Əzəli lütlüyün təzahürləri

 

esse

 

Adəmlə Həvvanın "İdrak meyvəsini" dadması ilə bəşəriyyət tarixində ilk hadisə baş verdi. Ona qədərki əhvalatlar bəşəri deyil, ilahi xarakterlə səciyyələnir. İlk insanların öz çılpaqlıqlarını hiss etmələri ilə, yəni ətraf mühitin onlara münasibətini dərk etmələriylə isə ilk ictimai proses başladı.

Öz lütlüyünü hiss etdiyinə qadağan edilmiş meyvəni daddığına görə Tanrının Adəmi məzəmmətləməsiylə yaradanla yaradılanın arasında ilk narazılıq (konflikt demirəm) baş verdi. bundan etibarən həm insanın şəxsi tarixçəsi, həm bəşəriyyət tarixi başladı. Həmin hadisə həm əxlaqi-mənəvi kodeksin yaranmasına səbəb oldu. Qadağalar şkalası yaranır günbə-gün zənginləşir. Bundan sonra insanın hər hərəkəti artıq nəzarət altındadır. Qadağalar insanı rəndələyir "arzu olunan adam" formasına salır.

Bibliyada çılpaqlıqla bağlı daha bir hadisə diqqəti cəlb edir: Yayın istisində üzüm suyundan doyunca içib sərxoş olan Nuh peyğəmbər bürkü şərabın təsirindən cana yığılır, paltarını soyunub döşəmənin üstünə uzanıb şirin yuxuya gedir. Nuh peyğəmbərin oğullarından biri, kişinin vəziyyətindən xəbərsiz, təsadüfən otağa girəndə, çılpaq vəziyyətdə yatan atasını görür. Gördüyünə məəttəl qalan oğlan təcili geri dönür hər şeyi qardaşlarına söyləyir.

Nuhun digər oğulları bir palaz götürüb mışhamış yatan atalarına tərəf baxmadan içəri girib palazı onun üstünə atırlar. Ata oyananda, üstünə palaz salan oğlanlar, o yatarkən baş verənləri danışırlar. Bunu bilən Nuh peyğəmbər onu çılpaq vəziyyətdə görüb bu barədə qardaşlarına xəbər verən oğlunu lənətliyir. Güman ki, bununla günahın üstünü açmağın özü belə günah olduğuna işarə olunur, - Bibliyada deyildiyinə görə atanın qarğışı oğlanı tutur.

Fikir verin - birinci hadisədə Adəm öz çılpaqlığını hiss etdiyinə görə, yəni özünü ətrafı dərk etməyə başladığına görə Tanrı onu cəzalandıraraq zövcəsiylə birlikdə Cənnətdən qovur. İkinci hadisədə isə oğul atanı çılpaq gördüyü üçün ata - Nuh oğlunu lənətləyir. Bu isə o deməkdir ki, Adəmin  almanı dişlədiyi andan başlayan zaman artıq bəşəri məzmun kəsb edib, Nuh  peyğəmbər artıq cəmiyyətin üzvüdür, o, ictimai davranış qaydalarına əməl nəzarət etməyə cəhd göstərir, bu qaydanı pozan oğlunu pisləyir.

Çılpaqlıqla bağlı olan bir-birinə münasibətdə tamam təzadlı məna daşıyan bu iki hadisənin arasında bir hadisə baş verir. Həmin hadisə indiyədək dumduru axan zaman çayını al rənglə bulandırır: qardaş-qardaşı -Qabil Habili qətlə yetirir. Qətlin motivi paxıllıqdır, qardaş-qardaşa həsəd aparır. Tanrı maldarlıqla məşğul olan Habilin hədiyyəsini əkinçiliklə məşğul olan Qabilin hədiyyəsindən üstün tutur. Bundan hiddətlənən Qabil Tanrının hüzurundan qayıdanbaş öz doğma qardaşını tapıb qanına qəltan edir.

Bibliyadakı başqa hədislər kimi, rəmzi məna daşıyan bu hədisə göstərir ki, xəbislik, paxıllıq pərdəsi insanın gözünü örtəndə qan qardaşlığı belə təhlükəyə məruz qalır. Sarsılmaz münasibətlərin əsasını məqsədlərin, maraqların, mədəni-mənəvi dəyərlərin iqtisadi durumların üst-üstə düşməsi təşkil edir. Elə ki, bu maraq amillər qarşı-qarşıya gəlir, əksər hallarda qardaşlıq belə hisslərin ən dəhşətlisi olan həsəd hissinin qarşısında aciz qalır.

 

Çağdaş dünyamızda elə gətirib ki, çılpaqlıq daha günah sayılmır, heç kəsi təəccübləndirmir, sözsüz, hiddətləndirmir də. Allahla insanın arasında ilk narazılığın hətta bütün sonrakı hadisələrin, bəşər tarixinin səbəbinə çevrilən bu məsələyə hazırda Tanrının necə baxdığı bizə bəlli deyildir. İnsanlar bir-birinin çılpaqlığına çoxdan alışıblar, müxtəlif telekanallar, internet, rəngli jurnallar və nəhayət, hamını özünə cəlb edən gecə barları, gündüz çimərlikləri (hələ Avropanın bəzi ölkələrindəki "Dikiy plyajları", Nudistlər cəmiyyətlərini və qadın və kişilər üçün nəzərdə tutulan ümumi hamamları demirəm), usanmadan bu "mühüm məsələ"nin xidmətindədir. Artıq bu səbəbdən nə ata balasını lənətləyir, nə də bala atasını.

Amma dünyanın sübh çağındakı iki lütlük arasında baş verən qanlı hadisə bu gün də arası kəsilmədən daha geniş miqyasda təkrar olunmaqdadır. Qabilin xəncərindəki qan qurumaq bilmir. Hazırda Səudiyyə Ərəbistanıyla Yəmən, RusiyaUkrayna arasında baş verən hadisələr də bunun bariz nümunəsidir - Qəbil Habili daha geniş miqyasda "of" demədən öldürür.

..."İdrak meyvə"sinin dadı əbədi olaraq bəşəriyyətin damağında qalıb, onu bir an belə rahat buraxmır.

 

İmir MƏMMƏDLİ

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.16.