Əhməd bəy Ağaoğlu yaradıcılığında kulturoloji fikir

 

(Əvvəli ötən saylarımızda)

 

İslam mədəniyyəti ərazi olaraq, bütünlüklə Afrikanı, Asiya və Avropanın isə müəyyən bir qismini əhatə edir. Bu mədəniyyətlərə mənsub olan millətlərin bir-birindən yayılma sahəsinə, çoxluğuna, qan, cins, rəng, dil müxtəlifliyinə görə fərqlənməsinə baxmayaraq, onları birləşdirən ümumi bir mədəniyyət məfhumu vardır. Əhməd bəy mədəniyyət bağları ilə bağlanmağı belə izah edir ki, İslam mədəniyyətinə mənsub olan bir şəxs özünü İstanbul, Mərakeş, Mesopotamiya, Qahirə, Məkkə, Şam, Bakı, Tehran, Şiraz, Kabil, Lahor, Kəlküttə, Səmərqənd, Təbriz, Ankara  və s. şəhərlərin hansında yaşasa, özünü heç vaxt orda özgə hiss etməz, çünki o orada yaşayan insanlarla eyni mədəniyyətə, kültürə sahibdir. Buna səbəb eyni mədəniyyətə sahib olan insanların geyim tərzlərinin, yaşam şəkillərinin, adət və ənənələrinin bir-birinə uyğunluğu və yaxınlığıdır. İslam mədəniyyətində bu uyğunluq əba, qadınlarda örtünmə şəkli, eyni ibadət qaydaları və ibadətlər, azan, dualar, məqəddəs kitab Quran,  insanların görünüş tərzi, düşünmə, anlama tərzi və zəkasıdır. Bu mədəniyyət bağları ilə bağlanma Budda-Brəhmən və Qərb və ya Avropa mədəniyyətlərində də eynidir. Qərb və ya Avropa mədəniyyətinə mənsub olan şəxs üçün Paris, Vyana, Berlin, London, Vaşinqton və s. mühitlərin heç bir fərqi yoxdur. Bu vəziyyət Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar üçün də eynidir. Onlar üçün də Koreya, Pekin, Tibet, Seul, Busan, Honq Konq, Şanxay və s. kimi mühitlərə uyğunlaşmaq olduqca rahatdır. Millətlərarası bu rahatlığı da eyni mədəniyyətə mənsubluq təmin edir. Əhməd bəy Ağaoğlunun dünyagörüşü belədir ki, İslam mədəniyyəti və Budda-Brəhmən mədəniyyəti Qərb mədəniyyəti ilə olan mücadilə aparmaq gücündə deyil. Onlar mənəvi yenilməyə məhkumdurlar. Əhməd bəy bildirir ki, İslam mədəniyyətinə və Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar özləri Qərb mədəniyyətinə, onun özəlliklərinə maraq göstərib, onları öz razılıqları ilə qəbul edib, öz yaşam tərzlərini Qərb mədəniyyətinə uyğunlaşdırmışlar. Bu uyğunlaşmada Qərb mədəniyyətinə mənsub olanların məcburiyyəti olmamışdır. İslam mədəniyyətinə və Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar öz geyimlərini, evlərini, həyatlarını, ictimai, siyasi, texniki təlimlərini, təhsil sistemlərini, ədəbiyyatlarını, musiqilərini Qərb mədəniyyətinə uyğunlaşdırmışlar və bir çox hallarda onları təqlid etmişlər. Beləliklə də, ölkədaxili mədəniyyətlərarası mücadilələr mərhələsi başlayır. Keçmiş ənənələri müdafiə edənlər Avropa mədəniyyətini qəbul etmirdilər. Onlar soyköklərinə dayanan ənənələri qorumağa çalışırdılar, onların bu mühafizəkarlığı İslam və Budda-Brəhmən mədəniyyətlərinin bütünlüklə, Avropa mədəniyyətinə məğlub olmasının qarşısını ala bildi. Əhməd bəy təsdiqləyir ki, bu günümüzdə də demək olar ki, hər kəs Avropa mədəniyyətinin elm və texnika sahəsində üstünlüyünü və qələbəsini qəbul edir. Lakin Əhməd bəy Ağaoğlu bu fikirlə razılaşmır ki, Avropa mədəniyyəti başqa mədəniyyətlərə ancaq elm və təhsil sahəsindəki uğurlarına  görə qalib gələ bilmişdir. O, Avropa mədəniyyətini bütünlüklə, hər sahədə qalib mədəniyyət hesab edirdi. Əhməd bəy "Avropa mədəniyyəti başqa mədəniyyətlərə ancaq elm və təhsil sahəsində qalib gələ bilmişdir" fikri ilə heç cür razılaşa bilməzdi, çünki onun düşüncəsinə görə mədəniyyət bölünməz bir anlayışdır və onu ancaq tam almaq, mənimsəmək mümkündür. O bu qələbəni Qərb mədəniyyətinin elm, təhsil, siyasi, ictimai, zehniyyət, beyin, şüur, qəlb kimi məfhumlarda qazandığını qeyd edir. Əhməd bəy dünyagörüşü etibariylə tamlıq və bütövlük prinsipinə əsaslanırdı. Buna görə də o razılaşmırdı ki, Qərb həyatı ancaq bizim geyimlərimizdə və sənayemizdə olsun.

Onun dünyagörüşü bütünlük prinsipinə əsaslandığı üçün Əhməd bəy istəyirdi ki, milləti Qərb həyatını beyni, qəlbi, zehniyyəti ilə tam şəkildə qəbul etsin. Əhməd bəyin irəli sürdüyü bütünlük prinsipi milli şəxsiyyət, milli varlıq, milli tarix, soykökünə bağlılıq dəyərlərimizi təhlükə qarşısında qoyurdu. Əhməd bəy isə fikrini belə əsaslandırırdı ki, tarixində dinini ən aşağı iki dəfə dəyişməyən hansı millət vardır? Türklər, məsələn, vaxtı ilə şamanizm və daha sonra bir çox dinlərə girdikdən sonra islamiyyəti qəbul etmişlər. Ərəblər də islamiyyətdən əvvəl bir neçə dinə mənsub idilər. Zatən belə olmayan bir tək millət yoxdur. Əxlaq və hüquqa gəlincə, bunlar mahiyyətləri etibarı ilə belə dəyişikdirlər. Daha dünən fəna və çirkin sayılan bir şey və ya hərəkətin eyni çevrə içində bu gün yaxşı və gözəl sayıldığı hər gün görülən olaylardandır. Hüquqa gəlincə, həyatın davamlı olaraq keçirdiyi dəyişiklikləri təsbit etmək üçündür ki,  bu yasama məclisləri, bu parlamentlər bütün dünyada qurulmuşdur. Hüququnu dəyişməz sayan millətlər donmuş və daş halına keçmiş olan qövmlərdir ki, onlardan burda söz açıla bilməz. Az-çox əbədilik qoxusu dildən gəlir. Fəqət bu da gerçək və ümumi deyildir. Məsələn, bu gün slavyancanı qəbul etmiş olan bulqarlar öz əski dillərini qeyb etmişlər. Bunun kimi bugünkü ingiliscə İngiltərədə yaşayan başlıca dörd ünsürdən hansına aid dilin davamıdır? Hankısı özəl bir tərzdə onu mənimsəyə bilir? Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyini daşıyır.

Demək ki, ümumiyyətlə, şəxsiyyət və özlük deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir. Hər maddi vücudun bir şəxsiyyəti vardır. Yəni onu başqa vücudlardan, başqa əşyalardan ayıran tərəflər vardır. Bu cəhət bütün kainatda ortaq bir gerçəkdir; kainatda eynilik yoxdur. Eynilik olmadıqca şəxsiyyət gərəklidir, eyni daşın iki parçası tamimilə bir-birinin eyni deyildir. Şəkil, tərkib və maddələri baxımından aralarında mütləq bir fərq vardır. İştə, bu fərq bunların özəlliklərini, şəxsiyyətlərini göstərir. Eyni millətin çeşidli fərdləri əsla bir-birlərinə bənzəməzlər. Ən bənzər olanların arasında belə böyük fərqlər vardır ki, bu ayrılıqlar onların şəxsiyyətlərində özünü göstərir.

Əhməd bəy Ağaoğlu qeyd edirdi ki, qaradərili irqə mənsub olan insanlar heyvanla insan arasındakı bir növə aid edilirdi. Lakin Amerika zənciləri mədəniyyətə intibah yolu ilə yiyələnə bildilər. Ancaq müşahidələr və təcrübələr onu göstərir ki, eyni mədəniyyətə, irqə sahib olan, müxtəlif millətlər vardır ki, onların daxili idarə etmə sistemi eyni deyil. Məsələn, ruslar, almanlar, fransızlar, ingilislər, italyanlar eyni ari irqinə mənsubdurlar və eyni zamanda onlar Avropa mədəniyyətinin nümayəndələridirlər. Bütün bunlara baxmayaraq, bu ölkələrin daxili qanunları vardır. Tarixin müxtəlif dövrlərində də bu eyni irqə, mədəniyyətə sahib olan millətlərin bir-birinə qarşı müharibələr etdiyinin şahidi oluruq. İslam mədəniyyətinə mənsub olan farslar, türklər, kürdlər, ərəblər arasında  da bu cür ayrılıqlar olur. Buna səbəb olan milli şəxsiyyətdir. Onu isə ancaq hərəkətsizlik öldürə bilir.

Əhməd bəy Ağaoğlu çox gözəl başa düşürdü ki, bir cəmiyyətdə köklü dəyişikliklər etmək asan məsələ deyil. Bunun üçün cəmiyyətdə o dəyişikliyə hazır olmalı və onu istəməlidir. Onun fikri bu idi ki, qarşımızdakı dağı aşmalıyıq, uçurumu doldurmalıyıq, mədəniyyət karvanının arxasınca getməliyik. O, əxlaqlı olmaq anlayışının yalnız cinsi münasibət çərçivəsində anlaşılması ilə qətiyyən razılaşa bilmirdi. Əhməd bəy fikirlərini belə əsaslandırırdı ki, əxlaq bütünlükdə cinsi münasibətlərlə məhdudlaşdırılsaydı, onda insanlarda yalnız qurşağa qədər yaradılardı. Lakin belə deyildir, insanların qurşaqdan yuxarı olan qəlb və ruhu vardır. Əxlaq  məhz qəlb və ruha aid olan bir varlıqdır. Əhməd bəyin dünyagörüşünə görə, insanlar arasındakı münasibətlər qəlb və ruh vasitəsilə qurulmalıdır. Yalnız bu zaman münasibətlərdə  qəlb və ruha aid olan vəfa, doğruluq, sədaqət, mərdlik, acıma, yardım, bağışlamaq və s. kimi duyğuları görmək olar. Əks halda insanlar arasındakı münasibətlərdə həyasızlıq, arsızlıq, şərəfsizlik, heysiyyətsizlik adi hala çevrilər. Əhməd bəyin dünyagörüşünə görə insanlar arasında təbəqələşmə, alt qatın aclıqdan ölməsi, bu hadisədən isə üst qatın xəbərinin belə olmaması insanlıq adına utancvericilikdən başqa heç nə deyil. Əhməd bəy insanların bir-birinə qarşı bu qədər yad və düşüncəsiz davranışlarını, haqsızlıq qarşısında özlərini izləyici kimi aparmaqlarını, bir-birinin köməyinə çatmaq əvəzinə, haqqını müdafiə etmək yerinə, təsəlli verməkdənsə, üzünü çevirib getməklərini qəbul edə bilmirdi. O, cəmiyyətdə hər kəsin öz rahatlığını, öz mənafeyini nəyin bahasına olur olsun qorumaq düşüncəsini öz təfəkkürünə heç cür yaxın qoya bilmirdi. Çünki o, yaxşı bilirdi ki, insanlar arasındakı bu özgələşmə, soyuqluq nələr ilə nəticələnə bilər. Əhməd bəyin dünyagörüşü belə idi ki, ümumi məsələlərə hər kəs şəxsi vicdanı, şəxsi əxlaqı, tərbiyəsi çərçivəsində münasibət göstərməlidir. Ümumi məsələlərdə sui-istifadə, idarəsizlik, ləyaqətsizlik və s. göstərilərsə, milli varlıq məhv olar. Ümumiyyətlə, Əhməd bəy dünyagörüşünə uyğun olaraq, məsələlərə ümumi aspektdən yanaşırdı. Onun dünyagörüşünü təhlil edən zaman ən çox diqqət çəkən mövzu ailənin bütövlüyü və sağlamlığı məsələsidir. Əhməd bəy bu mövzuya çox böyük bir həssaslıqla yanaşaraq, bildirir ki, ailə hər boş bir davaya, zəif münaqişəyə, bəzən bir saatlıq, hətta bir dəqiqəlik qəzəbə görə dağıla bilirsə, demək ki, bu ailələr bir-birinə möhkəm bağlarla bağlanmayıblar. Bu ailələrdə sevginin, həyəcanın, sevincin, sədaqətin, səmimiyyətin, vəfanın, hörmətin, qayğının yerini düşmənçilik, kin, soyuqluq, qorxu, hiylə, xəyanət alıbdır. Əhməd bəyin dünyagörüşünə görə ailə mənəvi bağlar üzərində qurulmalı və davam etdirilməlidir. Ailə fərdləri arasında sevginin, ədalətin, insafın, doğruluğun, səmimiyyətin, vəfanın, hörmətin olması mühüm şərtlərdəndir. Əhməd bəy hökmdarların ailə daxili zalımlıqlarını, tüklər ürpədən qəddarlıqlarını - atanın, əminin, dayının, qardaşın, oğulun bir-birini kor etməsini, öldürməsini, şikəst etməsini qəbul edə bilmirdi. Onun  belə fikirləşməsi tamamilə gözləniləndir, çünki Əhməd bəy Ağaoğlu dünyagörüşü etibarilə tolerant bir şəxsiyyət idi. O, dünyanın ağılla, məntiqlə, insani duyğularla, ədalətlə, insafla, doğruluqla idarə olunmasının tərəfdarı və tələbkarı idi.

 

Həcər ATAKİŞİYEVA

 

525-ci qəzet.- 2022.- 23 sentyabr.- S.14.