Yazıçı Qərib Mehdinin
yeni kitabı
Beş ibrətli hekayədən
ibarət "Beş papaq" kitabı AMEA-nın Gəncə
bölməsində təqdim olundu
Gəncədə yaşayan tanınmış nasir, dramaturq, şair, publisist, əməkdar jurnalist Qərib Mehdinin yeni çapdan çıxmış kitabı AMEA Gəncə Bölməsində təqdim və müzakirə olunub. Yazıçının görüşünə Bölmənin əməkdaşları ilə yanaşı Gəncənin yaradıcı mühitinin təmsilçiləri də qatılıblar.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli qələm ustasını bu elm ocağında görməkdən və onunla ünsiyyətdən şad olduğunu dilə gətirərək, yazıçını yeni kitabının çapı münasibətilə təbrik edib.
Görüşdə çıxış edən AMEA Gəncə Bölməsinin əməkdaşları - filoloqlar, eləcə də elmin digər sahələrində çalışan ədəbiyyatsevərlər, digər qonaqlar Qərib Mehdinin ömür və yaradıcılıq yolunun, onun əsərlərinin xüsusiyyət və məziyyətlərindən danışıb, yazıçının Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyduğunu qeyd ediblər.
Özünün bütün görüşlərində gülərüz və zarafatcıl davranışı ilə yadda qalan 86 yaşlı qocaman yazıçı bu dəfə də öz obrazına sadiq idi. Amma A. Çexovun "Yumor hissi güclü olanın ciddiliyi, zahirdə ciddi görünənin ciddiliyindən qat-qat güclüdür" ifadəsinin doğruluğunu Qərib Mehdi də öz əsərlərinin məna və fəlsəfi yükü ilə çoxdan sübut edib.
Qərib Mehdinin yeni kitabı da öz kiçik həcminə baxmayaraq, necə deyərlər, vəzncə ağır olanlardandır. Beş hekayəni özündə birləşdirən bu kitabdakı epizodların hamısında papaq ümumi bir simvol halındadır. Bu dəfə "Beş papaq" altında yatmış Qərib kişi müasir çağda vaqe olan bu kiçik əhvalatlarının oxucularını elə həmin simvol vasitəsilə bir sıra mətləbləri qanmağa dəvət edib.
Görüş onun "səbəbkarı" olan Qərib müəllimin ruhuna uyğun olaraq, bir sıra maraqlı anlarla da yadda qaldı. Məsələn, filoloq Firəngiz İsmayılova çıxış edərkən, Qərib Mehdi və ona mənəvi cəhətdən yaxın olan insanlarla bağlı təsirli epizodlara da toxundu. Bu xüsusda, yazıçının yaxın dostu, bu günlərdə həyatdan köçmüş görkəmli nizamişünas-alim, professor Xəlil Yusifli ilə bağlı bir məqamı, daha doğrusu, bu iki ziyalının çoxillik ünsiyyətini xarakterizə edən bir ştrixi - Xəlil Yusiflinin öz dostunun daimi haləti haqda yazdığı şeiri təqdim etdi.
Zakir MURADOV
525-ci qəzet.- 2022.- 27 sentyabr.-
S.9.