Bu dünya kimsəyə qalmaz, əfəndim...
POZİTİVDƏN
NEQATİVƏ - YAXŞI HADİSƏDİR, YA YOX?
Müstəqillik
dövründə biri tez, biri daha gec ədəbiyyata gəlmiş
və kimisi artıq özünü təsdiq etmiş, kimisi
üçün bu təsdiq hələ irəlidə olan, həm
bədii-estetik, həm də sosial baxımdan maraqlı bir
hadisə ilə rastlaşırıq və mən hələ
bir neçə il bundan əvvəl poeziyamızda payız
ovqatı ilə kədərin, tənhalığın, yeknəsəqliyin
obrazlaşdırılmış poetik ifadəsi barrədə
yazmışdım. O essedə ("Payız ovqatının
dedikləri", "Ədəbiyyat qəzeti", 29 oktyabr
2016.) altı il bundan əvvələ aid belə bir
müşahidə var idi: "Maraqlı bədii-psixoloji (bəlkə,
həm də ictimai-sosioloji ?) bir cəhətdir ki, payız ovqatının
daha çox, eyni zamanda bədii emosionallıq
baxımından, məncə, daha təsirli poetik ifadəsi ədəbiyyata
son illərdə gələn qadın şairlərimizin
yaradıcılığında özünü göstərir".
Payız
ovqatı - əsas etibarilə mənəvi tənhalıq, kədər,
qüssə, eynilik...
Aradan
keçən bu altı ildə maraqlı hadisədir ki, əksəriyyəti
məhz qadın şairlər olan pleyadanın həmin
"payız ovqatı" ilə yazdıqları obrazlı
poetik söz artıq təmayül yox, müasir poeziyamızın
əldə etməyə başlamış, orijinal və cəsarətli
bir istiqamət (təzə salınmaqda olan yol) təsiri
bağışlayır. Əgər bu cür də
davam etsə, məncə, gələcəkdə söhbət
hətta yeni yaranmış estetik cərəyandan gedə bilər
və belə olsa, bu yalnız poeziyamızın yox, ümumən
ədəbiyyatımızın bədii-estetik şaxələnmə
mənasında müxtəlifləşməsi (zənginləşməsi)
deməkdir.
Bu poeziya
nümunələrini küll halında nəzərdən
keçirdikdə, məndə hələlik yalnız cizgiləri sezilən
obrazlı poetik düşüncə sistemi təəssüratı
yarandı və bu mülahizəni söyləyirkən, mən
nəyi nəzərdə tuturam? Özünü
göstərməyə başlayan bu sistemin gələcək
poetikasını mən necə görürəm?
Bir anlıq təsəvvür edək ki, həmin sistem
artıq yaranıb və biz nə görürük?
İlk
növbədə burada müstəqimlik, birbaşalıq
yoxdur, çünki poetik söz o qədər müstəqim
deyilib ki, emosional təsir gücünü itirib, oxucuya "mən çox
xoşbəxtəm", yaxud "mən çox kədərliyəm"
deyəndə, bu, çılpaq nəticədir və sən
bu nəticəni doğuran səbəbi də beləcə
müstəqim deyirsənsə ("oğlum birinci sinifə
gedib, ona görə də xoşbəxtəm", yaxud
"sevdiyim insan vəfasızdır, ona görə də kədər
içindəyəm" və s., və i.a.), bunun bədii-estetik
səviyyəsi keçilmiş poetik yollarda çoxdan
palçığa batıb. Nəticəni oxucu
çıxartmalıdır və sən səbəbi
obrazlı şəkildə deməyi bacarmalısan.
Bu sistemdə mütləq bir şey də yoxdur, yəni
şeirin personajı (lirik qəhrəman) həmin sevincin də,
kədərin də portretini yaradanda "yaxşı -
pis" kimi mütləq (obsalyut) qütblərdə
dayanmır, o, bu qütblərin ortasında dayanıb və
dinamikdir, hər iki qütbə tərəf hərəkət
edə bilər, sənətin obyekti isə, bildiyimiz kimi, xislətdir
- xislət də mürəkkəbdir, ziddiyyətlidir,
çoxqatlıdır. Mütləq qütblər sosrealizmin
"mənfi qəhrəman - müsbət qəhrəman"
bölgüsü kimi özünü doğrultmadı, bədii
iflasa uğradı və bəhs etdiyimiz sistemin lirik qəhrəmanı
belə bir bölgüdən uzaqdır, o, hisslər
dünyasının məxluqudur.
Bu sistem
üçün bütün formalar məqbuldur: heca, sərbəst,
destruktiv şeir, ağ şeir - hər
şey istedadın təhtəlşüur
axtarışından asılıdır və o,
axtardığını (söhbət deyiləcək
sözün doğma (!) formasından gedir) tapacaq.
Burada məsələ yalnız banal "mən-sən",
"mana-sana" qafiyələrindən imtina etməkdə
deyil, düşüncələrin, ifadə olunan hiss-həyəcanların
poetik miqyası milli bünövrəyə, təmələ
söykənən bəşəriliyə
adlamasındadır.
Mənəvi
azadlıq, sərbəstlik bu sistemin daxili poetik kütləsində
mühüm yer tutur, çünki lirik qəhrəman (hisslər
dünyasının məxluqu) öz mənəvi gizlinlərini
açmaqda azad və sərbəstdir, çünki onun daxili
qadağaları (senzurası) istedadının
qarşısına sədd çəkməkdə gücsüzdür.
Bu sistemin bədii-estetik mündəricatı elitardır
və kütlə üçün nəzərdə
tutulmayıb, elitar da oxucu tələb edir. O başqa məsələ
ki, bu sistem də, cəmiyyət də sinxron olaraq inkişaf
edib elə bir səviyyə çatır ki, kütləvilik əldə
olunur.
Ancaq biz gələcəkdən günümüzə
qayıdaq və dediyim həmin təəssüratı yaradan
nümunələrə nəzər salaq.
"Fani dünya" bizim klassik poeziyamızda,
aşıq yaradıcılığında,
bayatılarımızda mühüm bədii-fəlsəfi
mövzulardan biridir və bu poetik faniliyin ehtiva miqyası
çox genişdir. Bir tərəfdən etibarsızlıq, müvəqqətilik,
puçluq, vəfasızlıq və s., o biri tərəfdən
isə bu anlayışların doğurduğu poetik-fəlsəfi
sinonim kimi kədər, qəm-qüssə, "zalım fələk",
tənhalıq, "ağlayan cahan", "cadugər
dünya" və s. - bütün bunlar "fani
dünya"nın daxili poetik kütləsidir və bəzən
şeirin qəhrəmanı (personajı, "mən"i)
dünya ilə bərabər, özünün də yox
olmağını arzulayır. (Məs: "Nə mən
olaydım, nə də bu aləm olaydı, // Nə bu aləm
əra dil müqəyyədi-qəm olaydı..." (Natəvan),
yaxud başqa şəkildə deyilən mahiyyətcə eyni
fikir: "Nə tərk etdim bu dünyanı, // Nə
dünyada səfa gördüm..." (Cahansuz).
Bəhs
etdiyimiz təmayülün qəhrəmanı "nə mən
olaydım" demir, "nə tərk etdim bu
dünyanı" deyə təəssüf (eyni zamanda
şikayət) də etmir və bu qəhrəman "səfa"
da arzulamır.
Bu
şeirlərdəki daxili aləm dediyim kimi, həmin tənhalığı, kədəri,
qüssəni, sonu çatmış sevgini, yeknəsəqliyi
ifadə edir və belə olan təqdirdə əlamətdar və
təbiidir ki, fəsillər arasında poeziyamızın
(həm də yalnız bizim yox) predmeti əsas etibarilə yaz,
bahardırsa, bəhs etdiyimiz poeziyada yazın pozitivi
payızın neqativi ilə əvəz olunur, yəni biz poetik
sözün pozitiv yox, neqativ aurası ilə
rastlaşırıq. Başqa sözlə desəm,
yaz sevinci payızın hüznü ilə yerini dəyişir
və payızın özünün də poetik qızıl
xəzəl gözəlliyi saralıb-solmuş yarpaqların
qüssəsinə çevrilir. Bəzən isə hətta
o hüzn, o qüssə də mənəvi dünya
üçün kifayət dərəcədə deyil:
Bu
payız da mən deyən payız olmadı,
Yarpaqlar
saralsa da...
(Elza Dəniz
Nur)
Mühüm bir cəhət ondadır ki, bu "poetik
çevrilmə" heç vəchlə deyilən
sözün bədii-estetik çəkisini azaltmır, əksinə,
sırf poetika baxımından müasir şeirimizə yeni nəfəs
və neqativin estetik gözəlliyini (!) gətirir.
Baxın,
Günay Ümidin lirik qəhrəmanı deyir:
Bizim
küçədən bir şəhər o yanda,
Bizim evdən
bir dünya o tərəfdə,
İslanmış
saçlarını günəşdə qurudan
O
qızın yanaqlarında
Bir
öpüş üşüyür...
Göyərçin
qanadlarına dönmüş
Baxışlarında
Çırpınır
kiprikləri...
Bu
misraları oxuyanda Sarı Aşığın məşhur
bayatısı yadıma düşdü:
Aşığın
baxtı yarım,
Neyləsin baxtı yarım?
Üzündə
göz izi var,
Sənə
kim baxdı, yarım?
Bu gözəl bayatıdakı şuxluqla,
çırpınan kirpikləri göyərçin
qanadlarına dönmüş o qızın yanaqlarında
üşüyən öpüşün həzinliyi
arasında tamam başqa (hətta bir-birinə zidd) ovqat var,
ancaq eyni deyilən sözü obrazlaşdırmaq
bacarığı baxımdan isə ayrılıq yoxdur - yəni
eyni şuxluq yoxdur, eyni incəlik var.
Saçlarım
Edam
ağacına çevirdi
Əlimdəki
darağı...
Nə oldu ki? Niyə belə hadisə baş verdi?
Çünki:
Bir
şeir qucaqladı
Masadakı
varağı...
Axı,
doğrudan da şeir vəhydən gəlirsə və o
şeir ağ varaqla qucaqlaşırsa - bu
ki gözəl bir hadisədir və o zaman bu nə "edam
ağacı" söhbətidir?
Çünki
elə həmin anda da:
Otağın
boğazında düyünləndi
gecəyə bağışladığım
bir qəmli
nəğmə...
Sükutu
yaraladı
gözlərdən asılan
bir nəmli
kəlmə...
Biz
susduq...
Adi bir
daraq birdən-birə edam ağacına
çevrilə bilər? Şeir canlı bir
varlıq kimi varağı qucaqlaya bilər? Otağın boğazı olar? Nəğmə
hardasa necə düyünlənə bilər? Kəlmə necə nəm çəkib, gözlərdən
asıla bilər? Sükut da yaralanarmı?
Doğrusu,
bu sualları yazarkən, 1960-ın sonları, 70-ci illərin əvvəllərində
"60-cıların" - İsa İsmayılzadənin,
Ələkbər Salahzadənin, Vaqif Səmədoğlunun ilk
şeirləri mətbuatda çıxarkən, ədəbi
prosesdəki cahil və əvam haray-həşiri, sosrealizmə
söykənib poeziyanı şablonlaşdıran, trafaretə
çevirən hay-küyü yadıma saldı. Deyə bilmərəm
ki, indi belə cahil haray-həşirçilər, əvam
şablon həvəskarları,
istedadsızlığını ört-basdır etməyə
çalışan yalançı modernistlər yoxdur, var,
ancaq bu gün - poetik sözün azadlığı hiss-həyəcanların
poetik ifadəsi ilə, istedadla müttəfiqdir və poeziyanın siyasi-inzibati
asılılığı da yoxdur, yəni söhbət sənətdən
gedirsə, yuxarıdakı sualların müsbət
cavabında təəccüblü bir şey də yoxdur.
Hərarətli
poetik nəfəsdən danışırıqsa, misal
üçün, Günay Ümidin obrazlı
düşüncə (təfəkkür) tərzi bu kədərli-qüssəli
nəğmənin portretini (!) çəkməyi bacarır və
lirik qəhrəmanının sürrealist, hətta bəzən
sərt sürrealist mahiyyətli özünüifadəsi həzin,
səmimi bir ovqat yaradır - bu misralarda Dalinin xəmir kimi
yayılmış saatlarının soyuqluğu yoxdur.
Biz təsəvvür etdiyimiz həmin obrazlı
düşüncə sistemində bədii sözün
birbaşa söylənmədiyini dedik və baxın, Ayşən
Rəhimin şeirinin qəhrəmanı poeziyamızın əbədi
mövzularından biri olan hicran duyğylarından birbaşa
şikayət etmir, göz yaşı tökmür, burada
ah-vay yoxdur.
Bu qəhrəmanımız divan ədəbiyyatından, eləcə
də folklor poeziyamızdan üzü bu tərəfə gələn
"hicran"ın acısını, ayrılığın
intizarını obrazlaşdıraraq, belə deyir:
İndi
üşüyür əlin,
söndürdün ocağımı.
Yəni sən mənim ocağımı
söndürmüsən, elə buna görə də
haralardasa üşüyürsən və mən sənin əlinin
soyuqluğunu da hiss edirəm.
Orda hava
soyuqdur,
al, geyin
qucağımı...
Yəni baxmayaraq ki, sən bizim (!)
ocağımızı söndürmüsən, mən istəmirəm
ki, sən o soyuğun içində qalasan, buna görə də,
ala, qucağımı və əvvəlkilər tək
qızın.
...Qucağını
geyindim,
üst-başım sən qoxuyur.
Yəni mən də sənsizəm, səni unuda bilmirəm
(bacarmıram, məndən asılı deyil...), mən də
sənsizəm, mən də səni qucaqlayıram, mən də
qızınıram və o zaman biz yenə birlikdəyik.
Aypara
Ayxanın da şeirlərini oxuyanda Sabirin klassik
poeziyamızdakı ("Divan" ədəbiyyatındakı)
epiqonçuluğa, aşiq-məşuq surətlərinin əsrdən
əsrə adlayan eyniliyinə qarşı yazdığı
"Şair"lərimizə nəzirə"si
("Xalın üzündəki buğda, başında
saçın qürab, // Qah-qah!.. Qəribə
gülməlisən xaniman xərab!.."
sırf bədii paradoks mənasında yadıma
düşdü və siz bu misralara fikir verin:
Güvənib
başımı söykədim, ancaq
Ağırlıq elədi çiyninə sənin.
Yüz
ölçüb, bir biçdim, amma yenə də
Sevgim
böyük gəldi əyninə sənin...
Bu bədii
paradoks - elə bil ki, poeziyamızın uzun illər boyu gəlib
çatdığı bir poetik (indiki halda həm də
sosial!) mərhələni təcəssüm edir və
gördüyünüz kimi, "məşuq"
"aşiq"in, ya da əksinə, "aşiq" "məşuq"un vəfasızlığından şikayət
etmir. Lirik qəhrəman bir şəxsiyyət kimi öz
çəkisinin ağırlığını ifadə edir
və bu poetik ifadə obrazlı şəkildə deyildiyi
üçün, oxucu personajın (belə başa
düşürəm ki, qadındır) şəxsi
sanbalını hiss edir, ona inanır, eyni zamanda sırf estetik
baxımdan bu misralar səni ələ alır - sən
şeir oxuyursan, məmulat yox və bu dörd misra elə bil,
bir hekayə süjeti söyləyir.
Ayparanın
şeirində bir cəhəti də qeyd etmək istəyirəm
ki, onun hecayla yazdıqlarında da, sərbəstində də
obrazlı düşüncə tərzi özünün
poetik dəst-xəttini göstərir və mən min dəfə
deyilmiş fikri bir daha təkrar edirəm: hər şey
istedada bağlıdır, qalan nə varsa (indiki halda cürbəcür
şeir formaları) istedadan öhdəsindədir.
Baxın,
bu da, onbirliklə yazılmış həmin bənddəki əhval-ruhiyyənin
qələmə alınmış sərbəst şeirdəki
misralarıdır:
...Demişdim
axı, çox da özünə güvənmə,
Bax,
süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,
sultanı olduğun taxtın da devrildi...
Sayəndə
DNT-si də dəyişdi duyğularımın,
sevgin
mutasiyaya uğrayaraq nifrətə çevrildi.
Müstəqimlik
obrazlı düşüncə tərzinə yad olduğu
üçün, məhz həmin obrazlı düşüncənin
ifadə etdiyi bu misralardakı sonuncu "nifrətə
çevrildi" müstəqimliyi tamam artıq səslənir,
çünki bu şeirin obrazlı poetikasına zidd olan belə
bir izahata, birbaşa deyilmiş qənaətə heç
yoxdur - hər şey deyilib, mənzərə tamamlanıb,
"sevgim mutasiyaya uğradı" və nöqtə.
Başqa bir istedadlı şairədə - Xəyalə
Sevildə də onun aşkar hiss olunan obrazlı təfəkkür
tərzinə yad səslənən bu cür izahedici,
birbaşa deyilmiş artıqlara rəst gəlirik.
Səni harda bağışladım?
Harda bitirdim səni?
Çıxdım
ürəyimin qapısınacan,
Ötürdüm
səni...
Hər
şey aydındır, hər şey obrazlı şəkildə
sərrast deyilib və deyilmişləri (aydın olanları)
yenidən bu cür aydınlaşdırmağa ehtiyac
varmı:
Yolun yaxın olmasın.
Nə doğmamsan, nə yadım.
Məncə, heç bir ehtiyac yoxdur. Əgər keçmiş
sevimli bir varlıq ötürülüb, yola salınıbsa,
deməli, o, artıq doğma ola bilməz və deyil,
çünki söhbət otağın, mənzilin,
böyük mənada götürsək, hətta
dünyanın qapısına
yox, ürəyin (!) qapısınacan gətirib
çıxaran və tərəddüdlərlə dolu bir
sevda yolundan gedirsə, o varlıq, əlbəttə, əbədi
bir varlıq olmayacaq, çünkü o, - nə etmək olar?
- həm doğma, həm də yaddır.
Artıq dediyini və nail olduğunu nə üçün təzədən
birbaşa deməlisən?
Mən bu yazını Elza Dəniz Nurun misraları ilə
başladım və elə bilirəm ki, onun simasında
müasir poeziyamıza obrazlı mühakimələri ilə
poetik söz deməyi bacaran şair gəlməkdədir. Bunlar onun misralarıdır:
Ağlama,
Heç kim sənin göz yaşını silə biləcək
Qədər
günahsız deyil insan!
Güclü deyilmiş bu misraların sonunda biləvasitə
"insan"ı xatırlatmaq, o misraların
yaratdığı bədii-estetik effektə ziyan gətirir,
halbuki fikir "günahsız deyil"də bitir və məncə,
nida işarəsi əvəzinə, üç nöqtə tələb
edir.
"Kədər" anlayışı lirik poeziyada ruhi
iztirabı ifadə edən əsas poetik predmetlərdən
biridir və çox zaman da o qədər müstəqim şəkildə
("kədər içindəyəm", "kədər
məni bürüyüb", "İlahi, bu nə kədərdir
belə? və s.) deyilir ki, emosional təsir gücünü tamam
itirir, statistik obraza çevrilir. Buludlar (qara buluddan başqa) və
yağış isə adətən pozitivi ifadə edən ənənəvi
poetik obyektlərdən biridir, təbiətin gözəlliyini
göstərmək üçün istifadə olunur, yaxud da bəhs
edilən məqamda sevgi hisslərinin ifadəsində gözəl
fona çevrilir Ancaq baxın, kədər Gülnarə
Sadiqin də lirik qəhrəmanı ilə bir yerdədir:
Kədər
anlıq gülüşləri
Həbs
eləyir gizli-gizli...
Sonra nə olur? Sadəcə, buludların ruhu (!) yorulur və
yorulmuş buludlardan yağan yağışda artıq pozitivdən
əsər-əlamət də yoxdur:
Ruhu
yorğun buludların
Göz
yaşları yağışlardı...
"Sevgi
yağışları" ifadəsi çox pozitivdir və
gözəl bir əhval-ruhiyyədən xəbər verir,
ancaq başqa bir şairin lirik qəhrəmanı görün
hansı ovqatdadır:
...Ot
kimi göyərmişəm dünyanın ortasında və
bilirəm ki, buralarda
Bir daha sevgi yağışları yağmayacaq.
(Hədiyyə
Şəfaqət)
Həmin pozitiv, görürsünüz,
yaratdığı gözəl əhvalı birdən-birə
necə də hüznlü bir ovqata çevirdi və bu, əlbəttə,
istedadın poetik çevirməsidir (istedad
çevrilişi!). Ancaq heç vaxt "sevgi
yağışlarının" yağmayacağını
deyən bu qəhrəman üçün də gözəllik
mövcuddur: "Nə gözəldir zamanı saxlamaq və
yumulu gözlərdən içəridə gecənin təmizliyini
qoxulamaq, // Susmuş dünyanın necə yuxuya getdiyini izləyib,
sözləri böyük bir boşluğun içində
gizləyib, // Ürəyini ən dərin quyuların dibindəki
bir ovuc suya açmaq, sonra havalanmaq, sonra dəlilənmək,
sonra uçmaq. // Anqappaq köynək yaxası kimi açmaq
dünyanın dar dalanını, bir udum nəfəs tutub
saxlamaq və o nəfəsin içində yaşamaq həyatın
yerdə qalanını". Sadəcə bu - tənhalığın
və kədərin doğurduğu idilliyadır, əgər
belə demək olarsa, tragidilliyadır.
Yeri
düşmüşkən deyim ki, mən artıq neçə
ildir mətbuatda bu şairin imzasını izləyirəm və onun şeirləri də,
esseləri və hekayələri də yeni sözün, həyatın
doğurduğu hissləri obrazlı təfəkkür
süzgəcindən keçirmək bacarığının
ifadəsidir və ancaq təəssüf ki, bizim ədəbi
prosesin bir küll halında
sönüklüyü bu müəllifi görə və
göstərə bilmir.
Mən 2016-cı ildə yazdığım həmin essedə
qeyd etmişəm ki, "Bilmirəm bu şairənin (Hədiyyə
Şəfaqətin) klassik yapon poeziyasına münasibəti
necədir, ancaq onun şeirlərindəki qüssənin incəliyi,
bu şeirlərdəki akvarel mənə orta əsr yapon
hoqqularını, tankanalarını xatırlatdı - təqlid
mənasında yox, emossional təsir mənasında".
Aradan
keçən illər ərzində Hədiyyə Şəfaqətin
şeirlərindəki o incəlik də, akvarel də
"yaşlanmayıb", obrazlı poetik təfəkkür
isə daha artıq "yaşlanıb", ifadə etdiyi
hiss-həyəcanların mündərəcatının da, bədii-estetik
cizgilərinin də çəkisi ağırlaşıb.
Mən ədəbi prosesin (tənqidin!)
sönüklüyünü qeyd etdim və buna misal olaraq,
oxucunun diqqətini başqa bir şairənin şeirlərinə
yönəltmək istəyirəm. Bu günlərdə Rəbiqə
Nazimqızının "Çətirlərin qiyamı"
kitabını oxudum və doğrusu, son onillikdə çox az şeirlər kitabı olub ki, mən onu
axıracan bu cür bir maraq və daxili təqdir hissi ilə
oxuyum.
Artıq
biz dedik ki, konturları görünən o poetik sistemdə
mütləqlik yoxdur və bu baxımdan Rəbiqə
Nazimqızının şeirlərinin "personajı
kimdir?" sualına da birmənalı cavab vermək
mümkün deyil. O, bir tərəfdən:
Mən
göyümü dəyişmək istəyirəm,
Qoy
günəşin bağrı şan-şan olsun,
Ayın ləkə
tutsun gözünü, görməsin,
Ulduzlar
ölsün!" demək istəyirəm...
- deyə oxucuyla ən pessimist hisslərini
bölüşür, o biri tərəfdən isə:
... Göy
üzünə baxırsan,
ən
gözəl misralar yazılır bəbəklərinə.
Gül dərirsən
saçlarıma taxmaqçün əllərini
Mən təbəssüm
göndərirəm bütün çəmənlərə...
Təşəkkür...
- deyə xoşbəxtliyin nə olduğunu
bildirir, ancaq iş burasındadır ki, mənəvi
darıxqanlıq bu personajı bütün şeirlərdə
təqib edir: "Demirəm bu gün gəl, sabah da olar, //
demirəm, getmə qal, bu lap ağ olar. // Bir nəfəslik
düzəlt, ondan sonra get, // yoxsa bu dünyada boğulmaq
olar".
O, bir
şeirdə "sevgilər yalandı" deyirsə, o biri
şeirdə çılğın bir eşq onun həmdəmidir:
Qırmızı köynəyini soyunarsan.
O gecə
bir könüldən min könülə
vurularsan
mənə...
... Barmaqların çələng olar
saçlarıma.
Nəfəsinə
bürünərəm,
səsini
dua kimi asaram qulaqlarımdan,
ürəyimin üstündən götürməzsən ürəyimi.
Dodaqlarının möhüründən öpərəm.
Heç
ölmərəm...
Göydən
üç alma düşər,
götürmərəm...
O, mənəvi
darısqallıq içindədir, ancaq bu darısqallıq,
sevincsizlik, bu eynilik onu heç vəchlə
sındırmayıb və o, çılğındır, cəsarətlidir,
qətiyyfətlidir, həmin mənəvi darısqallıq
onun mənəvi gücü qarşısında acizdir:
Gəlmə!
Üç
yüz il sandıqda qalan ilan kimiyəm.
Könlümü
açsan,
Sevinmək
yerinə
Sanca bilərəm. Öldürərəm.
Bu sərt misralar elə qətiyyət və istedadla (!)
deyilir ki, bəli, biz inanırq ki, lirik qəhrəman həmin
anlarda həqiqətən ilan kimidir, sanca və öldürə
bilər. Onun
daxilindəki mənəvi darısqallıq hətta
intiharı da bədii obyektə çevirir:
Hər yerdə məni izləyir o əclaf.
Küçədə yanımca yeriyir.
Kinoda
üzümə baxır,
Kafedə çayıma.
Maşına
minəndə yol olur
metroya
düşəndə qaranlıq.
Bu
misraları oxuyanda düşünürsən ki, intihar nədir
- elə həmin mənəvi darısqallığın
yaratdığı və xislətin içinə soxulmuş
şeytandır də (Cavidin məşhur misraları yada
düşür: "İblis nədir? Cümlə xəyanətlərə
bais, // Ya hər kəsə xain olan insan nədir?
İblis."), ancaq eyni sərtliklə söylənən
bu misralar bir oxucu kimi, məndə əminlik yaradır ki,
intihar bu lirik qəhrəmanın mənəvi gücünə
və əzminə qalib gələ bilməyəcək.
Düzdür, elə anlar olur ki, bu Şeytan onu
qorxutsa da ("Tutmaq istəyir qolumdan. // Qorxuram."), həmin
an ötüb keçəcək.
Rəbiqənin
şeirlərinin personajı sevməyi də bacarır, onun
nifrəti də ürəkdən gəlir və o, hətta
taleyüklü məqamlarda səmimi etirafdan da çəkinmir:
Hər
yaz yenidən tumurcuqlayır ağaclar,
təzə ay çıxır köhnəsinin yerinə.
Gedirsən,
get...
Heç
mən də vəfalı deyiləm...
Ancaq bütün bu sərtliyə, əzmə, etirafa
baxmayaraq, bu lirik qəhrəman çox həssas bir
varlıqdır, hətta utancaqlıq da ona yad deyil
("Üzüm gəlmir səndən bahar istəməyə. // Ürəyimin bir
küncünə küknarlar ək...") və bu fikiri mənə
söylədən onun, baxın, bu tipli söylədikləridir:
Qüssədən
sarılıq tutmuş divarlara,
gözləri yol çəkən tənha tavana,
xanalı
örtüyə həbs olunan
bir
adamlıq divana
yola
salmaq səni...
Sonra da
gözləmək
balaca
otaqdan
mənə uzanan
qollarının mötərizələrini.
"Çətirlərin
qiyamı" 2022-ci ildə nəşr edilib və iki il ərzində
bizim professional ədəbi tənqidimiz bu kitab haqqında
sanballı bir söz deməyib (hər halda, mən mətbuatı
izləyirəm və belə bir prinsipial yazı gözümə
dəyməyib), halbuki bu kitabda tərif üçün də,
tənqid və sağlam ədəbi mübahisələr
üçün də ciddi poetik zəmin var. Əgər biz
bu gün açıq-aşkar istedadla yazılmış bu
tipli kitabları, bu cür yeni imzaları görmürüksə,
qrafoman bolluğundan, poetik məmulatdan, ədəbi prosesi
bürümüş çayxana qiymətlərindən (və
qeybətlərindən) şikayət etməyə çətin
ki, haqqımız var.
Ancaq biz uzağa getməyək və
başladığımız söhbətə qayıdaq.
Nazilə
Gültacın lirik qəhrəmanı, belə başa
düşürəm ki, sevdiyi insanın adını buludlara
yazdığını deyir:
Adını
buludlara yazdım
Hərf-hərf, heca-heca.
Yağdı
damla-damla,
Axdı
üzümə-gözümə...
Bir oxucu kimi məndə maraq yaranır ki, onun, yəni bu
lirik qəhrəmanın belə qeyri-adi, bəlkə də
çılğın-impulsiv əməlinin axırı nəylə
bitəcək?
Və gözlənilməz bir hadisə baş verir: qəhrəmanımız
o yağışı "ovuclayıb" içir və
onun buludlara yazılmış adı suda pozulur.
Elə
bilirəm ki, bu kiçik obrazlı (bir az
da naturalist çalarlı) lövhə həmin anlardakı
ruhi-psixoloji ovqatın mənzərəsini yarada bilir və
şeirin əsas uğuru da ondadır ki, mənəvi tərəddüdlərin
son nöqtəsində mütləqlik yoxdur:
Kaş,
bu yağış yağmayaydı...
Nə üçün? Çünki:
Adın pozulmayaydı.
Ürəyimin
səmasında
Adının
yeri boş qaldı...
Bu
ayrılıqda aşkar bir qüssə var - o mənada ki, nə etmək
olar, olacağa çarı yoxur, belə olmalıydı, belə
də oldu. Ancaq… o yağış kaş, yağmayaydı...
Bəhs etdiyimiz şeirlərdə tənhalıq,
əski teatr təbiri ilə desəm, kədərin tərəf-müqabilidir
və Gülnarə Sadiqin açıq-aşikar tənhalıq
içində olan lirik qəhrəmanı deyir:
Ömürlük
məhbus kimi
Əsir düşür duyğular.
Və nə olur?
Sevgilər
çökür,
Tənhalıq
hakimiyyətə gəlir...
Şeirlərini
ilk dəfə oxuduğum bu şairənin obrazlı təfəkkür
tərzi, onun yazdıqlarını canlı və
görümlü edir, dediyi sözün bədii təsir gücünü
artırır və onun poetik məxsusiliyi də elədir ki,
neqativdən bəhs edəndə: "Ey fani dünya!.." -
deyə fəryad qoparmır:
Dünya
yorulub
o
qadının göz yaşı kimi,
sükut
yorulub
fəryadı kimi,
ümid
yorulub
ümidi
kimi...
Tənhalıqla
bağlı hiss olunacaq dərəcədə təskinlik istəyinin
özü də, əslində elə tənhalığın
ifadəsi deyilmi? Baxın:
Müasir
dövrün ədəbiyyatında, o cümlədən də,
poeziyada çılpaq nəsihətçiliklə məşğul
olmaq, primitivliyə gətirib çıxarır və bu
gün biz ədəbi prosesdə bu mənada primitiv şeir məmulatına
az rast gəlmirik, ancaq siz bu iki misradakı
nəsihətə fikir verin:
Əmin
olmadığınız sevgini etiraf etməyin...
Bu ki,
açıq-aydın nəsihət verməkdir! Yox, belə
deyil:
Çünki
qarşı tərəfin doğrudan da köksündə
ürək ola bilər...
Obrazlı
poetik təfəkkür mövzunu da, məzmunu da dərinləşdirir,
deyilən sözün poetik sanbalı var və əslində
"əmin olmaq", "etiraf etmək",
"qarşı tərəf" kimi poeziya təhkiyəsinə
yad səslənən, poetik zərifliyi pozan ifadələr belə,
Elza Dəniz Nurun bu iki misrasının yaratdığı dərinliyi
hiss etməyə, bu barədə düşünməyə
mane olmur.
Bu
şairin başqa şerinin qəhrəmanı gecələr
gözəl xəyallar aləmindən tamam uzaqdır və hətta
həsrət belə, ornun üçün əlçatmazdır:
Gecə toxuduğun həsrət (! - E.)
Səhər
şəfəqləri ilə sökülür...
Yəni sən
yoxsan (çox güman ki, ümumiyyətlə, heç
olmamısan!) və sənin yoxluğun gecələr gözəl
(!) bir həsrət toxuyur, ancaq səhər
açılır, o isti, hərarətli həsrət də
yox olur və sevgisiz, həsrətsiz (!) bir eynilik
başlayır - həmişəki eynilik,
Mən "şeir məmulatı" ifadəsini
işlətdim və təəssüf ki, bu ifadəni işlətmək
üçün mətbuatda mütəmadi çap olunan bir
çox şeirlər antipoetik zəminin bəhrəsidir və
öz növbəsində həmin zəmin qrafoman
üçün daha cəlbedici olur. Bəzən təngə
gəlib (hirslənib!) "hara
baxırsan, şeirdir" deyirsən, ancaq bəhs etdiyimiz
poeziya nümunələrində "hara baxırsan
şeirdir"in mənası tamam başqadı:
Elə bu
solğun bənizli gecə,
dibçəkdəki güllər...
pəncərə şüşəsində çiliklənən
yağış dənələri...
yolların qırağında
soyuqdan
büzüşüb titrəyən
köməksiz otlar...
(Şahnaz Şahin)
Gördünüzmü söhbət hansı şeirdən
gedir? Və personajın ovqatına fikir verdinizmi? Gecənin bənizi solğundur, yağış dənələri
şüşə kimi çilik-çilik olur, yol kənarındakı
otlar büzüşüb, soyuqdan tir-tir əsir və onlara
kömək edəcək bir qüvvə yoxdur. Yəni
bu dəfə də hara baxırsan şeirdir: o solğun gecə
də, o yağış dənələri də, o köməksiz
otlar da... Həmin əhval-ruhiyyədir və
danışdığımız konteksda əlamətdar cəhət
odur ki, bu əhval-ruhiyyə məmulat yaratmır, dedikləri
antipoeziya yox, hüznlü poeziya nümunələrindir.
Şahnaz Şahinin elə həmin personajının söylədiyi
bu tipli poeziya nümunələrindən:
Şəkil
albomum çəkir məni -
gah yerdən,
gah da göydən...
deyirlər anam da ordadı...
yalandı, inanmıram!
Axı, o
həmişə mənimlədir...
evdə,
yolda, maşında...
Bu misraları da bənizi solğun gecə, pəncərə
şüşəsində çilik-çilik olan
yağış dənələri, həmin üşüyən
otlar söyləyir.
Biz
poeziyamızda İlahiyə nə qədər müraciət
oxumuşuq, sayı-hesabı olmayan şeirlərdə Yaradana
nə qədər şükür edilib, hansısa bir
nadanlıqdan, xəyanətdən, vəfasızlıqdan
şikayətlər olunub, nə qədər hansısa gözəlliklərdən
heyrətimizi bildirmişik və
artıq İlahiyə müstəqim, birbaşa poetik
müraciətlərdə bir şablon əmələ gəlib
və bu şablon o qədər rişəlidir ki, istedadlı
şairlərin belə, yazdıqlarının bədii-estetik
səviyyəsini aşağı salır.
"İlahi"
obrazı dini etiqadından asılı olmayaraq, yüzillikləri
bəşəri sənətlə, o cümlədən,
poeziya ilə birlikdə irəliləyib və ali bir qüvvə
kimi yol göstərən olub ("Ey Yaradan, uğur
qapısını üzümə aç, düzü əyridən,
yaxşını pisdən ayırmağın yolunu Nizamiyə
göstər", Nizami, "Xosrov və Şirin") və
bizim klassik poeziyamızda İlahiyə müraciət sonsuz bir
etiqadın bədii ifadəsi olub.
Bu gün
obrazlı düşüncə tərzinin İlahiyə
(Yaradana, Allaha, Tanrıya) müraciət etmək ehtiyacı
xeyli dərəcədə
çoxaldığını görürük və
müasir dünyanın
qatmaqarışılığından başqa, bizdə bunun
bir mühüm səbəbi də yəqin odur ki, bu mövzu
ilə bağlı 70 ildəki Allahsızlıq
dövrünün yasaqlıq qəfəsi
birdən-birə açılıb - mövzu azadlığa
çıxıb və onun mənəvi poetik aurasının
miqyası xeyli dərəcədə genişlənib, daxili
senzura yox olub.
İlahi Ali qüvvədir və eyni zamanda Ali olduğu qədər
də sadədir, dostdur, sirdaşdır. Baxın:
Eşidirsənmi, İlahi?
Açıq
qoy pəncərəni,
Qapını bir azca aralı saxla.
Əlimi
göyə qaldırıb,
Sənə təslim olmuşam.
Üstümdə
heç nə yoxdu
Məhəbbətdən
savayı,
İstəyirsən, yoxla.
(Xəyalə
Sevil)
Xəyalənin
bu misraları ateizm dövrünün böyük ideoloji
şairi Mayakovskinin İlahiyə çox xoşuma gələn
təşəkkürünü yadıma saldı: Leninin
"Din-xalqlar üçün tiryəkdir" təlimini qəbul
edən, "Ey, Səma! (yəni göydəkilər,
Yaradan və ətrafı - E.) // şlyapanızı
çıxarın! // Mən (yəni həmişə
özünün də qürurla dediyi kimi "sovet vətəndaşı!"
- E.) gəlirəm!"
- deyən Mayakovskinin şeirlərindən
birinin qəhrəmanı Allaha təşəkkür edir ki,
gecələr ulduzları yandırır. Bu,
artıq istedadın fürsət tapıb, pərçim
edildiyi ideoloji çərçivədən ani olaraq kənara
sıçrayışıdır, ancaq bu söhbəti
saxlayaq - bizi uzaqlara aparar.
Bəhs etdiyimiz bu şeirlərdə mütləq həqiqət
yoxdur və burada söhbət hisslərin həqiqətindən
gedirsə, hisslər dinamikdir. Elə bil ki, bu həqiqətlər
tərtəmiz, şəffaf, dibi aydın görünən
suyun üzərində sərbəst üzən, müxtəlif
poetik yozumlardan doğan həqiqətlərdir və onların
poetik çəkisi real həqiqətlərin (şikayət,
yaxud da, əksinə, tərənnüm obyektlərinin) bədii-estetik
çəkisindən daha artıqdır. Məhihə
Əzizpurun qəhrəmanı, belə başa
düşürəm ki, həqiqət
axtarışındadır və o, "ey, həqiqət,
hardasan, səni axtarıram" - demir:
Xəbər
aldım,
Dedilər,
O
qadın doğacaq!
Qadına
gedincə,
Uşağını
salmışdı...
Yəqin
ki, Azərbaycanın heç bir şəhərinə,
heç bir səfalı məkanına Şuşaya həsr
olunmuş şeirlər qədər şeir yazılmayıb və
Şuşanın işğaldan əvvəlki vaxtlarında
da, işğal zamanı da, nəhayət, işğaldan azad
edildikdən sonra da onun tərənnümü,
doğurduğu nisgil və sevinc bu unikal şəhərin
adını öz-özlüyündə milli
poeziyamızın ənənəvi-poetik obrazı səviyyəsinə
qaldırıb (Fransa ədəbiyyatında Luvr kimi!), ancaq
aydın məsələdir ki, bu yazılanların hamısı
eyni bədii-estetik səviyyədə deyil.
44
günlük böyük Zəfərdə o qədər təbii
bir sevinc, fərəh, qürur var ki,
şairin də, qeyri-şairin də ilham pərisini
coşdurub və Şuşa ilə bağlı
yaranmış poetik bum əsl sənət nümunələri
ilə bərabər, bəlkə daha artıq dərəcədə
zəif yazı-pozuları da ortaya çıxarır,
şeiri bədii dəyəri olmayan təmtəraqa, əgər
belə demək olarsa, poetik adətə, hətta bəzən
poetik məcburiyətə çevirir.
Ancaq
baxın, Gülay Tahirli ilk şeirlərini çap etdirir və
bu müəllifin istedadı, yeni söz axtarışları
onun "Əziz Şuşa"ya müraciətlə
yazdığı şeiri dedliyim həmin poetik trafaretin
içindən çıxarır:
Pəncərəmdəki
çiçəklər inciyib məndən,
Onlara baxa-baxa xarıbülbülü
düşünmüşəm deyə.
Günəşin
də qəlbi qırılıb,
Sənsiz günlərdə istisində
üşümüşəm deyə.
"Müqəddəs"
anlayışında müstəqim, birbaşa bir təntənə
var, ancaq Gülayın lirik qəhrəmanı bu müstəqimliyi
obrazlaşdırmağı bacarır:
O qədər
müqəddəssən ki,
Ayaqlarımı
atıb bir tərəfə
Ürəyimlə gəzmək istəyirəm
torpaqlarında.
Təntənədən
əsər-əlamət yoxdur, istedadla deyilmiş Şuşa sevgisi var.
Bizim
klassik şeirin, xüsusən aşıq şeirlərimizin qəhrəmanları
bəzən "Süleymana qalmayan dünya"nın faniliyini xatırladaraq (daha doğrusu,
bundan istifadə edərək!), aşiq olduğu gözəli
elə bu faniliyə görə də isti ünsiyyətə,
yaxın münasibətə çağırır və bu
faniliyin qisası kimi, dünyada cəfa ilə yox, səfa ilə
yaşamağa səsləyir, yəni neqativi pozitivlə nəticələndirmək
istəyir.
Kim bilir, hansı dövrdə yaşamış naməlum aşığın qoşmasındakı bu səciyyəvi misralara fikir verin:
Dilbər, gəl səninlə meylər içəlim,
Bu dünya kimsəyə qalmaz, əfəndim.
Bu fani dünyada ləzzət çəkəlim,
Bu dünya kimsəyə qalmaz, əfəndim...
Bu sətirləri söyləyən personajın könlündə faniliyin acığına (!), gözəl bir həyat içində yaşamaq eşqi var və elə bilirəm ki, bu bəndin şövq və şölə dolu poetik aurasını hiss etmək çətin məsələ deyil, ancaq bizim bəhs etdiyimiz poeziya nümunələrində isə, belə bir ovqatdan, pozitivə çağırışdan əsər-əlamət də yoxdur. Qadın şairlərimizin personajlarının küskün, bəzi hallarda isə ümidsizlik saçan əhval-ruhiyyəsi və bu əhvalın obrazlı bədii təfəkkürdən gələn poetik dillə ifadə edilməsi müqabilində, nikbin hisslər doğuracaq misralar yox dərəcəsindədir (hər halda mən hələ ki, rast gəlməmişəm).
Bu, yaxşıdır, ya pis?
Şeirimizin poetikası baxımından sözsüz ki, yaxşıdır, çünki söhbət bədii-estetik səviyyə yüksəkliyindən və belə davam edərsə, bu gün hələ cizgiləri görünən həmin poetik sistemin formalaşa biləcəyindən, yəni poeziyamızda yaranacaq yeni estetik cərəyandan gedir.
Əhval-ruhiyyə, ovqat və bu ovqatın neqativlik yaratması baxımından isə, səbəbi araşdırmaq artıq sosioloqların, psixoloqların, gender problemləri ilə məşğul olan mütəxəssislərin öhdəsinə düşür.
Mən bu yazıda yalnız bir nəfərdən başqa, bəhs etdiyim digər müəllifləri şəxsən tanımıram, onlar son illərdə çap olunur və potensial imkanları açıq-aydın görünən istedadlı qələm sahibləridir. Bu imkanlar özünün tam bədii ifadəsini tapa biləcəkmi? Onlar birlikdə bədii-estetik bir küll (ədəbi nəsl) yarada biləcəkmi? Bəhs etdiyimiz ədəbi sistem görüntülərini Azərbaycan poeziyasının görümlü bir qoluna çevirməyi bacaracaqmı?
İstedad, əlbəttə, həlledicidir, ancaq yalnız istedadla (çılpaq istedadla!) böyük ədəbiyyat yaratmaq çətin məsələdir - istedada kömək etmək lazımdır - nəsihətvari olsa da, deyim: mütaliə ilə, dünyagörüşünü genişləndirmək, zənginləşdirmək ilə, yəni bu sualların gələcək cavabı onların özündən asılıdır.
14 avqust 2022.
Gündoğan.
ELÇİN
525-ci qəzet.- 2022.- 24 sentyabr.- S.10-11-12-13.