Çox qürurluydu...
Şəkildən gülümsəyən bu
oğlanı tanıdınızmı? Həmkarımız
ŞAMİL TALIBOVdur. Üç gündür xəbər saytları ondan yazır... 36 yaşında sıralarımızı
tərk etdi... Uzun illər birlikdə çalışdığımız həmkarımızı torpağa
tapşırmaq son dərəcə
ağır duyğudur.
Şamil bütün varlığıyla
sənətinə bağlı
olan fotoqraf idi. Uğurlarıyla qürrələnirdi. Çox gənc yaşlarında fərdi sərgilərini nümayiş etdirməsindən
iftixarla söz açardı. Rəsmi tədbirlərdən
lentə aldığı
kadrlarla milli fotoqrafiya tariximizdə imzasını təsdiqləmişdi.
Azərbaycan Fotoqraflar Birliyinin
üzvüydü. Müsabiqələr qalibiydi. İşindən danışanda içdən
gələn bir işıqla gözləri
parlayırdı. Bir vaxtlar
Milli Məclisin onuncu mərtəbəsində
ayrıca kabineti varıydı. O qədər
səliqəliydi ki...
Zövqlə düzənlənmişdi.
O iş otağında
Şamil o qədər
xoşbəxt idi ki!.. Həvəslə çalışırdı.
Rəsmi qurumda fotoqraflığı asan peşə sanmayın. Hər an çağırışa hazır olmaq, anı ölümsüzləşdirən şəkillər çəkmək, tarix yaratmaq, keyfiyyətli və qarşındakıların zövqünü oxşaya bilən fotolar meydana qoymaq fotoqrafdan yüksək məsuliyyət və hər şəraitdə obyektivə hakim ola bilmək məharəti istəyir. Şamilin özünə inamı, enerjisi bu çətinlikləri kölgədə qoyurdu.
Özü də çox yaraşıqlıydı. Məğrur duruşu, dik yerişi varıydı. Kimsənin qarşısında əyildiyini görmədim. Çox qürurluydu!.. Özünə inamlıydı. Sənətinə güvənirdi. Böyük arzularla yaşayırdı. Həyat doluydu. Şən və şux. Zarafatcıl, mədəni...
Anasının tək övladıydı Şamil, ailəsinin dirəyi idi. Şöbədə hamımız Şamilin oğul kimi qayğıkeşliyinə şahid olmuşduq. Necə fədakarlıqla, əzmlə anasını müalicə etdirdiyini görmüşdük... Ata kimi də olduqca mehriban idi. Övladlarıyla fərəhlənirdi, Dəniz ilə Asimin gələcəklərinə dair planlar qururdu... Vaxtsız ölüm Şamili sıralarımızdan qopardı. İki körpəsini doğmalarına əmanət edib getdi. Çox ağır itkidir! Allah doğmalarına, əzizlərinə səbir və dözüm versin!
Bu acı xəbəri səhər-səhər FB-dən öyrənəndə şok olmuşdum. Belə gənc yaşda həyatı tərk etmək... sözün bitdiyi yerdir... Allah rəhmət eləsin,- deməkdən savayı əlimizdən nə gəlir ki?!. Son mənzilə yola saldıq Şamili... Məkanı cənnət olsun! Nur içində yatsın! - dedik.
Son ayların mənəvi əzabları fiziki ağrılardan bethər olub Şamil üçün. Qəfil gələn xəstəlik ona həyəcan dolu gərgin günlər yaşadıb. İşinə, uşaqlarına dair narahat düşüncələr, cavabsız suallar üzüb dəyərli həmkarımızı. Bütün bu yaşantılardan sonra baş qoyduğu torpaqda rahat yatmasını istərik! Hərçənd buna o qədər də əmin deyiləm... Gözü arxada qaldı Şamilin...
Ömrü boyunca
ətrafında cərəyan edən həyatın fərqli
şəkillərini çəkən Şamil
Talıbovun özü şəklə
çevrilərək ürəklərə köçdü...
Sanıram, onu tanıyan bizlər Şamili heç vaxt unutmarıq. Biz unutsaq belə, yaratdığı fotolar yaşadacaq Şamil Talıbovu!
Mənzərə SADIQOVA
Yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 28 sentyabr.-
S.16.