"Sarı gəlin"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Dürdanə Qurbanovadır. Onunla rəssam Fuad Manafovun "Sarı gəlin" əsəri haqqında danışmışıq.

Fuad  Manafov 1968-ci ildə Bakı şəhərində anadan olub.  O, 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Faiq İbrahimov, Sabir Şıxlı kimi peşəkar rəssamlardan sənətin sirlərini öyrənib. Təhsilini başa vurduqdan sonra Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibədən sonra bir müddət Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışan rəssam 2004-cü ildən yenidən sənətə qayıdır. Fuad Manafov fərqli yaradıcılıq üslubu ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutur. Kompozisiyaların çoxfiqurlu olması, dinamik tərzdə həlli, milli atributların zənginliyi, mülayim rəng koloriti fırça ustasının dəst-xəttinə xas əlamətlərdir. Rəssamın yaradıcılıq xüsusiyyətləri xalqın ənənəvi yaradıcılıq üslublarının konseptual tərzdə həlli, illüstrativrealistik süjetli əsərlərində öz əksini tapıb.

- Adət-ənənələrə bağlılıq, unudulmaqda olan bədii dəyərləri yaşatmaq istəyi Fuad Manafovun əsərlərində görə biləcəyimiz xüsusiyyətlərdir. "Sarı gəlin" də adından göründüyü kimi, bu sırada dayanır. Sözügedən əsər rəssamın digər rəsmləri ilə daha hansı formada səsləşir?

- Fırça ustasının əsərlərində xalqımıza aid bir çox keyfiyyətlər, adət və ənənələr, milli şüurun özəyi kimi estetik ifadə tərzi ilə birgə səciyyələnir. Bu qəbildən olan əsərlərin mövzusu xalqın şifahi poetik yaradıcılığını özündə birləşdirir. Azərbaycanın qədim toy ənənələri bu günümüzdən çox fərqli idi. Dəvə karvanları ilə gəlin köçürmə adətini əks etdirən kompozisiyaların süjet xətti özündə milli adət-ənənələri ehtiva edir. Rəssamın belə süjetli əsərlərindən biri də "Sarı gəlin" əsəridir.

Gəlinlərin kəcabədə aparılması, bayram adət-ənənələri, milli geyim nümunələri, çalğı alətləri, muğam ustalarının ifa edərkən təsviri emosional bədii ifadəsi ilə seçilir. Bu ideyalara bağlı olaraq meydana çıxan "Sarı gəlin" əsərinin maraqlı tarixçəsi var. Bu çoxfiqurlu, miniatür üslublu əsərdə Azərbaycanın xalq musiqisinin qəhrəmanı Sarı gəlinin toy mərasimi əks olunub. Bildiyimiz kimi, Sarı gəlin haqqında bir çox rəvayətlər mövcuddur. Rəssam bu tarixi rəvayətin qəhrəmanının taleyini qədim adət-ənənələrə bağlayır, qədimdə gəlin köçən qızların libaslarının sarı rəngdə seçilməsi, hətta gəlin kəcavəsinin rənginin sarı rəngə boyanması səbəbini tarixi adətə bağlı olduğunu qeyd edir.

Xalqın tarixinə, məişətinə biganə qalmayan rəssam "Karvan simfoniyası", "Sarı gəlin", "Köhnə Bakıda nişan mərasimi", "Ən yaxın dostumun toyu", "Gəlin gətirdi", "Günəşə doğru", "İki zaman kəsiyində", "Nağıllar şəhəri", "Xatirələr küçəsi", "Sübh şəfəqləri", "Qədim çövkən oyunu" adlı tablolarında xalqın folklor ənənələrini məharətlə kətana köçürüb.

- "Sarı gəlin" ilə bağlı bir çox rəvayətlər mövcuddur. Sizcə, rəssam bu əsəri işləyərkən daha çox hansı rəvayətdən bəhrələnib?

- Rəvayətlərə görə, türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra bu şeirə musiqi həyatı verilib. Digər bir versiyaya görə, "sarı" sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı sim"ə eyham vurur. Bu, adətən insanların həssas məqamında özünü göstərir. Yəni "sarı" sözü şeirdə rəmzi məna daşıyır. "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb. Qədim Oğuz türklərində isə sarı, narıncı, qızılı günəşin əks etdirdiyi rəngləri təmsil edirdi, bunu əsas tutan türklər ailə quran təzə gəlini sarı rəngli geyimdə, sarı və qızılı bəzəkli kəcavədə yola salırdılar. "Sarı gəlin" adının da məhz buradan gəldiyi ehtimalı güclüdür. Fuad Manafov da öz "Sarı gəlin" adlı əsərində sonuncu rəvayətdən yola çıxaraq öz ideyalarını tabloya həkk edib.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Miniatürsayağı kompozisiyaya malik əsərdə ön planda bala dəvə fiquru gözümüzdən qaçmır. Rəssam burada Saleh peyğəmbərin rəvayətlərdə adı çəkilən dəvəsini saflıq, təmizlik simvolu kimi təqdim etmişdir. Daha sonra simmetrik şəkildə müxtəlif istiqamətlərdə pilləvari şəkildə təsvir edilmiş dəvə fiqurları yuxarı doğru yüksələrək əsərin əsas qəhrəmanı "Sarı gəlin"i müşayiət edir. Burada Fuad Manafovun dəvə karvanı stilizə edilmiş tərzdədir və dekorativ xüsusiyyətləri ilə seçilir. Əsər nəbati və həndəsi ornamentlər ilə bəzədilmiş günbəz ilə tamamlanır. Kompozisiyanın sonunda rəssamın bir çox əsərlərində yer alan əfsanəvi şanapipik quşunun təsviri isə əsərə ayrı bir mistik ruh bəxş edir. Xüsusi toy şənliyinə bürünmüş dəvə karvanı rəssamın qüvvətli fırçasının məhsuludur.

- Bəs əsərin rəng koloriti necədir?

- Əsərə nəzər yetirdikdə o qədər zəngin rəng koloriti ilə qarşılaşırıq ki, rəssamın bir əsərdə bu qədər rəngə müraciət edərək harmoniyanı qoruya bilməsinə təəccüblənməmək olmur. Fuad Manafovun yaradıcılığı ilə yaxından tanış olanlar rəssamın rəng istifadəsi duyumu ilə bağlı məharətindən xəbərdardırlar. Sakit mülayim tonlar hesabına müxtəlif rəng çalarlarını bir tabloya sığışdıra bilmək yüksək sənətkarlıq tələb edir. Düşünürəm ki, sarı rəng bu əsərdə sanki fon rolunu oynayır, dəvə fiqurlarının sarı-qəhvəyi qarışığı üzərində müxtəlif rəngli naxışların ritmik həlli əsərin kompozisiyasını zənginləşdirmək məqsədi daşıyır.

- Sizcə, bu rəsm bizə deyir?

- Bəzi əsərlərin öz fəlsəfi anlamı olur,  rəssamın bizə çatdırmaq istədiyi fikri özündə cəmləyir. "Sarı gəlin" əsəri də rəssam Fuad Manafovun öz mənəvi dəyərlərimizə sahib çıxmaq, milli ruhu qorumaq və gələcək nəsillərə də çatdırmaq istəyi ilə səsləşir. Sözü gedən əsər də vaxtı ikən mövcud olan adət-ənənələri bizə nümayiş etdirir. Bir gəlinin doğma ata evindən bəy evinə köçərkən içində yaşadığı narahatlıq və özləm hissini əyani şəkildə göstərir. Bunu tablodakı Sarı gəlinin kəcavədən boylanan baxışlarındakı nisgildən sezmək mümkündür.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 21 sentyabr.- S.13.