"Sart nəslindən olduğumu
heç inkar edəmiyəcəyəm"
Tatar
mühərriri kimi tanınan Əbdürrəşid
İbrahimovun "Həyat" qəzetində dərc olunan
"Bizə aid" başlıqlı silsilə məqalələrinin
birində "Mən kəndimi sart nəslindən olduğumu
heç inkar edəmiyəcəyəm" fikrini söyləməsi
araşdırılmasına ehtiyac duyulan bir sıra məsələlərin
aydınlaşdırılmasını zəruri hesab edir.
Tatar mətbuatının inkişafında önəmli
rol oynayan Ə.İbrahimov fikrini niyə "Mən sart nəslindənəm"
deyil, məhz "Mən sart nəslindən olduğumu
heç inkar edəmiyəcəyəm" formasında ifadə
edir?! Sartlar kimdir və ya kimlərdən
ibarətdir?!
Ola bilər ki, "Həyat" qəzetində
özünün sart nəslindən olduğunu ifadə edən
müəllifin həqiqətən tatar mühərriri
Əbdürrəşid İbrahimov olması bir qədər təsdiqini
tapmasın.
Lakin "Şərqi-Rus" qəzetinin 1 iyun 1903-cü il tarixli nömrəsində verilən məlumat
"Həyat" qəzetində özünün sart nəslindən
olduğunu etiraf edən Əbdürrəşid İbrahimovun
həqiqətən tatar mətbuatında önəmli rol
oynayan Əbdürrəşid İbrahimov olduğunu təsdiq
edir. Eyni zamanda Əbdürrəşid İbrahimov 1903-cü
ildə Məhəmmədağa Şahtaxtlının
redaktorluğu ilə çap olunmağa başlayan "Şərqi-Rus"
qəzeti ilə əməkdaşlıq etmiş, dövrün ictimai-siyasi proseslərini
özündə əks etdirən publisistik məqalələri
ilə çıxışlar etmişdir.
"Şərqi-Rus"
qəzeti yazır:
"İDARƏDƏN
(Ə.İbrahim)
imzasilə bugünki nömrəmizdə basılan bəndin
sahibi Peterburqdə imdilik aydə bir dəfə nəşr
olan "Mirat" məcmuəyi-nəfisəsinin mühərriri,
fazili-yeganə, əhli-fikir həqqayünü, mənişi-binəsəl
Əbdülrəşid İbrahimovun əsəri-qələmi-möcüzü-rəqəmidir.
Böylə bir ədibi-namdarın əsərilə
sütunlarını bundan sonrə həmə vəqt təzyin
edəcəyini "Şərqi-Rus" kəmali-iftixarilə
oxuyanlarə təbşir edir".
Ə.İbrahimov
eyni zamanda, Kazanda "Mirat", "Ülfət",
"Nicat", "Əl-Tilmiz" kimi mətbuat
orqanlarını çap etdirmişdir. Elanda
adı çəkilən "Mirat" mətbuat orqanı da
Ə.İbrahimov tərəfindən çap olunub və
1900-1903-cü illərdə "Mirat" almanaxı tatarlar
arasında yeganə mətbuat orqanı kimi fəaliyyət
göstərib.
Tatar mühərriri Əbdürrəşid İbrahimov
Əlibəy Hüseynzadə və Əhməd bəy
Ağaoğlunun redaktorluğu ilə çap olunan "Həyat"
qəzetinin fəaliyyətində önəmli rol oynayan
publisistlərdən biri olmuşdur.
Ə.İbrahimov
1902-1903-cü illərdə, daha sonra 1908-ci ildə Yaponiyaya səyahət
etmiş və onun Yaponiyada münasibətlərinin yüksək
səviyyədə
təşkilində "Qara Drakon" cəmiyyəti
böyük rol oynamışdır.
Ə.İbrahimov özünün səyahətləri
haqqında yol qeydlərini yazaraq, Kazanda dərc olunan "Bəyanül-həqq"
qəzetində və İstanbuldakı "Siratül-müstəqim"
jurnalında dərc etdirirdi. Səyahət etdiyi
ölkələrdə siyasi və dini
baxışlarını əks etdirən mühazirələr
söyləyir və bununla nəzərdə tutduğu
ideyanı həyata keçirmək istəyirdi.
Ə.İbrahimov yapon dilini bilməsə də, Yaponiya və
onun xalqını öyrənmək publisist üçün
maraqlı gəlirdi.
Əbdürrəşid İbrahimovun Yaponiyaya səyahəti
haqqında diqqəti çəkən bəzi məqamlar var
ki, bu da "Molla Nəsrəddin" jurnalı ilə əlaqədardır. "Molla Nəstrəddin"
jurnalı "...ayə, görən Molla Əbdürrəşid
bu nitqləri ingilis dilində söylüyür, yainki yapon
dilində?" deyərək, Ə.İbrahimovu yapon dilini bilmədən
bu ölkəyə tez-tez səyahətlər etməsini,
hansı formada, hansı dil ilə əlaqə saxlayaraq, siyasi
və dini işlər aparmasını tənqid etmişdir.
"Molla Nəsrəddin" jurnalının 1909-cu ilin
23-cü nömrəsində "Lağlağı" təxəllüsü
ilə yazılımış "Qəzetələrdən"
sərlövhəli yazıda Ə.İbrahimov "Bəyanül-həqq"
qəzetinin müxbiri olduğu və Yaponiyanın Tokio şəhərində
olan zaman "Sitatül-müstəqim" məcmuəsinə
bu haqda məlumat verdiyi göstərilir. Aydın
olur ki, "Molla Nəsrəddin" Əbdürrəşid
İbrahimovun Yaponiyaya səfərini, oradakı ictimai-siyasi fəaliyyətini,
dini baxışlarını ciddi qəbul etmirdi.
"Molla Nəsrəddin" yazır: "Bəyanül-həqq"
qəzetəsinin müxbiri Molla Əbdürrəşid
İbrahimov Yaponiyanın Tokio şəhərindən
İstanbulda çıxan "Siratül-müstəqim" məcmuəsinə
yazır ki, "Mən Yaponiyada hər məclisdə hər
gün nitqlər söylüyürəm və Yaponiya üləmasına
mənim nitqlərim elə təsir bağışlayır
ki, gündə bir neçəsi özündən gedir".
"Molla
Nəsrəddin" daha sonra: "Molla Əbdürrəşid
nə ingiliscə bilir, nə yaponca, nə firəngcə və
bu aşkardır ki, bu üç dilin heç olmasa birini də
bilməyən Yaponiya məclislərində hər nə
danışsa, qulaq verənlərin qulaqları
taqqıldıyacaq. Lakin Molla Əbdürrəşidin
əhvalatı özgədir. Bu cənab nitqlərini
türk dilində söylüyür və yaponiyalılara da
mollanın nitqinin məzmununu bilmək lazım deyil, onlara
Molla Əbdürrəşidin məhz uzun saqqalı və ağ əmmaməsi xoş gəlir. Səbəbi də budur ki, Yaponiya camaatı mömin
adamlardır və müsəlmançılığa da
çox maildirlər.
Lakin Əbdürrəşid İbrahimovun
yaradıcılığı haqqında elmi-tədqiqat işi
aparan tədqiqatçılar belə qənaətə gəlmişlər
ki, o, Yaponiyaya tərcüməçisi ilə birlikdə səfərlər
etmişdir.
Əbdürrəşid
İbrahimovun Yaponiyada fəaliyyəti haqqında
araşdırma aparan tədqiqatçı alim Larisa
Usmanovanın qeydlərinə istinadən, 1909-cu ildə
publisist yenidən Yaponiyaya gəlir və bu haqda
"Diplomatiçeskiy vestnik" adlı jurnalın 1909-cu il mart nömrəsində
çap olunan müsahibəsində bildirilir. Baxmayaraq
ki, yapon dilini bilmirdi, Yaponiya və yaponları böyük
maraqla öyrənirdi. Və bu məsələdə
L.Usmanovanın fikirlərinə görə, onun həm köməkçisi,
həm də tərçüməçisi olan İtsudzo
Nakayami əsas rol oynamışdır. L.Usmanova yazır:
"Baxmayaraq ki, yapon dilini bilmirdi, Yaponiya və yaponları
böyük maraqla öyrənirdi. Bu işdə
onun köməkçisi və tərcüməçisi
İtsudzo Nakayami olmuşdu".
Ə.İbrahimovun əslən Buxaradan olması haqda
fikirlər mövcuddur. Onun əcdadlarının etnik qrupu
"buxaralılar" adlanmışdır. Həqiqətən,
Sibir tatarları arasında belə qrup mövcud idi, lakin
onları özbək və yaxud tacik hesab etmək, həmçinin,
Buxaranı Ə.İbrahimovun vətəni kimi nəzərdə tutmaq
yanlış fikir olardı.
XVII-XVIII əsrlərdə Orta Asiyadan Sibirə gəlmiş Ə.İbrahimovun
əcdadları "buxaralı"
adlandırılmışdır. Hətta mütəxəssislər arasında heç bir
şübhə yoxdur ki, bu qrupun sonrakı nəsilləri
Sibir tatarları ilə qarışıb və onların dilləri,
məişətləri və etnonimləri arasında
heç bir fərq yoxdur.
Həqiqətən,
XIV əsrin əvvəllərinə yaxın sonradan Sibir
xanlığı adlanan torpaqları idarə edənlər
öz təbəəliyində olanlara islam dinini başa salmaq
üçün Mavəraünnəhrdən (Orta Asiya) 360
Nakşibendi şeyxlərini dəvət etmişlər.
Nakşibendi
şeyxləri - 12 sufi təriqətlərindən
biri kimi məşhur şeyx Bahauddin Nakşibendinın şərəfinə
adlandırılıb və Buxarada yerləşən məqbərəsi
ziyarət məkanıdır. Şeyxlərin dini
geneologiyası təriqəti bir sıra təriqətlər
kimi Əliyə deyil,
Əbu Bəkrə aiddir.
Bir çoxları bu dəvəti asanlıqla qəbul edə
bilməmiş, islamı təbliğ edən zaman bəziləri
məhv olmuşlar. Onların həlak olduğu yer, yəni Tümen vilayətinin
cənubunda yerləşən Astana kəndinin
yaxınlığı əhali tərəfindən indi də yad edilir. Nakşibendi
şeyxlərinin bir hissəsi vətənə
qayıtmış və Sibir xanlığında qalanların sonrakı nəsli
isə Sibir müsəlmanları arasında böyük
hörmət qazanmışdır. Məhz Sibir
tatarı Əbdürrəşid
İbrahimov da həmin nəslin
davamçılarındandır.
Əbdürrəşid İbrahimovun "Həyat" qəzetində
dərc etdirdiyi bir sıra publisistik yazılarında sartlara
müraciət etməsi təsadüfi deyildir. Xüsusilə
də özünün sart nəslindən olmasını
etiraf etməsi məsələsi. "Sart
qardaşlarımız bizim din qardaşlarımızdır.
Başqə müsəlmanları nə qədər sevərsək,
sartları dəxi o qədər sevəriz" deməsi
müəllifin bildirdiyi sartların Buxara sartlarına aid
olmasına şamil edir, onların mükəmməl bir tarixə
malik olmalarını sübüt etməyə
çalışır: "Buxarə, Səmərqənd,
Keş cəhətləri Həccac əyyamındə Həzrəti
Quteybə tərəfindən istila olunmuş məmləkətlərdəndir,
demək olur ki, sart qardaşlarımız min iki yüz sənədən
ziyadə müsəlmandır. Sartlar islamiyyətdə
Azərbaycan tatarlarından dəxi müqəddəmdir".
Ə.İbrahimov Həzrəti Quteybənin adını
vurğulayır. Quteybə ibn Müslüm 668-ci ildə
İraqın Bəsrə şəhərində anadan olub.
Ərəblərin Babili qəbiləsindən olan Quteybə
ibn Müslüm 704-cü ildə Əbdülməlik bin Mərvan
tərəfindən vali təyin olunur və böyük bir
ordunun sərkərdəsi olur. Buxara, Səmərqənd, Xarəzm,
Xivə, Fərqanə və digər ərazilərin fəth
edilməsində böyük rol oynamışdır.
Əbdülməlik
ibn Mərvan 21 il hakimiyyətdə olub və
xaraktercə çevik, istedadlı, uzaqgörən, lakin
çox qəddar bir insan olub. Ə.İbrahimov "Həccac əyyamında"
deyərkən, Əbdülməlik ibn Mərvanın
zamanında vali təyin olunan və 20 il bu
vəzifədə çalışan İraq hakimi Həccac
ibn Yusifi nəzərdə tutur.
"Sart" problemi,
"sartlar kimdir və kimlərdən ibarətdir" məsələsi
XIX əsrin sonu XX əsrin əvvəllərində bir
sıra tədqiqatçı-alimlər tərəfindən
maraqla qarşılanmış və hətta məsələ
ilə bağlı müxtəlif mətbu orqanlarda polemik
fikirlər səslənmişdir.
Serqey Nikolayeviç Abaşin
"Gtnoqrafiçeskie znanie i naüionalğnoe stroitelğstvo
v Sredney Azii (problema sartov v XIX - naçale XXI v.) adlı elmi-tədqiqat işində sart probleminə
toxunaraq, bu məsələ ətrafında hələ də
müxtəlif diskussiyaların mövcud olmasını, illərlə
müxtəlif alim və siyasətçilər tərəfindən
müzakirə obyektinə çevrilməsi haqqında
maraqlı fikirlər irəli sürmüşdür. Müəllifin qeydlərinə əsasən, bəzi
alimlər sartların ayrıca bir millət kimi mövcud
olmasını vurğulayır, bəziləri isə
ümumiyyətlə bu termindən imtina etməyə
çağırış edirdilər və sonda sartların
bir xalq kimi mövcud olmaması fikri qalib gəlir. Bəlkə də Əbdürrəşid
İbrahimovun bir qədər sanki sıxıntı keçirərək,
"Mən kəndimi sart nəslindən olduğumu heç
inkar edəmiyəcəyəm" kimi ifadə etdəsi bundan
irəli gəlir. Sartlarla bağlı tədqiqatçılar
arasında olan fikir mübadiləsində sonuncu seçim
özbək və taciklərin xeyrinə nəticələnir,
bu mövzu isə həll olunmamış vəziyyətdə
qalır.
Ə.İbrahimov "Həyat" qəzetində dərc
etdirdiyi məqalədə sartların həqiqətən bir millət
kimi mövcudluğunu sübut etməyə
çalışır. Əvvəldə qeyd etdik ki, 360 Nakşibendi şeyxləri
islamı təbliğ etmək üçün Orta Asiyadan
Sibir xanlığına gəlmiş və Ə.İbrahimov da həmin
Nakşibendi şeyxlərindən olan nəslin
davamçılarındandır. Məqalədə bu fikri
özü də təsdiqləyərək yazır:
"Bundan maədə sartlar Sibiryə Ural tərəflərinə
ibtida islamiyyəti nəşr etmiş millətlərdəndir.
Bizim sart qardaşlarımız ruslardan dəxi
müqəddəm Qərbi Sibiryədə və Ural qərbində
ticarət ilə iştiğal etmişlər və islamiyyəti
nəşr etmişlərdir. Bu gün Sibiryədə
sakin üç qövs sartlar, şul əski: Hivədan,
Orkancidən, Buxarədən, sairəmədən gəlmə
sartların sülaləsidir. Şul sart
babaların övladı bu gün bütün Sibiryə ticarətini
əldə etmişlər, (Sibirski Buxaris) namını
qazanmışlardır. Olan Buxarədə: Mir Ərəb,
Kovkəldaş Zərgəran və sairə. Taşkənddə,
Səmərqənddə neçə-neçə
böyük cism mədrəsələr və taəbəd
olunmuş vəqflər, milyonlar ilə ovqafı-xassətən
(ovqaf - savab bir iş üçün ayrılmış
mülklər) mədrəsələr tərbiyəsinə həsr
olunmuşlar. Bunları kim inkar edə bilər,
bunlar həmə lisani-hal ilə sart
qardaşlarımızın islamiyyətə etmiş
olduqları xidmətlərə şəhadət edərlər.
Hətta bu son sənələrə qədər: ümum mədrəsələri
emar edən, məscidləri tərbiyə edən, ətrafə
elmi verən sartlar idi".
E.S.Vulfsonun "Kak jivut sartı" əsərindəki
sartlar haqqında fikirləri Ə.İbrahimovun qeydləri ilə
kəsişir.
Ə.İbrahimov məqalədə sartların
bir xalq, millət olaraq mövcud olduğunu sübut etməyə
çalışır.
E.S.Vulfson "Kak jivut sartı" əsərində
sartların dini baxışlarını, adət-ənələrini
ətraflı təsvir edir. Müəllif göstərir
ki, sartlar Məhəmməd peyğəmbərə sitayiş
edirlər və Quran onların müqəddəs
kitabıdır. Əsərdə
sartların məşğuliyyətindən danışarkən
əkinçiliklə, ən əsası ticarətlə, ipəkçiliklə
və digər sənətlə məşğul olmaları
açıqlanır.
Ə.İbrahimov "Həyat" qəzetində
sartların məşğulluq məsələsinə
toxunaraq, "bütün cahan fabrikələrinə pambıq
verən sartlardır" deyə fikrini əsaslandırır. Bundan əlavə,
ipək istehsal etməkdə onların yüksək sənətkarlıq
məharəti mövcuddur ki, heç bir millət bu formada ipək
istehsal edə bilmir. Avropa sərgilərində
sartlar əl işlərini nümayiş etdirməklə sənətkarlıqlarını
tanıtmağa çalışırlar. Burada
da Ə.İbrahimov "müsəlmanlardan yalnız sartlar
bulunurlar" ifadə etməsi bəhs edilən sartların
müsəlmanlardan ibarət sartlar olduğunu göstərir.
1892-ci ildə Amerikanın Çikaqo şəhərində
təşkil olunan sərgi və 1900-cü ildə Parisdə
keçirilən sərgidə sartlardan da iştirak edildiyini
müəllif vurğulayır. Əbdürrəşid
İbrahimov "Həyat" qəzetində yazır: "Bu
gün Türkistan vilayətlərində torpaqları əkən
və ənva məhsul ilə emar edən, bütün cahan
fabrikələrinə pambıq verən sartlardır. Xüsusilə (ibrişim) ifak əmtəələri
hazır etməkdə, əl sənətində sartlardə
olan istedad heç bir millətdə yoqdur. Bu gün ümum Türkistan vilayətinə
lazım olan qumaşlar, hamu əlindən emal olunmaqdadır.
Hətta bu gün Türkistandə olan
avropalı tacir vəkilləri sartlarının ticarətdə
və sənayedə olan istedad fitrilərini daima təhsinlər
ilə (təhsinlər ilə - alqışlayaraq) yad edərlər.
Bu gün Avropada bir [vıstovkə] sərgi
açılırsə, oradə müsəlmanlardən
yalnız sartlar bulunurlar dersəm caizdir. (1892)-də
Ameriqədə Çikaqo vıstofkəsində sartlardan adam bulundu. (1900) Paris vıstovkə sərkisində
sartlardan adam bulundu".
V.V.Bartold,
A.Bamberi, N.Ostroumov,
V.P.Nalivkin, Serali Lapin, K.P.fon Kayfman və digərlərinin
sartlarla bağlı fikirləri fərqlidir.
Tədqiqatçı Nataliya Aleksandrovna göstərir
ki, tacik və özbək münasibətlərini
aydınlaşdıran zaman hökmən "sart" məsələsinə
müraciət etmək lazımdır və onların
türkdilli və farsdilli sartlara bölünməsini də
vurğulayır.
Sartlarla bağlı mətbuat orqanlarında kəskin polemika mövcud olmuşdur ki, V.V.Bartold və Serali Lapin arasında olan fikir ayrılıqları bunu bir daha sübut edir.
Serali Lapin iddia edir ki, nəinki sart milləti, hətta onların dili də mövcud deyil. Orta Asiyada yaşayan tacik və özbəklər ümumilikdə sart adlanır.
Görkəmli şərqşünas V.V.Bartold və Səmərqənd quberniyasında tərcüməçi kimi çalışan Serali Lapin arasında sart mövzusu ilə bağlı fikir münaqişəsi başlayır və mətbuatda kəskin polemik yazılar dərc olunur.
Əbdürrəşid İbrahimovun "Həyat"
qəzetində dərc etdirdiyi "Bizə aid" adlı
silsilə məqaləsində özünü sart
adlandırması indiyə kimi açıq formada qalan
"sart" məsələsini gündəmə gətirir.
Qeyd etmək lazımdır ki, 1926-cı ildə Orta Asiyada əhalinin
siyahıya alınması zamanı bütün sartlar özbək
milləti kimi qeydiyyatdan keçmişlər. Müasir
dövrdə bir sıra tədqiqatçıları
hələ də bu mövzu maraqlandırır və tədqiqat
işlərinin əsas mövzusu kimi
araşdırılır.
Fatma
ƏLİZADƏ
Bakı
Slavyan Universiteti Jurnalistika kafedrasının müəllimi
525-ci qəzet.- 2022.- 23 sentyabr.- S.15.