Vətən sevdalısı
Vətən müharibəsi şəhidi
Vüsal Yəhya oğlu Salamov 1993-cü il sentyabrın
21-də Bakının Buzovna
qəsəbəsində anadan
olub. 2000-2011-ci illərdə
Buzovnada Birinci Qarabağ savaşının
qəhrəmanı Əfqan
Əliyev adına
125 nömrəli tam orta
məktəbdə təhsil
alıb. Məktəbin sevilən, seçilən
şagirdlərindən olub.
Məktəbi əla qiymətlərlə
bitirib. Musiqini də sevib Vüsal. 4 nömrəli
Uşaq İncəsənət
Musiqi məktəbində
skripka sinfində təhsil alıb. "Musiqi duyumu
o qədər gözəl
idi. Onun ifası sehrli
idi elə bil, özünə bənzəyirdi" - deyirlər
Vüsalın ifasını
eşidənlər. Musiqi müəllimləri
onun istedadını xüsusi vurğulayırlar.
Sinif rəhbəri Gülarə
Salami: "Hər şagird,
hər məzun müəllimlər üçün
əzizdir. Ən dəcəl məzunumuzun
belə uğur qazanmasını istəyirik.
Vüsal
isə tamam fərqli idi. İbtidai sinifdən seçilirdi.
Bütün məktəb onunla
fəxr edirdi. İbtidai sinifdən diqqət çəkən, adı dilimizdən düşməyən
şagirdlərimiz olur
Vüsal kimi. Hərtərəfli, zəngin dünyası
vardı. Bütün tədbirlərdə,
bilik yarışlarında
seçilərdi. Muzeylərə, teatra getməyi sevərdi. O qədər
həyat dolu, işıqlı idi. Arzularının sərhədi yoxuydu.
Gözəl nitqi vardı. Qarabağ mövzusu onun
həyatının ana
xətti idi. Vətəndən danışanda silahlanmış
əsgərə bənzəyirdi".
Həqiqi hərbi xidmətini
2013-cü ildə Murovda
manqa başçısı
kimi başa vurduqdan sonra Azərbaycan Maliyyə və İqtisad Kollecində təhsil alır. Elmi konfranslarda, bilik
yarışmalarında, müxtəlif
layihələrdə uğur
qazanır. Prezidentin fərmanı
ilə keçirilən
"Yüksəliş" proqramının iştirakçısı
olur. 30000 iştirakçı arasında
seçilir, onluğa
düşür. Neçə-neçə elmi məqalənin, mühazirənin müəllifi
idi Vüsal Salamov.
Hamı
"mükəmməl idi"
dedi. Həmişə qaliblər sırasında
oldu. Torpaqlarımızın
azadlığı uğruna
savaşda da məğlub ola
bilməzdi Vüsal. Qalib oldu Vüsal. Zəfər tarixi yazanlardan oldu.
Şəhriyar Əliyev Vüsalın
ən yaxın dostlarındandır: "2016-cı ildən "NB qrup"
ASC kimya sənaye qurumunda birlikdə işləmişik. İşlə bağlı ezamlarda da birlikdə olurduq. Savadlı idi, işi ilə fərqlənirdi.
Dəfələrlə təşəkkürnamə, fəxri fərman, mükafatlar almışdı.
Növbə rəisi idi.
İnsan
kimi də tamam başqaydı. Tək mənim yox, bütün kollektivin əzizi idi. Hamının hörmətini qazanmışdı.
Hamının problemini həll
etməyə çalışırdı.
Mənim
üçün onun haqqında danışmaq,
yoxluğuna inanmaq çox çətindi.
Tovuz hadisələrində könüllü
qeydiyyatdan keçmişdi.
Torpaqlarımızın işğalından tez-tez danışardı.
Savaş başlayan gündən döyüşə
getməyə can atırdı.
Bir neçə gün sonra çağırış
gəldi ona. Döyüşdə də
birinci olmağa can atırdı... Hər gün danışırdıq.
Oktyabrın 12-dən sonra telefonu
susdu. Bu günümüzü Vüsal
kimi oğullara borcluyuq" - deyib Şəhriyar da susur. Bilirəm ki, kövrəlib.
Bütün uşaqlar kimi gizlənqaç, futbol, qartopu oynayanda, əla qiymətlər alanda sevinib Vüsal. Böyüdükcə sevincinə kədər
qarışıb. "Torpaqlarımız ermənilərin
əlində necə qala bilər?" - sualı beynində
dolaşıb həmişə.
Müharibə başlayan kimi
dostu Ağaəmi Heybətovla birlikdə könüllülərin sırasına
qatılıb. Füzuli və
Suqovuşan uğrunda
döyüşlərdə seçilib, ən ağır döyüşlərdə
igidlik göstərib.
Düşmənin neçə-neçə canlı qüvvəsini, texnikasını məhv edib.
Oktyabrın 13-də Suqovuşan uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb
Vüsal. Anası ilə də
son dəfə oktyabrın
12-də əlaqə saxlayıb,
ürək-dirək verib,
"torpaqlarımızı azad edirik" deyib.
Anası
Gülçöhrə Salamova:
"Yeganə oğul
payım idi. Çox şirindil, qayğıkeş,
çalışqan idi.
Qeyrətliydi mənim oğlum.
Torpaqlarımızın işğalda olması
qüruruna toxunurdu.
Heç
cür barışa bilmirdi. Savaş başlayanda dedi ki, ana, döyüşə
gedəcəm, torpaqlarımızı
azad edəcəyik. Sən narahat olma, düşün
ki, bunda mənim də payım olacaq, mənimlə qürur duyacaqsan. Həmişə başımızı uca edib. Heç yersiz hərəkəti olmayıb
ki... Mən oğlumla həmişə
qürur duymuşam...
İndi də qürur duyuram balamla... Bütün şəhidlərimizlə, igid oğullarımızla
qürur duyuram".
Bu ananın göz
yaşındakı ağrını
yaşamaq necə çətindir. Qələbə sevinci qədər
böyükdür bu ağrı.
Yəhya ataya, tək qardaşını itirən
Tünzalə xanıma
necə təsəlli
verəsən? Olmur...
"Vətən sağ
olsun" - deyir ata.
"Qürurunu qorudu. Qürurumuzu qorudu
qardaşım" - deyir
Tünzalə xanım.
Əmrah Mirzəyev Vüsalın döyüş yoldaşıdır, 1995-ci ildə Bakıda anadan olub: "Könüllü olaraq vətənin müdafiəsinə yollandım Vüsal kimi. Az bir zamanda illərin dostu olmuşduq elə bil. Müharibədən danışmaq ayrıdı, müharibədə olmaq bir başqa. Bəzən qorxu da olur, çaşqınlıq da. Vüsal özünü itirməzdi. Qorxmaz idi. Suqovuşan istiqamətində çox çətin döyüş gedirdi. Oktyabrın 10-dan sonra ayrı-ayrı istiqamətlərdə hücuma keçməli olduq. İmkan olan kimi ona zəng edirdim. Əlaqə yarada bilmirdim. Ayın 21-də yaralandım. Naftalan şəhər xəstəxanasında müalicə alarkən ondan xəbər tutmağa çalışdım və şəhid olduğunu öyrəndim. Çətindir döyüş dostunu itirmək. Ağır döyüşlər idi. Necə oğullar itirdik. Əvəzində torpaqlarımızı - vətəni qazandıq. Hər birimiz bu yolda şəhid olmağa hazır idik".
Vüsal Salamov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Vüsalın bir müqəddəs arzusu olub: Torpaqlarımızı azad etmək. Vətən - Qarabağ onun həyat hekayəsinin mövzusu idi. Bu hekayənin sonuna qələbə yazdı Vüsal. Uşaqlıq dostu Ağaəmi Heybətovdan bir həftə sonra - 31 oktyabrda Buzovnada, Şəhidlər xiyabanında torpağa qovuşdu.
Sinif rəhbəri Gülarə müəllimə bir də onu dedi ki, Vüsal anadan qəhrəman doğulmuşdu, torpaqlarımızın vüsalına can atırdı və arzusuna çatdı. Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm, elə bilirəm səfərdədir, bir gün qayıdacaq.
Əlbəttə, Gülarə müəllimə, Vüsal azad etdiyi torpaqlardadır. Orda yaşayacaq, orda doğulan, böyüyən uşaqlarla birgə hər gün qayıdacaq.
İndi də o gözəl gözləri bizim
əlimiz yetməyən ucalıqdan baxır Azərbaycana,
"Mən burdayam" deyir.
Kamalə ABİYEVA
525-ci qəzet.- 2022.- 21 sentyabr.-
S.16.