Nizami Gəncəvi məsnəvisinin türk dilinə ilk tərcüməsi  

 

ŞEYXİN "XOSROV VƏ ŞİRİN" ƏSƏRİ

 

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin "Xosrov və Şirin" məsnəvisinin təsiri ilə Osmanlı türk ədəbiyyatında meydana çıxan ilk poema Şeyxinin "Xosrov və Şirin" əsəridir.

Osmanlı dövrü türk ədəbiyyatının görkəmli söz ustalarından biri olan Şeyxi   Germiyanoğulları bəyliyinin (1248-1428) mərkəzi olan Kütahyada təxminən (h.773-778) 1371-1376-cı illər arasında anadan olmuşdur. O dövrdə Kütahya böyük bir mədəniyyət mərkəzinə çevrilmişdi. Bu mühitdə XIV-XV əsrlərdə Şeyxoğlu, Əhmədi, Əhmədi-Dai kimi tanınmış söz ustaları türk ədəbiyyatını inkişaf etdirməklə məşğul olmuşlar. Şeyxi belə bir mühitdə yetişmişdi. Onun adı Yusuf Sinanəddindir. Bir mülkiyyət sənədində Şeyxinin tam adı bu şəkildə qeyd edilmişdir: Yusuf b.Ahmed b.Seyyidi hakimü-l-meşhurü-ş - Şeyxi. Təbabətdə "hakim Sinan" kimi şöhrət qazanan bu mütəfəkkir ədəbiyyatda "Şeyxi" təxəllüsü ilə tanınmışdı. Türkmən əsilzadələrindən olduğu ehtimal edilən şair özü haqqında yazır:

 

 

Şaha muradı Yusufi-Şeyhinün oldurur

Kim bu saadet eşiyine bende var ola.

 

 

Mənbələrin göstərdiyinə görə, Osmanlı dövlətinin ilk "rəisi- etibbası" Şeyxidir. İxtisasca göz həkimi olmuşdur. O, eyni zamanda, ömrünün sonlarında əttar dükanı çalışdırmışdır. Təsəvvüfə bağlı bir sənət adamı olmuşdur. Böyük mütəfəkkür və təsəvvüf alimi Hacı Bayram Vəli ilə əlaqə yaratmış, onun müridi olmuşdur. Şeyxiyə  bu təriqət başçısı şeyx titulunu vermişdir. Onun məsləhəti ilə "Şeyxi" təxəllüsünü götürmüşdür. O dövrün tanınmış adamlarından Molla İzari Qasım və şair Cəmali onun qardaşı oğullarıdır. Mənbələrin qeyd etdiyinə görə, Şeyxi  böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə Yıldırım Bəyazidin hakimiyyəti dövründə Bursada görüşmüşdür.

Şeyxinin bədii yaradıcılığı haqqında qısa məlumat vermək istəyirik. XV əsrin əvvəllərində yaşamış, türk divan ədəbiyyatının ilk böyük şairlərindən olan  Şeyxinin əsərləri Divan, "Xarnamə", "Xosrov və Şirin", "Neynamə", tibbə dair mənzum bir risaləsi, farscadan tərcümə edilmiş "Xabnamə" məsnəvisindən ibarətdir.

Şeyxi Germiyanlıdır, torpağa bağlı bir söz ustası olduğundan bəzi mənbələrdə bu böyük sənətkar Şeyxi-Germiyani təxəllüsü ilə təqdim edilmişdir. O, həyatının böyük bir qismini Germiyan hökmdarı II Yaqub bəyin nədim və təbibi olaraq keçirmişdir. O, Osmanlı sultanlarından Çələbi Sultan Məhmədi müalicə etdikdən sonra sarayda çox tanınmış və sultan II Muradın hakimiyyəti dövründə də burada xidmət etmiş, məliküş-şüəra titulunu daşımışdır. Elə "Xosrov və Şirin" məsnəvisini də şair  sultan II Murada həsr etmişdir. Burada bir haşiyə çıxaraq qeyd edək ki, rəvayət edilir ki, sultan II Murad şairin fəaliyyətini çox bəyənir, onu vəzir təyin etmək istəyir, amma bədxahları buna mane olur, deyirlər, Nizami "Xəmsə"si kimi bir əsər yazsın ondan sonra. Sultan şairi yanına çağırır, Nizami "Xəmsə"sindən hansı əsəri istərsən seç, tərcümə et, deyir. Şair "Xosrov və Şirin"i seçir. O, qısa müddətdə bu məsnəvidən 1000 beyt tərcümə edir. Sultan tərcüməni çox bəyənir, bu mövzuda bir əsər yazmağı ona tapşırır.

Böyük şairin ölüm tarixi haqqında müxtəlif tarixlər irəli sürülsə də, F.Timurtaşın fikrincə, o, təxminən hicri 832-ci ildən sonra, yəni hicri 834-cü ildə, miladi 1431-ci ildə vəfat etmişdir. Bütün qaynaqlar Şeyxinin ölümü ilə "Xosrov və Şirin" məsnəvisinin yarımçıq qaldığını, qardaşı oğlu Cəmali tərəfindən tamamlandığını göstərir. Şeyxinin "Xosrov və Şirin" məsnəvisinin görkəmli tədqiqatçısı Faruk Qədri Timurtaş (o, 1963-cü ildə İstanbulda Şeyxinin bu əsərinin ilk dəfə elmi-tənqidi mətnini nəşr etdirmişdir) bu istiqamətdə xeyli araşdırma aparmış və müəyyən etmişdir ki, Cəmali əsərə sadəcə zeyl yazmış, konkret olaraq 109 beyt əlavə etmişdir. Bu 109 beyt iki parçadan ibarətdir: Birinci parça Şeyxinin ölümü haqqında olan fraqmenti, II qism sultan II Muradın mədhini təşkil edir. F.Timurtaş aydınlaşdırmışdır ki, bu qiymətli əsəri tamamlayan XVI əsr şairi Rumi adlı şair olmuşdur. Alim bu barədə belə yazır: "Kütahya Vahidpaşa kitabxanasında 1961-ci il yay tətilindəki araşdırmalarım sırasında tapdığım, bu günə qədər kimsənin  diqqətini çəkməyən, ədəbiyyat tarixçilərimizin bilmədiyi bir əsər; Şeyxinin "Xosrov və Şirin"inin Rumi adlı bir şair tərəfindən tamamlandığını göstərməkdədir. Rumi Şeyxinin başa çatdıra bilmədiyi Şuriyənin Xosrovu öldürməsi, Şirinə göz qoyması və Şirinin  intiharı hekayəsinin son və trajik qismini - yenə Nizamidən nəql edərək - nəzmə çəkmişdir". Sonralar əldə olunan digər dəlillər də sübut etmişdir ki, Şeyxi vəfatı ilə əlaqədar yaza bilmədiyi Şuriyə əhvalatını o (Rumi), Nizamidən tərcümə edərək əsəri bitirmiş və Qanuni Sultan Süleymana (1494-1566) təqdim etmişdir. Rumi Şeyxinin bu dəyərli əsərinə təxminən 1000 beyt əlavə etmişdir.

Məlum olduğu kimi, "Xosrov və Şirin", yaxud "Fərhad və Şirin" hekayəsi İslami Şərq ədəbiyyatının ən tanınmış və sevilmiş mövzularındandır. İran və türk ədəbiyyatlarının bu çox yayılmış mövzusunda Sasani hökmdarlarından Xosrov Pərvizin (590-628) Ərmən ölkəsinin hökmdarı Məhin banunun qardaşı qızı, Qafqaz gözəli Şirin ilə aralarında olan eşq macərası anladılmaqdadır. Usta bir mühəndis və memar olan Fərhad da üçüncü qəhrəman olaraq hekayədə təsvir edilməkdədir. Beləcə, iki eşq üzərinə əfsanələşən hadisələr hekayənin ana mövzusunu təşkil etməkdədir. Bu əsər romantik bir eşq hekayəsidir. Firdovsinin "Şahnamə"sində Xosrovun siyasi mübarizəsi ətraflı olaraq göstərildiyi kimi, Şirin ilə əlaqələrinə qısaca təmas edilmişdi. Hekayəti ədəbi baxımdan ilk qələmə alan XII əsrin məşhur İran şairlərindən Sənai Qəznəvi olmuşdur. Bundan az sonra qüdrətli Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) bu böyük əsərlə hekayətə ölümsüzlük qazandırdı. Nizami Gəncəvinin əvəzsiz məsnəvisindən sonra bilavasitə onun təsirilə bu mövzuda fars və türk ədəbiyyatında altmışa yaxın əsər meydana gəlmişdir.

Bəlli olduğu kimi, XI əsrdə Yusif Balsaqunlunun "Kutadqu bilik" əsəri ilə türk ədəbiyyatı İslami ədəbiyyatın təsiri altına düşmüş və inkişaf etməyə başlamışdır. Eyni zamanda, insanların mənəvi ehtiyaclarına cavab vermək üçün İran ədəbiyyatından tərcümə yoluna da müraciət edilmişdir.

Qədim türk ədəbiyyatında tərcümə mövzusundan söz açılmışkən bunun iki növünün işləndiyi gözə çarpmaqdadır:

 

1. Hərfi tərcümə.

2. Sərbəst tərcümə.

 

Hərfi tərcümə zamanı əsl mətn olduğu kimi, tam şəkildə tərcümə edilir, hətta onun cümlə quruluşu eyni ilə saxlanılır. Sərbəst tərcümədə isə əksinə, əsl mətinin özünün tərcümədə sərbəst şəkildə ifadəsinə üstünlük verilirdi. Bu tərcümə formaları çox zaman nəzm əsərlərinin tərcüməsi zamanı istifadə edilirdi. Bunu da qeyd etmək lazımdır ki, qədim türk ədəbiyyatının inkişafında Nizami Gəncəvi "Xəmsə"si xüsusilə başlıca rol oynamışdır. Məlum olduğu kimi, Nizamidən sonra ədəbiyyatda xəmsəçilik ənənəsi yayılmışdır. Ədəbiyyatımızda bu ənənə tək Nizamiyə cavab, nəzirə yazmaq yoluyla deyil, eyni zamanda, tərcümə yoluyla da inkişaf etməyə başlamışdır. Bu baxımdan türk ədəbiyyatındakı "Xosrov və Şirirn" mənzumələri arasında Qızıl Orda şairi Qütb Xarəzminin adı keçən əsəri ilk təcrübə olaraq diqqəti cəlb etməkdədir. Mövcud tərcüməsi haqqında çox az məlumata sahib olduğumuz Qütb Xarəzmi özü haqqında ancaq "Xosrov və Şirin" məsnəvisində bəzi məlumatlar vermişdir. Qızıl Orda hökmdarı Özbək xanın oğlu Ağ Orda hakimi Teni Bey 1340-cı ildə atasının olümündən sonra iki il dövləti idarə etmişdir. Şair Qütb Xarəzmi 1341-ci ildə başa çatdırdığı mənzuməsini də bu xana və onun xanımına ithaf etmiş, tez-tez hökmdarı mədh etmişdir.

Bu nümunədən sonra türk ədəbiyyatında ən çox diqqəti cəlb edən bədii əsər Şeyxinin "Xosrov və Şirin" məsnəvisidir. Şeyxi bu əsəri h. 824-832-ci illər arasında Kütahya şəhərində qələmə almış dır.Əsərin üçdə biri tərcümə olsa da, digər qisimlərdə sənətkar, tərcüməçi özündən bir sıra əlavələr də etmişdir. Əsərdəki Nizami "Xosrov və Şirin"indən fərqlənən bəzi fərqləri qeyd etmək istəyirik: Şair əsərə xeyli qəzəl daxil etmişdir. Şeyxi əsəri qələmə alarkən tarixi qaynaqlara müraciət etmiş, ona görə də hərb təsvirlərində "Şahnamə" təsiri görünməkdədir. Burada Sədinin "Gülüstan"ından alınmış əlavələr də gözə çarpmaqdadır. Nizamidəki Şapur burada Şavur şəklində verilir. Fərhad Nizamidə Rum diyarında su yolları inşa edən usta olaraq göstərilir, Şeyxidə isə Şavurun Çindən məktəb yoldaşı olaraq təqdim edilir. Həm Nizami, həm Şeyxidə məsnəvi əruzun rəzəc bəhrində yazılmışdır. Lakin Şeyxidə bu bəhrin müxtəlif şəkillərində yazılmış qəsidə, qəzəl və tərcibəndlərdən istifadə edilməsi də müşahidə edilir. Bu da əsəri yeknəsəqlikdən xilas etmişdir. Şeyxidə "Xosrov və Şirin" məsnəvisi romantik bir eşq hekayəsidir. Nizamidə siyasi motivlər də var. Şeyxidə Şuriyə qolu ixtisar edilmişdir. Şeyxi eyni zamanda, Nizamidəki Xosrovun əsərin sonlarında  peyğəmbəri yuxuda görməsi, peyğəmbərin meracı kimi qisimləri də ixtisar etmişdir. Şeyxidə Bəhram qolu daha geniş işlənmişdir. Nizamidəki Xosrov - Şəkər xətti Şeyxidə qismən fərqli şəkildə təsvir edilmişdir. Nizami Gəncəvidəki Şirinin Məryəmi zəhərləyərək öldürməsi epizodu Şeyxidə verilməmişdir.

Şeyxi yaradıcılığının ən qiymətli əsəri "Xosrov və Şirin" məsnəvisidir. Bu əsər ona böyük şöhrət qazandırmışdır. F.Timurtaş bu barədə yazır: "Anadolu sahəsində bu mövzuda yazılan ilk məsnəvi olması və daha sonra yazılan eyni mövzudakı əsərlərin hamısından üstün olması səbəbiylə "Xosrov və Şirin" Şeyxiyə alabildiyinə genişləyən əngin bir  şöhrət gətirmişdir". Bu baxımdan təzkirəçi Lətifi də əsəri yüksək qiymətləndirərək yazır ki, bu əsər türk dilində yazılan "Xosrov və Şirin"lərin ən gözəlidir.

Şeyxi və onun "Xosrov və Şirin" məsnəvisi  türk dünyası sənətkarları tərəfindən yüksək qiymətləndirilmiş və istifadə edilmişdir. Məsələn, böyük Azərbaycan şairi  Məhəmməd Füzuli "Leyli və Məcnun"un müqəddiməsində Şeyxidən bəhs etmişdir.

Şeyxinin "Xosrov və Şirin"i Hafiz divanı kimi müqəddəs kitab hesab edilmişdir. Bu kitabla fala baxmışlar. Yavuz Sultan Səlim Şah İsmayıl üzərinə hücuma gedərkən "Xosrov və Şirin"i açdıran zaman bu beyt gəlmişdir:

 

Aləm dəprətdi Rumilər sərasər

Acəm kavmi durmadı bərabər.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" mövzusunda yazılmış ən dəyərli məsnəvi əsəri olan Şeyxinin "Xosrov və Şirin"i Osmanlı türk ədəbiyyatının inkişafında böyük rol oynamışdır.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.13.