Təqdir olunmaq
ehtirasının əlimizdən aldığı azadlıq
Türkiyəli məşhur psixoloq
və akademik Doğan Cücəloğlu
özünün "Gerçək
azadlıq" kitabında
həqiqi azadlığı,
insanın insan kimi var oluşunu,
yaşadıqlarından, yaşamadıqlarından
dərs alma potensialını,
eləcə də sevgini anladır. Sevgimi insana azadlıq verir, yoxsa azadlıqmı
sevgi? Bəs insan nə zaman azadlıq anlayışını dərk
etməyə, ondan həyatında, yaşantısında
istifadə etməyə
başlayır?
Psixoloqun
adı keçən kitabında qələmə
aldığı bir hadisə bu mənada çox təsirli və düşündürücüdür:
"İyirmi altı
yaşım vardı. Amerikaya təzə
getmişdim. Osqudun tədqiqatçı
assistentiydim. Eyni otaqda
Con və Gary adlı daha iki assistent
vardı. Bir şənbə
günü ofisə gedəndə gördüm
ki, bir oğlan
uşağı xalçanın
üstündə iməkləyir.
Gary oğlunu gətirmişdi. Hər kəs
öz işi ilə məşğul idi, mən də
masamda oturub işə başladım.
Otaqda çox alçaq dəri divan var idi. Mən fikir verəndə
uşaq oraya çıxmağa çalışırdı.
Bir ayağını atdı,
tutdu, amma divana çıxa bilmədi. Uşaq bunu dörd-beş
dəfə sınadı.
Atası
işləyərkən gözünün
ucu ilə oğlunu izləyirdi.
Con isə heç maraqlanmırdı, tamamilə
öz işi ilə məşğul idi. Uşaq yenə cəhd
edib çıxa bilməyəndə ayağa
qalxıb uşağın
qoltuğundan tutdum.
"Hoppa!" dedim və dəri divanın üstünə
qoydum. Uşaq bunu heç
gözləmirdi, əvvəlcə
çaşdı, sonra
eləcə oturub qaldı.
O vaxt bilmirdim, amma indi bilirəm
ki, mənim kontekstimdə o balaca oğlan mənim qardaşım oğlu, mən isə onun əmisi idim. Böyüdüyüm qəsəbənin semantik çərçivəsi
o uşaqla münasibətimizi
belə müəyyənləşdirmişdi.
Qardaşım oğlu divana
çıxmağa çalışırdı
və əmisi olaraq ona kömək
etmək mənim öhdəmdə idi.
Çünki onun atası Gary və əmisi Con nəsə etməyə o qədər
də həvəsli görünmürdülər!
Vəzifəsini yerinə yetirmiş bir əmi xoşbəxtliyi ilə gülümsəyərək Gariyə baxdım. "Niyə elədin?"-deyə soruşdu. "Çıxmağa çalışırdı" dedim, vəzifəsini yerinə yetirmiş bir əminin rahatlığı ilə. Gary dedi: "Mən də bilirdim çıxmağa çalışdığını, sən niyə elədin?". Mən təəccübləndim və qəzəbləndim. Öz-özümə fikirləşdim ki bu amerikalılara yaxşılıq yoxdur. Amma marağım da güc gəlməkdəydi. Sonra soruşdu: "Nə etdiyini başa düşürsənmi?" İçimdə yenə əsəbiləşdim. Mən İstanbulda psixologiya fakültəsini bitirmiş, iki il assistent işləyən bir maarifçi idim. Nə etdiyimi bilməyəcək biri deyildim. "Bax,"-dedi,-"uşaq divana çıxacağına inanırdı. Bəlkə yarım saat, bəlkə də bir saat çəkəcəkdi, amma sonda çıxacaqdı. Eləcə tutmurdu, çıxacağına inanaraq, pişik balası kimi bərk-bərk tuturdu. O, buraxmazdı, cəhd edərdi, çalışardı, axırda çıxardı. Çıxanda dönüb mənə baxacaqdı. Mən də ona "çıxdın" deyəcəkdim. Sonra enər, bir də cəhd edər, bir saata elədiyini bəlkə də iyirmi dəqiqəyə edəcəkdi. Bu gün bütün günü bununla məşğul olacaq və bəlkə də beş dəqiqəyə çıxa biləcək hala gələcəkdi. Bu, onun bugünkü qələbəsi olacaqdı. Sən onun qələbəsini oğurladın!"
Baxa-baxa qaldım. Bu, həyatımda heç unutmayacağım bir dərs olmuşdu.
Bilirsiniz, iki həftə sonra Garydən soruşdum" "Niyə sadəcə "Sən çıxdın!" deyəcəkdin? Niyə "Afərin, oğlum, alqış, alqış" deyil?" Verdiyi cavabı heç vaxt unutmayacağam: "Mən yalnız onun qələbəsinin şahidi oluram, məndən afərin almaq üçün uğur dalınca getməsi düzgün deyil. Özü üçün uğur qazanır, amma mənim bildiyimi, müşahidə etdiyimi, şahid olduğumu bilir!"
Çox ibrətamiş və düşündürücü hadisədir, deyilmi? Bəli, uşağın erkən yaşlardakı mühiti və yetişdiyi ailə onun inkişafında rol oynayan başlıca amildir. Məhz bu dövrdə beyin çox sürətlə inklişaf edir, uşaq çevrəsini, özünü və insanları öyrənməyə, tanımağa və anlamağa başlayır. Bu zaman valideyn və mühit olaraq ona öyrədilməsi gərəkən təməl anlayışlardan biri də azadlıqdır. Gələcəkdə bir cəmiyyətin fərdinə çevriləcək körpənin hələ o yaşlardan şəxsiyyət kimi formalaşması üçün ona bu mərhələdə azadlıq vermək, ancaq həm də onu gördüyünü, hiss etdiyini, anladığını göstərmək lazımdır. Azadlıq təkcə əlinin, qolunun açıq olması, istədiyin yerə sərbəst gedib gəlmək, insanlar arasında yaşaya bilməkdirmi? Əlbəttə, yox. İnsanın ilkin azadlığı onun ruhunda və beynində başlayır. Ruhu və beyni azad olmaq isə düşüncələrini, hərəkətlərini kimlərsə üçün sərhədləməmək, rahat ifadə edə bilməkdir. Nəticədə bu günün körpəsi sabahın yetkin bir fərdi olarkən atacağı addımları, gerçəkləşdirəcəyi işləri kiminsə gözünə girmək, xoşuna gəlmək, "afərin" almaq və təqdir edilmək üçün yox, özünə məhz belə xoş olduğu, belə istədiyi və bunu ruhuyla doğru sandığı üçün edəcək. Həm də körpəykən əlindən tutan, onu nəzərindən qoymayan, hər addımında nəfəsi kürəyində olsa da, müdaxilə etmədən ona arxa-dayaq çıxan insanların yenə də olduqları yerdə qaldıqlarını və onun uğurlarına ilk günki kimi sevindiklərini bilərək.
Təəssüf ki, bəzən
bizim sevgi
anlayışımız sevdiyimizi gərəyindən
artıq sahiblənmək, onu qorumaq üçün hətta
azadlığını, düşünmək, fikir yürütmək haqqını belə əlindən
almaq olur. Nəticədə
sabaha özgüvənsiz, qorxaq,
sözünü demək bir
yana, düşünməkdən belə çəkinən
fərdlər hazırlayırıq. Bəlkə
də buna görədir ətrafımızda
özgüvənsiz, başqalarının diqtəsiylə hərəkət
edən, evdəki valideyni, məktəbdəki
müəllimi, işdəki müdiri tərəfindən
daim təqdir olunmağı gözləyən
və bunun üçün
hər şeyə hazır insanların gün-gündən
artması. Bütün problemləri bircə
anlıq kənara qoyub məhz bu haqda düşünməyə
nə deyirsiniz
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.11.