Unudulmaz müəllimim, sevdiyim yazıçı
Ali məktəb həyatının öz qanunları
var. Nə hər müəllim tələbənin yadında,
nə də hər tələbə müəlliminin hafizəsində
qala bilir. Bizim nəslin xoşbəxtliyidir ki, universitetdə
oxuduğumuz illərdə çox görkəmli şəxsiyyətlərdən
dərs aldıq, insanlıq məziyyətləri öyrəndik.
Bu sırada adlarını həmişə qürur və
iftixarla çəkdiyimiz Mir Cəlal, Nəsir İmanquliyev,
Əzizə Cəfərzadə, Qulu Xəlilov, Bəxtiyar
Vahabzadə, Şirməmməd Hüseynov
yaddaşımıza əbədi həkk oldular. Haqq dünyasına qovuşmuş bu unudulmaz şəxsiyyətlərdən
aldığımız bilik və tövsiyələr bu
gün də həyat yolumuza işıq salır. Həqiqətən də sənətin və
insanlığın zirvəsində dayananlar heç vaxt
unudulmurlar. Əsərlərini həmişə
sevə-sevə oxuduğumuz, mühazirələrini, söhbətlərini
tez-tez xatırladığımız, həyatımız boyu
məsləhətlərinə əməl etməyə
çalışdığımız yazıçı Mir Cəlal
Paşayev kimi.
Nadir istedad sahibləri, klassik sənətkarlar öz
yaradıcı təfəkkürləri ilə əsrlərin
qovğalarından sıyrılaraq həmişə gələcəyə
üz tutublar.
Belə şəxsiyyətlər həqiqətən
xoşbəxtdirlər. Çünki
onların yaratdıqları həmişə yaşamaqda davam
edir. Ədəbiyyatımızın əbədi
ömür sahibləri çoxdur. Füzulidən
üzü bəri neçə şairin, nasirin, bəstəkarın,
rəssamın, memarın adını çəkmək olar.
Bu sahə müxtəlifliyində nəsrimizin
yeri ayrıca bir mövzudur. Ədəbiyyat
tariximizdə hekayə, povest və romanları ilə layiqli
yer tutanlardan biri də unudulmaz yazıçı və
pedaqoq-alim Mir Cəlal Paşayevdir. O, XX əsr Azərbaycan
ədəbiyyatının bünövrəsini qoyanlardan
sayılır. Mir Cəlal ədəbi aləmdə
atdığı ilk addımlarından sənətin
şöhrət zirvəsinə qədər keçdiyi
çətin və şərəfli ömrünün 50 ili ərzində zəngin ədəbi irs
yaratmışdır. Filologiya elmləri doktoru, professor
Qulu Xəlilov nasirin yaradıcılığını əhatəli
təhlilə çəkərək yazırdı:
"Ədibin əsərlərində klassik ədəbiyyatımızın
mütərəqqi ənənələri ilə
yanaşı, xalq yaradıcılığının bir
sıra işıqlı ünsürləri birləşir,
qaynayıb-qovuşur və yeni keyfiyyət kəsb edir. Bu cəhətlərin səmərəli
inkişafı, həyat həqiqətinə sadiqlik Mir Cəlala
müasir insanın psixologiyasının, mənəvi aləminin,
onun fikir və duyğularının bədii inikasına
geniş imkanlar verir".
Mir Cəlal Paşayevin bioqrafiyasından
götürdüyümüz rəqəmlərin məna
tutumuna diqqət yetirək. O, 1908-ci il aprelin
26-da Cənubi Azərbaycanda - Təbrizin
yaxınlığındakı Əndəbil kəndində
anadan olmuşdur. Taleyin qəfil rüzgarları
hələ uşaq ikən əlindən çox şeyini
almışdı. Demək olar ki, erkən
yaşlarından doğulduğu ana torpağı, valideynlərini
itirmişdi. Buna baxmayaraq, həyatın
ağrı-acılarına mərdliklə sinə gərməyi
bacarmışdır. Şimali Azərbaycanda
ilk yaşadığı şəhər qədim Gəncə,
ilk əmək fəaliyyətinə başladığı
rayon Gədəbəy, ömrünün son mənzilinədək
geniş ədəbi və elmi fəaliyyət göstərdiyi
ünvan Bakı olmuşdur.
Mir Cəlalı yaxından tanıyanlar həmişə
bir fikri vurğulayırlar ki, o, hər şeydən əvvəl,
son dərəcə işıqlı şəxsiyyət idi. Hansı məziyyətlərindən
danışmaq istəsən, insanın qəlbinə xoş
hisslər, emosiyalar daxil olur. Mənəviyyatındakı
saflıq, təmizlik, halallıq, toxluq həyatda, elmdə,
yaradıcılıqda, pedaqoji fəaliyyətdə və
insanlara münasibətdə həmişə Mir Cəlal
müəllimin ən etibarlı yol yoldaşı idi.
Vaxtilə
- İkinci Dünya müharibəsi dövründə
universitetdə Mir Cəlal müəllimdən dərs
almış Xalq şairi Bəxtiyar Vahabzadə "Mənim
müəllimim" adlı məqaləsində yazıb:
"Mir Cəlal yaradıcılığının ən
üstün cəhətlərindən biri də onun təmiz,
şaqraq və büllur dili idi. Onun dili xalq
danışıq tərzinə uyğun, son dərəcə
canlı, təbii ifadələrlə zəngin və bədii
dildir. Buna görə də istər elmi,
istərsə də bədii əsərlərə, ilk
növbədə, dilin təmizliyi, qüsursuzluğu, ən
ümdəsi isə xəlqiliyi baxımından
yanaşır, bu vacib şərtləri hamıdan tələb
edirdi".
Həyat həqiqətinə sadiqlik ədibin həqiqi vətəndaşlıq
amalına çevrilmişdi. Tənqidçilər
yazıçının yaradıcılıq keyfiyyətlərini
hansı istiqamətdən təhlilə çəkməklərindən
asılı olmayaraq həmişə bir fikirdə köklənirdilər:
Mir Cəlal gözəl hekayələr ustadı idi. Onun hekayələrində həyatın hər iki
qütbü həmişə özünü göstərirdi.
Müəllifin "Ərik ağacı",
"Şapalaq", "Xarici naxoşluq", "Plovdan
sonra", "İclas qurusu", "Əmzik",
"Yamanlığa yaxşılıq", "Ad günü",
"Dərsini yaz", "Təzə toyun nəzakət
qaydaları" adlı hekayələrində toxunulan məsələlər
bu gün üçün də aktualdır. Onun
sadə və şirin təhkiyəsi
nağıllarımızdan gələn xalq danışıq
dilindən bəhrələndiyini göstərirdi. Bu səbəbdən də Mir Cəlalın hekayələri
həmişə maraqla qarşılanıb. Yarım əsr bundan əvvəl yazılmış
"Anket Anketov" adlı hekayəsində müəllifin
incə bir üsulla, yumorla, lakin kəskinliklə ifşaya
çəkdiyi bir məsələ bu günün oxucusu
üçün də maraqlıdır. Hamamlar trestinə
rəis təyin olunan Anketov işə götürdüyü
adamlardan min cür "spravka"lar tələb
edir. Az qala qəbir evində də yoxlama
aparmaq istəyir ki, görsün işçinin babası pinəçi
olub, yoxsa varlı-karlı?! Mir Cəlalın
hekayələrində avamlıq, cahillik, nadanlıq,
yaramazlıq müntəzəm tənqid edilib.
Mirzə
Cəlili "Yeni realist ədəbi məktəbin banisi",
Əbdürrəhim bəy Haqverdiyevi isə "Yeriyən Azərbaycan"
adlandıran Mir Cəlal özü canlı ədəbiyyat
idi. Professor Qara Namazova məxsus fikirdir ki, Mir Cəlal
müəllim sadə hekayələrdə sadə adamların
dili ilə gizli mətləblərə toxunurdu. Onda Mirzə Cəlilə xas olan "adi əhvalatlarda
böyük həqiqətləri" açmaq məharəti
var idi.
Mir Cəlal Azərbaycan ədəbiyyatının
klassiklərindən olan Səməd Vurğun və tənqidçi
Mehdi Hüseynlə yaxından dostluq edib. Bu barədə ədəbiyyatşünas-alim
Firidun Hüseynov öz xatirələrində belə
yazıb: "Mir Cəlal müəllim mənəvi cəhətdən
saf və təmiz bir insan idi. Tamah hissindən
uzaq, az-çoxa qane olan, gözü-könlü tox, təmiz
bir ziyalı idi. Özü də həmişə deyərdi
ki, Səməd Vurğun məni bir dost kimi sevərdi, tərifdən
sonra zarafat eləyərdi: "Mir Cəlal, sənin bir
böyük eyibin var, sən "silişkom paryadoçnı
adamsan". Ədibi bir alim, ədəbiyyatşünas
kimi başqalarından fərqləndirən mühüm cəhət
təkcə elmi təfəkkürü deyil, həm də zəngin
mənəviyyatı və sadəliyi idi".
Gözəl və nəcib duyğuların,
düşüncələrin sahibi olan yazıçı
öz əsərlərində insanı mənəvi cəhətdən
saflaşdıran, zənginləşdirən məsələlərlə
bağlı elə mövzulara müraciət edirdi ki, onun
yaradıcılığında tarixin, dövrün,
quruluşun bütün rəngləri öz əks-sədasını
tapırdı.
Ömrünün sonunadək müxtəlif
mövzularda kiçik və lakonik hekayələr yazan Mir Cəlal
Azərbaycan ədəbiyyatında roman janrının
inkişafında da özünəməxsus xidmətlər
göstərib. "Dirilən adam", "Bir gəncin
manifesti", "Yolumuz hayanadır", "Açıq
kitab", "Yaşıdlarım", "Təzə səhər"
adlı romanlarında hekayələrinə məxsus məziyyətlər öz əksini
tapıb. Yazıçının tədqiqatçıları
bu fikirdədirlər ki, o, öz romanlarında tarixi hadisələri
realist boyalar, tipik obrazlar və canlı həyati lövhələr
vasitəsilə verməyə çalışıb. Mir Cəlalın romanlarında xalqımızın
ötən əsrdəki mübarizələrlə dolu həyatının
bütöv mənzərəsi var.
Mir Cəlal filologiya elmləri doktoru, professor idi. O, görkəmli ədəbiyyatşünas-alim
kimi də fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının mükəmməl
və bacarıqlı tədqiqatçılarından biri idi.
Bədii əsərlərində olduğu kimi,
elmi əsərlərində də Mir Cəlal aydın məqsədli,
milli təfəkkürlü tədqiqatçı kimi diqqət
çəkirdi. Mir Cəlal həqiqətən
ədib kimi də, alim kimi də həyatın
enişli-yoxuşlu yollarını büdrəmədən məqsəd
aydınlığı ilə keçməyi bacarıb.
Bu aydınlıqdan da çox talelərə
işıq düşüb.
Ədəbiyyatşünas
Pənah Xəlilova məxsus fikirdir: "Alim Mir Cəlal
Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm
yoldaşlarının heç birinin dilinə, üslubuna
oxşamır. Onun əsərlərində nə
publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat
dili. O, elmi əsərlərini yazıçı Mir Cəlalın
qələmindəki yığcamlıq və şirinliklə,
amma dərin və axıcı elmi mühakimə tutumu olan
dillə yazardı. Bu yazı indi də təkraredilməz
örnəkdir".
1948-ci ildə
Azərbaycan Dövlət Universitetinin professoru seçilən
Mir Cəlal 1961-ci ildən ömrünün sonuna kimi bu ali məktəbin Azərbaycan ədəbiyyatı
tarixi kafedrasında çalışmışdır. Bizim nəslin çoxuna dərs demiş Mir Cəlal
hər kəsin ürəyində möhtəşəm
müəllim abidəsi yaratmışdı. Bəlkə də bizim universitet həyatında onun
qədər qayğıkeş, yumşaq təbiətli müəllimimiz
olmamışdı. Kitablarının ilk
nüsxəsini payladığı oxucular elə öz tələbələri
olardı. Ömründə bir dəfə
də jurnalı yoxlamazdı. Amma hər kəsin
nə işlə məşğul olduğunu dəqiq bilərdi.
Hamının maddi vəziyyəti ilə
maraqlanardı. Qəlbi insanlara
qarşı məhəbbət və mərhəmətlə
dolu idi. Tələbəyə heç vaxt
"kafi" yazmazdı. Çünki o, təqaüddən
düşə bilərdi. Deyim ki, "əla"
almaq da çətin idi. Zarafatı
çox sevərdi. Yumorlu atmacaları indiyə
kimi ürəklərə xoş ovqat yayan lətifəyə
çevrilirdi. Bəzən dərsin şirin yerində
başı söhbətə qarışmış tələbələrə
deyərdi: "Bağışlayın, biz sizə mane olmuruq
ki?"
Mir Cəlal müəllim bizə dərs deyəndə
yaşı 70-ə yaxın idi. Amma yaşıdlarından
çox ahıl görünürdü. Həyatın
ağrı-acıları onun varlığına hopmuşdu.
Amma çöhrəsində qəribə bir
mülayimlik vardı. Adamı hey
özünə çəkirdi. Bu
ünsiyyətdə sanki öz doğmanla üzləşirdin.
Hamıya əziz və mehriban idi.
Mühazirə vaxtı isə "Ədəbiyyatşünaslığın
əsasları" kitabını az qala sətirbəsətir
əzbər deyərdi. Hər kəsi müəyyən
rənglərlə, geyimlərlə əlaqələndirib
çağırırdı. O dövrdən bir qənirədən
artıq vaxt ötməsinə baxmayaraq, indi də hərdən
qulaqlarıma Mir Cəlal müəllimin
"qırmızı köynəkli qız" ifadəsi səslənməkdədir.
Biliyimizdən, xasiyyətimizdən,
dolanışığımızdan, bir sözlə,
bütün tələbələrin məişət
qayğılarından xəbər tutmağı vacib bilərdi.
Yadımdadır, tələbə
yoldaşlarımızdan birinin vəziyyəti çox
ağır idi. Mir Cəlal müəllim
sinif nümayəndəsi ilə pünhan söhbət edərək
o tələbə qıza özünün də xəbəri
olmadan maddi kömək göstərmişdir. Son dərəcə həssaslığı həmişə
onun köməyinə çatırdı. Bu səbəbdən də tələbələrin
hər birini üzündən, gözündən, hərəkətlərindən,
səsindən tanıyırdı.
Mir Cəlal müəllim həqiqətən çox sadə
və genişürəkli bir insan idi. Xatırlanacaq
bu əhvalat onun böyüklüyünü şərtləndirən
bir nümunədir. Mənə bir kurs işi vermişdilər:
"Mir Cəlalın yaradıcılığında
imperializmin tənqidi". Kömək
üçün ona müraciət edəndə çox təəccübləndi.
Eynəyini gözlərindən çəkərək dedi:
"Sən jurnalistikada oxuyursan. Mir Cəlaldan
niyə kurs işi yazırsan?" Öz əli ilə
mövzuda belə düzəliş etdi: "Mirzə Cəlilin
felyetonlarında imperializmin tənqidi". Üstəlik, məsləhət
verdi, planın da tutulmasında kömək
etdi. Mir Cəlal belə ürəyin və əqidənin
sahibi idi.
1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Mir Cəlalın anadan olmasının 90 illiyi dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə onun həmkarlarının, tələbələrinin, doğmalarının qələmə aldıqları yazılardan ibarət xatirələr kitabı çapdan çıxdı. Yazıçının qızı Ədibə xanımın mənə bağışladığı həmin kitabı vərəqlədikcə müxtəlif xatirələrdən Mir Cəlal müəllimin işıqlı obrazı boylanır. Unudulmaz alimin vaxtilə professor Firidun Hüseynovla birgə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" kitabı 2000-ci ildə İstanbulda çap edilmişdir. Türkiyəli oxucular bu kitab vasitəsilə Azərbaycan ədəbiyyatının tarixini mükəmməl öyrənmək imkanı qazanıblar. Çox fərəhli məqamdır ki, UNESCO-nun xətti ilə görkəmli Azərbaycan yazıçısının 100 illik yubileyi geniş miqyasda qeyd edildi. Bu münasibətlə məmləkətin hər bölgəsində Mir Cəlalla bağlı müxtəlif yubiley tədbirləri keçirildi. Vaxtilə yaşayıb işlədiyi Gəncədə, Gədəbəydə, Bakıda yazıçının yaradıcılığını əks etdirən muzeylər açıldı, guşələr yaradıldı.
Məhəbbəti qəlblərdə yaşayan unudulmaz yazıçı və pedaqoq Mir Cəlal Paşayev apreldə dünyaya gəlmişdi. Bir payız günündə - sentyabrın 28-də dünyaya və canından artıq sevdiyi doğmalarına "əlvida" dedi. Vaxtilə ürəklərdə yandırdığı çıraq yenə də eyni şövqlə alovlanmaqdadır. Həqiqətən də el məhəbbəti qazanan insanlar heç vaxt unudulmurlar. Bu gözəl və müdrik insandan çox yaxşılıq, qeyri-adi himayədarlıq görmüş Xalq şairi Nəriman Həsənzadə öz müəllimi haqqında ehtiramla danışır: "Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun qanında, canında idi".
Mir Cəlal bir nur çeşməsi idi. Bu çeşmədən pay götürənlər çox olub. Sevinirik ki, biz öz sevimli müəllimimizdən bir ömür manifestinin cizgilərini dərindən öyrənə bilmişik. Xalq şairi Süleyman Rüstəmin Mir Cəlalın 50 illik yubileyinə yazdığı şeirdə belə bir misrası var: "Sadə ürəklərdə yandırıb çıraq, qazandın ellərin məhəbbətini". El məhəbbəti qazananlar isə heç vaxt unudulmurlar. Yaradıcı insanlar bir də ona görə xoşbəxtdirlər ki, onların yaratdıqları həmişə yaşamaqda davam edir. Ədəbiyyatımızın belə əbədi ömür sahiblərindən olan Mir Cəlal barəsində hər dəfə yazdıqca elə bil onunla yenidən görüşür və səsini eşidirəm. Məsləhət və tövsiyələri həmişə mənimlədir.
Rəfimdə mənə
bağışladığı kitabları tez-tez vərəqləyir,
yazdığı sozləri ehtiram və fəxrlə oxuyuram:
"Gələcəyinə böyük ümid bəslədiyimn
tələbəm Floraya..." Hərdən özümü
sorğu-suala tuturam ki, mən bu etimadı doğrulda bildimmi? Həqiqətən
də bizim nəsil çox xoşbətdir ki, bizim Mir Cəlal
kimi sadə, müdrik, xeyirxah müəllimimiz olub. Biz o dəryadan
bir damlayıq. Elə bununla da fəxr
edir və qürurla deyirik ki, yaxşı cəhətlərimizə
görə məhz yuxarıda adlarını çəkdiyim
müəllimlərimizə borcluyuq. Nə yaxşı ki, uca
Yaradanımız məhz bizə də belə unudulmaz şəxsiyyətlərdən
dərs almağı qismət elədi.
Qazandığımız bütün uğurlara görə məhz
onlara borcluyuq. Belə təkrarsız örnəklərdən
olan Mir Cəlal Paşayev həmişə bizimlədir. Onun
taleyimizdə yandırdığı işıq həmişə
yolumuza nur saçır...
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2022.- 28 sentyabr.- S.8;9.