Vətəndaş Həmrəyliyi bu
günün, gələcəyin ideologiyasıdır
VHP-30
Vətəndaş
Həmrəyliyi Partiyasının 30-cu ildönümündə
VHP-nin yarandığı gündən bu günə qədər
başçılıq edən bir adam kimi
sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də
ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il
sentyabr ayının 26-da Gənc Tamaşaçılar
Teatrında keçirilən təsis qurultayında iştirak
edən dostlarımızı böyük minnətdarlıqla
yada salıram. O insanların bir hissəsi bu gün aramızda
deyil, bəziləri dünyasını dəyişib, bəziləri
VHP ilə yollarını ayırıb. Dünyasını
dəyişən bütün VHP-çilərə, xalq hərəkatından
gələn əqidədaşlarımıza Allahdan rəhmət
diləyirəm. Mənim düşüncəmdə
insanın dünya həyatı elə YOLdan ibarətdir və
bu baxımdan ötən 30 il ərzində dözüm və
səbrlə, bütün əziyyətlərə, maddi və
mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən
dönməmiş, VHP-nin ölkənin güclü siyasi
partiyalarından birinə çevrilməsində fədakarlıq
göstərmiş hər bir üzvümüzə xüsusi
minnətdarlığımı bildirirəm.
Gənc Tamaşaçılar Teatrında keçirilən
təsis qurultayı hamıda belə bir təsəvvür
yaradırdı ki, VHP tezliklə ölkənin ən
güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu
partiyanın ideologiyası və yaradıcıların siyasi
potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün
bölgələri təmsil olunurdu. Mükəmməl
məramnamə və nizamnamə hazırlanmışdı.
Partiyanın ideyası Azərbaycanın milli-mənəvi,
siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın
dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri,
ruhu və yaşadığımız günlərin şərtləri
nəzərə alınmışdı. Müharibə
və çətin siyasi-iqtisadi böhran şəraitində
xalqı birləşdirmək məqsədi
güdürdük. Bölücülük,
dağıdıcılıq, gözübağlı
radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının
mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə
güclü bir siyasi-mənəvi özül üzərində
qurulmuşdu.
Digər tərəfdən, partiyanın liderlər qrupu
meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın
bütün üzlərini görmüşdülər. Onların
nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına
bağlılıqları, nəhayət 1988-ci ildən sonra
daim xalqın qabağında, səmərəli, ayıq,
düzgün mövqe tutmaları təşkilata böyük
inam oyadırdı.
VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində,
xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti
dövründə, müharibədəki qüvvələr
nisbətinin hələ bizim xeyrimizə olan günlərdə
yaranmışdı. Ümidli günlər idi, amma vəziyyət
qarışıq idi. Siyasi hakimiyyət
AXC-nin əlində olsa da, o, vəziyyətin ağası
deyildi. 1988-ci ildən başlanan fikir
ayrılıqları, münaqişələr neçə
illik mübarizələrimizdən, qurbanlarımızdan sonra
da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə
alıb ilk qurultayımızdakı
çıxışımda bildirmişdim: "İlk
növbədə siyasi xətlər dəyişməli,
dövlətçilik, idarəçilik yamsımaları
sürətlə aradan qaldırılmalı və bu sahədə
tam müstəqil quruculuq işləri aparılmalıdır.
Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda
hansı dövləti qururuq? Demokratik, azad
Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik
və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur.
Ciddi axtarış da hiss olunmur. Sükanın
arxasında biz demokratlar oturmuşuq. Lakin
köhnə araba yenə də cırıldaya-cırıldaya
köhnə yoluyla getməyindədir. Nə
kəndin, nə şəhərin, nə də respublikanın
idarəçiliyi üçün köhnə stereotipləri
cəsarətlə qırıb tökən yeni mexanizm
tapılmayıb.
... Nə qədər ki, şirkət prezidenti ilə
köhnə nazirliyin fərqi yalnız dövlət
malını daha sərbəst mənimsəməkdən, icra
hakimiyyəti başçısının köhnə raykom
katibindən fərqi daha cəzasız bir şəkildə tək
hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi
dönüş yaratmaq çətin ki, baş tutsun".
Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi
və Azərbaycanda demokratiya, milli dövlətçilik
ideyalarına ağır zərbə vuruldu. Bir il
sonra hakimiyyət təhvil verildi. Köhnə
arabanı idarə edə bilməyən, yenisini qurmağa
vaxtı çatmayan demokratik qüvvələr həmin
arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət
etdi. Bunları deməkdə məqsədimiz - 1988-ci ildə
siyasi liderlik həvəsi ilə meydana can atanların
çoxu ilə başlanan dialoqlarımızı
xatırlamaqdır. Nəticə göz
qabağındadır. Kimin haqlı, kimin
haqsız olduğunu zaman göstərib. Amma yəqin
siyasət də elə ona görə siyasətdir ki, heç
kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən
istifadə edən açıq-aşkar xəyanətkarlar da
yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə
çağırmaq təəssüf ki, yenə də
mümkün deyil. Çünki hələ
də düşmənlə üz-üzəyik və bu daxildəki
bütün pərdələri götürmək
imkanını heçə endiririk. Bu
cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın
və fəaliyyətimizin başlıca əlamətidir.
Bəla burasındadır ki, son illərdə Azərbaycanın
həyatında müəyyən şəkildə rol
oynamış heç bir lider və siyasi partiya öz əməllərinə
qiymət verərək səhvlərini etiraf etməmişdir.
Siyasi
oyunların nəticələrini gördük və
Qarabağ adı altında yatan saysız faciələrimizin
bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə
olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu
oldu ki, həmin çəkişmələrdə əsl milli
dövlət qurmaq imkanını əldən verdik, müstəqillik,
azadlıq sözləri qiymətini itirdi, millətin
böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət
oyunları nəticəsində meydana çıxan vətəndaş
qarşıdurması təhlükəsi və Azərbaycanın
gələcəyi üçün məsuliyyət duyğusu
idi.
Son illərdə
istər iqtidar, istər müxalifət cəbhəsində
Birinci Qarabağ savaşındakı məğlubiyyətin və
dövlət quruluşundakı səhvlərin,
günahların cəmi bir il hakimiyyətdə
olan demokratik qüvvələrin və xalq hərəkatının
boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm.
Dağlıq Qarabağı Ermənistana vermək
və bu məqsədlə Ermənistanı
silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet
hakimiyyəti illərində əvvəldən qurulmuş bir
plan idi. Sovet dövründə Azərbaycana
başçılıq etmiş insanlar, o cümlədən,
Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən
alanlar bunu görməli və bu xəyanətin
iştirakçısı olmamalı idilər.
Azərbaycanın
demokratik qüvvələri, Xalq hərəkatı
ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını
sürətləndirdilər, Azərbaycanın dövlət
müstəqilliyinin əyri bir müstəvidə bərpasının
qarşısını aldılar, Vətəni boş əllə
də müdafiə etmək nümunəsi göstərdilər
və nəhayət daxili qarşıdurmaya yol verməmək
üçün hakimiyyətdən çəkilmək mədəniyyəti
göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə
bilər, lakin ortada Xalq hərəkatının əsəri
olan və gündən-günə möhkəmlənən
bir Azərbaycan Respublikası var. Bu respublikanın
qurucularının xidmətlərinə tənqidi yanaşarkən
görülən işlərin tarixi əhəmiyyətini də
unutmaq olmaz.
VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində
olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən
gətirdiyimiz misalı bir daha
xatırladıram: "Madam ki, biz milli dövlət
istiqlalını müdafiə edirik, bizim üçün nə
kosmopolit liberalizmə və nə də internasional sosializmə
və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə
sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir".
Milli birlik, vətəndaş
həmrəyliyi - bir sistem kimi bütün vətəndaşların
bərabərliyinə, insan haqlarına, cəmiyyətin
dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə,
ölkədə tarixən formalaşmış maddi-mənəvi
dəyərlər sisteminə hörmət deməkdir.
Bu proses demokratiyanın yüksək təzahürüdür,
hər bir vətəndaşın milli və insani heysiyyətinə
ən böyük sayğıdır, ən mükəmməl
ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş
Həmrəyliyi - insan haqlarını yüksək tutan xalq
ideallarına bağlı, dövlətçiliyə xidmət
edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri
səmərəli dəyərləndirən bir xətdir.
Vətəndaş
Həmrəyliyi:
- Müstəqil
yeni, amma əbədi bir ideyadır;
- Millətin
və dövlətin gələcəyidir;
- Azərbaycanın
qələbəsidir;
-
Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq
alınla, başı uca yaşamağımızdır;
-
Xalqın və bütün insanların mənəvi dəyərlərinə
hörmət aşılayır;
- Cəmiyyəti
formalaşdıran və dərk edən gücdür.
Biz müxalifət, iqtidar münasibətlərinin normal
qurulmasını və qarşılıqlı böhtanlara və
iftiralara, düşmənçiliyə,
qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə
kifayət qədər gənc, sağlam, iradəli, milli
düşüncəli adamlar var. Siyasi əqidəmizdən,
partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən
asılı olmayaraq biz bir millətin övladlarıyıq.
Millətin yüz illər boyu verdiyi
qurbanların, axıtdığı qanların bahasına
qazanılmış müstəqilliyi - daxili çəkişmələrə,
hakimiyyət davalarına qurban verməyə haqqımız
yoxdur. Yetkin, mədəni bir xalq kimi
müstəqil dövlətimizi qoruyub saxlamağa
gücümüz çatar. VHP
özünü bu gücün
daşıyıcılarından, millətin ləyaqətinin,
intellektinin, ağlının və iradəsinin
qoruyucularından biri sayır. Bunu
respublikanın ictimai-siyasi həyatında tutduğumuz
mövqe, beynəlxalq əlaqələrimiz də aydın
göstərir.
Bütün fəaliyyətimiz dövründə ölkəmizin
həm siyasi, həm də mənəvi həyatına həsr
olunmuş demək olar ki, bütün dəyirmi masa və
görüşlərdə, siyasi birliklərdə iştirak
etmişik. Müxalif düşərgədə yaranmış
bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin
iştirakı ilə keçirilən elə bir mühüm
tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək,
elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi
bildirməyək. VHP hakim partiyadan sonra
ölkədə yeganə siyasi qüvvədir ki, bütün
parlament və bələdiyyə seçkilərində
iştirak etmiş və bütün seçkilərdə nəticə
əldə etmişdir. Bu gün parlamentdə
ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana
müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib.
Bu uğurlu yolumuz tutduğumuz düzgün
ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl
dediyimiz sözlər bu gün də qüvvədədir:
"...Vətəndaş həmrəyliyi olmayan yerdə
heç nə mümkün deyil: nə istiqlal, nə
qurtuluş, nə demokratiya, nə dirçəliş, nə
tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən
söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən
qoruna bilər, nə də Ana torpaq..." Seçkilərə
qatılmağımız, parlamentdə iştirakımız və
hadisələrə səbrli yanaşmağımıza
görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz
bütün gizli sövdələşmələrdən uzaq
olduğumuza görə rahatca yolumuzu davam etdiririk!
Bu gün VHP aydın məqsədi olan bir partiya kimi
tanınır və onun daha da güclənmək imkanları
böyükdür. Biz milli mənafedən
çıxış edən partiya kimi sağa da, sola da
sayğı ilə yanaşırıq. Amma
bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur.
Seyrçi mövqe - susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə
öz kəskin, güzəştsiz münasibətimizi
bildiririk. Partiyaların çoxundan fərqli
olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya
dayanmır. Kimdənsə sövdələşdirilmiş
yardım istəmirik. Partiyanın
ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından
tutmuş sıravi vətəndaşlarına qədər -
hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf
edir və bizim xəttimizə, ideyamıza doğrudan da,
qurtuluş yolu kimi baxırlar. Özümüz
hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim
ideyasına çevrilib.
Azərbaycan tarixində ən şərəfli səhifələrdən
biri olan 44 günlük Zəfər Savaşı
"Nicatımız Vətəndaş Həmrəyliyindədir"
şüarımızın bütün ölkə boyunca qəbul
edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük
Vətən müharibəsi dönəmində həmrəyliklərini
nümayiş etdiriblər. Müharibə
dövründə hakimiyyətlə siyasi partiyalar arasında
dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya
gəlməsi önəmli hadisədir. İqtidara
yaxın və müxalifət düşərgəsindən
olan partiyaların bir araya gəlməsi ölkədə
sağlam siyasi mühitin formalaşmasının təzahürüdür.
Ermənistanın təcavüzü və Azərbaycan
həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara
birgə müraciət olundu. Birgə bəyanatlarımızda
ölkəmizə qarşı ədalətsiz mövqe
nümayiş etdirən ölkələrə, qurumlara və
təşkilatlara iradımızı bildirdik.
Biz milli ideologiyamızın varlığını, iradəli
siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də
ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri
Qarabağın Azadlığı ilə yekunlaşmır.
Azərbaycan Respublikasının quruculuğunda
fəal şəkildə iştirak etdiyi Türk birliyi
dünyamızın və gələcəyimizin
yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini
dilimizdə donduranların bu gün fəal şəkildə
bu hərəkatın ön sıralarına dartınmaları
bizi sevindirir. İsmayıl
Qaspıralının, "fikirdə, sözdə, əməldə
birlik" fəlsəfəsi yenidən bayrağa
çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata,
coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə
dəyişik bir müstəvidə baxacaqdır.
Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının
əsas xətlərindən birinə çevrilir. Türkçülük
milli eqoizm, şovinizm deyildir, özünüdərkdir.
Türkçülük Azərbaycançılığa,
özbəkçiliyə, qazaxçılığa,
türkmənçiliyə qarşı deyildir, əksinə,
onların hər birini ayrı-ayrılıqda
böyüdür və birləşdirib bükülməz
bir yumruğa çevirir. Bizim millət olaraq
başqa bir idealımız və hədəfimiz də var, o
da Azərbaycan türklərinin ümumi istiqlalı və
birliyidir. İranla dinc qonşuluq siyasəti
bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb
parçalanmaq istəmirsə Güneyli
qardaşlarımızın öz ana dilində oxumaq
haqqını, Azərbaycan Respublikası ilə mədəni,
iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti
ayırmamalıdır. Milli
idealımız Azərbaycanın öz torpaqlarının
düşməndən təmizlənməsi və
bütövləşməsidir. İdeologiyamız
türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə
söykənən vətəndaş həmrəyliyidir.
Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.
Bu baxımdan vətəndaş həmrəyliyi
hamının, bütün xalqımızın indiki və gələcək
ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən
çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz
halda dövlətimizin müstəqilliyi də,
xalqımızın firavanlığı da daimi olacaqdır.
Bütün bu illər ərzində ədəbi
yaradıcılığımda, siyasi mübarizəmdə,
daşıdığım vəzifələrdə bir amala
xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi,
bütövlüyü və azadlığıdır!
Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub - daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!
TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ
QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2022.- 23 sentyabr.-
S.6;9.