Şəhid ocağının
işığı və istisi
Vətənə əmanət
olan şəhid övladları qəhrəman atalarının
adını və əməllərini yaşadacaqlar
Qarabağ! Gözümüzün nuru, dilimizin sözü, qəlbimizin təpəri torpaq! Azərbaycan xalqı olaraq qədir-qiymət, dəyər
anlayışlarını başımıza
gələn müsibətlərlə
öyrənmək yazılıb
deyəsən, taleyimizə.
Ən çox da vətəni
sevməyi, torpağın
müqəddəsliyini, azadlığın
ucalığını tarix
boyunca itirə-itirə,
uğrunda vuruşa-vuruşa,
çarpışa-çarpışa anlamışıq. Yəqin buna
görədir dönməzliyimiz,
qətiyyətimiz, vətən,
el, yurd adı gələndə kimsəni
gözümüzün görməməsi.
Müasir
dünya daha çox texnologiya əsri, internet erası olduğundan, az
qala bütün bəşəriyyəti cibimizdəki
ovuc boyda telefona sığdıra bildiyimizdən bu kimi müqəddəs duyğulardan, ali dəyərlərdən uzaq
düşdüyümüz düşünülürdü. Xüsusən, bizim kimi 30
ilə yaxın vətən həsrəti
çəkib, silaha sarılmayan xalqa olan inam, etibar
da azalmışdı
sanki. Başqalarına nə hacət,
elə özümüzün
özümüzə etibarımız
sarsılmamışdımı? Az idimi
yaşlı və orta nəslin gənclərə-texnologiya əsrinin
övladlarına tutduğu
iradlar, "bunlardan torpaq alan olmaz,
vətən qədri bilən olmaz" gileyləri?! Bəs nə oldu?
Elə o
internet erasının balaları
zamanı yetişəndə
durdular ayağa, göstərdilər qəlblərində
alovlanan torpaq eşqini, sübut etdilər bütün dünyaya vətənə
məhəbbətin yaşla,
dövrlə əlaqəsinin
olmadığını.
Şəhid leytenant Süleyman Bağırov da həmin gənclərimizdən
biri idi. O, təkcə
bu müharibədə
deyil, cavan ömrünün son illərini
vətəninə həsrət
etmişdi.
O, 25 yanvar (sənəddə 1 fevral) 1992-ci ildə Sabirabadın Sərxanbəyi
kəndində anadan olub. Doğulduğu ildən ailəsiylə birgə Şirvan şəhərinə köçüb,
1999-2010-cu illərdə burda
Məftun Osmanov adına 20 nömrəli
məktəbdə oxuyub.
Məktəb illərində Azərbaycan
dili, ədəbiyyat və tarix fənlərinə
marağı olub, ölkə üzrə inşa yazı müsabiqələrində uğurlu
nəticələr qazanıb.
Eyni zamanda, şahmatla məşğul olub.
O, 2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) Rəssamlıq fakültəsi,
Sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi"
ixtisaslaşması üzrə
təhsil alıb. O, tələbəlik ilərində
universitetin Tələbə
Gənclər Təşkilatının
üzvü olmaqla yanaşı, həm də ictimai əsaslarla bir neçə televiziya kanalı ilə əməkdaşlıq edib.
2015-ci ildə Ağdam
rayonunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Xidməti dövründə
hərbi təhsilə
cəlb edilib, leytenant rütbəsini qazanıb.
2016-cı
il "Aprel
döyüşləri"ndə mərdliklə vuruşan S.Bağırov II Qarabağ
müharibəsinə ehtiyatda
olan leytenant kimi çağırılmışdı.
O, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl
istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhadətə
yüksəlib. Şəhid
məzunumuz 2020-ci il noyabrın 13-də
Şirvan şəhəri
Şəhidlər xiyabanında
dəfn olunub.
Bayaq demişdim ki, Azərbaycan xalqının
"Vətən" adı
gələndə gözünə
heç kim,
heç nə görünmür. İki
il öncə
bu günlərdə gedən Vətən müharibəsi bunun ən bariz nümunəsi
oldu. Silaha sarılan özünü
cəbhəyə atmaq,
düşmənlə üzləşmək,
o torpaqları qanı-canı
bahasına azad etmək istəyirdi.
O an bu qəhrəman
xalqın gözünə
nə ailə görünürdü, nə
uşaq, iş, nə can... Buna görədir
ki, neçə-neçə
balalarımız hələ
doğulmadan bəxtlərinə
atasızlıq yazıldı.
Çünki onların atası
onların gələcəyi,
firavan və azad həyatı, başı dik ömrü üçün
ölümü belə
gözə alıb müharibəyə getdi, şəhidlik məqamına
ucaldı. Bəli,
onlar gənc yaşda, doğulacaq körpələrini görmədən,
onlara bircə dəfə də olsun ata nəfəsini
hiss etdirmədən, ata
səsini eşitdirmədən
getdilər bu dünyadan, amma onlar üçün
"ata" adından
daha uca, daha müqəddəs, daha ali ad qoydular:
"Şəhid övladı"!
Şəhid leytenant Süleyman Bağırovun körpə
qızı Nilufər
də ata nəfəsini duymayan uşaqlardandır. Atasının şəhadətindən dörd ay sonra - 28 yanvar 2021-ci ildə dünyaya gözlərini açan bu körpə qızcığaz
indi onu şəkillərindən və
anasının, nənə-babasının
söhbətlərindən tanıyır, onların ağzından eşidir
"ata" sözünü.
Süleyman müharibəyə gedəndə o, hələ
anasının bətnində,
olanlardan, olacaqlardan xəbərsizdi. Atası onun
gəlişini elə
böyük həsrət,
elə sonsuz sevinclə gözləyirdi
ki, tale bu sevinci ona çox
gördü, bəlkə
də.
Qızıyla bağlı arzuları, xəyalları vardı Süleymanın. Onun saçlarını özü darayacaq, ilk addımını atanda əlindən özü tutacaq, ona nağıllar,
şeirlər, hekayələr
oxuyacaqdı. Özü də
bu nağılların,
bu hekayələrin hamısının sonu xoşbəxtliklə bitəcəkdi.
Onunla oyunlar oynayacaq, gördüyü hər şeyin adını ona ilk özü öyrədəcəkdi. Onu ilk dəfə
bağçaya, sonra məktəbə özü
aparacaqdı. Qızına xoşbəxt, firavan dünya hazırlayacaqdı
Süleyman. Körpəsinin
ilk kəlməsi də
"ata" kəlməsi
olacaqdı, bəlkə
də, kim
bilir... Ancaq zalım fələk
onun bütün arzularını qəlbində,
sevincini gözündə
qoydu. Süleyman qızına xoşbəxt,
firavan, sülh dolu dünya hazırlaya bilmək üçün canından,
ömründən, hətta
qızından belə
keçdi.
Bu gün Süleymanın həyat yoldaşı, Nilufərin anası Mehriban xanım ömrünü iki amal üstündə kökləyib: Süleymanın
xatirəsini yaşatmaq
və onun qızıyla bağlı
bütün arzularını,
xəyallarını gerçəkləşdirmək.
Əlbəttə, bir gənc
qadın, gənc ana üçün bu, həm çətin,
həm də ağrılı bir vəzifədir. Ancaq Mehriban
xanım iki ildir bu layiqli
vəzifənin öhdəsindən
səbrlə, təmkinlə,
ən yaxşı şəkildə gəlməkdədir.
Çünki onun Süleyman
kimi əbədi sevgisi, Nilufər kimi bu sevginin
şipşirin meyvəsi
var.
Nə yazıq
ki, Nilufər tək deyil. Bu gün minə yaxın azərbaycanlı
körpə atasının
şəhadətindən sonra
dünyaya gəlib, bircə dəfə də olsun, atasının nəfəsini
duymayıb.
Bəli,
"Vətən onlara
"oğul" dedi".
Ancaq nə yazıq ki, onlar öz
övladlarına "oğlum",
"qızım" deyə
bilmədilər. Çünki onlar seçilmişlər,
onlar müqəddəs
yolun yolçuları
idilər. Və onlar
əbədi olaraq öz övladlarında yaşayacaqlar. Bu gün
Nilufəri görən
hər kəsin Süleymanı xatırladığı
kimi...
"Qarabağ hekayələri"
Bişkekdə təqdim
edilib
Sentyabrın 23-də Azərbaycanın Qırğızıstandakı
səfirliyinin təşəbbüsü,
maliyyə dəstəyi
və Qırğızıstan
Milli Yazıçılar
Birliyinin iştirakı
ilə Bişkekdə
ötən ilin əvvəlində qırğız
dilinə tərcümə
edilmiş "Qarabağ
hekayələri" ("Karabax
Anqemeleri") kitabının
geniş təqdimatı
keçirilib.
Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər
ki, tədbirdə Qırğızıstan Xarici
İşlər Nazirliyinin
3-cü siyasi idarəsinin
rəis müavini, Türkiyənin Bişkekdəki
səfirliyinin diplomatları,
Qırğızıstan Milli
Yazıçılar Birliyinin
sədri, Qırğız-Türk
Manas Universitetinin, Diplomatik və İdarəçilik akademiyalarının
rektorları, professor-müəllim
heyəti, Mərkəzi
kitabxananın və Milli Filarmoniyanın direktorları, Qırğızıstanın
ilk Parlamentinin sədri
və Türk Dövlətləri Təşkilatı
yanında Ağsaqqallar
Şurasının üzvü
Medekan Şerimkulov, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, "Azərbaycanın
qırğız dostları
klubu"nun və diasporumuzun üzvləri, ölkənin tanınmış
ictimai xadimləri və KİV nümayəndələri
iştirak ediblər.
Tədbiri açan səfir Lətif Qəndilov iştirakçılara kitab
haqqında ətraflı
məlumat verib, Qarabağdan və Ermənistandan köçkün
düşmüş azərbaycanlıların
faciəsi haqqında,
onların üzləşdiyi
problemlər barədə
ətraflı danışıb.
L.Qəndilov Vətən müharibəsinin başlanmasından iki il ötdüyünü bildirib və tarixin geriyə qaytarılmasının mümkün olmadığını söyləyib. Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində əldə edilmiş Qələbənin xalqımıza böyük ruh verdiyini diqqətə çatdırıb.
"Azərbaycanın qırğız dostları klubu"nun prezidenti Assol Moldokmatova çıxışında azad olunmuş bölgələrə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü deyib, aparılan bərpa işləri barədə qürurla danışıb.
Sonra çıxış edən şair-tərcüməçi Altınbek İsmayıl kitabla bağlı geniş məlumat verib, onun ərsəyə gəlmə tarixçəsinə nəzər salıb.
Milli Yazıçılar Birliyinin sədri N.Kalıbekov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan çıxışlarında Azərbaycanın haqq işinə dəstəklərini ifadə ediblər.
Tədbirin keçirildiyi müddətdə böyük ekranda kitabla və Şuşa şəhəri ilə bağlı hazırlanmış slayd nümayiş etdirilib.
Sonda səfir Lətif Qəndilov kitabı qırğız dilinə tərcümə edənlərə mükafat verib.
Tədbir səfirlik tərəfindən verilən ziyafətlə davam edib. Ziyafət boyu Vaqif Mustafazadənin əsərləri səsləndirilib.
Qeyd edək ki,
2021-ci ilin əvvəlində "Qarabağ hekayələri" ("Karabax Anqemeleri")
kitabı qırğız dilinə tərcümə edilərək
çap olunub. Kitabda 13 azərbaycanlı müəllifin 14
hekayəsi yer alıb. Kitabın
qırğız dilinə tərcümə olunaraq
çap edilməsinin təşəbbüskarı,
müəlliflərdən biri Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Qənirə Paşayevadır. Onun
təklifi ilə kitab beş
nəfər tərcüməçi tərəfindən
qırğız dilinə tərcümə edilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.14.