Şair Rüstəm Behrudi
ilə görüş keçirilib
Sentyabrın 20-də Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda (ETAİİ) tanınmış
şair Rüstəm Behrudi ilə görüş keçirilib. Görüşdə institutun gənc tədqiqatçılarından və elmi işçilərindən
ibarət Dostluq klubunun üzvləri, qonaqlar və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan
ETAİİ-nin direktoru,
Azərbaycan Yazıçılar
Birliyinin Qarabağ bölməsinin sədri,
professor Elçin İsgəndərzadə
yaradıclığında türkçülüyə və
dərviş fəlsəfəsinə
üstünlük verən
şair haqda geniş təqdimatla çıxış edərək
onu bu günlərdə
qeyd etdiyi yubiley yaşı münasibətiylə bir daha təbrik edib.
E.İsgəndərzadə "Türk dünyasının
böyük şairi"
adlandırdığı Rüstəm
Behrudinin təkcə Azərbaycan ədəbiyyatında
deyil, ümumtürk ədəbiyyatında özünəməxsus
cığır, yol açdığını, tamamilə
fərqli üslub yaratdığını və
bu üslubla türkün yaddaşını
özünə qaytardığını
deyib. Professor qeyd edib ki, hələ
Sovet İmperiyasının
hökmranlığının davam etdiyi, xalqımızın
milli kimliyindən uzaqlaşdırmağa çalışıldığı
dövrdə Rüstəm
Behrudi özünün
üsyankar şeirləriylə
oxucuları öz milli kimliklərinə, milli-mənəvi varlıqlarına
qaytarmağı bacardı
və bu gün türk kimliyimizin qürurla, fəxrlə səsləndirilməsində
böyük rol oynadı. Bildirilib ki, şairin "Şaman duası" kitabı və bir çox poeziya nümunələri
türkdilli dövlətlərdə
böyük maraqla qarşılanıb, kitabdan
seçmələr Türkiyədə,
İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə
çap olunub. Həmçinin, yaradıcılığından
seçmələr polyak,
fransız, rus, çex və s. dillərə tərcümə
edilib.
Sonra Cənubi
azərbaycanlı müğənni
Araz Elsəsin ifasında Rüstəm Behrudinin sözlərinə
bəstələnmiş "Salam, darağacı" mahnısı
dinlənilib.
Sonra söz alan
Rüstəm Behrudi ona göstərilən diqqətə görə E.İsgəndərzadəyə və tədbir iştirakçılarına təşəkkür
edib, maraqlı xatirələrindən danışıb.
Çıxışının sonunda şair
tədbir iştirakçılarının
istəyiylə yeni çap olunan "Məzarlıqdan bitən yovşan" kitabından
müxtəlif dövrlərdə
yazdığı şeirlərini
oxuyub.
Sonda şair "Qəribə adam", "Qızıl
alma" və "Məzarlıqdan
bitən yovşan"
kitablarını ETAİİ Dostluq klubunun üzvləri üçün
imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 22 sentyabr.- S.8.