"Musiqişünas olmasaydım,
sözsüz ki, rəssam olardım"
Müsahibimiz
Azərbaycanın tanınmış musiqiçisi,
pianoçu, sənətşünaslıq elmləri namizədi,
əməkdar incəsənət xadimi, "Dan ulduzu"
İnstrumental Ansamblının yaradıcısı mərhum
Gülarə xanım Əliyevanın qızı, Bakı
Musiqi Akademiyasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, baş müəllim,
musiqişünas Ayanda xanım Əliyevadır.
- Ayanda
xanım, əvvəlcə söhbət üçün zaman
ayırdığınıza görə təşəkkür
edirəm. İlk sualımız isə belə olacaq: hansı
xüsusiyyətiniz sizə mərhum ananız Gülarə
xanım Əliyevadan keçib? Siz
özünüz ananızda gördüyünüz hansı
xüsusiyyəti övladlarınıza təlqin edirsiniz?
- Əvvəlcə diqqət göstərib mənə vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. O ki qaldı suala, bəli, emosionallıq mənə daha çox anamdan keçib. Anam da tez-tez kövrələrdi. Hansısa bir məsələ ona çox möhkəm təsir edə bilərdi. Olduqca həssas insan idi. Əvvəl mən də elə idim. Amma anamı itirəndən sonra sanki həyat mənə emosiyamı gizlətməyi, onu göstərməməyi öyrətdi. Bəzi yerlərdə daha soyuqqanlı olmağa çalışdım. Amma deyim ki, yenə də soyuqqanlı insan deyiləm. İnsanın sonradan nəyisə özündə tərbiyə etməsi çox çətin olur. Əvvəldən nə varsa, odur. Amma çalışıram, özümü bir az çərçivədə saxlayım. Əlbəttə ki, həyatdı da... ola bilər, nəyəsə kövrəlirsən, nəyəsə təsirlənirsən. Gündəlik xəbərlərdə mənfi hadisələri oxuyursan. Belə anlar mənə çox təsir edir. Ümumiyyətlə, çalışıram uşaqlarla dost olum. Məndən qorxmasınlar, mənimlə açıq olsunlar. Hər zaman bilsinlər ki, mən onların tərəfindəyəm, onların yanındayam. Ətrafdakı insanlara qarşı hörmət və mərhəmət duyğusunu onlara aşılayıram. Dürüst olmaqlarını tövsiyə edirəm.
- Yaxından tanıdığım üçün mən sizi müsbət düşüncəli, həyata var gücü ilə sarılan insan kimi xarakterizə edirəm. Bəs özünüz özünüzü necə xarakterizə edərdiniz?
- Çox düzgün müşahidə etmisiniz, mən olduqca pozitiv insanam. Pozitivlik mənə hədsiz dərəcədə kömək edir. Bir problem üzərində çox düşünməyi, çox qalmağı sevmirəm. Daim öz-özümlə mübarizə aparan biriyəm. Özüm özümə həmişə deyirəm ki, eybi yoxdur, sabah yaxşı olar. Ya da deyirəm ki, bu, ən pisi deyil. Bəlkə də, belə düşünməyimin səbəbi odur ki, mən həyatda ən pisini görmüşəm, faciənin nə olduğunu yaxşı bilirəm. Ona görə də bu cür yanaşma tərzi özümə ən böyük təsəllimdir. Yəni ailədə ən pis hal ölüm-itimdir. Bax məhz bu müqayisələrlə mən özümü çox yaxşı motivasiya edirəm. Gələcəyi müsbət düşünürəm.
- Ananızı itirəndən sonra yəqin ki, həyatda stimulu övladlarınızda tapdınız?
- Anam 1991-ci ildə dünyasını dəyişib. Onun üçün çox darıxıram. Bəli, bu, həqiqətən də belədir. Övladlarım dünyaya gələndə onlar mənə ruh yüksəkliyi verdilər. Əhval-ruhiyyəm olmayanda onlarla zarafatlaşıram. Övladlarım artıq özüm boydadılar. Qızımın və oğlumun 15 yaşları var. Reaksiyaları çox itidir. Mübahisələr edib fikir mübadiləsi aparanda məni artıq gülmək tutur ki, bunlar haçan belə böyüdülər ki, mənlə qarşı-qarşıya mübahisə edirlər, söz çatdırırlar? (gülür) Ona görə həyatda bu kimi nüanslar mənə çox kömək olur.
- Dincliyinizi, həyat hüzurunuzu nələrdə tapırsınız?
- Yuxudan oyanıram və baxıram ki, hava günəşlidir. Günəşi çox sevirəm. Fərq etməz, istər qışda, istər yazda, günəş çıxdısa, əhval-ruhiyyəm artıq dəyişir. Əgər görsəm ki, hava gözəldir, o zaman mütləq çıxıb hardasa gəzməliyəm, o havada özümü görməliyəm, havanı hiss etməliyəm. Musiqini çox sevirəm. Musiqi həyatdır mənim üçün. Evdə daim hansısa əsərə qulaq asıram. İstər milli, istər xarici musiqi olsun, fərqi yoxdur. Ən əsası, keyfiyyətli musiqini dinləyirəm. Bizim gözəl mahnıları dinləməyi sevirəm. İstər retro, istər yeni. Özüm üçün pianoda ifa etməyi sevirəm. Bilirsiniz ki, sizin yaradıcılığınızı da çox bəyənirəm, Aysel xanım.
- Təşəkkür edirəm. Musiqişünas olmaq sizin öz seçiminiz idi, yoxsa ananızın? Əgər musiqişünas olmasaydınız, hansı sənət sizi özünə cəlb edərdi?
- Düzünü desəm, musiqiçi olmaq daha çox anamın mənə göstərdiyi istiqamət idi. Atam da musiqini sevən insan idi. Mən daha çox rəsmlə məşğul olmaq istəyirdim. Musiqişünas olmasaydım, sözsüz ki, rəssam olardım. Amma peşman deyiləm, musiqini çox sevirəm. Lakin özümü professional tərzdə musiqidə heç cür görmürdüm. Yəni fikirləşdim ki, qətiyyən pianoçu olmayacağam. Çünki səhnəni sevmirəm. Müğənni də olmayacağam, çünki o da səhnədir. Qorxuram səhnədən. Musiqi sahəsini ancaq musiqişünas kimi seçmək mümkün idi. Dedim, çəkilim bir az kənarda durum, nəsə yazım, nəyəsə fikir verim, daha çox kitab oxuyum, bəstəkarlarla maraqlanım. Məndə səhnə utancaqlığı var deyə heç zaman səhnədə olmaq, anamın yolunu davam etdirib pianoçu olmağı düşünməmişəm. Ona görə də musiqişünaslığı seçdim. Şan-şöhrətli insan deyiləm. Anam sənətinə verilən dəyərdən zövq alırdı. Qonaqlıqlarda fortepianoda ifa edirdi, onu alqışlayırdılar. Mən isə göz önündə olmaqdan utanmışam. Bu xüsusiyyətimə görə çalışmışam kənarda olum. Bilmirəm nə ilə əlaqədardır. Yəqin mənə elə gəlirdi ki, anamın fonunda onun kimi bacarmayacağam. Ola bilər, bununla bağlı olsun. Bəlkə, ola bilər bu, mənim xüsusiyyətim, xarakterimdir. Tam dəqiq deyə bilmirəm.
- Musiqişünaslığı seçməklə bağlı sizinlə təxminən bənzər hissləri yaşamışıq. Musiqini araşdırmaq, təhlil etmək mənə də daha yaxın gəldi və cəlb etdi. Nəinki səhnədə daim diqqət mərkəzində olmaq. Ayanda xanım, bilirəm ki, iddialı deyilsiniz, amma yenə də, hansısa fəxri ad daşımağı, vəzifə sahibi olmağı niyə istəmədiniz?
- Heç zaman vəzifə arxasınca
qaçmamışam. Hər zaman təvazökar insan
olmuşam. İndiki zamanədə bəlkə də, bu,
doğru deyil. Ancaq mənim
üçün belə yaşamaq daha rahatdır. Mən savadlı insanam, zövqüm də var. Bilirəm
ki, hardasa vəzifədə işləsəydim, işimi
yaxşı bacarardım. Bu gün vəzifədəsən,
güclüsən, məşhursan, insanlar sənin
yanındadır. Sabah vəzifən olmasa,
heç sənə zəng edən olmur. Mən
bunları öz ailəmizdə yaşamışam. 1980-ci illərin sonunda televiziyada anamın
bütün konsert səsyazmalarını amansızcasına
silmişdilər. Anama konsert
üçün, səsyazma üçün vaxt vermirdilər,
onu xarici ölkələrə qastrol səfərlərinə
göndərmirdilər. Anam çox dərin
sarsıntı keçirirdi, özünü pis hiss edirdi, təsirlənirdi.
İnsanların qorxudan birdən-birə necə
dəyişdiyini mən hələ o vaxt gördüm. Bu isə mənə dərs oldu. Bu gün sən yüksəkdəsənsə,
yanında adamlar çoxdur.
- Allah Gülarə xanıma rəhmət
eləsin, ruhu şad olsun. Bəlkə bir az
da sənətdəki peşəkar addımlarınızdan
danışasınız?
-1994-cü ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirdim, məktəb-studiyada müəllim
kimi çalışmağa başladım. Nəyin necə
olacağını düşünmədən oranı bir
iş yeri kimi seçdim. Uşaqları sevdiyim
üçün müəllimliyə meyl etdim. Orda təxminən 2000-ci ilə qədər
çalışdım. Dayım qızı,
musiqişünas Nigar Əliyeva mənə dedi ki, bəlkə,
mövzu götürəsən və yazasan? Dedi, işini
sevirsən, inanırıq ki, sənətində növbəti
addım atmış olacaqsan. Onun məsləhəti
ilə bunu etdim. Mövzu
götürdüm və seçdiyim mövzunu çox istəklə
yazdım. Mövzum Nazim Hikmətin
yaradıcılığına həsr olunmuşdu, "Azərbaycan
bəstəkarlarının yaradıcılığında
Nazim Hikmətin poeziyası" adlanırdı. Hardasa 4 il bu elmi işlə məşğul oldum,
üzərində həvəslə çalışdım. Elmi rəhbərim Rəna xanım Məmmədova
idi. İnanın, 4 il kitabxanaların
qapılarını açmışam. O zaman hələ
övladlarım yox idi. Vaxtım yetərincə
idi. Müdafiə edənə qədər
musiqi tarixi kafedrasında işə başladım. O
kafedra mənə çox doğmadır. O vaxtdan elə orada
qalıb, müəllim kimi fəaliyyət göstərirəm.
- Sadəlik
sizdə irsidir, yoxsa bir həyat seçiminizdir?
- Sadəlik
məndə gendən gəlir. Babam Əziz Əliyev
məşhur insan olsa da, çox sadə olub. Anam musiqiçi olub, ansambl yaradıb. Ömür boyu İncəsənət Universitetində
müəllim kimi işləyib, kafedra müdiri olub. O da
heç bir zaman vəzifə sahibi olmayıb. Öz
ansamblı, yaradıcılığı ilə məşğul
olub. Heç bir yerə vəzifə
üçün müraciət etməyib. Mən belə bir mühitdə
böyümüşəm. Çox
gözəl sənətkarlar evimizə qonaq gəlirdi. Bəstəkarlar
Tofiq Quliyev, Emin Sabitoğlu, Ramiz Mirişli, Oktay Kazımov,
Elza İbrahimova, müğənnilər Rəşid Behbudov,
Zeynab Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva,
Şövkət Ələkbərova... Belə
insanları evimizdə görmək mənə musiqini daha da
sevdirərdi. Hər zaman anamda təvazökarlıq
görmüşəm. O, hamıya əlindən gələn
köməkliyi edirdi.
-
Hansısa cəhətiniz övladlarınıza keçibmi? Təkliyi, yoxsa qələbəliyi sevirsiniz? Dostlarla, yoxsa ailənizlə çox zaman
keçirirsiniz?
-
Qızım musiqi sənətini sevir. Uşaqlıqda
çox konsertlərdə iştirak edirdi, xorlarda oxuyurdu.
13 yaşından sonra özünə
qapanmağa başladı. Bilmirəm, bəlkə,
bu, yaşla əlaqədardır. İndi
görürəm ki, uşaqlarım da çox qabaqda olmaq istəmirlər.
Mən qızıma deyirəm ki, nə
üçün səhnədə görünmək istəmirsən,
axı sən gözəl çıxış edirsən?
Deyir, ana, sənin gözündə gözəldir,
sən ana kimi baxırsan deyə yalnız gözəllik
görürsən. Mən artıq
onları üzdə olmağa məcbur edə bilmirəm.
Görürəm ki, istəmirlər. Təvazökardırlar. Ona
görə bu, genlə keçir. Ailədə
elə görüb, elə götürürlər. Biz belə həyat yaşamağa üstünlük
veririk. Təkliyi sevirəm. Amma ailəmlə zaman keçirməyi daha çox
sevirəm.
- Dərs
prosesində sizin necə yaxşı insan olduğunuzu öz
gözümlə görmüşəm. Daim
insanlığı ön plana çəkirsiniz.
- Demək,
sizin özünüz çox həssas insansınız ki, bu
məqamlara diqqət yetirib hiss edə bilirsiniz. Bu incə
duyumunuza, nəcibliyinizə görə çox sağ olun. Mən sizin kimi hissiyyatlı insanları çox
sevirəm. Çalışıram, kobud
insanlardan uzaq olum. İnsanlarda zərif
hissləri yüksək qiymətləndirirəm. İndiki zamanədə insanın daxilində kin,
nifrət, hörmətsizlik baş alıb gedir. İnsana sadəcə yaşca
böyüklüyünə, milliyətinə, dininə, dilinə,
irqinə görə yox, onun daxili dünyasına, savadına,
ağlına, istedadına görə hörmət bəsləmək
lazımdır.
- Müəllimlik sizə hansı hissləri yaşadır? Şəxsən mən keçmiş tələbəniz kimi sizdən qayğı, sevgi, dostluq görmüşəm.
- Çalışmışam heç zaman tələbələrimə
aşağı qiymət yazmayım. Axı onlar mənə
ümid edirlər. İçlərində təqaüd
üçün mübarizə aparan tələbələr də
olur. Mən sadəcə
insanlığımı göstərmək istəyirəm.
Onlar da nədənsə motivasiya
almalıdırlar. Əgər bu sənəti
seçiblərsə, deməli, onların içində nəsə
var və o hissi öldürməmək lazımdır. Sabah müəllim olanda, uşaqlara dərs keçəndə
onlar da əsəbləşməməlidirlər. Yaxşı oxuyan insan yaxşı
oxumağının dəyərini görəndə, o da sonra
yaxşı oxuyanların qabağa getməyi üçün
təkan olur. Mən bu düşüncə
ilə yaşayıram. Bilmirəm, bu,
yaxşı xüsusiyyətdir, yoxsa pisdir, artıq dəyişiləsi
deyil. Bəli, razıyam, bizim sizinlə
müəllim-tələbə münasibətindən əlavə,
artıq 5-6 illik tarixi olan gözəl dostluğumuz da var.
- Əgər siz rejissor olsaydınız, filminizin adı
və mövzusu nə olardı?
- Mən insan xüsusiyyətlərini ortaya çıxaran, dərindən düşündürən münasibətlərdən bəhs edən filmləri sevirəm. Ana və övlad, kişi və qadın münasibəti kimi. Bilirsiniz hər zaman nəyə qarşı olmuşam? Deyirlər, bu ağdır, bu qaradır. Amma hər şeyin başqa rəngləri də var. Ola bilməz ki, insan tamamilə pis olsun və tamamilə yaxşı olsun. İnsanın içində nələrsə var, içində daim mübarizə var. Nəyəsə yox deyirik, nəyəsə hə deyirik. Həyat da elə budur... Mən belə mövzulu kinolara çox meyilliyəm. O demək deyil ki, insanda yalnız pozitiv xüsusiyyətlər olmalıdır. Yəni demək istəyirəm ki, mən insanları tünd rəngləri ilə də qəbul edirəm. Bu həyatdır, biz yaşayırıq. Nəyəsə əsəbləşərik, nəyisə bəyənməyə bilərik. Kimisə görməyi arzulayarıq, kimisə görmək istəmərik. Bu, bizim içimizdən gəlir. İnsan xasiyyəti, xüsusiyyəti, davranışı insanların münasibətləri kinoda mənə həmişə cəlbedici gəlib. Heç vaxt müharibə filmlərini sevməmişəm. Fəlsəfi məzmunlu filmləri daha çox sevirəm. Harda görəndə ki, gözəl bir söz yazılıb, düşünürəm ki, bunlar doğrudan da həyatdan götürülüb. Sevinirəm ki, hardansa nəsə götürürəm, öyrənirəm. Məsələn, belə olanda başa düşürsən ki, orda nə yazılıbsa, demək, səndə də belə hisslər var ki, o yazılanlar sənə doğma gəlir. Mən dəqiq anlayıram ki, sənət başqadır, həyat başqadır. Amma başqa yerdən də baxanda sənət də elə həyatdan götürülüb. Biz bir-birimizə onsuz da bağlıyıq, ayrılmazıq.
- Ayanda xanım, müsahibəyə razılıq verib suallarımı cavabladığınız üçün sizə təşəkkür edirəm.
- Mən sizə təşəkkür edirəm. İçimdən gələni dedim və söhbətimizdən məmnun qaldım. Bu mövzularda danışığımız çox xoş oldu. Belə gözəl bir görüşün reallaşmağı mənə yaxşı təsir elədi. Sağ olun!
Aysel KƏRİM
Mədəniyyət
Nazirliyi yanında İctimai Şuranın mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə katibi
525-ci qəzet.- 2022.- 23 sentyabr.-
S.8.