Vida sözü  

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Qut uzun sürən xəstəlikdən sonra vəfat edib. Həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edən Arye Qut Türkiyə-İsrail münasibətləri, İsrail Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir. Azərbaycan multikulturalizm modelinin yayılmasında böyük xidmətləri olan Arye Qut, bütövlükdə dövlətimizin taleyüklü məsələlərində beynəlxalq ekspert kimi hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda, İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısı "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü təşkilatın mətbuat katibi olub. O, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyanın rəsmi əlaqələndiricisi olub. 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərən A.Qutun İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. Bu əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mərkəzin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Qutun vəfatından kədərləndiyini bildirir doğmalarına dərin hüznlə başsağlığı verir.

 

Kamal ABDULLA

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri, akademik

 

Rəvan HƏSƏNOV

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

 

525-ci qəzet.- 2022.- 21 sentyabr.- S.12.