Laçına qayıdış
ARZULAR,
TƏKLİFLƏR VƏ REALLIQLAR
Laçında anadan olmuşam. 1970-2008-ci illərdə rayonda müxtəlif vəzifələrdə çalışmışam, 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2005-2008-ci illərdə Laçın rayon icra hakimiyyətinin başçısı olmuşam. Hazırda təqaüdçüyəm.
Rayonda müxtəlif rəhbər vəzifələrdə, o cümlədən, rayon partiya və icraiyyə komitələrində işlədiyim illərdə rayonun bütün yaşayış məntəqələrinə, coğrafiyasına və iqtisadi potensialına hərtərəfli bələd olduğumdan məsələnin aktuallığını və həyata keçiriləcək quruculuq işlərinin planlaşdırılması zamanı faydalı ola biləcəyini nəzərə alıb Laçında indiki dövrdə görüləcək işlərlə bağlı öz fikirlərimi bölüşmək istəyirəm.
İşğala qədər Laçın rayonunda 60, Laçın şəhərində 10 min nəfərədək əhali yaşayırdı. Rayonun inzibatı ərazisi - 1 şəhər və 124 kənd olmaqla 13, o cümlədən, Laçın şəhəri 2 minədək ailədən ibarət idi. Laçın şəhərindəki təxminən 2000 ailənin 1500-ə qədəri fərdi yaşayış evlərində yaşayırdı. Hazırda həmin fərdi yaşayış evlərindən 700-800-də təmir və bərpa işləri aparmaqla orada yaşayışı təmin etmək olar. Əhalinin istəyi isə ondan ibarətdir ki, maddi imkansızlıqdan həmin evlər hökumət təşkilatları tərəfindən hazırlanıb onların istifadəsinə verilsin. Sakinlərin bərpa olunan evlərinə qayıtmaq arzusu çox yüksəkdir. Eyni fikirlər rayonun Zabux, Sus və digər kənd yaşayış məntəqələrinə də aiddir.
Rayon əhalisi Qorcu kəndində Beynəlxalq aeroportun tikintisini, Kəlbəcərdən Qorcuya, oradan Dəli Dağın ətəyi ilə Minkəndə, Minkənddən Qara göl və Hacılar kəndi istiqamətində təminat yolunun çəkilişini təbii ki, alqışlayır. Bununla belə, Laçın şəhəri və ətraf kəndlərin təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün rayon sakinləri ermənilərin Zabux kəndində tikdikləri evlərə Komando hərbi hissəsinin yerləşdirilməsini məqsədəuyğun sayırlar. Bundan əlavə, rayon sakinlərinin təhlükəsizliyi və gələcəkdə təsərrüfat sahələrində işlərin normal təşkili məqsədilə sərhədlərimizə bitişik ərazilərdə yerləşən Gorus rayonunun Xoznavar, Bayandır, Xənəzək, Teğ, Ərəvis, Gorunzuz, Xinzirək kəndlərinin sərhədlərdən ən azı 5-10 kilometr aralı məsafələrə köçürülməsi məsələsi də aktualdır. Yolun Laçın şəhərindən çıxarılması ilə Dəhliz statusu avtomatik ləğv olunduğundan yeni yolun Qayğı qəsəbəsi hissəsində Sərhəd keçid və Gömrük məntəqələrinin, yolda isə patrul xidmətlərinin təşkili də mühüm tədbirlərdəndir.
Nəzərdən keçirilməsi vacib olan nüanslardan biri də Şuşa ilə Laçının əlaqəsinin lazımi səviyyədə təşkili, hər iki rayonun sakinlərinin normal yaşayışının təminatı baxımından Zarıslı, Tuşsu, Qaladərəsi kəndlərindəki ermənilərin Xankəndinə köçürülməsidir. Minkənddən Zabuxa, Qorcudan Laçına, oradan Şuşaya, Köhnəkənd-Qışlaq-Mığıdərə, Fərəcan-Səfan-Güləbird kəndinə, Güləbirddən Qayğı qəsəbəsinə, Qayğı qəsəbəsindən Laçın çayının kənarı ilə geniş yolların bərpası və çəkilməsi də əhalinin sosial-iqtisadi tələbatının ödənilməsinə müsbət təsir göstərə bilər.
Laçın şəhərinin şimal hissəsindən şəhərin özünə içməli bulaq suyunun verilməsinin təqdirəlayiq addım olduğunu vurğulamaqla yanaşı, onu da qeyd edək ki, sonrakı mərhələdə Laçınçaydakı artezyanların və nasos stansiyasının bərpası əhalinin tələbatının ödənilməsi baxımından faydalı olardı.
Rayonun, eləcə də Laçın şəhərinin dayanıqlı elektrik təchizatı üçün "Qızıl evi" deyilən ərazidə Hənəriçay üzərindəki SES-in yenidən qurulub gücləndirilməsi məsələsini də diqqətdə saxlamağa ehtiyac var.
Əhali üçün aktual məsələlərdən biri də şəhər qəbiristanlığının mina və kol-kosdan təmizlənməsi prosesidir. İndiki zamanda oranı ziyarət etmək qeyri-mümkündür.
Rayonda turizmin inkişafı məqsədilə proqramın hazırlanıb həyata keçirilməsi də vacib məsələlərdəndir. Bunun üçün ərazidə kifayət qədər mineral və sərin bulaqlar, müalicəvi istisu mənbələri, mənzərəli yerlər, meşə talaları, Qara göl kimi yaylaqlar, "İlan qayası" kimi maraqlı, görməli və gəzməli məkanlar çoxdur. Gəzinti üçün tarixi məkanlar da mövcuddur. Əlverişli şəraitdə yerləşən, VI əsrdə tikilmiş Ağoğlan alban məbədini və məbədin ətrafını abadlaşdırmaqla bölgədə tarix-mədəniyyət mərkəzi yaratmaq mümkündür. Buna bənzər başqa məkanlar da az deyil - Həmzə Soltan saray kompleksi, Məlik Əjdər türbəsi və s.
Laçın şəhərinin bərpası planlaşdırılarkən onun gələcək turizm mərkəzinə çevrilməsi məqsədilə müasir memarlıq elementlərindən istifadə etməklə şəhərin girişindəki "Köhnə poçt" meydanının müasir tələbata uyğun yenidən qurulması, meydanın sol tərəfindəki "Abidə"nin bərpası, qarşısında "Zəfər muzeyi"nin yaradılması, meydanın mərkəzində "Dəmir yumruq" abidəsinin quraşdırılması, "Köhnə poçt" dairəsindən şəhərin mərkəzinə gedən yola fiqurlu daşlar döşənməsi, istinad divarlarının milli memarlıq elementləri ilə işlənməsi, meydanın sağ tərəfindəki Baytarlıq laboratoriyasının və Yun idarəsinin yerində iki minarəli məscidin tikilməsi, şəhərin mərkəzi meydanında genişləndirmə-abadıq işləri aparılmaqla "Zəfər bayrağı"nın quraşdırılması, bayrağınn qarşısında Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması əhalinin əsas arzularındandır.
Ötən əsrin 30-cu illərinin əvvəllərində tikilmiş Laçın şəhəri yaddaşlarda və ədəbiyyatda "İki küçəli şəhər" kimi qalıb. "Qabaq" və "Arxa" küçə adlanan həmin küçələrin olduğu kimi saxlanılıb bərpa olunması məsələsini gündəmdə saxlamaq yaxşı olardı. Küçədəki Dağdağan bulağı zəngin tarixə şahidlik etdiyindən onun bərpası və ətrafının abadlaşdırılması da arzuolunandır. "Köhnə poçt" meydanından şəhərin mərkəzinə gedən küçənin abadlaşdırıldıqdan sonra "Heydər Əliyev prospekti" adlandırılması əhalinin ürəyincə olar. Təkcə Laçın şəhərinin yox, bütövlükdə rayon əhalisinin böyük hissəsinin təhsil aldığı və vandallar tərəfindən dağıdılmış 1 saylı məktəbin yenidən qurulması da vacibdir. Rayon mərkəzində olduğu kimi, kəndlərdə də evlərin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, idarəetmə orqanlarına aid binaların bərpasını da nəzərə almaq lazımdır.
Mühüm məsələlərdən biridə doğma yurd-yuvasına qayıdan əhalinin sosial müdafiəsi ilə bağlıdır. Bunlarla əlaqədər hələ rayon icra hakimiyyətinin başçısı işlədiyim dövrdə (2005-2008-ci illərdə) rayonun təcrübəli mütəxəssislərilə birlikdə hökumətin tapşırığına uyğun olaraq təkliflər hazırlayıb aidiyyəti orqanlara təqdim etmişdim. Bu təkliflərdən yadımda qalan bəzilərini qeyd etmək istəyirəm.
Təklif etmişdik ki, doğma yurda qayıdan ailələrin məcburi köçkünlük imtiyazları 5 il müddətinə qüvvədə saxlanılsın. Ərazilərdə əlavə iş yerləri yaradılsın, əhalini qayıdışa həvəsləndirmək üçün ərazidə bütün işləyənlərə 1,5-2 dəfə artım əmsalı ilə əmək haqları verilsin, kənar rayonlardan təyinatla rayona gələn mütəxəssislərə də yerli sakinlər üçün nəzərdə tutulan imtiyazlar şamil edilsin, kənd yaşayış məntəqələrinə qayıdan hər bir ailənin məşğulluğunu təmin etmək üçün müraciət edən ailələrə güzəştli şərtlərlə qara mal, qoyun və arı ailələri, əkin üçün torpaq sahələri verilsin. Təkliflərdə gənc ailələrin sosial-məişət şəraitlərini yüngülləşdirmək üçün əlavə tədbirlər görmək, orada yeni doğulan uşaqlara görə müəyyən yüksək ödənişlər etmək, uşaqlara icbari təhsillərini başa çatdıranadək müavimətlər vermək, hökumət orqanları tərəfindən rayon mərkəzində və kəndlərdə hər kəsin öz evinin yerində olan evlərini təmir və bərpa etmək, bütün yaşayış məntəqələrinin yol, elektrik, rabitə, su və digər kommunal, məişət, ticarət xidmətlərini təşkil etmək mühüm vəzifələrdən biri kimi göstərilirdi. Minkənd, Şəlvə və ya "Taxta zavodu" ərazisində həftə bazarının təşkili və həmin ərazilərdə ət kəsimi məntəqələrinin təşkili də vacib tədbirlərdən biri kimi nəzərdə tutulmuşdu. Həm yerli əhalinin tələbatını ödəmək, həm də respublika əhalisinin tələbatının ödənilməsinə töhfə vermək məqsədilə rayonda qara mal və qoyunçuluğun inkişafı ilə bağlı tədbirlərin görülməsi, Minkənddə 1600 başlıqlıq əvvəlki kökəltmə təsərrüfatının, Köhnəkənddə ətçilik "Hallavey" cinsli heyvandarlıq kompleksinin bərpası məsələsi də təkliflər sırasında idi.
Rayonda dövlət əhəmiyyətli qiymətli təbii ehtiyatlardan əlavə, əhalinin məşğulluğunu təmin etmək, həm rayon və həm də respublika əhəmiyyətli yerli təbii ehtiyatlardan istifadə baxımından da imkanlar mövcuddur. Mərmərləşmiş ağ rəngli əhəng daşından ibarət Hicaz dağının təbii ehtiyatının istismara verilməsi xammal və tikinti materialı baxımından əvəzsiz ehtiyat mənbəyidir. Eyni təklif tükənməz mənbəyə malik Kamallı, Qarıkoha "Pemza" qumu yataqlarına da aiddir. Bu ehtiyatlardan həm ucuz sement əldə olunmasında, həm də yüngül tikinti materialları (arakəsmələr, kərpic və s.) hazırlanmasında, eləcə də yuyucu məişət məhsulları istehsalında geniş istifadə etmək mümkündür. Bütün bunlar həm də rayonda əlavə iş yerlərinin açılmasına kömək ola bilər.
Bakı şəhərinin böyük tikinti materialları müəssisələrinin (Daş karxanlarının) köməyi ilə rayonun Ağoğlan kəndi yaxınlığındakı Qarıqışlaq daş karxanası və əhəng istehsalı sexinin, Mirik daş karxanasının bərpa olunması həm indi, həm də gələcəkdə rayonda aparılan təmir, bərpa və quruculuq işlərinə töhfə verə bilər. 500 kilometrlik bir məsafədən rayona mişar daşı gətirməkdənsə. bunu 30-40 kilometr məsafədən gətirmək daha sərfəli olar.
Rayonun Minkənd kəndindən Qaragöl ətrafındakı ərazilər də daxil olmaqla geniş sahədə yüz illər istismar olunsa da, tükənməyəcək müxtəlif rəngli Bazalt daşı ehtiyatı var ki, burada 2-3 aqraqat quraşdırmaqla ölkəni ucuz divar üzlükləri və digər tikinti materialları ilə təmin etmək mümkündür.
İşğaldan əvvəl Laçında Bakı və Sumqayıtdakı bəzi iri müəssisələrin filialları təşkil olunmuşdu. Bu kimi filialların yenidən təşkilinə də ehtiyac var. O vaxt respublikanın Yerli Sənaye Nazirliyi rayonda olan müəssisəsinin gücünü 30 nəfər işçidən 250 nəfərə çatdırmış, yeni sexlər tikərək müasir avadanlıqlarla təmin etmiş, Güləbird və Bülüldüz kəndlərində tikiş sexləri qurulmuşdu. Bu gün həmin sexlərin də bərpası məqsədəuyğun olardı.
Ötən əsrin əvvəllərində fransızlar Laçın rayonunun Kürdhacı kəndində Taxta zavodu quraraq qırmızı palıddan hazırlanan məhsulları xaricə aparırdılar. İndi biz də həmin Taxta zavodunu işə salıb istehsal olunan məhsulların baha qiymətə xaricə satışını təşkil edə bilərik.
Bundan əlavə, indiki şəraitdə nəzarət etmək şərti ilə laçınlıların portalda qeydiyyatdan keçmədən, şəxsiyyət vəsiqəsi ilə şəhərə və rayon ərazisinə buraxılması da məqsədəmüvafiq addım olardı.
İşğaldan sonra respublikanın 58 rayonuna səpələnmiş Laçın əhalisinin bir hissəsi Ağcabədi rayonunun Taxta körpü adlanan, dövlət torpaq fondu sayılan qış otlaq sahələrindəki 84 obada məskunlaşıb. Ötən müddətdə həmin ərazilərdə xeyli infrastruktur layihələri - beton üzlüklü suvarma kanalı, məktəb, səhiyyə, mədəniyyət, kommunal-məişət obyektləri, inzibati binalar, 600-dən çox yaşayış evi tikilib məcburi köçkünlərin istifadəsinə verilib. Həmin ərazilərdə məskunlaşan köçkünlərimiz uzun illər bundan əvvəllər də istifadə etdiyimiz qış otlaq sahələrindən səmərəli istifadə edərək öz ailələrinin ehtiyaclarını ödəməklə yanaşı, ölkənin ərzaq-ət məhsulları ilə təminatında da mühüm rol oynamaqdadırlar. Ona görə də təklif edirəm ki, dövlət torpaq fondu sayılan həmin ərazilər bundan sonra da Laçın rayonunun istifadəsində qalsın.
Yüksək dağlıq ərazidə, respublika mərkəzindən 500 kilometr məsafədə, mənfur qonşularla isə ən yaxın məsafədə yerləşən rayonda idarəçiliyin asanlaşdırılmasına da ehtiyac var.
Bu məsələ hələ 1988-1990-cı illərdən rayon ictimaiyyətinin diqqətində idi. Lakin Zabux kənd ərazisinin mərkəz olmaqla həmin ərazidə rayonun qərb hissəsi daxil Zəngəzur rayonunun yaradılması zərurətə çevrilsə də, o zaman səriştəsiz və təcrübəsiz adamlar bu təklifi bəyənmədilər. Hesab edirəm ki, indi bu təklifin reallaşması həmin ərazilərdə dövlət təminatının ikiqat artımına, mühafizə-müdafiə tədbirlərinin daha da gücləndirilməsinə müsbət təsir göstərər.
Ola bilər ki, tərəfimdən bəzi mühüm rəy və təkliflər unudulsun. Ona görə də həmin rəy və təkliflərin də ictimailəşdiriməsini, hər kəsin bu məsələlərə öz fikirlərini bildirməsini vacib hesab edirəm. Və sonda Laçın şəhərinin bərpası və rayonun gələcək sosial-iqtisadi inkişafı ilə bağlı səsləndirdiyim bu təkliflərin, eləcə də ayrı-ayrı şəxslər tərəfindən irəli sürüləcək digər təkliflərə həssaslıqla yanaşılmasını, təhlil olunmasını və imkan daxilində nəzərə alınmasını xahiş edirəm.
Elbrus
TƏHMƏZOV
Milli
Məclisin sabiq deputatı, Laçın şəhər
sakini
525-ci qəzet.- 2022.- 24 sentyabr.- S.6;7.