Torpaqdan tutub
qalxdıq...
Bu gün unudulmaz
şairəmiz Nurəngiz Günün doğum
günüdür
Azərbaycanda
İstiqlal mücadilələrinin tarixi bir əsrə bərabərdir.
Lakin istiqlalçılıq
və milli azadlıq ideyaları ana kitabımız "Kitab-i Dədə Qorqud" eposundan başlayaraq 1300 illik ədəbiyyatımız boyunca
bədii cəhətdən
sərgilənib. Ümumən türk ədəbiyyatında
doğma ədəbiyyatımızda
azadlıq təşnəsi
həmişə aktual
mövzu olub. Millətimiz öz varlığını tarixə
sübut etmək üçün zaman-zaman
bütün maneələri
dəf edərək azadlığa can atıb.
Demək
ki, azadlıq və milli istiqlal
bəzən ideal kimi,
bəzən isə həqiqət kimi bədii əsərlərdə
xüsusilə poeziyamızda
ön planda olub.
İstiqlalçılıq qayəsi Qarabağın işğaldan azad olması uğrunda Vətən savaşında
öz tarixi zirvəsini buldu. Tarixin təcrübəsinə
istinad edərək
biz belə hesab edirik ki, dövlət,
xalq, ordu məhz milli istiqlal enerjisi ilə silahlanaraq, 44 günlük Vətən savaşında türkün
əbədi düşməni
olan işğalçı
ermənilərə qalib
gəldi. Hələ zaman-zaman
bu qalibiyyət ruhu poeziyamızda yeni-yeni əsərlərə
mövzu olacaq.
Bəşəriyyətin yaradılışı ilə
yaranan Vətən torpağı insanlığın
ən müqəddəs
yeri və hissidir. Uğrunda qan tökülərək,
can fəda edilərək
dünyanın ən böyük müharibələri,
qələbələri ilə
yaddaşlara həkk olunmuşdu. Əsrlərdi poeziya bu tarixi
prosesləri zərif sətirlərində bəzən
kövrək, bəzən
sərt ismarıclarla
tarixin çərxinə
təkan vermişdi.
Şeirin məkan, xarakter, üslub kimi komponentləri şairin emosional vəziyyətini müəyyən edir. Nurəngiz
Nurun şeirlərindəki
hadisələr, situasiyalar
çox yerdə baş verə bilər, yetər ki, mövzusu Vətən olsun! Qoynuna baş qoyduğumuz isti torpaq olsun!
Düşdü torpaq üstə,
qəfil yıxıldı,
Nədən ki, bu torpaq
bu cür yaxıldı?
Torpağın sinəsi, köksü
istiydi,
Torpağı göz yaşı isitmiş idi.
(İsti torpaq)
Torpağımızı doğrayan tikanlı məftillərə, peşkəş
verən imzalara, yaradıcılığının bütün dövrlərində
misraları ilə səs-səsə verən
Nurəngiz Günün
şeirləri Vətənin
mənəvi dəyərləri
barədə müdrik
düşüncənin bədii-fəlsəfi
yekunudur.
Torpaq iki haçadır,
Körpu
heyrət içində,
Məftillər qocalıbdır.
Gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
(Ürəyimi eşit dünya)
Nurəngiz Gün sevgisini də, həsrətini də, şeirdə səssiz-səmirsiz yalnız
daxili təbəllüatlarla
hətta fərqli obrazlarla üzə çıxararaq bəzən
tək bir sözlə ifadə edir. Bütün şeirlərində təəssübkeş, mərd
qəhrəman azərbaycanlı
mövqeyi ilə fikrini bildirirdi. Vətəninin yad əllərə
düşdüyü gündən
qələmə aldığı
şeirləri nigaran,
ağrılı, narahatlığı
ifadə edir.
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib...
Hə, Ruzgar, hərdən soruşuram Ondan
xəyalən:
"- Xocam!.. Məğlubum!.. Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd Qonşu? -
Drammatik
"Yazıq erməni"
ilə
Məşhur Qırmızı Qospodin?" -
O! Qospodi! Nə nazik əndişədə
olmuşdur
Köhnə Sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın
maşını? -
"Möhtəşəm" bir
Alay!!!
(Xocalı simfoniyası)
"Vətən" şeirində "Səni
ta qədimdən tanıyıram, Vətən!" Vətənin
daş kəsəyindən
başqa Göylərinin
sərhədlərindən təsəlli alaraq itən bir qarışına
da göynəyir, pərən-pərən düşmüş
bütün didərginləri
Xudavəndin divanə
məxluqu kimi səsləyir:
Asimanda bir zaman
Vıyıldayan ən hündür
havalı!
Yox, qayıtma! Dərd verər sarsıntı.
Axı sənin çəpərsiz
o Qaya Məskənini
Özəlləşdirdi artıq qarıltılar hasarı!-
(Ox, Xudavəndin
divanə məxluqu)
Yol uzunu arzular, xəyallar quran Nurəngiz xanım döngələri, daşları
bağrına basaraq, nə
olardı haqq yolları açıq olardı, bu ayaq səsləri yüz illik mürgüləri qatıb-qatışdıraydı!..
Nolaydı, ah,
yuxular çin çıxaydı,
gömgöy bənövşə
arzular
nə saralıb, nə də solmuş olaydı,
bütün bağçalar,
qapılar
sevgi çələngi,
müjdələr,
gül-çiçəklə dolmuş
olaydı,
bir gün də bir sübh
çağı
şəhid ruhlar...
məzarlar
vüsal cəngilərindən
agah olmuş olaydı!
(Yol uzunu arzular)
Hər bir vətəndaşın
öz əcdadına Vətəninin tarixini yazdığı üçün
can borcu vardır. Bu borcu ödəməyin
yeganə yolu yurdunu qorumaq, onların çətinliklə
bizə təhvil verdikləri bu torpaqları gələcək
nəsillərə tapşırmaqdır.
XX əsrin əvvəllərində
Almas İldırımın
"Mən kiməm, kimlərdənəm, harda
mənim el-obam?" şeiri bir çox suallara cavab idi.
Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,
Asiyanın qucağında atəş
yaxan mənmiyəm?
Göy xaqanından salam
gətirib dənizlərə,
Qərbə coşğun bir
sel kimi
axan mənmiyəm?
(Mən kiməm?)
Nurəngiz Günün poeziya yolu aydın, eşqi dərin, əqidəsi, məsləki Azərbaycan adına layiq türk ruhu kimi yenilməzdir. Ömrünün 84-cü payızında torpağın üstündə olmasa da, onun kövrək ruhunu əks etdirən əsərləri əsrlərlə oxunacaq, dinləniləcək və torpaq zəfər şeirləri ilə ətirlənəcək:
Qayıtdım bu torpağa,
Bu torpağa dönüncə
dizlərim titrəyir...
Bu torpağın önündəyəm.
Eləcə mil durmuşam,
dil tutulub, nəfəs təntiyir.
Bu torpaqda nələr tapdım, nələri itirdim!
(Torpaq yuxularım)
Fidan
ABDURƏHMANOVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 21 sentyabr.- S.12.