Əhməd bəy Ağaoğlu yaradıcılığında kulturoloji fikir

 

(Əvvəli ötən sayımızda)

 

Əhməd bəy Ağaoğlu Şərqi sivilizasiyanın beşiyi sayırdı. Bu fikirlərini günəş belə Şərqdə doğur Qərbə Şərqdən gedir deyərək  təsdiqləyirdi. Əhməd bəyin yaradıcılığında sivilizasiyanın Şərqdəmi ya Qərbdəmi təşəkkül tapması mübahisə predmenti olmayıb. O, qeyd edirdi ki, Şərqlə Qərb arasında heç bir düşmənçilik olmamalıdır. Ə.Ağaoğlu Şərqdə sivilizasiyanın tez yaranmasına baxmayaraq, gec inkişaf etməsinin bir səbəbi kimi əlifbanı göstərirdi. Ərəb qrafikalı əlifbaların çətin öyrənilməsi tərəqqiyə problemlər yaradırdı. Ərəb əlifbasının öyrənilməsinin çətin olduğunu əsas gətirən Əhməd bəy əlifba dəyişikliyini labüd hesab edirdi. Müsəlman əhalisinin aciz olmalarının, dünya elmlərini çətin öyrənmələrinin səbəbini ərəb əlifbasında görən ədib əlifbaya tənqidi yanaşırdı.

Ə.Ağaoğlunun dünyagörüşünün müsəlman cəmiyyətlərini tərəqqiyə çatdırmaq idi. O, bütün ömrü boyu buna çalışmışdır. Əhməd bəyin bu sahədə xalqı üçün etdikləri əvəzolunmazdır. O, müsəlman cəmiyyətində sivilizasiyanı daha geniş daha sürətli yaymanın yolunu milli mətbuatın gücündə görürdü. Milli dildəki mətbuatın daha da çox geniş vüsət alması üçün Əhməd bəy əlindən gələni edirdi. Onun kulturoloji fikirlərinin əksəriyyəti məhz milli mətbuat ilə bağlı idi. Əhməd bəy Şərqin mətbuata dair münasibətindəki laqeydliyi tənqid edirdi. Sivilizasiyaya aparan yolun mətbuatdan keçdiyini qeyd edirdi. O həmçinin, mədəniyyəti yaymağında yolunu milli mətbuatın inkişafında görürdü. Əhməd bəyin kulturoloji düşüncələrinin təhlili zamanı açıq bir şəkildə görünür ki, o, Şərqdə mətbuat səbəbə inkişaf edə bilmir sualını geniş bir şəkildə araşdırmışdır. O, Şərq mətbuatının lazımsız məlumatlarla dolduğunu, yazı dili kimi çətin üslubun seçildiyini qeyd edirdi. O, Qərb Şərq sivilizasiyalarını müqayisə edərkən, bu nöqsanlara təkcə Şərqdə deyil, Qərbdə rast gəlindiyini qeyd edir. Buna görə Əhməd bəy Qərb mətbuatı ilə yanaşı Şərq mətbuatını da öyrənməyi məsləhət bilirdi. Ə.Ağaoğlu Qərbin sivilizasiyaya daha çox uyğunluğunu onların müşahidə qabiliyyətləri ilə əlaqələndirirdi. Yəni onlar müşahidə edir yaxşı cəhətləri seçib onları öz həyatlarına tədbiq edirlər. Əhməd bəy qeyd edir ki, Şərqdə isə bu müşahidəçilik yoxdur. Şərq rəqibindəki irəliləyişi analiz edib, onu özündə tətbiq etmir. Uğursuzluğunda səbəbini Ə.Ağaoğlu məhz bunda görürdü. Ümumiyyətlə, Əhməd bəyin kulturoloji fikirlərinin mərkəzində mətbuat məsələsi dayanırdı. O, belə fikirləşirdi ki, Şərqin Qərbə inteqrasiya etməsi üçün onun mətbuatını öyrənməsi bilməsi vacib şərtdir. Eyni zamanda, Şərqin özündə mədəniyyətin yayılması üçün mətbuat çox vacib amildir. Şərq mətbuatı da öz-özlüyündə həqiqətlərə əsaslanmalıdır. Şərqdə mümkün qədər çox qəzet jurnal çap olunmasına başlanmalıdır. Xalqa həqiqətlər mətbuat vasitəsilə çatdırılmalıdır. Xalqın anlaması üçün mətbuatın dili sadə, üslubu isə təbii olmalıdır. Kütlənin bu mətbuatı oxumağa marağı olmalıdır, kütlənin maraq dairələrini əhatə etməyi bacarmalıdır. Mətbuat insanların informasiya ilə təmin olunmasını təmin etməlidir. Kütlənin beynəlxalq hadisələr barədə məlumatlandırılması yalansız bir şəkildə olmalıdır. Əhməd bəy öz oxucularını dönə-dönə Şərq Qərb mətbuatını oxumağa çağırırdı. Onun dünyagörüşünün əsas qayəsi milli mətbuat idi. Əhməd bəy yaxşı bilirdi ki, mətbuat ictimai fikri formalaşdırmaq, onu istiqamətləndirmək, ictimai hadisələrə təsir etmək gücündədir. Yerli mətbuatın bu sahədə gücü danılmaz səviyyədədir. Mədəniyyət anlayışını da insanlar arasında yayan, məktəbə, tədrisə, qadın azadlığına rəğbət doğurmaq gücündə olan da məhz mətbuatdır. Əhməd bəyin fikrincə, mətbuat sivilizasiyaya açılan bir pəncərədir. Köhnəliklə yenilik arasındakı körpüdür. Onun dünyagörüşünü daim ümumbəşəri problemlərin həlli formalaşdırmışdır.

Ə.Ağaoğlunun dünyagörüşünə görə Azərbaycanda kulturologiyanın inkişafı üçün milli Azərbaycan mətbuatının və Azərbaycan dilində nəşr olunan qəzet və jurnalların olması labüd idi. Məhz bu şərtləri dəyərləndirən Ə.Ağaoğlu Azərbaycan xalqında mətbu orqanlara maraq yaratmaq, eyni zamanda, onları maarifləndirmək üçün Şuşada kitabxana-qiraətxana açdı. Azərbaycanın Şuşa şəhərindəki bu kitabxana elmi kitablarla, bədii ədəbiyyatlarla, mətbu əsərlərlə zəngin idi. Xalqı maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görən Ə.Ağaoğlu Ə.Topçubaşovla birlikdə "Kaspi" qəzetinin redaktoru olur və müntəzəm olaraq, onun "Kaspi" mətbəəsində məqalələri çap olunur. H.Z.Tağıyevin maddi yardımı  ilə Ə.Ağaoğlu "Həyat" qəzetinin nəşrinə başlayır. Əhməd bəy Ağaoğlunun redaktorluğu və müntəzəm şəkildə dərc olunduğu "İrşad", "Tərəqqi" qəzetləri də xalqın maarifləndirməsində böyük xidmətləri olmuşdur. Əhməd bəy Ağaoğlunun çoxlu sayda məqalələri "Sirati-müstəqim", "İslam məcmuəsi", "Haqqa doğru", "Hikmət", "Türk yurdu", "İstanbulda fransızca çıxan "Le Jeune Türk", "Əkinçi" kimi qəzet və dərgilərdə çap olunmuşdur. Əhməd bəy Ağaoğlu Gəncədə yalnız iki sayını nəşr etdirə bildiyi "Türk sözü" adlı qəzetini də Azərbaycan xalqının maarifləndirməsinə xidmət etmək məqsədi ilə təsis etmişdi. Əhməd bəy Ağaoğlu İslam dinini kulturologiyanın özəyi hesab edirdi. O, yazırdı ki, İslam dini insaniyyət üzərində qurulub və insaniyyətə də xidmət edir. Kamil insan mədəniyyət daşıyıcısıdır. Onda qəlb yumşaqlığı, həlimlilik, mülayimlilik, mərhəmətlilik, riyakarlıqdan və zahirpərəstlikdən uzaqlıq kimi ülvi hisslər olmalıdır. Qəlbi hiylədən, fəsaddan, həsəddən, yaltaqlıqdan uzaq olmalıdır. Əhməd bəyin kulturoloji fikirləri onun "İslam, AxundHatifülqeyb" əsərində açıq bir şəkildə görülür. O, yazır ki, mədəniyyətli olmaq üçün tək geyiminə, təhsilinə önəm vermək bəs eləmir. Mədəniyyətli olmağın batini şərtləri də vardır. Gərəkdir ki, cibində sənin olmayan özgə malı olmasın, əyninə geyindiyin paltar özgə puluna, özgə haqqına alınmasın, oğurluq olmasın, ürəyində paxıllıq, həsəd, qəzəb, nifrət olmasın, gözlərində kin, küdurət, xəyanət olmasın, qulaqların qeybət, ədəbsiz söz eşitməsin və s. kimi şərtlərə əməl etmək insanı mədəniyyətli edir. Əhməd bəy dünyagörüşü etibarilə nə əkərsən, onu da biçərsən düşüncəsində idi. Ona görə də insanlara mədəniyyət qaydalarına əməl etməyi birinci özlərindən tələb etməyi onlara tövsiyə edirdi. O, qeyd edirdi ki, bu kulturoloji qaydalara əməl edə bilən insan xoşbəxtdir. Birinin nümunə olmasını tələb etmək asandır, çətin olan başqalarından tələb etdiyinə özünün əməl etməyindir. Əhməd bəy mədəniyyətə sahib olmağı acları doyurmaqda, kimsəsizlərə dayaq olmaqda, döyüləni müdafiə etməkdə, xəstəni ziyarət etməkdə, onun qayğısına qalmaqda, məzlumu himayə etməkdə, qısacası insanlıq etməkdə görürdü. Əhməd bəy Ağaoğlu mədəniyyət anlayışını Şərq və Qərb cəmiyyətləri üzərində izah edərək yazır ki, Qərb cəmiyyətinin mədəniyyətə yanaşması və yiyələnməsi Şərq cəmiyyətindən daha qüvvətli və üstündür. Qərbdə mədəniyyət elə sürətlə inkişaf edir ki, Şərq bu inkişafı ancaq xəyal edə bilər. Əhməd bəy bunu belə izah edir ki, Şərq cəmiyyəti Qərb cəmiyyəti ilə müqayisədə daha çox gələcəyini və özünü düşünür və demək olar ki, gələcəyini qorunma altında saxlayır. Demək olar ki, hər bir Şərqli xəstə ola biləcəyini, köməksiz ola biləcəyini, tək qala biləcəyini firavanlıq anında fikirləşir və gələcəkdə ola biləcək pis günlərə tədbirlər görür. Qərbdə isə belə deyil. Qərb cəmiyyəti bugünü üçün yaşayır. Buna görə də gözlənilməz böhran hallarında, işləmək qabiliyyətlərinin itirmə hallarında onların bütün yükünü cəmiyyət çəkməli olurbunu da özlərinə vətəndaşlıq borcu bilirlər. Əhməd bəyin dünyagörüşünə görə insanın mədəniyyətli olması üçün onun bahalı geyimlərə, zəngin mülklərə, imarətlərə, barlara, ballara ehtiyacı yoxdur. İnsanın kulturoloji dəyərlərə sahib olması üçün onun başqalarını sevməyə, qayğı göstərməyə, yetimləri geyindirməyə, yedirməyə ehtiyacı vardır. Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarına həmfikir çıxıb, cəmiyyəti müasirləşdirmək üçün Qərb mədəniyyəti çərçivələrinin içinə girməyi labüd sayırdı. O, ailə, dövlət, hökumət, geyim tərzi, yazı, yerləri, yaşam tərzi və s. baxımından Qərb mədəniyyətinə uyğunlaşmağın tərəfdarı idi. Əhməd bəy, ümumiyyətlə, mədəniyyətə dair araşdırmalarını müqayisə formasında aparırdı. Ən böyük nöqsanlar, qüsurlar müqayisə zamanı daha tez görünür.  Əhməd bəy Ağaoğlu qalib mədəniyyət, məğlub mədəniyyət anlayışlarını söz olaraq yazmırdı. Bu fikirlərini müqayisəli təhlil zamanı sübuta yetirirdi. Ümumiyyətlə, millətlərarası mədəniyyətlər bir-birindən kəskin şəkildə fərqlənə bilməzlər. Onların arasında mütləqdir ki, təmaslar, sızmalar, qarşılıqlı əlaqələr olsun. Budda-Brəhmən mədəniyyəti Hindistan, Hindi-çin, Çin, Koreya, Yaponiya kimi ölkələrin səkkiz yüz milyondan çox əhalisini əhatə edən bir mədəniyyətdir. Mədəniyyətlərin ən qədimi də məhz Budda-Brəhmən mədəniyyəti hesab olunur. Qərb və ya Avropa mədəniyyəti isə Avropa, AmerikaAvstraliya əhalisinin mənsub olduğu mədəniyyət hesab olunur. Sonuncu mədəniyyət isə İslam mədəniyyəti sayılır.

 

(Ardı var)

Həcər ATAKİŞİYEVA

 

525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.13.