Baba sovqatı
Nəvələrimə - xanım Lamiyəyə, atam Əhmədə, adaşım
Aydına, cüvəllağı
balaca Cavada, körpə Rəsula
Baba sevgisi
Lamiyə ilə Əhmədin öz aralarında olan bu söhbətlərindən
nənələri məni
agah etdi.
Lamiyənin də, Əhmədin də ana babaları
dünyadan cavan yaşlarında köç
ediblər.
Dərs əlaçısı olan
hər iki nəvəm məşğələlərə
bəzən birgə hazırlaşarlar. Elə bu söhbət
öz aralarında o vaxt olub. Əhməd üzünü
əmisi qızına
tutub:
- Lamiyə, təkcə bir babamız var, gəl yaxşı
oxuyub hər ikimiz həkim olaq. Aydın babanı xəstələnməyə,
qocalmağa qoymayaq...
2015
lll
Cavadın iməkləyən vaxtlarında
ilk şuluq əməllərindən
biri də bacısının əlinə
keçən kitab-dəftərlərinin
varaqlarını qoparıb
cırmaq olub.
Ayağı yer, əli qələm
tutanda isə dəcəl Cavad bacısının şkafdakı
kitablarının varaqlarındakı
rast gəldiyi şəkilləri əlindəki
qələmlərlə rəngləməyə
girişib.
Özündən yaşca xeyli balaca, ərköyün, dəymə-düşər qardaşına
bu pis vərdişini
tərgitmək üçün
Lamiyə xeyli dilə tutsa da, xeyri olmur.
Nəhayət, Lamiyə nə fikirləşirsə bir gün üz qabığında iri bir şəklim olan kitablarımdan birini Cavada verir. Kitabda babasının şəklini
tanıyan Cavad sevincək:
- Baba, baba, - deyib kitabı
hətta sinəsinə
sıxır.
Odur-budur, o gündən Cavadın daha kitablarla işi yoxdur. Əksinə,
hansı kitabın üz, yaxud arxa qabığında mənə oxşatdığı
kişi şəkli görürsə
üzü gülür:
- Baba, baba...
2020
Polisə hörmət
Adaşım Aydın ağır oturub batman gələn bir oğlandır. Dindirməsən dinib danışmaz. Hərçənd ki, verəcəyin
suala cavabı dilinin ucundadır. Halda-xasiyyətə heç babasına
oxşamır. Ancaq burası
var ki, nə
qədər ağır
təbiətdirsə, bir
o qədər mehriban,
qılıqlıdır.
Adaşımla bağlı bir əhvalatı nəql etmək istəyirəm. Aydının hələ məktəbə
getmədiyi illər idi.
Gecənin bir vaxtı, yollarda təkəm-seyrək maşınların
göründüyü o qış
günü Aydın təkid edib atasının sürdüyü
maşında qabaqda oturur, hərçənd ki, atası çox deyib başa salır ki, balacaların sürücünün yanında
oturması qadağandır,
bu, yol hərəkəti
qaydalarının pozulması
deməkdir. İnadcıllıqda babasına çəkən
Aydın axır ki, atasını yola gətirə bilir.
İş belə gətirir ki, sürücü güzgüdə arxadan onların ardınca gələn YPX maşınını
görür. Yol polisinin qaydanı
pozduğuna görə
onları saxlayacağını
fikirləşib maşının
sürətini azaldır.
Bütün bunları təşvişlə
izləyən Aydın
hətta oturacaqda gizlənməyə cəhd
edir.
Polis maşınının yanlarından
ötüb keçdiyini
görən atası:
- Yaxşı qurtardıq,
- deyə zarafatyana dillənir.
"Təhlükənin" sovuşduğunu
görüb gizləndiyi
yerdən dikəlib qalxan Aydın isə birdən-birə ədalı-ədalı:
- Əh, maşınımızı
saxlasaydılar, onların
paqonlarını qoparardım.
Atası qulaqlarına inanmır, əlbəəl də başa düşür ki, bu, uşaq
sözləri deyil. Çox güman
Aydın bunları səhərdən-axşamacan baxdığı
hansısa bir filmdən eşidib, yadında qalıb. Atasının onun bu sözlərinə qəzəblənib
özündən çıxdığını
görən Aydın əvvəlcə hönkürür,
sonra hıçqırıb
ağlayır.
Heç
vaxt uşaqlara qarşı sərt olmayan atası bu dəfə oğluna necə təpinib bir qulaqburması verirsə, indi Aydın çöldə-bayırda harda
bir polis işçisi
görürsə, tanıdı-tanımadı,
əlini gicgahına aparıb hərbi salam verir.
"Səni kim qocaldıb..."
Nənəsi Cavadgildəymiş. Cavad
nənəsinin ağ saçlarına
baxıb-baxıb birdən:
- Nənə, səni
kim qocaldıb, - deyə xəbər alır. Nənəsi də Cavadın
bu qəfil sualının qarşısında
izah edir ki, bəs nənələr
qoca olur.
Cavad nənəsinin cavabı ilə razılaşmır:
- Yox! Anam deyir ki, Cavad, sən məni qocatdın. Bəs səni kim qocaldıb?
Nənəsi də Cavadın əl çəkmədiyini
görüb zarafatla qayıdır ki, bəs baban Aydın.
Demə, nənə-nəvə arasında bu söhbət gedən məqam mən də Lamiyəyə zəng etmişəm. Onunla hal-əhval biləndən sonra Cavadla da danışmaq istədim. Lamiyə Cavadı nə qədər çağırsa da telefona gəlmədi. Uzaqdan səsini eşidirdim: - Mən Aydın babadan küsmüşəm. O nənəni qocaldıb...
Rəsul
Rəsul hələ körpədir. Qardaşları danışır ki, baba, bəs sən bizimlə telefonda danışanda beşikdəki qaqaşın gözləri bizdə qalır. Hər dəfə "baba" kəlməsini eşidəndə yerində qımıldanır, elə bil yerindən qalxıb o da səninlə danışmaq, "baba" demək istəyir...
2022
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2022.- 23 sentyabr.-
S.16.