Bülbülün Kəndoba
izləri
Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbül sənətdə
təkdir, müqayisə
olunmazdır. Hətta mən fikirləşirəm
ki, yer üzündə
Bülbül
qədər öz
adını doğrulda
bilən ikinci bir adam bəlkə
də yoxdur. Hər bir möcüzəyə
həm də müqəddəslik kimi baxılır. Bülbülün
də səsi əsl möcüzə
olduğu üçün
bu böyük sənətkara "müqəddəs
səsin sahibi" sözləri çox yaraşır. Fikrimə o da gəlir ki, oxuyanda bülbül kimi cəh-cəh vurduğuna, bülbül kimi xoş avazlı olduğuna görə bu ad Allah-təala tərəfindən
ona sanki bir vəhy kimi göndərilib,
bir mükafat kimi bəxş olunub.
Əgər mən, böyüklər
bir yana, hələ 7-8 yaşlı
bir uşaq ikən Bülbülün
səsini ilk dəfə radiodan eşidib, o səsin məlahətinə, gözəlliyinə,
şirinliyinə vurulmuşamsa,
o səsin ecazını
duya bilmişəmsə,
bu səs hələ uşaq yaşlarımdan diqqətimi
özünə çəkə
bilibsə, məni duyğulandırıbsa və
əgər 13-14 yaşlarımda
Bülbülün ölüm
xəbərini eşidib
sarsılmışamsa, bu
ağır itkinin dərdini çəkmişəmsə,
deməli, bu insan başdan-başa heyrət doğuran, möcüzələr yaradan
bir sənətkar olub və eyni
bir istəklə bu gün də
ürəklərdə yaşamaqdadır.
Onu da deyim ki,
Bülbülün səsi,
gözəl ifaları
o vaxtlardan, yəni uşaq yaşlarımdan mənim beynimə, ruhuma həkk olunub, duyğularıma, hisslərimə hopub.
Uzun illər hər ayın 26-da (Bülbülün
rəhmətə getdiyi
rəqəmdir - sentyabrın
26-sı) radionu açıb
Bülbülün səsinə
qulaq asmışam və hər dəfə də bu anım gününü
təsis edənlərə
"çox sağ olun" demişəm. Hər anım günündə
bu dahi müğənni
sanki yenidən dünyaya gəlir. Bax, əsl ölməzlik
budur!
Nə vaxt Bakıya getsəm, yolumu mütləq dahi Bülbülün heykəli ucaldılmış
küçədən salıram. Heykəlin önündə
dayanıb xeyli düşünürəm, Bülbülün
adını eşidib
səsinə ilk dəfə
qulaq asdığım
uşaqlıq çağlarımı
yada salıram. Yeganə müğənnidir
ki, günlərlə,
aylarla dinləsən,
yorulmursan...
...85 yaşlı Cəmaləddin
kişi ilə söhbətimizdə
mənim bu hiss və duyğularıma daha bir zənginlik
gəldi. Bülbüllə bağlı söhbətimiz
bizi daha da mehribanlaşdırdı,
doğmalaşdırdı. Çünki düşüncələrimiz,
Bülbülə olan
sevgimiz, marağımız,
zövqümüz, hörmət
və ehtiramımız
üst-üstə düşürdü.
Sən demə, həmsöhbətim
Cəmaləddin kişi Bülbülü
təkcə gözəl
müğənni kimi
deyil, həm də atasının yaxın dostu kimi tanıyırmış.
Atası Atamalı kişi Bülbüllə
ailəvi dost olublar, bir-birlərinə gediş-gəlişləri
varmış.
Mənə dahi müğənni Bülbül haqqında maraqlı xatirələr söyləyən Cəmaləddin
Zeynalov Ağsu rayonunda tanınmış
ziyalılardandır. Uzun illər
rayonda bir çox rəhbər vəzifələrdə işləyib,
rayonun ictimai-siyasi və təsərrüfat
həyatında yaxından
iştirak edib. Uzun illərdir ki, rayonun Veteranlar təşkilatına sədrlik
edir və bu gün də
xoş amallarla yaşayır.
Yaş fərqimizə
uyğun olaraq mən Bülbülün səsini ilk dəfə radiodan eşitdiyim uşaqlıq çağlarımı
xatırladım. Cəmaləddin
kişi isə Bülbülü
lap yaxından gördüyü
və hətta dahi sənətkarın ailəsi ilə birlikdə onların evində qonaq olduğu o gözəl çağları böyük
fəxrlə yada saldı.
Bülbülü yaxından görmüş,
hətta onu evlərində qonaq kimi qarşılamış
bir adamla həmsöhbət olmağım,
eləcə də Cəmaləddin kişinin
Bülbüllə bağlı
dedikləri mənə
xüsusi zövq verdi.
Cəmaləddin kişinin Bülbüllə
bağlı dedikləri
xəyalən məni,
elə onun özünü də ötən illərə -
uşaqlıq və
ilk gənclik illərimizə
qaytardı. Hər ikimiz çirin
xəyallara daldıq,
xatirələrimizin işığında
dahi Bülbülü
gördük. Sanki o, bizim nəzərlərimizdə
yenidən dünyaya gəlmişdi.
Cəmaləddin kişi Bülbüllə bağlı
o illəri xatırlayaraq
dedi: “1949-cu ilin bir yaz səhəri
idi. Ağsu rayonunun birinci katibi, Sosialist Əməyi Qəhrəmanı
Hüseyn Məmmədov
(o, əslən Ordubad
rayonundan idi) atamı yanına çağırıb bildirir
ki, dostun Bülbül böyük bir konsert briqadası
ilə rayona gəlir. O vaxt atam Atamalı Zeynalov Ağsu rayonunun Kəndoba kəndində kolxoz sədri işləyirdi. Atam bu xəbəri eşidəndə qonaqları
qarşılamaq üçün
dərhal hazırlıq
görməyə başladı.
Rayon mərkəzində Bülbülün iştirakı
ilə böyük bir konsert oldu. Sonra atam
yaxın dostu olan Bülbülü konsert briqadası ilə birlikdə bizim kəndə - Kəndobaya dəvət etdi. Bülbül əmi (mən
ona "əmi" deyirdim) bizə gələndə həyat
yoldaşı Adilə
xanımı və oğlu Poladı da özü ilə gətirmişdi.
Kənddə böyük bir məclis quruldu. Bülbülün gəlişindən xəbər
tutan kənd camaatı hamılıqla yığışıb gəlmişdilər
bizim həyətə.
Yemək-içmək ərəfəsində səsləndirilən musiqi
sədaları məclis
əhlinə xüsusi
zövq verirdi.
Atam olduqca zarafatcıl, deyib-gülən adam
idi. O, məclisin şirin yerində Bülbül əmiyə dedi: "Ay Bülbül, sən şirin mahnıları, romansları,
dünya xalqlarının
mahnılarını onsuz
da çox gözəl oxuyursan. Gəlsənə, bu gün, bu gözəl
məclisdə, kənd
camaatının toplaşdığı
bu gözəl gündə gözəl muğamlarımızdan
oxuyasan".
Bu söz Bülbül
əminin də ürəyindən
oldu. Odur ki, tar çalana üz
tutub: Bir "Rast" çal, - dedi.
Tar bir anda cuşə
gəldi. Bülbül
"Rast" muğamı üstündə
bu sözləri oxumağa başladı:
Xatirat dəftəri durur qarşımda,
Dolanır dəli bir sevda
başımda.
Gözəl Qarabağda cavan
yaşımda
Bir gözəl
seçdiyim yadıma
düşdü.
Gözəl Qarabağın gözəl
çiçəyi,
Baxdıqca artırdı ömrün
diləyi.
Ona öz sevgimi necə deməyi
Hey ölçüb-biçdiyim yadıma
düşdü.
Sonatək uçmuşdu eşqin
gölündən,
Adı aşiqinin
düşməz dilindən.
İsa bulağında onun əlindən
Su alıb içdiyim
yadıma düşdü.
Baxdıqca doymazdım gül
yanağından,
Bir güldü,
dərmişdim eşqin
bağından.
Bir gün evlərinin
lap qabağından
Titrəyib keçdiyim yadıma
düşdü...
Bülbül muğamı bitirib keçdi
xalq mahnısına:
İkisi
bir boyda gəzən gözəllər,
Toyda-mağarda süzən
gözəllər,
Hər sözə bir söz düzən gözəllər...
...Eyvana çıxdım, gördüm yar gəlir,
Dağlar maralı
o maral
gəlir,
Başına örtüb xara şal gəlir...
Hamı heyranlıqla, necə
deyərlər, nəfəs
dərmədən Bülbülə qulaq asırdı. İfa sona çatanda “məclis əhli Bülbülü xeyli alqışladılar...
....Danışdıqca
kövrələn, ara-bir
qəhərlənən Cəmaləddin
kişi söhbətinə
davam edib dedi: “Bülbül əmi bizim kəndə öz "Moskviç"
maşını ilə
gəlmişdi. Söhbət
əsnasında Bülbül atama dedi: "Atamalı, eşitmişəm
yeni
"Pobeda" maşını çıxıb. Mən Bakıya qayıdanda həmin
maşından
alacam. Bu "Moskviçi" də bağışlayıram sənə.
Atamın etirazına baxmayaraq,
Bülbül əmi dediyini elədi. " Moskviç" qaldı bizdə. Atam səhəri gün Bülbül əmini konsert briqadasının üzvləri ilə birlikdə qonşuluqda yerləşən
Sığırlı dəmir yolu stansiyasından qatarla Bakıya yola saldı.
Cəmaləddin kişi Bülbüllə bağlı daha bir xatirəni yada saldı: O vaxt, 50-ci illərdə hər yerdə sürücülük kurslarına böyük tələbat vardı. Sürücü kadrlar çatışmırdı. Bizim Kəndoba kəndindəki kolxoz da sürücü sarıdan çətinlik çəkirdi. Odur ki, Kəndoba kəndində kolxoz sədri işləyən atam 1958-ci ildə Bülbülə bu məzmunda bir məktub yazdı: "Kolxozumuzun sürücü kadrlarına böyük ehtiyacı var. Ona görə də kəndimizdən üç nəfər gənci sənin yanına göndərirəm. Xahiş edirəm ki, onların sürücülük kursuna qəbul olunmasına köməklik göstərəsən".
Beləliklə, atam yazdığı məktubla birlikdə həmin gəncləri göndərir Bakıya - Bülbülün evinə. Bülbül atamın yazdığı məktubu da, uşaqları da mehribanlıqla qarşılayır və onların sənədlərini hazırlatdırıb sürücülük kursuna təqdim etdirir. Kəndobadan olan həmin gənclər Bülbülün qayğısı sayəsində Bakıda sürücülük kursuna daxil olub oxuyurlar və sürücülük vəsiqəsi ilə kəndimizə qayıdırlar. Həmin o gənclər uzun illər Kəndoba kolxozunda sürücü işlədilər...
Bülbül əminin belə xeyirxah işləri çox olub. Mən özüm də bir neçə dəfə Bülbül əmigilin evində olmuşam. Poladın uşaq yaşlarında evlərində pianino çaldığını da görmüşəm.
Bülbül əmi rəhmətə gedənə qədər atamla dostluqlarını davam etdirmişdilər...”...Cəmaləddin kisinin həzin və kövrək duyğularla söylədiyi xatirələr məndə xoş təəssüratlar oyatdı, dahi sənətkar Bülbüllə bağlı bilgilərimi daha da artırdı. Bəli, dahi Bülbülün Kəndoba izləri bu gün də yaddaşlardadır.
Tofiq ABDULLAYEV
525-ci qəzet.- 2022.- 24 sentyabr.- S.15.