Ceyhun Rzayev :"Sırf
pula görə bu sahəyə gəlirlərsə, peşman
olacaqlar"
Teleaparıcı Ceyhun
Rzayev: “İlk müsahibim Elza Seyidcahan olub”
Televiziya tamaşaçıları onu daha çox məşhur
idman proqramlarının aparıcısı kimi tanıyır. O, eyni zamanda, sosial şəbəkələrdə
də xeyli aktivdir. Söhbət ATV kanalında
yayımlanan "Futbolumuz" verilişinin
aparıcısı Ceyhun Rzayevdən gedir. Onunla
görüşüb, şərhçiliyin sirləri, idman
mediasının bugünkü durumu, problemləri haqda
danışdıq. Bir çox başqa mətləblərə
də toxunduq.
***
- Ceyhun bəy,
bu sahəni istəyərək seçmisiniz?
-
Uşaqlıqdan idmana, ən çox da futbola böyük həvəsim
var idi. Sovet dövründə
böyümüşəm və o zamanlar Sovet televiziyası nə
yayımlasa, zövqlə baxardıq. Hokkey,
tennis, gimnastika, basketbol oyunlarını həvəslə izləyərdim.
Təbii ki, aralarında ən sevimlisi futbol idi.
Bir az şablon səslənsə belə,
həmin vaxtlar nə internet, nə müxtəlif televiziya
kanalları var idi. Tək əyləncəmiz
futbol olub. Yeri gəlmişkən, 7 il
44 saylı, 1 il 35 saylı məktəbdə, sonra isə
Türk liseyində oxumuşam. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin (ABU)
jurnalistika fakültəsinə daxil olub və 2003-cü ildə
oranı bitirmişəm. Hələ məktəb
illərində evə gələndə ilk işimiz əl-üzümüzü
yuyub, nahar edib həyətə düşmək idi. Bir də axşam olanda valideynlərimiz evə
çağırardılar. Futbolçu
olmağı da arzulamışam. Alınmadığına
görə jurnalistikanı seçmişəm. Arzum idman jurnalisti olmaq idi və çox
şükürlər olsun ki, məqsədimə
çatdım.
Jurnalistikaya gəlişim “Futbol+” qəzetinə təsadüf
edir. Tələbə olarkən 6 ay orada işləmişəm.
Adətən müsahibələrəgöndərirdilər.
Bir az qəribə gələ bilər, ilk
müsahibim Elza Seyidcahan olub. Televiziyaya gəlincə,
2005-ci ildən busahədəyəm. Karyeramda
üç kanalda işləmişəm. 2 il ANS TV-də çalışmışam. Orada televiziyanın incəliklərini öyrənmişəm.
14 ildən çox Xəzər TV-də fəaliyyət
göstərmişəm. Bu ilin
yanvarında isə 15 illik dostum, ATV kanalında yayımlanan
“Futbolumuz” verilişinin layihə rəhbəri Emin Abbasovdan mənə
eyniadlı verilişi aparmaq təklifi gəldi. Yanvardan
bu yana “Futbolumuz”dayam.
-
Futbolçu olmamağınıza səbəb nə oldu?
- 13
yaşım vardı. Məhəllədə
futbol oynadığım zaman Qurban adlı qonşumuz oyunumu bəyənmişdi.
Qurban futbolməktəblərinin birində
futbolla məşğul olurdu. Mənə dedi ki,
çox texnikalısan, səndən yaxşı futbolçu
olar. Gəl, səni aparım bizim məşqçinin
yanına. Mən də
razılaşdım. Məni məşqçi ilə tanış elədi, istedadlı olduğumu və
futbola gəlməyimi söylədi. Müəllim əvvəlcə
adımı soruşdu, sonra isə kənarda top çiləməyi
tapşırdı. Hər kəs məşq
edir, mən isə top çiləyirdim. 10-15
dəqiqə sonra müəllimə yaxınlaşıb
başqa nə etməli olduğumu soruşdum. Divarla “paslaşmamı” tapşırdı. Baxdım ki, müəllim mənə fikir vermir.
Məşq bitdi, evə dönərkən Qurbana dedim ki, əgər
futbol belədirsə, mən bir də futbola gəlməyəcəm.
Yəni futbol məşqim bir gündən ibarət
olub.
-
Aparıcılıq və şərhçilikdə uğurlu
olmaq üçün hansı xüsusiyyətlər önəmlidir?
-
Açığı, çox az oyun şərh
etdiyimə görə özümü şərhçi
saymıram. Yəni püxtələşmiş
şərhçi deyiləm. Bəlkə çox oyun
şərh etsəydim, yaxşılardın biri ola bilərdim. Məncə, şərhçilik
aparıcılıqdan daha çətindir. Çünki şərhçi 90 dəqiqə
dayanmadan danışır və milyonların diqqəti onda
olur. Şərhçi oyun zamanı
cümləni yanlış qura, hansısa ifadəni yersiz
işlədə bilər. Bu səbəbdən,məncə, şərhçilik daha çətin
sahədir. Şərhçi ilk növbədə
Azərbaycan dilində səlist danışmalıdır,
şərh etdiyi oyunla bağlı hissiyyatı güclü
olmalıdır. Ad çəkməyəcəm,
hərdən görürəm ki, oyun başlayarkən bəzi
şərhçilər özünü çoxbilmiş
göstərmək istəyir və ilk dəqiqələrdə
artıq komandaların düzülüş sistemini yanlış
deyir. Ən azından tələsmək lazım deyil,
bir az gözləmək gərəkdir. Çünki futbol elədir ki, hücuma keçən
zaman düzülüş bir cür, müdafiə zamanı
isə başqa cür görünür. 2-3
dəqiqə gözlədikdən sonra isə komandanın
hansı taktika ilə oynadığını rahat bildirmək
olar. Səs tembri və ləhcənin bu
sahədə çox böyük önəmi var.
Özümü misal göstərərdim. Azərbaycanda yaşlı qadınlar nadir hallarda
futbol izləyir. Marketdə və yaxud başqa ictimai yerlərdə
həmin qadınlar: “Siz televiziyada işləyirsiniz? Səsinizdən tanıdım”, deyərək reaksiya
verirlər. Yəni səs yaddaqalan amildir.
Ləhcə isə ümumiyyətlə
olmamalıdır. Bəzən gənc
yoldaşlar televiziyaya gəlir və deyirlər ki, mənim ləhcə
problemim var. Onu necə aradan qaldırım? Onlardan evdə də bu tərzdə
danışıb-danışmadıqlarını soruşuram.
Cavabları müsbət olduqda, artıq bu
problemi aradan qaldıra bilməyəcəklərini deyirəm.
Şərhçi olmaq istəyən kəs
gündəlik həyatda da ləhcə ilə
danışmamalıdır.
Onu da qeyd
edim ki, idman şərhçisi və ya aparıcısı
olmaq üçün bu sahə ilə bağlı ali təhsil almaq o qədər də vacib deyil.
Azərbaycan Dövlət Neft Akademiyasının məzunu da
şərhçi və aparıcı ola bilər,Azərbaycan Dövlət İqtisadiyyat
Universitetinin tələbəsi də. Əgər bir şəxsdə
istedad, səs tembri, savad varsa, Azərbaycan dilini yaxşı
bilirsə, hansı ali məktəbi bitirməyindən
asılı olmayaraq, aparıcı və şərhçi
işləyə bilər.
- Ölkəmizdə
aparıcılıq və şərhçilik digər
ölkələrə görə hansı səviyyədədir?
- Maliyyədən
çox şey asılıdır. Rusiyanın
“Matç TV” kanalını tez-tez izləyirəm və
onların çox gözəl studiya qrafikaları var. Məsələn,
duet şəkilində veriliş aparılan zaman qadın və
kişinin geyimləri belə biri-birinə çox uyğun
olur. Deyək ki, qadın çəhrayı paltar geyinibsə,
kişi aparıcının geyindiyi ağ
rəngli pencəkdə olan aksessuarlarda çəhrayı ton
olur və bu, özü bir peşəkarlıqdır. Təbii ki, bu işdə savad amili də çox
önəmlidir. Ancaq tək savadla da iş bitmir. Misal gətirim, çox savadlı bir insan Azərbaycan
telekanallarına gələcək və görəcək ki,
burada böyük məvacib yoxdur. Artıq
o, burada çox çalışmayıb, televiziyaya tramplin
kimi baxacaq. Bu, tək idmana aid deyil, başqa sahənin
jurnalistləri də gəlib bir neçə il
televiziyada işlədikdən sonra hansısa dövlət
qurumuna, nazirliyə mətbuat katibi və yaxud başqa bir
strukturda vəzifəyə gedirlər. Çünki
televiziyada maaş olduqca
aşağıdır və əsas problem də budur.
- Futbolda əsasən
ispan, ərəb və ingilis şərhçilər
emosionallıqları ilə daha çox seçilirlər. Bunun əsas səbəbi nədir?
- Ərəblər
və ingilislər qol sevincini bir az
çılğınlıqla qeyd edirlər, ancaq siz dediyiniz
millətlərin dilini bilmədiyimə görə çox
vaxt fraqmentlərə baxmışam. Onların
şərhi qulağa yatımlı gəlir. Hər nə qədər dillərini bilməsəm
də, italyanların da şərhi insanda futbola maraq
doğurur. Bildiyim dillər türk və
rus dilləridir ki, bu ölkələrin şərhçilərinin
ifasında olan oyunlara daha çox baxıram.
- Gənclərə
və yaxud bu sahədə özünü inkişaf etdirmək
istəyənlərə məsləhətiniz nə
olardı?
- İlk məsləhətim sırf pula görə bu
sahəyə gəlirlərsə, gəlməsinlər. Peşman
olacaqlar. Çünki Azərbaycanda bu sahədə
böyük pullar yoxdur. Ancaq bunu da deməliyəm
ki, mütləq öz üzərlərində işləməlidirlər.
Məsələn, gənc futbol şərhçisi
olacaqsa və yaxud futbola aid bir veriliş aparacaqsa, mütləq
tematik bilgilərini inkişaf etdirməli, trendləri,
manşetləri, gündəmi və s. izləməlidir.
Yadıma gəlir, bir dəfə “Xəzər Lənkaran”ın
Şəfa stadionunda oyunu var idi. Səhv
etmirəmsə, baş məşqçi də Yunis
Hüseynov idi. Matçda sol cinah
yarımmüdafiəçisi olan Adrian Pit epizod səbəbilə
mərkəz mövqeyinə düşdü. Hiss olunurdu
ki, jurnalist oyuna diqqətlə baxmayıb və Piti mərkəzdə
gördüyü üçün Yunis Hüseynova sual
vermişdi ki: “Axı, Adrian cinah yarımmüdafiəçisdir,
siz onu niyə dayaq yarımmüdafiəçi mövqeyində
oynadırsınız?” Təbii ki, bir jurnalist
futbolu məşqçi qədər dərindən bilə
bilməz, çünki futbol bir elmdir. Amma
ən azından müəyyən bir səviyyədə
futbolu və aparılan idman oyununu izləmək və dərk
eləmək lazımdır. Bu, çox
önəmlidir.
-
İdmanın inkişaf etdiyi ölkəmizdə televiziya
kanallarında çox az sayda idman
verilişi var. Siz bu haqda nə düşünürsünüz?
- Əsas amil televiziya rəhbərliyinin maraq dairəsidir. Əgər rəhbərliyin idmana marağı varsa, həmin kanalda idman verilişi çox ola bilər. Əgər şou-biznesə marağı çoxdursa, proqramda bu tipli verilişlər üstünlük təşkil edəcək. Bizdə isə yalnız İTV və ATV kanalları idman kanalı olmasa da, idman verilişi yayımlanır. Digər amil isə kanallar istər-istəməz şou-biznes və digər mövzulu verilişlər vasitəsilə daha çox reklam əldə edə bilir. İdman mövzulu verilişlərdə isə reklam nadir hallarda olur. Əsas da bizdə idman verilişləri klubların, federasiyaların dəstəyi ilə həyata keçirilir. Məsələn, güləş və yaxud şahmat federasiyalarının eyniadlı idman növlərinin təbliğatı üçün televiziyalarla əməkdaşlıq etmələri vacibdir. Əgər bu əməkdaşlıq baş tutarsa, həmin verilişə efir vaxtını almaq kimi hansısa bir reklam yönündə maliyyə ayırsalar, daha yaxşı olar. Digər idman növlərinə baxışın az olmasının səbəbi isə bizdə həmin idman növləri böyük turnirlər, əsasən də Olimpiya oyunlarızamanı diqqət mərkəzində olur. O zaman sanki biz idmanı sevdiyimizə görə yox, sırf Azərbaycan adı olduğuna və öz idmançımıza görə izləyirik.
- Ölkəmizdə idman verilişlərinin reytinqi hansı səviyyədədir?
- Azərbaycanda futbol verilişləri yüksək reytinq qazanmır. Çünki buna müəyyən bir kütlə baxır. Məsələn, kriminal və yaxud kulinariya verilişlərinin reytinqi yüksək olur. Bunun səbəbi isə həmin verilişlərin 7-70 yaş arası cinsindən asılı olmayaraq, insanların maraq dairəsində olmasıdır. Əsasən də telviziya izləyicilərini böyük ölçüdə evdar qadınlar təşkil edir. Yəni boş zamanı çoxdur və bunu televiziya izləməklə keçirir. Əgər yüksək reytinq qazanmaq istəyirsənsə, mütləq evdar qadınların marağını nəzərə almaq lazımdır. Futbol haqqında olan verilişə evdar qadınlar çox az baxacaq. Çünki bizdə qadınlar böyük ölçüdə futbolu sevmirlər. Lakin “Futbolumuz” digər futbol mövzulu verilişlərlə müqayisədə, ürəkaçan reytinq qazanır və istər yutub, istərsə də digər sosial şəbəkələrdə kifayət qədər xoş reaksiyalar alır.
- Əməkdaşı olduğunuz ən sevimli kanalınız və verilişiniz hansı olub?
- Belə ki, mən işə başlayanda “Xəzər”in açılışına hələ iki həftə var idi. Həmkarım Emin Abbasovla, daha sonra isə Sənan Abdullayevlə birgə 10 il “Futbol Saatı” verilişini aparmışam. Bu kanal və bu verilişin mənim üçün mənəvi dəyəri çox böyükdür.
- Şərhçi, aparıcı Ceyhun Rzayev hansı həmkarının şərhçiliyindən zövq alır?
- Bayaq qeyd etdiyim kimi, özümü futbol şərhçisi hesab etmirəm. Çünki indiyə kimi az oyunda mikrofon arxasına keçmişəm. Əgər bir işin qulpundan yapışıramsa, onu ya yaxşı görməliyəm, ya da heç görməməliyəm. Şərhçilik də mənim üçünbelədir. Bu gün özümü heç 10 ən yaxşı şərhçi arasında görmürəm. Bəlkə də vaxtında bu sahəyə fikir versəydim, uğurqazana bilərdim. Mənimki aparıcılıqdı. Şərhini ən çox bəyəndiyim həmkarıma gəlincə, Rüstəm Əfsərli!
- Bir vaxtlar sosial şəbəkələrdə aktiv olan, daha çox “dodaqqaçıran” statuslar paylaşan Ceyhun Rzayev son zamanlarxeyli passivləşib...
- Düzü, sosial şəöəkələrə əyləncə gözü ilə baxıram. Ciddi məsələləri orada müzakirəyə çıxarmıram. Çətinliklərin, insanların çöhrəsində kədər çalarlarının daha çox olduğu vaxtlarda sosial şəbəkələrə “baş vuranda” və orada pozitiv, yumoristik statuslar görəndə xoşuma gəlir. Qanım qara olanda bir anlıq eynim açılır. Demək ki, təkcə mənə yox, digər insanlara da belə şeylər lazımdır. Doğrudur, son vaxtlar şəxsiproblemlər üzündən nadir hallarda status paylaşıram. Amma vaxt olub ki, duzlu-məzəli statuslar paylaşmışam və yazılanşərhlərdən, verilən reaksiyalardan bunun digər istifadəçilər tərəfindən bəyənildiyini görmüşəm.
- 17 illik televiziya həyatında ən kuryoz hadisə hansı olub?
- Belə hadisələr çox olub. Birini
danışım. 2008-ci
ildə Bakı “İnter”i UEFA Kubokunda oynayırdı. Rəqibin
adını unutmuşam. Oyunu Emin Abbasovla mən
şərh edirdim. Hərikimizin ilk şərhçiliyi
idi və orada baş verən hadisə heç vaxt yadımdan
çıxmaz. Deməli, “İnter” qol
vurdu və özümüzdən asılıolmayaraq hər
ikimiz ayağa qalxıb “qol” qışqırdıq. Bu zaman önümüzdəki masanı
aşırdıq. Masanın
aşmasının, mikrofonların yerə düşməsinin
səs-küyü birbaşa efirə gedir. Arada qısa fasilə yarandı və səs
rejissorları problemi həll etdikdən sonra şərhimizə
davam etdik.
- 2
qızınız var. Fikrinizdən keçirmi ki, televiziya sahəsində
çalışsınlar?
- Keçir. Sualı başqa yöndən cavablandırım. CBC kanalının daimi izləyicisiyəm. Maraqlı verilişləri çoxdur. Amma açıq-aydın görünür ki, kanalda ciddi kadr çatışmazlığı var. Bilmirəm bu, maliyyə vəziyyətinə görədir, yoxsa kadr çatışmazlığına var. Ümumiyyətlə, eyni zamanda rus, Azərbaycan və ingilis dillərini yaxşı bilən aparıcılarımız həddən artıq azdır. Bu mənada böyük qızımda o potensialı görürəm. Zəhra 8-ci sinifdə, rus dili bölməsində oxuyur. Buna baxmayaraq, dilimizi də yaxşı mənimsəyib. Alman dilində danışa bilir. İngilis dilində də hazırlığa gedir. Üstəlik, savadlı uşaqdır və xarici görkəmi də televiziya üçün uyğundu. Qızımı televiziya aparıcısı kimi görmək istəyirəm.
Məhəmməd Tağıyev
525-ci qəzet.- 2022.- 21 sentyabr.- S.15.