Tələbələr üçün
yeni imkan - Təhsil Tələbə
Krediti
Bu günlərdə 2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə
krediti (TTK) almaq üçün müraciət
edən tələbələrin
statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, bu günə qədər 4214 nəfər
TTK almaq üçün
müraciət edib. Onlardan 1060 nəfərin
müraciəti natamam
olub. 661 nəfərin müraciəti
emal mərhələsindədir.
Həmçinin, 351 nəfərin
müraciətinə imtina
cavabı verilib, 381 nəfərin müraciəti
isə banka
yönləndirilib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə
1761 nəfərə TTK verilib. Onlar arasından
592 nəfərin müraciəti
sosial TTK, 1169 nəfərin
müraciəti isə
standart TTK olaraq rəsmiləşdirilib.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd
təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı
təbəqələrindən olan şəxslər üçün əlçatanlığının
təmin edilməsi, təhsildə bərabər
imkanların yaradılması
və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir.
Nazirlər Kabineti tərəfindən
təsdiqlənən müvafiq
qaydaya əsasən, təhsil tələbə
kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil
tələbə kreditindən
yalnız sosial həssas təbəqəyə
aid ailələrin üzvü
olan tələbələr
istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə
verilir.
Təhsilin normativ müddətində,
güzəşt və
möhlət dövründə
kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə
faizlərin hesablanmasında
və kreditin qaytarılmasında təhsilin
nəticələrindən asılı olaraq güzəştlər tətbiq
olunur. Tələbə krediti məzun
olduqdan və güzəşt dövrü
bitdikdən sonra qaytarır.
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət
tələb olunmur. Təhsil tələbə
kreditlərinin alınması
üçün tələbə
tədrisə tam cəlb
olunaraq təhsil müəssisəsində əyani
təhsil almalıdır.
Təhsil tələbə krediti uzunmüddətlidir
və təhsil müddətində tələbədən
kredit geri tələb edilmir və faiz hesablanmır.
Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayevin sözlərinə
görə, 2021-2022-ci tədris
ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub.
Həmin müraciətlərdən 7
962-si yekunlaşdırılıb, 2 635-i natamam hesab olunub.
Bu müddətdə 1 147 tələbənin müraciətinə
imtina verilib.
Gender bölgüsünə gəlincə, kredit alan 6 815 tələbədən
3 786-sı qadın, 3 029-u isə
kişi olub. Ali təhsilin bakalavr
pilləsi üzrə
5795, magistr üzrə
849 nəfərə təhsil
krediti verilib. Bu müddətdə kreditlər
üçün ümumilikdə
5 991 947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri
kredit alıb".
Payız semestri ərzində, təxminən, 5000-ə yaxın
tələbənin təhsil
kreditləri üçün
müraciət etməsi
gözlənilir.
Araz Paşayev bildirib ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edilib. Ailə başçısına itirməyə görə müavinət alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün də aidiyyəti üzrə müraciət edilib.
1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib. Qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq. Sosial TTK almaq üçün heç bir bal limiti yoxdur.
İcraçı direktorun dediyinə görə, 2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb. Bir ailə payız, 3 ailə isə yaz semestrində kredit alıb: "Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin, 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. Ümumilikdə 274 ailənin Ümumilikdə iki və daha çox üzvü kredit alan ailələrin sayı 274-dür. 138 ailə (277 nəfər) sosial, 136-sı (275 nəfər) isə standart təhsil tələbə krediti götürüb".
Araz Paşayev qeyd edib ki, texniki peşə məktəblərində təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi müzakirə olunub. Hazırda yüksək texniki peşə təhsili müəssisələrində təhsil alanlara növbəti ilin sentyabrından texniki peşə təhsili üzrə təhsil alanlara da təhsil tələbə kreditlərinin verilməsinə başlanıla bilər.
İdarə heyətinin sədrinin sözlərinə əsasən, tələbə kredit Biznesin idarə edilməsi, Tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə da çox götürülüb. Narahat edən məqam isə texniki və mühəndislik ixtisasının bu siyahıda ilk 21-də olmamasıdır. Burada müəyyən səbəblər ola bilər. Bəlkə də, çox ixtisaslarda təhsil alanlar kreditlərə ehtiyacı yoxdur.
Təhsil nazirinin müavini İdris İsayev deyir ki, tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur. Ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".
Nazir müavini xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: "Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, istənilən dövlətin inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən asılıdır. Bu prosesdə ali məktəb tələbələrinin sayı çox önəmlidir. Ali təhsilin ödənişli olması təhsili əlçatan etmirdi: "Çoxlu savadlı gənc ali təhsildən kənarda qalırdı. Qarşıda iki yol var idi. Ya valideynlər olan-olmazını satıb uşaqların təhsil haqqını ödəməli idilər, ya da gənc növbəti illəri gözləməli və ya təhsildən uzaqlaşmalı idi. Başqa sözlə, gəncliyimizin təhsil trayektoriyası qırılırdı. Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən Tələbə Təhsil Krediti hesabına belə gənclərin təhsil haqqı problemi aradan qalxacaq. Onlar daha təhsildən uzaqlaşmaq məcburiyyətində olmayacaqlar".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növlərinin mövcudluğundan göründüyü kimi, tələbə kreditləri ali təhsilin əhatəliliyini və əlçatanlığını artırmaqla bərabər, rəqabətliliyin də gücləndirilməsinə hədəflənib: "Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək ki, onlara kreditlər güzəştli şərtlərlə verilir. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd ali təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir ki, bu da beynəlxalq təcrübəyə adekvatdır. Bu fondun bir çox müqayisəli məziyyətləri var ki, bunların da içərisində tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqinin olmamasını, təhsil aldığı müddətdə kreditlərdən yararlanan tələbə başqa təhsil müəssisəsinə ödənişli əsaslarla köçürüldükdə, bu zaman da kreditlərdən yararlana bilməsini, bakalavriat pilləsində təhsil kreditindən faydalanan tələbənin məbləği geri qaytarmadan magistratura pilləsinə ödənişli qəbul olursa, o, kreditdən faydalana biləcəyini, təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmamasını və kreditin qaytarılmasının tələb olunmamasını xüsusi qeyd etmək olar".
Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, sosial durumu aşağı olan ailələr övladlarının təhsil haqqını ödəməkdə bir sıra çətinliklərlə üzləşirlər: "Onlar ya bank, ya da başqa vasitələrlə bu problemi həll etməyə çalışırlar. İndi isə maddi durumu aşağı olan ailələr müəyyən qaydalar əsasında fonda müraciət edərək kredit əldə edəcək və bu yolla da övladlarının təhsil haqqını ödəyə biləcəklər. Tələbə təhsil müddətini başa vurduqdan sonra həmin kreditləri geri qaytaracaq. Bu da əsasən imkansız və sosial həssas qrupa aid olan ailələrin övladlarının təhsil haqlarının ödənilməsinə ciddi yardım deməkdir. Tələbənin yalnız təhsil haqqı yox, tələbələrin yataqxana, yemək və digər xərclərini də nəzərə alınacaq. Bu baxımdan bu, tələbələr üçün yaradılan yeni bir imkandır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.12.