Əlvida qorxusu

 

esse

 

 

Dünya genişdi deyirdilər, inanmışdıq. İnamımızdan vurulduq bəlkə, indi dünya  ovcumuzun içində. Ən azı, barmağının ucunu ekrana toxundurmağın bəs edər, dünya qatbaqat açılacaq qarşında. Maddi imkanın yetsə tək virtual deyil, gözəlim Azərbaycanı da gəzib dolaşa, hələ istəsən vətənin sərhəddini   aşa bilərsən,  seçim səndə... Həmin geniş dediyimiz dünyanın xoş vaxtında xəyallar qurmadıq, haralara gedib çıxmadıq, gördük, gəzdik qayıtdıq...

Qayıtmaq varsa ayrılıq var demək, həsrət var demək, əlvida var bir ... Əlvida!.. Nədir əlvida?..

Gedək ayrılıq alaq - ucuzu ayrılıqdır...

"Mən tək olanda fikirlərimin hər biri yanımda bir adam olur" deyirdi Bəxtiyar Vahabzadə. Yaşadığımız sürəcdə bizi gah vüsal, gah da ayrılıq tapır, uyğun olaraq sevinc kədər alır qoynuna. A.Şopenhauer hər ayrılığı ölümün əvvəlcədən dadılması kimi qiymətləndirirdi. Elə bir şey yoxdur ki, əvvəl-axır, ya o bizi, ya da biz onu tərk etməyək. Əvvəl uşaqlıq, sonra gənclik tərk edir insanı, bunlarla yanaşı, neçə əziz xatirələrini dəfn edir... Hələ səni dünyaya gətirən valideynlər.., sanarsan həmişə yanında olacaq, başını dizinə, çiyninə qoyub dincələ biləcəksən... Hər ayrılıqla insan özünün sanki bir hissəsini itirir. Ən acısı isə əbədi olan ayrılıqlardır...

Ayrılarkən mən həmişə çalışıram "əlvida" kəlməsini işlətməyim, bunu "hələlik", "salamat qal", "görüşənədək" başqa sözlərlə əvəzləyirəm. Nədən? Çünki əlvida sondur, axırdır, geriyə dönüşü olmayan yoldur... Əlvida boşluğa atılan daş kimidir, səsi bir ömür qulaqlarında əks-səda verir... Əlvida bitməyən kədərdir, yadına düşdükcə gözlərin dolacaq... Əlvida uçuq divardı, ondan heç vaxt ev olmur...

Elə sözlər var, onların xüsusi ahəngi, ritmi, musiqisi olur. Belə söz ifadələr özündə xoşbəxtlik   hüzn, həssaslıq xəyalpərəstlik, hər hansı bir poetik məna yükü saxlayır. O zaman həmin sözlər yalnızca söz olmaqdan çıxır ginetik gücə sahiblənir, elə mənim qorxduğum "əlvida" kimi...  Müxtəlif dillərdə qarşılığı olan bu sözün təsir gücü dəyişir. Ayrılıq zamanı şüuraltına dağılan "bir daha heç nəyin əvvəlki kimi olmayacağı, gedənin geri qayıtmayacağı" kimi fikirlərin fonunda əlvidalar kədərli səslənir...

Əlbəttə, vida sözlərinin hər birindən sonra ömürlük ayrılıq da başlaya bilər, növbəti görüş . Amma "əlvida"-nın xüsusi çəkisi ağırdır, çox ağır!..

 

Ayrılıqdan tez başlayır ayrılıq,

Qış başlayır, yaz başlayır ayrılıq...

Ayrılıqdan tez başlayır, gec bitir,

Ömürdən uzun olur ayrılıq...

 

Amma ayrılığın da pozitiv tərəfi yox deyil. Əgər cahanda əbədi vüsal hökm sürsəydi, insanlar bir-birinin qədrini bilməzdi, heç kim bir-birini möhkəm sevə bilməzdi... Ayrılıq çəkənlər bilər onun tamını!

İnsana kirayə - müvəqqəti yaşamaq  üçün verilən dünya evi... Kimsənin doyub getmədiyi, könüllü tərk etmək  istəmədiyi "mənzil"indən ayrılmaq da necə ağır və əzablıdır. Çünki ikinci dəfə gəlmək şansın sıfra bərabərdir, çünki etmək istədiklərin, amma edə bilmədiyin nə qədər yarımçıq işlərin var... Bəs onda niyə intiharlar baş verir, səbəb nədir hələ "gülü burnunda", hələ ağırını, yüngülünü bilmədən, üzləşdiyin ilk sınaqdaca həyata küsmək...

Həyat heç kəsə hazır sinidə, bütün gözəlliyi və  komfortu ilə təqdim edilmir, həyatı yaşayaraq zənginləşdirmək, gözəlləşdirmək və qiymətli etmək olar. Həyat okean kimidir, orda yırtıcı heyvanlar da yaşayır, onlara yem ola biləcək xırda canlılar da...  Əlində plastilin kimi hiss et həyatı, yalnız o zaman sən ondan istədiyin fiquru düzəldə bilərsən... Hər kəs öz həyatının memarıdır, yaratdığın nədirsə, necədirsə yaddaşlarda elə yaşadacaq səni. Bütün ömrü boyu qazandığından çox itirir insan, dünya evi də elə insanın yaşadıqları və itirdikləri ilə zənginləşir...

Zəngin olaq!..

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.15.