyasının haradan hara qalxdığını, niyə
məhz akademiyanın Musa Əliyev illərinin
"qızıl dövr" adlandırılmasının
cavabı SSRİ Elmlər Akademiyasının prezidenti
olmuş görkəmli alim Aleksandr Nesmeyanovun 1957-ci ildə
dediyi sözlərdir: "Musa Mirzoyeviç Əliyevin
prezidentliyi illərində Azərbaycan akademiyası
aşağıdakı ikinci yerdən yuxarıdan
üçüncü yerə ucalıb. Azərbaycan
akademiyası artıq İttifaqın ən aparıcı
akademiyalarını haqlayıb".
Amma Musa Əliyevin karyerasının akademiya
parçasında bundan heç də xırda
sayılmayası və ümummilli siqlətli bir başqa
misilsiz xidməti də olmuşdu.
1953-cü
ilin fevralında səhər saatlarında akademiya prezidentinə
respublikanın ovaxtkı rəhbəri Mircəllad
Bağırov zəng vurur: "Qulaq as, Əliyev, indi mənim
yanımda səninlə danışığımın
şahidləri əyləşiblər. Quliyev, Yaqubov, Həsənov,
Qafarzadə burdadırlar. Sənə tapşırıram: Mirəsədulla
Mirqasımovu, Səməd Vurğunu, Mirzə İbrahimovu
akademiklikdən xaric elə. Onları
çıxarmasan, sənin özünü partiyadan
çıxaracağam. Onsuz da artıq
şiddətli xəbərdarlıqla bir töhmətin var. Yəqin,
özün də anlayırsan ki, partiya üzvü olmayan
akademiyaya rəhbərlik edə bilməz. Tapşırığımı
yerinə yetirməsən, özündən küs!"
Musa Əliyevdən əvvəlki prezidentlərin
artıq belə xaricetmə təcrübəsi olmuşdu - Məmməd
Arif Dadaşzadə və Ələşrəf Əlizadəni
akademiklikdən çıxarmışdılar.
Bağırovun zəngi artıq mənhus tələyə
düşmək demək idi, bu çıxılmaz kor dalana
dirənmək, nicatsız "qara dəlik" idi.
Axşam dərdini ürəyini aça biləcəyi
yeganə adamla - zövcəsi Sona xanımla
bölüşür. "Haqlısan, Musa, etmə. Qoy nə
olur-olsun!"
Musa Əliyev ən pis sonluğu artıq gözünün
altına almışdı. Bundan bir qədər əvvəl
Mircəfər Mərkəzi Komitənin büro iclasında
başqa münasibətlə açıq mətnlə ona
qeyzlə çımxırmışdı: "Həmişə
nəyəsə etiraz edirsən. Eybi yoxdur,
gün gələr, elə edərəm ki, bu çal
başını Sibirdə itirərsən".
Və həmin səksəkəli günlərdə qəfildən
Gözəl Allah bir babayolu açır, qısa da olsa nəfəsdərmə
girəvəsi verir Musaya. 1953-cü ilin
martında Stalin vəfat edir, Bağırovun başı
qarışır.
Həftələr ötür. Amma ara sakitləşən kimi Mərkəzi
Komitə katibi Həsən Həsənovdan zəng gəlir:
"Bağırov soruşur ki, sənə deyilən şəxsləri
akademiklikdən çıxardınmı?".
"Yox" cavabını alınca katib qayıdır ki, daha
mənlik deyil, bilirsən səni nə gözləyir, sabah saat 11-də məndən nəticəni
soruşacaq. Məcburam deyəm ki,
tapşırığı yerinə yetirməmisən.
Mıxı
mismar edən Pərvərdigar yenə şəfqətini əsirgəmir.
Musa Əliyev akademiya prezidenti olmaqla yanaşı SSRİ
Ali Soveti ağır sənaye seksiyasının sədri idi. Mərkəzi Komitə
katibi ilə söhbətdən 2-3 saat keçməmiş
Kremldən Voroşilovun adından teleqram alır ki, təcili
Moskvaya uçun, sabah Ali Sovetin büdcə
komissiyasının iclasıdır.
Musa Əliyev teleqram barədə Mərkəzi Komitə
katibi Həsən Həsənova xəbər verərək
baş alır hava limanına. Amma bir neçə
gün əvvəl hər ehtimala qarşı ailəsini
paytaxta yollamışdı.
Artıq iyul başlanırdı. Büdcə komissiyasının iclasları bir həftədən çox çəkəcəkdi. Hər səhərini dirigözlü açdığı o narahat gecələrində Musa Əliyev ən xəfif ümidlə də olsa möcüzə gözləyirdi. Və İlahi yenə lütfünü göstərir.
Ayın 12-də səhər Musa Əliyev qaldığı "Moskva" mehmanxanasının foyesində bir bakılı nazirlə rastlaşır: "Musa müəllim, canınız qurtardı. Beriyanı tutublar. Dünən axşam Bağırovu da işdən çıxarıblar".
...İşığın gurdursa, bu, qaçılmazdır - paxılların da olacaq, həsəd aparanların da, gözü götürməyənlərin də, ardınca qeybət qıranların da, ayağının altını qazıyanların da. Tək bizdə belə deyil. Dünyanın hər yerində, tarixin hər dönəmində bu təhər olub. Bu, insan xislətidir. İnsanın daxilindəki cılız "Bəs mən niyə belə deyiləm?" etirazıdır, "Birdən bu gedişlə yerimi dar edər" şübhəsidir. Bir insan mərəzi ki, haçansa büsbütün aradan gedəcəyini fərz etmək belə müşküldür.
Musa Əliyevin hamı kimi olmaması, hətta ən seçilənlərin də çoxundan ötkünlüyü gizlədilməsi mümkünsüz, ilk gəncliyindən hamıya görünən idi. Təbii, böyür-başındakıların neçəsində bu, qısqanclıq da doğururdu. Geoloji ekspedisiyalara gedirdi, biliklərinin, fəhminin, işgüzarlığının sayəsində tezliklə zəngin molibden, kobalt, qızıl yataqları tapırdı, ondan əvvəl başqa neçəsinin araşdırdığı yerlərdə kəşfiyyat aparırdı, neft yataqlarının nə qədər ehtiyatı olduğunu dəqiqliyi ilə elan edirdi və söz yox, hər dəfə bunlar kimlərisə sevindirirdisə, kimlərinsə də ovqatını təlx edirdi, ürəyinə qibtə güvəsi salırdı.
Ancaq bir var içəridə xəlvəti çəkilən, bəlkə də zərərsiz, əksinə, həmkarları rəqabətə kökləyən həsəd, bir də var əlində səlahiyyət olanın paxıllığı, səni təhlükə sayaraq qarşında açıq-gizli maneələr yaratması, badalaqlar vurması.
Musa Əliyevi 1930-cu illərin ortalarından Moskva tanıyırdı, onu yüksək səviyyəli mütəxəssis, həm də perspektivli kadr kimi diqqətə almışdılar.
Bakıda Mircəfər Bağırovsa Moskvanın maraq dairəsinə yaxşı kimi düşənlərin hər birini sadəcə potensial rəqib deyil, xəbis, qurdlu təbiətini nəzərə alarsaq, birbaşa düşmən hesab edirdi. Sətəlcəmli təfəkkürü ilə dərhal o gümana düşürdü ki, bu, mənim yerimə hazırlana bilər. Dördsiniflik təhsili də olsa, təcrübəli idi, ağıllı idi, təhlilçi zəkası vardı və anlayırdı ki, yüksək savad və qabiliyyət sahibləri Ruhulla Axundov, Əhməd Pepinov-Ömərbəyov və daha neçə başqaları ilə müqayisədə o, həddən ziyadə sönükdür.
Adətən, o cür adamları Bağırov hədəfində saxlayır, Mərkəzə aparılıblarsa, nəyin bahasına olur-olsun Bakıya gətizdirir (dostu Lavrenti Beriyanın vasitəsilə bunu gerçəkləşdirməsi də rahat idi), vəzifə də verir, müəyyən vaxtdan sonra axırına da çıxırdı.
Musa Əliyev həmin qəbildən olanlardandı. O, Moskvada ilk dəfə vəzifəyə gətiriləndə Mirqəzəbin dalağı sancmışdı. Stalinin Musaya mandat verdiyini biləndən sonra isə qəti hərəkətə keçməyi qət etmişdi, Kreml qarşısında israrla Əliyevin Bakıya lazım olması məsələsini qaldırmışdı. Gətizdirmişdi, lap yüksək vəzifələr də vermişdi. Əsas odur ki, gözünün qarşısında idi. Bilirdi ki, Musa Əliyevi Moskva tanıyır, qiymətləndirir, digər tərəfdən bu da aydın idi ki, o, respublika üçün gərəklidir, nə qədər imkan var, istifadə etmək lazımdır. Onsuz da düymə Bağırovun öz əlində idi və hər an ən bəd üzünü göstərə biləcəyini Musa Əliyevə də, tabeçiliyindəki digərlərinə də aşkar, ya üstüörtülü anladırdı da.
Bu mülahizələrimin quruca söz olmadığı, həqiqətə söykənməsinin çək-çevirsiz sübutu-dəlili elə akademik Musa Əliyevin "Xatirat"ındadır.
1942-ci ilin noyabrıdır, artıq Bakının təkidi ilə Musa Əliyevin işləməkçün onların sərəncamına göndərilməsi qərarı qəbul edilib.
O vaxtlar SSRİ Xalq Komissarları Soveti yanında Ali Məktəblər üzrə Ümumittifaq Komitəsinin sədri, eyni zamanda, SSRİ Müdafiə Komitəsinin səlahiyyətli nümayəndəsi olan və Kremldə, Stalinin yanındakı ən nüfuzlu simalardan sayılan, Musa Əliyevə də xeyirxah, qayğıkeş münasibət bəsləyən Sergey Vasilyeviç Kaftanovla maşına minirlər.
"- İzah edə bilərsinizmi mən Bağırova nəyə görə belə lazımam?
- Təqsirin
hamısı məndədir. Bir də Stalinin o mandatında. Sizin
işiniz rəvan getsin deyə həmin mandatın verilməsinə
nail oldum. Bağırov o mandatı görəndə
fikirləşib ki, Moskva sizin şəxsinizdə sabahkı
güclü, ağıllı lideri yetişdirir. O, sizin
simanızda uzaq rəqibini görür və istəyir ki, sizi
öz nəzarətində saxlasın. Başqa
izah yoxdur. Biz Xalq Komissarları Soveti sədrinin
müavini Rozaliya Moiseyevna Zemlyaçka ilə sizsiz bu barədə
söhbətləşərək belə qənaətə gəlmişik.
Sizin vur-tut 34 yaşınız var, Bağırovsa çox
uzaqgörən adamdır. Gedin, Musa. Rozaliya
haqlıdır, Bağırovla zarafat etmək olmaz".
...Ömrünün
son 23 ilini akademik Musa Əliyev Vətəndən kənarda
yaşadı. Bir müddət Əlcəzairdə işlədi,
onların neft sənayesinə elə töhfələr verdi ki, adı bu ölkənin tarixinə
düşdü.
Və sonra da Moskva altında, Perxuşkovoda nostaljili,
xatirələrlə baş-başa illər.
Əslində
Azərbaycanı tərk edəndən sonra Musa Əliyev 27 il yaşadı. Ancaq son 4 ili
mən ömrün əvvəlki bütün illərindən
ayrıram.
Bu
axırıncı 4 ildə o çoxdan ayrı
düşdüyü Vətənə, sevimli Bakısına hər
gün gedib-gəlirdi, hər gün tanış
küçələrlə addımlayırdı, hər
gün köhnə dost-tanışlarla birgə idi. O,
yaddaşların, anıların arasında idi. Saatın əqrəbləri
geri işləyirdi…
Yarımçıq
qalan “Xatirat”ının axırıncı cümlələri
qüssə gətirir: “1981-ci il. Payızın əvvəli.
Perxuşkovo.
…Gözlərim
tamam tutulub. Heç nə görmürəm.
Daha yaza da bilmirəm. Yalnız
səsləri seçirəm. Mən
artıq böyük dünyadan aralanmışam. Hiss
etdiyim ancaq onun həniridir”.
Ömrün
zülmət və sükuta qərq olacaq axırıncı 4
ilindən az əvvəl ürəyini
bolaşltdığı “Xatirat”ında akademikin acı bir etirafı
da yer alır:
"Moskva mənimçün doğmalaşıb. Burada məni əhatə
eləyənlər yaxşı adamlardır, Moskva ilə
çoxlu quruculuq işlərim, elmi nailiyyətlərim
bağlıdır. Amma hər halda hərdən
düşünürəm ki, görən, Bakıdan
aralanmaqla düzmü hərəkət etmişəm? Əgər o vaxt Elmlər Akademiyasının
prezidenti olaraq qalsaydım, respublika üçün nə qədər
yaxşı, faydalı işlər görə bilərdim.
Digər tərəfdən, fikirləşirəm
ki, yəqin, elə düz etmişəm ki, Bakıdan
çıxmışam. Bəlkə də
ona görə indiyəcən sağ-salamatam ki, Bakını
vaxtında tərk eləmişəm".
Bu, kədərli qənaətdir. Amma neyləyəsən
ki, bəzən bəxtinə çox sevdiyin yurdunda qərib
olmaq düşür və çıxıb getməli olursan,
doğma yurdu uzaqdan-uzağa həsrətlə, qəribsəyə-qəribsəyə
xatırlayaraq sevməkdən başqa çıxış
yolun qalmır.
İxtiyar akademikin bu tərəddüdlü,
özünü inandırmaq istədiyi qənaətinin
ardında da tarixçələr dayanır.
1954-cü ildə Sovet İttifaqı Kommunist
Partiyasının XX qurultayından sonra Bakıda yeni Birinci
katib seçməkçün Mərkəzi Komitənin
plenumu keçirilirmiş. Kremlin nümayəndəsi
qalxır, Bağırov dönəmində kənd təsərrüfatı
naziri olmuş İmam Mustafayevin namizədliyini irəli
sürür. Və heç kimin gözləmədiyi
hadisə baş verir. Plenum üzvü Səməd
Vurğun yaxınlaşır tribunaya və deyir ki, mən
Birinci katib vəzifəsinə daha layiqli şəxsin -
akademik Musa Əliyevin namizədliyini təklif edirəm.
Stalinin ölümü kimi xilasedici möcüzələr
zənninizi çaşdırmasın, sovet dövlət idarəçiliyində
(və sovet tipli bütün dövlət idarəçiliklərində)
bu təhər xoş möcüzələrin çin
çıxması mümkünsüz xülyadır.
Səməd Vurğunun mərdanə hərəkəti
şairanə bir jest idi. Dövlət idarəçiliyində, hər
seçkinin nəticəsinin çox irəlidən bəlli
olduğu sovet gerçəkliyində belə hal yolverilməz,
ağlasığmaz idi. Səməd Vurğun şair
idi, bəlkə belə deməsinə nə şəkildəsə
don geydirmək mümkün ola bilərdi, amma Musa Əliyev həm
də siyasətçi, dövlət adamı idi, vaxtilə Mərkəzi
Komitədə şöbə müdiri vəzifəsində də
çalışmışdı, nəyin necə olmalı
olduğunu da qəşəng bilirdi. Dərhal qalxır
ayağa, "Mən namizədliyimi geri
götürürəm", - deyir.
Ancaq söz ağızdan çıxmışdı,
plenumdakı bu təşvişli anlar barədə xəbər,
təbii ki, dəqiqələr ötüncə lazımi yerlərə
çatdırılmışdı.
Səriştəli,
təcrübəli bir şəxs kimi Musa Əliyev hər kəsdən
əvvəl hiss edirdi ki, yalnız respublikada yox, şübhəcil
sovetin gözündə bu səhnədən sonra onun yüksək
vəzifələrə doğru yolu birdəfəlik
qapanır, elə akademiya prezidentliyində də çox qala
bilməyəcək. Yəni azı bu qədər.
1958-ci ildə Akademiyanın prezidenti kürsüsündən
ayrılanda hələ 50 yaşı vardı. Daha
böyük faydalar verə bilmək üçün əslində
ən yetkin çağında idi.
Və Azərbaycandan
gedəsi olur...
Akademik Musa Əliyev dünyanın çox
imtahanlarından keçmişdi, neçə dəfə
ölümlə göz-gözə qaldığı da
olmuşdu. Gəncliyində dağlardakı ekspedisiya əsnasında
qayadan yıxılmışdı, uçuruma yuvarlanaraq məhv
olmaqdan onu sıldırımdakı tikanlı kollar xilas
etmişdi.
1941-ci
ilin oktyabrında faşistlər Moskvanın həndəvərində
dayandığı, şəhəri bombardman etdiyi günlərdə
paytaxtı vahimə içərisində tərk edən əksəriyyətdən
fərqli olaraq, Musa Əliyev sonacan qalanlardan, vəzifə
borcunu başacan yerinə yetirənlərdən idi və həmin
günlərdə həlak da ola bilərdi,
yaşadığı evə mərmi də dəymişdi.
Ancaq Tanrı onu xalqı üçün, böyük elm naminə qorudu, yaşatdı və Musa Əliyev də son anınacan yazıb-yaratmaqdan doymadı.
Həyatdakı ən axırıncı imtahanı qələmə aldığı xatirələri idi. Bütün bunları mütləq yazmalı idi. Bu həqiqətləri, bu düşüncələri özü ilə apara bilməzdi.
Şərəfli bir ömür yaşayaraq ən sonda gələcəkdəkilərə ürək və alın açıqlığı ilə belə vida məktubu yaza bilməkdən xoşbəxt gediş olarmı?
...Hərdən fikrimdən bir az bədbinlik qarışıq o nigaran sual da keçir ki, görən, yenə belə güclü, tarixi gedişata təsir edə bilən ağır-batman kişilər olacaqmı?
Ancaq tezcə özümə həm ümid, həm təsəlli də verirəm ki, dünya xali deyil. Əgər şanlı və qəmli tariximizə etibarlı olsaq, bu cür insanları yaxşı tanısaq, onların keçdiyi yollara biganə qalmayıb gərəyincə öyrənsək, o unudulmazların bizə göndərdiyi məktublardan dərs alsaq, olacaq!
Yollar da davam edəcək, o yollardan sıra-sıra belə nurlu insanlar da keçəcək!
15
sentyabr, 2022
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.-
2022.- 20 sentyabr.- S.8-9-10.