Xoşbəxt göyərçinlər,
xoşbəxt bayraqlar
Hekayə
Qardaşım
məndən üç yaş böyük idi və hərbi
xidməti də məndən üç il
əvvəl bitirmişdi, amma nədənsə müharibənin
beşinci günündə ilk zəng ona gəldi. Həmin
axşam, evin hansısa künc-bucağına
atdığımız balaca cib telefonunu da tapıb
qardaşımın sabah özüylə
aparacağı şeylər arasına qoyduq. Axşam yatmazdan əvvəl
anamla atamın həyətdə asta səslə nəsə
danışdıqlarını hiss elədim və anamın
kövrək pıçıltısını eşitməmək
üçün pillələri sürətlə qalxıb
otağıma getdim. Bir az sonra
qardaşım, nömrəsi çıxarılmış
telefonla yanıma gəldi və gecə yuxuya getməzdən əvvəl
onu necə çox istədiyimi ilk dəfə dərindən
hiss edərkən gözlərim doldu.
Sabahkı gün hərbi komissarlığın
qabağında əl çalan adamlara və maşına minərkən
sevinən əsgərlərə baxdıqca qardaşıma
qarşı yenə də eyni hissləri keçirib kədərləndim. Amma bir az sonra anamın
gün düşən və gülümsəyən
üzü, əlində bayraq saxlayan əmim oğlanları
ilə atamın yan-yana duruşu, içimdə elə bir
sevinc yaratdı ki, hər şeyin gözəl olacağına
inandım və bir gün, bəlkə, özümün də
bu cür yola salınacağımı xəyalımdan
keçirərkən neçə vaxtdır yazmaq istədiyim
bir mesajı da yazmağa cəsarət tapa bildim. Cümlələrimi özü ilə aparan
üçkünc ox, ekranın dərinliyində qeyb olduqdan
sonra, yerindən tərpənən avtobusun dalınca həm də
ona görə qəhərlə baxdım ki, dirəklərdən
asılmış bayraqlar da sanki öz istiqamətini dəyişib
həmin avtobusun arxasınca dartılır, ona tərəf əsirdi.
İlk günlər çətin olmadı. Çünki demək olar
ki, hər axşam saat saat səkkizə qalmış, bəzən
bir az tez, bəzənsə gec zəng edib
danışırdı. Amma gedişinin
altıncı günündə, həmişə zəng
etdiyi vaxtı göstərən əqrəblər bu dəfə
daha sürətlə fırlandı və onlar doqquza
çatandan sonra hamımızın ürəyinə,
bir-birimizə belə etiraf etmədiyimiz bir duyğu dolmağa
başladı. O gecə narahat-narahat yerimdə qurcalanarkən
və aşağıdan gələn qapı səslərinə
qulaq asarkən atamla anamın tez-tez yerlərindən durub
otaqdan çıxdığını, yata bilmədiklərini
hiss elədim.
Bu narahat
gecələrin dördüncü sabahında, günortadan bir
az keçmiş, evin ən uzaq
küncünə çəkilib səsimin eşidilməyəcəyinə
əmin olandan sonra qaynar xəttin nömrəsini
yığdım. Ürək döyüntülərimin
telefondakı səsi eşitməyimə mane olmaması
üçün əlimi qeyri-ixtiyari sinəmə tərəf
apardım. Amma qorxudan asta-asta dediyim ad və
soyad, şəhid adları arasında tapılmadı və
sinəmdəki döyüntünün yavaş-yavaş sakitləşdiyini
hiss edəndən sonra bu xəbəri evdəkilərə də
çatdırdım.
Üç
gün sonra qonşumuzun kiçik oğlu ilə
dayımın tək oğlunu eyni gündə
çağırdılar və qardaşımdan yana duyduğum nigaranlığa indi də evdə
oturmaq və hər şeydən kənarda qalmaq
narahatlığı qatıldı.
Sabahkı gün evdəkilərdən xəbərsiz hərbi
komissarlığa gedib adımı yazdıranda oktyabrın on
səkkizinə iki gün qalırdı və artıq
neçə vaxt idi ki, qardaşımdan zəng gəlmirdi. Hamının Şuşa haqqında
danışdığı on yeddi oktyabr tarixində axşam
saat doqquzun yarısında atamın telefonuna zəng gəldi. Atam həyacanlı səslə zəngə cavab versə
də, xəttin o üzündəki adamdan heç bir səs
eşidilmədi və yarımçıq kəsilən zəng
o gecəki nigarançılığımızı daha da
artırdı.
Gecə saat ikidə yerimdən qalxıb
paltarlarımı geyindim və qapısını sakitcə
açdığım otağa girib qardaşımın
çarpayısına tərəf getdim. Masasının
üstündəki əşyalara, qoşa bayrağa,
dağınıq kağızlara baxdım, sağ tərəfdəki
siyirmə gözlərində fayllara qoyulmuş
kağızları qarışdırdım. Həmin
kağızların altında görsənən qalın
üzlü dəftər də elə bu vaxt diqqətimi cəlb
elədi. İlk səhifələrindən
gündəlik olduğunu hiss etdim, son səhifədəki
yarımçıq qalmış yazıdan isə bunları
oxudum:
"27
Sentyabr
Səhər üzü internet kəsildi. Heç
cür internetə qoşulmaq olmurdu. Müharibənin
başladığından saat səkkizə qalmış xəbər
tutdum. Televiziya kanalları canlı xəbərlər
verməyə başlamışdı. Sonra Füzulinin
yeddi kəndi..."
Oktyabrın on səkkizinci günü olan sabahkı
gün bir qulağımız televizordan gözlədiyimiz
şad xəbərlərdə, bir qulağımız isə
telefonda qaldı.
Axşam yeməyinə təzəcə
başlamışdıq ki, telefonuma zəng gəldi. Naməlum nömrənin zəngini
evin içində açmadım, həyətə
düşdüm və bir az sonra evə
qayıdıb anamgilin rəngi qaçmış üzlərinə
baxanda nə deyəcəyimi bilmədim. Amma elə həmin an da pis xəbər olmadığına
inansınlar deyə həqiqəti gizlətmədim və
komissarlıqdan, çağırışla bağlı zəng
edildiyini, bir neçə gün sonra məni də
çağıra biləcəklərini dedim. Süfrəni
yığışdıranda anamın əsən əllərini,
atamın rəngi özünə qayıtmamış
üzünü görməmək üçün tələsik
yerimdən qalxıb otağıma çıxdım. Amma cəmi üç pillə qalxmışdım
ki, bu dəfə atamın telefonundan zəng səsi gəldi.
Arxaya döndüm, yerimdən tərpənməyib
onlara baxdım. Və qardaşımın adını
atamın dilindən sevincli qışqırıqla eşidən
kimi zəng vuranın qardaşım olduğunu hiss elədim.
Bir azdan
evdəki hamamın susürətləndiricisini təmir etməyə
gələn usta da alətlərinin
çıxardığı səs-küyün müşayiəti
ilə, o gün hər kəsin etdiyi kimi Şuşanın
artıq alınmış olmağından söhbət
açdı, düzəldə bilmədiyi cihazın
yanından qalxıb hamamdan çıxarkən isə sanki
öz uğursuzluğunu unutdurmaq üçün təsəlli
verməyə çalışarcasına:
-
İndilərdə, yəqin Prezident Şuşanın xəbərini
verəcək, baxarsız, - dedi və o gedəndən sonra
atamla mən də televizorun qarşısında xəbər
gözləyən anama qoşulduq.
Saat on ikiyə işləyəndə gözləməkdən
yorulduq, ümidimiz üzüldü və yavaş-yavaş
yatmağa hazırlaşdıq.
Gecə yarısı yenə də qardaşımın
otağına getdim və dünənki gündəliyi yenidən
açanda komissarlıqdan gələn zəngi
xatırladım. Birdən-birə gözlərim
önündə qardaşımın müharibədən
qayıtdığını, amma mənim heç vaxt
qayıda bilməyəcəyimi canlandırdım və
masanın üstündəki qələmi götürmək,
gündəlikdə yeni bir səhifəni açmaq da bu vaxt
ağlıma gəldi. Qələmimin kağızda
qoyduğu ilk izlərlə qardaşımın
oxuyacağı cümlələri yazmağa başladım:
"18
Oktyabr:
"Birdən Prezident çıxış eləyər,
baxammaram", "Birdən nəsə yazar, görəmmərəm"
qorxusuyla hamamda elə tələm-tələsik çimdim və
hamamdan çıxar-çıxmaz evə doğru elə
sürətlə qaçdım ki, düz qapıya
çathaçatda üzü üstə tirtap yerə
yıxıldım. Üstüm-başım torpaqlı-torpaqlı,
üzüm-gözüm tozlu-tozlu ayağa qalxanda fikirləşdim
ki, eybi yox, Azərbaycan xalqı da Şuşaya çatana qədər
bu günəcən neçə dəfə bu cür yerə
yıxılıb, amma əsas odur ki, bu gün ayağa qalxa
bilib və üst-başındakı o toz-torpağı da indi
silib təmizləməyə başlayıb və bir az gec,
bir az tez həmin toz-torpağı tamam silib qurtaracaq".
Növbəti günlərdə hər axşam qardaşımdan
gələn zənglər və geri qaytarılan yeni ərazilərin
şad xəbəri ilə hər şeyin gözəl
olacağına yenə də inanmağa başladıq. Bir səhər zəng
etdiyim komissarlıqdan hələ gözləməli
olduğum, lazım gələrsə
çağırılacağım deyildi və mən
payızın getdikcə daha çox hiss edilən sarı
yarpaqları, soyuq yağışları altında sakit-sakit gəzindikcə
günlər öncə göndərdiyim mesajın hələ
də cavabsız qaldığını xatırladım.
O günlərin
birində, yenə də gündəlikdən ötrü gecəyarısı
qardaşımın otağına getdim və başıma gələnləri
yazdım:
"26
Oktyabr
Bu gün səhər həkimə getmişdim. Otağa girən
kimi gördüm ki, televizorda Prezident danışır.
Fikrim qaldı Prezidentin yanında, həkimin dediklərinə
necə alayarımçıq qulaq asdımsa, bir də onda
ayıldım ki, ağ xələtli tibb
bacısı əliylə çiynimə toxunur:
- Zəhmət
olmasa koridorda bir az gözləyin,
çağıracağıq.
Ayağa durub çantamı götürdüm və
qulaqlarım Prezidentin səsindən uzaqlaşa-uzaqlaşa dəhlizə
çıxdım. Qapını yarımçıq
örtdüm ki, eşidə bilim. Amma
çox keçməmiş içəridən kimsə
qapını bağladı və səs tamamilə kəsildi.
Sudan çıxmış balıq kimi, təlaş
içində əlimi telefona atdım, amma internet
sözümə baxmadı. Bu anda hardansa
İlham Əliyevin səsi qulaqlarıma gəldi. Dəhlizə
göz gəzdirəndə qapılardan birini açıq
gördüm və iti addımlarla həmin qapıya yaxınlaşdıqca
hiss etdim ki, Prezidentin səsi də yaxınlaşır.
Çiynimi divara söykəyib qulaq asmağa başladım və
bunu hiss edən içəridəki cavan oğlan bir az sonra əlində tutduğu telefonla qapıya
çıxıb gülümsəyə-gülümsəyə
məni içəri dəvət elədi.
On dəqiqə sonra xəstəxanayla işimi birdəfəlik
bitirib küçəyə çıxanda, Prezidentin nitqi hələ
də qurtarmamışdı. Əlimi yenə də telefona
atdım, bu dəfə xoşbəxtlikdən internet tərslik
eləmədi və mən Prezidentin AzTv-nin canlı
yayımından eşidilən səsinə qulaq asa-asa 28 may
metrosuna tərəf yola düzəldim. Təxminən 5-6
addım atmışdım ki, yanımdan keçən bir
oğlan başını sola çevirib soruşdu:
-
Qaqaş, indi danışır?
- Aha indi
danışır, - dedim.
-
Qaqaş, bağışla sənə də mane oluram. Olar mən də qulaq asım? Elə o döngəyə
qədər sənnən getsəm..
- Hə, əlbəttə,
o nə deməkdi?
7-8
addım atmışdıq ki, yanımızdan keçən və
əl-ələ tutan bir cütlük bizdən bir az qabağa keçər-keçməz
addımlarını yavaşıdıb arxaya döndülər.
- Bəy,
bağışlayın, canlıdır bu?
- Aha,
canlıdır.
Oğlanın
nəsə demək istədiyini hiss edib onu qabaqladım və
gülümsəyə-gülümsəyə:
- Qulaq asa
bilərsiz, - dedim.
9-10
addım atmışdıq ki, yanımızdan keçən
bir qızın bayaqkı cütlükdən:
- Təzə
çıxışdır bu? - deyə
soruşduğunu eşitdim.Bir az sonra aramıza yeni qatılan
adamlardan biri adı çəkilən hansısa silahla
bağlı hamımıza maraqlı bir bilgi verdi.
Parkın
aşağısında bizə qoşulan orta yaşlı bir
kişinin isə ilk sualı belə oldu:
- Təzə
rayon var?
Heydər Əliyevin heykəlinə tərəf
yaxınlaşanda Prezidentin dilindən ilk kəndin
adını eşitdik. Birdən mənə elə gəldi ki,
heykəlin ətrafında daş döşəmənin
üstünə qonuşan göyərçinlər də
telefonun səsinə doğru uçuşa-uçuşa
havaya qalxacaq, bizə tərəf gələcək və
çiyinlərimizə qonacaqlar. Yanımdakı
adamların qulağı ard-arda çəkilən kənd
adlarında ikən parkda gəzişən adamlara, yoldan
keçən maşınlara, küçələrə,
binalara baxdım və elə bildim ki, o göyərçinlərdən
birincisi mənim çiynimə qondu. Pəncərələrdən
asılmış Azərbaycan və Türkiyə
bayraqlarına baxa-baxa içimdə qəhər və
xoşbəxtlik duyğusunun həmin bayraqlar kimi ləpə-ləpə
dalğalandığını hiss elədim".
Axşamlar üşümək üçün bəzən
pəncərəmi açıq saxlayırdım, sonra soyuq əllərimi
isti boğazıma aparıb divardan asılmış təqvimə
göz gəzdirir, müharibənin arxada qalan günlərinə
sakit-sakit tamaşa edərək qardaşım haqqında
fikirləşirdim.
Günlər ötüb keçirdi.
Komissarlıqdan zəng gözləyərkən
işsiz, uzun və bekar saatlarda evdən çıxıb
yaxınlıqdakı parkda gəzişirdim.
Bir
neçə gün sonra hamının dilində yenə də
Şuşa adı gəzməyə
başladı və həmin günlərin birində intizarla
ekrana dikilən gözlərimiz sevinc yaşları ilə
doldu. Şəhərin sərin küçələrində
bir-birimizlə toqquşa-toqquşa Şəhidlər
xiyabanına yollandıq. Xiyabanın örtülü
domino daşları kimi görünən qəbirləri
qarşısından keçərkən o qara mərmərlərdən
bir gün ağ günlərin
boylanacağına inanmaq istədim. Qayıdanda ara
küçələrdən keçib sakit və adamsız
bir yerə getmək arzusu duydum və həmin gecə gündəlikdə
xatırladığım qızları da o küçədə
gördüm.
"8
Noyabr
Bu gün axşam saatlarında, küçədə
sakit-sakit gəzişdiyim vaxt qarşı tərəfdən 2
qızın gəldiyini gördüm. Birinin əlində Azərbaycan
bayrağı var idi, dodağına tünd boya çəkmiş
digər qız isə böyük bir Türkiyə
bayrağı tutmuşdu. Necə
olduğunu bilmədim, amma dodaqlarına tünd boya
sürmüş həmin qız düz yanımdan keçdiyi
vaxt, qıpqırmızı rəng ağlımı
başımdan nə cür apardısa, zərrə qədər
də qorxmadım və aşağı əyilib o
qıpqırmızı rəngdən bir öpüş
aldım. Qızların hər ikisi təəccüblə
kənara çəkildilər və bir az
əvvəl öpdüyüm o al rəngli Türkiyə
bayrağı sivişərək həmin andaca əlimdən
çıxdı. Sonra hər ikisinin üzündə təbəssüm
gördüm və sevgimi heç cür ifadə edə bilmədiyim
o Türkiyə bayrağının həmin qızın əlində
gözəl-gözəl dalğalanmağına baxdıqca
türk şairinin o məşhur şeirinə bir misranı
da mən artırdım: "Bayrağından öpdüm səni".
Bir gün sonra qardaşımın cəbhədən
göndərdiyi ilk şəkil hamımızı telefonun
balaca ekranının ətrafında topladı. Gecəyarısı gündəliklə
üzbəüz oturub nəsə yazmağa
çalışdığım anda əvvəlcə ev telefonumuz zəng vurdu, sonra anamın zəngə
cavab verdiyini eşitdim. Mən aşağı
düşməzdən əvvəl televizorun səsi pillələri
qalxıb yuxarı gəldi.
O gecə
müharibənin sona çatdığını əvvəlcə
televizorun həmin səsindən, sonra anamın
gülüşünə qarışan sevinc göz
yaşlarından, sonra telefonuma gələn zənglərdən,
küçəyə axışan adamların
qışqırıqlarından və küçə fənərlərinin
qaranlıq işığında dalğalanan bayraqların əsintisindən
hiss elədim.
Sabahkı gün şəhərin izdihamlı və hay-küylü küçələrində sevinən, qışqırışan, oynayan adamlara tamaşa edəndə içimdən gələn qəfil bir səs mənə nəsə pıçıldadı. Başımı qaldırıb küçənin o tərəfindəki bayraqlara baxanda birdən mənə
Axşam evə yorğun qayıtdım. İlk işim yazdığım səhifələri gündəlikdən cırıb atmaq üçün qardaşımın otağına getmək oldu. Ancaq tərəddüdüm necə uzun çəkdisə, başımı masanın üstünə qoyandan sonra yuxuladığımdan xəbərim olmadı. Məni nəyin oyatdığını bilmədim. Ayılandan sonra isə telefonumda bir mesaj gördüm:
"Yazmamağım daha yaxşı idi, əslində. Amma təbrik etmək istədim. Mənə demişdin ki, ordan çıxanda cəmi iki yaşın var idi. İndi özünü necə hiss etdiyini tam da təsəvvür edəmmirəm. Amma hər halda beş gün sonra bundan da sevincli olassan. Təbriklər".
Gecə yuxumda, iki yaşlı balaca bədənimi qucağında saxlayan anamla bir yerdə böyük bir yük maşınına minib Kəlbəcərdən çıxdığımızı gördüm. Maşından görsənən bütün mənzərə, ətrafdakı dağlar, meşələr rəngsiz və ağ-qara idi. İçəridə qadınlardan kiminsə ağladığını görürdüm. Anam başını aşağı əyib məndən "üşüyürsən?" deyə soruşanda yolda kiminsə uca səslə "saxlayın, saxlayın" dediyini eşitdik. Maşın dayandı, içəridəki ağlamaq səsləri kəsildi. Sonra əllərində silah tutan hərbi geyimli iki-üç adamın arxa tərəfdən maşına yaxınlaşdığını gördük. Heç vaxt saqqal saxlamayan qardaşımın indi azacıq tük basmış otuz iki yaşlı üzünü hamıdan əvvəl mən tanıyıb, anamın qucağından çıxdım. Aşağıdakı əsgərlərdən kimsə "döndər maşını, qayıdırıq" deyəndə bayaq rəngsiz gördüyüm mənzərələrin yaşıllaşdığını hiss elədim. Dağlardakı ağ qara baxanda kimsə məni qucağına aldı və bu vaxt üzümdən öpən həmin adamın evimizin divarından şəkli asılan, iyirmi səkkiz il əvvəl şəhid düşmüş əmim olduğunu gördüm.
Sonra əlimdən tutan bir nəfərlə yaşıl və sıx ağacların arasından keçib ancaq şəkillərdə gördüyüm evimizə doğru gedirdik və mən başımı qaldırıb, əlimdən tutan o adamın iyirmi doqquz yaşlı özüm olduğunu görürdüm.
27 noyabr, 2020
Təvəkgül Boysunar
525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.14.