"Elm həyat"da Sabirin 100 illiyi  

 

 

AMEA-nın "Elm həyat" jurnalı 1961-ci ildən nəşr olunur. Nəşrin ikinci ili Mirzə Ələkbər Sabirin 100 illiyinə təsadüf edib. Bu səbəbdən jurnalın 1962-ci ildə işıq üzü görmüş 5-ci sayı, yəni şairin doğulduğu may ayında işıq üzü görən nömrəsi Mirzə Ələkbər Sabirin 100 illiyinə həsr olunub, üz qabığında da Sabirin heykəlinin rəsmi yer alıb.

Həmin sayın 4-9-cu səhifələri Sabirə ayrılıb. O.Həsənovun "Bizim Sabir" məqaləsi, Faiq Məmmədovun "Səcdəyə gəlirlər" şeiri, Q.Məmmədlinin "Şairin ölüm xəbəri" S.Salamzadənin "Sabir təsviri incəsənətdə" araşdırmaları ilə yanaşı, son səhifədəki Z.Zeynallının "Qarğaya təşəkkür" bəhr-təvili Sabiranədir.

O.Həsənovun "Bizim Sabir" (səh. 4-6) məqaləsi çox mükəmməl ideologiyadan təmiz məqalədir. Məqalənin əvvəlindən müəllif Sabirin böyüklüyünü dünya ədəbiyyatındakı mövqeyini yüksək qiymətləndirir. Üçüncü abzasa "Sabirin böyüklüyü, orijinallığı nədən ibarətdir" sualı ilə başlayır. Növbəti abzas isə həmin sualın cavabı olan cümlə ilə başlayır: "Sabirin böyüklüyü, orijinallığı xalqının əsrindəki varlığını ədəbiyyata gətirməsidir". Məqalədə müəllif "Hophopnamə"ni "müəyyən tarixi spesifik mənada azəri xalq həyatının ensiklopediyası" kimi xarakterizə edir.

Növbəti sual "Sabir böyük müasirlərindən ilə seçilir?" - formasında qoyulub. Bu sualın cavabı onun yeni ədəbi məktəb yaratması kimi cavablandırılır. Həmçinin, onun realizm bayrağı altında döyüşdüyü qeyd olunur. Tədqiqatçı şairin "doğruçuluq ilə satirikliyi üzvi birlikdə götürüb mədhiyyəbazlığa qarşı" qoymasını əhəmiyyətli hesab edir. "Böyük şair satiranı çox yüksək qiymətləndirdiyi halda, bunu qərəz vasitəsinə çevirmənin qəti surətdə əleyhinə çıxır" - fikirlərində Sabirin gerçək amalı təqdim olunur.

Məqalədə Sabirin yaradıcılığının birinci dövründə parlamamasının səbəbi "öz sənət yolunu hələ tapmaması" ilə izah edilir. Tənqidi realizm yolunu seçdikdən sonra silahdaşları ilə birləşib uğur qazanmasını təqdir edərək "Bədii kontrast üsulu onun ən sevdiyi vasitələrdəndir" - söyləyir.

Həmin nömrədə çıxan Faiq Məmmədovun "Səcdəyə gəlirlər" (səh. 6) şeiri Sabirə ithafdır. Şeirin bütöv mətni belədir:

 

 

 

Keçən əsrin 62-ci ili,

Şirvan çöllərini bəzəyəndə Novruz gülü

Hələ yuxuda ikən möminlər aləmi...

Şərqi zəncirləyərkən həyatın qəmi...

Düşünən başları tale boğurdu..

 

Belə bir gündə

Bütün dünyanın anaları kimi

əzablar içində,

qorxular iztirablar içində

Bir ana doğurdu.

 

Dan yeri çırtlayanda

Göyərçin qanadı kimi

Dümağ oldu hər yan bir anda...

Ulduz təbəssümlü

Şüalar yerə endi...

İşıldayan şehlərin üstünə nur çiləndi...

Ana baxdı sevindi,

Ətrafına baxdı sevindi...

Cılız bir uşaq doğmuşdu ana

biləydi ki

Adi uşaq deyil

Gələcəkdə dəryada duracaq

Əzab dolu dünyada duracaq

bir dağ doğmuşdu ana!

 

 

Onun qələm tutan

Zərif, titrək barmaqlarını

yandırdı mollanın çubuqları...

Sabirin ürkək baxışlarını,

islanmış yanaqlarını...

Öpdü baharın rüzgarı...

O, acılar yedi, ağılar yedi

Sözündən dönmədi...

dediyin-dedi...

 

 

Gənc oldu yaşa doldu

Dözdü yüz zillətə

Xalqı çağırdı ədalətə...

Nifrət etdi cəhalətə...

Birliyə, dostluğa istiqbala çağırdı...

Vətən fidanlarına

Əl toxunma, deyə

Mənfur şeyxlərin

Qulağına çığırdı...

Beynəlmiləl marşı çaldı sazında

Vətən, xalq hissi duyuldu hər avazında...

 

 

O öldü...

Yox... Ölmədi...

O, torpağa gömüldü...

Yox, gömülmədi...

Ürəklər oldu onun məzarı...

Ruhunu oxşadı Şirvan bağları

 

 

İndi heykəlinə sarmaşıqlar sarmaşır...

Sabirin vətənində

Güllər açır, çaylar coşub daşır...

Dünyanın hər yerindən səcdəyə gəlirlər onu

Şirvan torpağının şair oğlunu!

 

 

Q.Məmmədli "Şairin ölüm xəbəri" (səh. 7) məqaləsində Sabirin öz dövründən yenilikçi olduğunu xüsusilə vurğulayır. Məqalə əsasən Sabirin ölümü ilə bağlı xəbər çap edən qəzetlərin sitatlarından ibarətdir. Bu qəzetlərin içərisində xarici ölkələrin də qəzetləri vardır. Bunlar "V mire musulmanstvo" (Moskva), "Kaspi", "Russkoye slovo" (Rusiya), "Tərcüman" (Baxçasaray), "Vəqti" (Orenburq), "İdil" (Həştərxan), "Bəyanül-həqq", "Məlumat" (Bakı), "Yulduz" (Kazan) qəzetləridir. Q.Məmmədlinin məqaləsi bu fikirlərlə yekunlaşır: "Bütün bu xəbərlər böyük şair Sabirin hələ sağ ikən yaxın Şərq mətbuat və ədəbiyyat dairələrində tanınmış bir ustad olduğuna canlı şahid idi".

S.Salamzadənin "Sabir təsviri incəsənətdə" (səh. 8-9) məqaləsində Sabirin sağlığından üzü bəri istər şeirlərinə çəkilmiş şəkillərdən, istər öz portretinin yaradılmasından bəhs edilir. Altı misrasına çəkilmiş karikatura məqalənin arasında verilərək şərh edilmişdir. Sabirin şeirlərinin rəssamlar üçün mövzu mənbəyi olduğunu vurğulayan müəllif xüsusi qeyd edir ki, "Mübaliğəsiz demək olar ki, Əzimzadə yaradıcılığının satirikyumorist tərzdə inkişaf etməsində "Molla Nəsrəddin" məcmuəsi ilə yanaşı, Sabir yaradıcılığının da böyük təsiri olmuşdur".

 

Gülnar SƏMA

 

525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.11.