Antik dünyanın parlaq şəxsiyyətləri
Ön
söz
Bəşər tarixini bəzəyən görkəmli
şəxsiyyətlər göy qübbəsindəki ulduzlara
bənzəsələr də, onların sayı o qədər
çox deyildir, ən azı miriad miqdarında deyildir. Onların
keçdiyi həyat yolundan, mübarizəsindən, insana
münasibətindən və hərbi igidliklərindən biz çox
şey öyrənirik. Bu məsələdə
antik dünyanı təmsil edənlərdən bəziləri
həm də sonrakı minilliklərdə gələn
böyük şəxsiyyətlər üçün
nümunə rolunu oynamışlar. Dahi sərkərdə,
öz qələbələri ilə Böyük Karldan sonra
Avropanı birləşdirməyə çalışan və əsasən, buna nail olan
Napoleon özünü, tarixdəki sələfləri olan
Makedoniyalı Aleksandra və Qay Yuli Sezara oxşatmağa
çalışırdı. Bədbəxtlikdən, ya
xoşbəxtlikdən, ambisiyalarını cilovlaya bilmədiyindən
məğlubiyyətlər girdabına düşməklə
sürgün həyatı yaşamağa məcbur oldu və
bütün Avropanı idarə etmək istəyən bir adam, Müqəddəs Yelena adasında tənhalıq
mühitində dünyanı tərk etməli oldu. Onun
böyük təqlid hədəfləri olan sərkərdələr
isə bir dəfə də olsun oxşar məğlubiyyət
acısını dadmamışdılar.
Təəssüf
ki, hərbin, militarizmin dünyaya, bəşəriyyətə
vurduğu ciddi ziyanlara, şəhərləri xaraba
qoymasına, qan çayları axıdıb, insana həyat verən
mayedən dənizlər yaratmalarına baxmayaraq, tarix boyu
onları təmsil edənlər daha çox təbliğ
olunduqlarından, insan şüurunda özlərinə məqsədlərindən
fərqli olaraq elə yuva qurmuşlar ki, o, hacıleylək
yuvası kimi hətta uzaq məsafədən də
görünür.
Lakin bəzi
şəxsiyyətlər onların tam əksi olmaqla, öz həyatlarını
xalqının, vətəninin azadlığı uğrunda
mübarizəyə sərf etmiş, min illər bundan əvvəl
insan ləyaqətinin yüksəlməsinə yol açan cəmiyyətlərin
yaranması və qorunması üçün ehtiraslı fəaliyyətdən
bir an da olsun uzaqlaşmamışlar.
Əslində, onlar daha geniş təbliğ olunmalı,
onların həyatı sonrakı nəsillər, müasir
insanlar üçün yol göstərən ulduz rolunu oynamalıdır.
Onlar nə insan qırğını törətmiş,
nə də abad məskənləri xaraba qoymuş, nə
böyük ərazilər işğal etmiş, nə də
bütöv xalqları işğal
asılılığında yaşamağa məcbur
etmişdilər. Onların yeganə arzusu öz
xalqlarının azadlığı, dövlətlərinin
müstəqilliyinə xələl gəlməməsi
olmuşdur, bu mübarizədə onlar ittihamlarla,
böhtanlarla üzləşmiş, lakin tutduqları haqq
yolunu tərk etməmiş, buna görə həyatdan getmək
lazım gəldikdə, bir an da olsun tərəddüdə
yol verməmişdilər.
Afinanın böyük siyasi xadimi Perikl doğma şəhər-dövlətində
demokratiyanın təntənəsi üçün əlindən
gələni etmişdi. Elə bil ki, o, zaman maşınında səyahət
etməyi bacarırmış, bu maşın indi dəbdə
olan qaydada keçmişə deyil, məhz onun nəzərinin tələbatı
ilə gələcəyə ünvanlanmışdı. Onun
bilavasitə səyi ilə, buna görə onu təqsirləndirənlər
də az deyildi, əsərləri bizim
dövrümüzə gəlib çıxan əsl dahiyanə
sənət məktəbi yaratmışdı. Onun tikdirdiyi
Parfenon zamanın və insanların dağıdıcı təsiri
ilə malik olduğu gözəlliklərin çoxunu itirsə
də, adamı valeh edən arxitektura incisi kimi indi də
dünyanın öyündüyü bənzərsiz memarlıq əsəri
olaraq qalır. Perikl zamana qalib gəlməyi
bacarsa da, ağır epidemik xəstəlik
qarşısında aciz qalmaqla, dünyanı tərk etdi.
Lakin onun demokratiya ilahəsinə sitayişi,
Afinanı gözəlləşdirmək sahəsindəki əməlləri,
onun mənəvi dünyasının pozulmaz xüsusiyyətləri
nəinki itdi, əksinə, bəşəriyyət naminə
göstərilən xidmət kimi yaşadı, milyonlar
üçün ibrət və pərəstiş nümunəsi
oldu.
Yaxud
Afinanın IV əsrdəki böyük natiqi Demosfen öz dövlətinin
müstəqilliyi, həm də bütün Yunanıstanı
azad görmək naminə öz dövrü üçün
divi xarakterizə edən iki Makedoniya hökmdarına - ata və
oğul olan Filippə və Aleksandra qarşı
ölümcül mübarizə aparmalı oldu. Filipp artıq xeyli gücə yiyələnmiş
bir dövlətin çarı, qüdrətli ordunun sərkərdəsi
idi. Aleksandr əraziləri işğal etməklə
üç qitədə özünün nəhəng
imperiyasını yaratmışdı. Demosfenin
isə malik olduğu yeganə silah onun natiqliyi idi. Gənc,
cılız David timsalında olan bu adam, əslində
filistimli nəhəngi təmsil edən iki Qollafa qarşı
vuruşmuşdu. Daviddən fərqli olaraq, o,
qeyri-mütənasib, olduqca böyük güc
qarşısında məğlub olmalı, həyatdan getməli
idi. Lakin onun Afinanın azadlığı
uğrunda mübarizəsi artıq bizim eranın ikinci
minilliyinin XIX yüzilliyində bütün Yunanıstanın
Osmanlı zülmündən xilas olması hərəkatında
da ilhamverici ruhu ilə öz əksini tapmaqla, dörd
yüzillik əsarətə son qoymaqla, qələbə ilə
başa çatdı.
Bir həqiqəti
etiraf etmək lazımdır ki, hərbi xadimlər,
böyük sərkərdələr, fatehlər çaldıqları
qələbələr hesabına insanların xatirəsində
daha böyük yer tutur, işğal etdikləri ərazilərin
böyüklüyü onların tarixi fiqurasının da nəhəng
ölçülər almasına səbəb olur. 20
yaşında Aleksandr atasının qətlə yetirilməsi
nəticəsində Makedoniya taxt-tacına yiyələndi,
Yunanıstan hegemonluq etməklə kifayətlənməyib,
Kiçik Asiyaya keçdi, böyük Persiya
imperiyasını tarixdən sildi, Misiri tutdu, Hindistanın
şimalını işğal etdi. Persiyaya
hücum ideyası xeyli əvvəl də mövcud idi,
atası Filipp bunu özünün hərbi gündəliyinə
salmışdı, lakin qatilin bıçaq zərbəsi ilə
ölümü həmin planı həyata keçirməyə
imkan vermədi. Aleksandr təkcə
özünün yeni imperiyasını yaratmaqla kifayətlənməyib,
Qərblə Şərqi birləşdirmək istəyirdi.
Bu məqsədlə o, bir sıra qəribə
görünən tədbirlərə də əl
atmışdı. Paradoks orasındadır ki, onun şöhrəti
Şərqdə daha geniş
yayılmışdı, işğal etdiyi ölkələrin
xalqları onun real nailiyyətlərini rəvayətlər
hesabına böyüdərək, ona fövqəl bəşər
qiyafəsi geyindirilmişdi. Lakin bu dahi
insanın qeyri-adi xarakter daşıyan uzaqgörən
ideyası bütünlüklə həyata keçməsə
də, onun bəhrəsi kimi Aleksandr özündən sonra
Ellinizm adlı böyük irsi qoyub getdi. Yaratdığı
imperiya öz ölümündən sonra tezliklə
parçalansa da, Ellinizm yaşamaqda davam etdi, Yaxın Şərqə
və Misirə xeyli elmi və mədəni təsir göstərdi.
Bəzi sərkərdələr döyüş səhnəsində
qazandığı qələbələrdən də daha
çox, vətəninə sədaqət sahəsindəki əvəzsiz
xidməti və humanizmə yad olan müharibənin
özündə də insanpərvərliyə qayğı
göstərməsi ilə fərqlənmişlər. Qədim Romanın bizim
eradan əvvəlki V əsrin sonu və IV əsrinin əvvəllərində
dəfələrlə hərbi diktatoru olmuş Mark Furi Kamill
Romanın qallara az qala bütünlüklə
təslim olmasına imkan verməmiş və onları
İtaliyadan qovmuşdu. Faleri şəhərini
mühasirədə saxladıqda, şəhərə xəyanət
etməyi planlaşdırmış və bu məqsədlə
onun yanına gəlmiş müəllimi alicənablıq
göstərərək cəzalandırıb, şagirdlərlə
birlikdə geri qaytarması, şəhər sakinlərinə
böyük təsir göstərdiyindən, onlar vuruşmadan
şəhər qapılarını onun üçün
açmışdılar. Kamill öz hərəkəti
ilə gələcək azğın sərkərdələrə
insanıq dərsi vermiş, müharibədə də bəzi
qanunların mövcud olduğunu göstərmişdi.
Qay Yuli Sezar b.e.ə. I əsrdə Romanın böyük
sərkərdəsi kimi Qalliyanın nəhəng ərazisini
işğal etmiş, Britaniya adalarına keçmiş,
öz ölkəsində vətəndaş müharibəsinin
başlanmasına səbəb olmuş, Yunanıstandakı
Farsalda oraya qaçmış, əvvəlki müttəfiqi,
sonralar isə rəqibi olan Pompeyi məğlub etmiş,
İspaniyada və Şimali Afrikada pompeyçilər
üstündə qələbə çalmışdı. Sezar öz düşmənlərini əfv etməyi
də bacarırdı, onun şöhrətləndirən
xüsusiyyətlərindən biri clementia adlanan mərhəmətliliyi
idi. Lakin Sezar çar olmaq eşqinə
düşdü və bu, onun sui-qəsd nəticəsində
həyatla vidalaşmasına səbəb oldu.
Haqqında danışılan şəxsiyyətlər
böyük olduqları kimi, həm də mürəkkəb təbiətə
və müqayisəyə gəlməz qabiliyyətlərə
malik idilər.
Bu, heç də o demək deyildir ki, onlar
bütün qüsurlardan da xali idilər. Onlar
insan olmaqla, bəşər övladın xas olan zəifliklərdən
və qüsurlardan da tam uzaqlaşa bilməmişdilər.
Lakin onların portretlərinin palitrası olduqca zəngindir və
bu görkəmli insanlardan öyrənilməsi şeylər də
az deyildir.
PERİKL
Bizim
eradan əvvəl V əsrin ikinci yarısında iki onilliyə
yaxın müddətdə Afina şəhər-dövlətinə
rəhbərlik etdiyi dövrdə Perikl, bu məkanın
beşiyi olduğu hesab edilən
demokratiyanı daha da inkişaf etdirmişdi. Ona görə də tarixçilər həmin zaman
kəsiyini Perikl erası adlandırırlar. Həqiqətən də bu illər Afina hakimiyyətinin
yüksəlməsi, daha qüdrətli olması və bu
sivilizasiyasının parlamasının kulminasiya nöqtəsi
oldu. Görkəmli siyasətçinin səyi və yenilməz iradəsi
hesabına dövlətin idarə olunmasında demokratik sistem
daha da çiçəkləndi.
Perikl erası dövründə afinalılar idrəçiliyin
demokratik qaydalarına dərindən vuruldular. Xalqın
suverenliyi, hökmranlığı özünü eklesiya
adlanan baş məclisdə (Xalq
yığıncağında) göstərirdi. Həmin
eranın 18 ili ərzində kişi cinsindən
olan bütün vətəndaşlar ona daxil idi. B.e.ə. 440-cı illərdə bu qrupun sayı 43
min nəfərə yaxın idi. Akropoldan
şərqdə, təpə tərəfdə aparılan
baş məclis, başqa sözlə, həmin
yığıncaqlar keçirilirdi. Onlarda
heç də hamı gəlib iştirak edə bilmirdi və
iştirak edənlərin sayı nadir hallarda 6 min nəfərdən
çox olurdu və yığıncaq yeri də yalnız o qədər
adamı tuturdu. Baş məclis
bütün qanunları qəbul edir, müharibə və
xarici siyasət barədə son, həlledici qərarını
verirdi. Burada hər bir adam
danışa bilərdi, adətən, bunu yalnız hörmətli
liderlər edirdi, çünki belə çox adamın
olduğu yerdə bir şərt kimi danışmaq qabiliyyəti
də tələb olunurdu.
Xalq
yığıncağı Afinada ali
hakimiyyəti təmsil edirdi və verilən qərarlar
çoxluğun iradəsinin bəhrəsi idi. Azlığın
deyil, çoxluğun hakimiyyəti demokratiyanın təməl
prinsipi idi. Perikl isə məhz belə
hakimiyyətin mövcudluğu və təzahürü ilə
fəxr edirdi.
Afina əsrin əvvəlində, b.e.ə. 480-cı və
440-ci illərdə böyük və qorxulu sınaqlara cəlb
edilmişdi. Persiyalılarla 480-ci ildəki müharibədə
qalib gəldikdən sonra, Afina yeni liderliyini sübut etmək
üçün Delos Liqası adlanan konfederasiya yaratdı.
B.e.ə. 478-477-ci illərin qışında
yaradılan bu Liqada əvvəldən Afina dominantlıq edirdi.
Liqanın baş qərargahı İoniya
yunanları üçün (Kiçik Asiyanın qərbində
olan şəhər -dövlətlərin yerləşdiyi ərazi
İoniya adlanırdı) müqəddəs olan Delos
adasında yerləşsə də, baş idarələr, xəzinə
və həm də donanma komandanlığı Afinada idi.
Ona məxsus olan, 300 gəminin də çoxunu
Afina vermişdi. İri dövlətlər
üzv kimi Liqaya pul ödəyirdi.
Afinanlıların liderliyi altında Delos Liqası Persiya
imperiyasına qarşı hücuma meyl edirdi, çünki
iki dəfə onun təcavüzünə məruz
qalmışdı. Bu vaxt faktiki olaraq Egey dənizi
adalarındakı bütün yunan dövlətləri
Persiyanın nəzarətindən azad olunmuşdu. Persiya donanması və ordusu isə b.e.ə. 469-cu
ildə Kiçik Asiyanın cənubunda qəti surətdə
məğlub edilmişdi. Beləliklə, əslində,
Persiya təhlükəsi artıq arxada qalmışdı.
Afina ona çalışırdı ki, heç
bir dövlət Liqadan ayrılmasın. Tezliklə
Liqa Afina imperializminin alətinə və həmin
imperiyanın aparıcı qüvvəsinə çevrildi.
Bu siyasəti afinalılar bəyənirdilər, xüsusən b.e.ə. 450-ci ildən isə Perikl adlı aristokrat bu şəhər-dövlətdə mühüm siyasi rol oynamağa başlayandan Afinanın Liqada əhəmiyyəti daha da böyümüşdü.. Periklə qədər, Klisfen islahatı ilə şəhərin 10 tribasından (bölgəsindən) seçilmiş 500-lər Şurası fəaliyyət göstərirdi və onun xalq yığıncaqlarının təşkilində xeyli səlahiyyətləri var idi. Baş məclisdən keçən qərarların icrasına hər triba nəzarət edirdi.
Şəhərin icra orqanı olan magistratlar, adətən, sinifləri nəzərə almadan seçilirdi və onun həmin tərkibdəki fəaliyyəti yalnız bir il davam edirdi. Kişi cinsindən olan vətəndaşların çoxu həyatının hansısa bir dövründə ictimai vəzifə daşıya bilirdi. On nəfərdən ibarət vəzifə şurası isə generallar kimi tanınırdı, onlar strateq adlanırdılar və dövlət işlərini aparmaq üçün ictimai qaydada seçilirdilər. Generallar, adətən, varlı adamlar olurdu, lakin xalq sərbəst qaydada başqalarını da seçə bilərdi. Həm də generallar təkrarən seçilmək hüququna malik idilər, bununla da fərdi liderlik mühüm siyasi rol oynamağa qadir olmuşdu.. Perikl 15 dəfə ardıcıl olaraq on generaldan biri olaraq seçilmişdi və daha böyük dövr ərzində, b.e.ə. 461-ci illə 429-cu il arasında o, aparıcı siyasətçilərdən biri idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 24 sentyabr.- S.14.