Hüznlə qüruru
qovuşduran tamaşa
Ötən teatr mövsümünü
Vətən müharibəsinə
həsr olunmuş
"Cənnətə bilet"
adlı yeni tamaşasıyla bağlayan
Bakı Uşaq və Gənclər Teatrının bu mövsümdəki açılışı
həm öz kollektivləri üçün,
həm də tamaşaçılar üçün
çox ağrılı
zamana təsadüf etdi. Teatr şanlı
qələbəmizlə nəticələnən
Vətən müharibəmizin
qəhrəmanlarına-canını, qanını bu torpaq uğrunda fəda edən şəhidlərimizə və
onların yaralı ailələrinə həsr
etdiyi "Cənnətə
bilet" tamaşasını
bu mövsümdə açılış tamaşası
kimi, özü də sentyabrın 27-də
- şəhidlərimizin Anım
günündə nümayiş
etdirdi.
Gün boyu onsuz da
bir an belə unutmadığımız şəhidlərimizi
müxtəlif tədbirlərlə,
iclaslarla anmış,
iki il öncənin
həyəcanını, stressini,
təlaşını və
qürurunu yenidən yaşamış biz tamaşaçılar
belə bir günü yalnız tarixin anlam və
önəmini özündə
əks etdirən tamaşayla yekunlaşdıra
bilərdik. Bununçün
də yolumuzu Rəşid Behbudov adına Mahnı
Teatrından saldıq.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
Bakı Uşaq və Gənclər Teatrı həmişəki
kimi bu dəfə
də qonaqlı-qaralı
idi. Mədəniyyət Nazirliyinin və
Baş İdarənin
səlahiyyətli nümayəndələri,
teatrşünaslar, jurnalistlər
və sənətsevərlər
bu gün də zəhmətkeş kollektivi tək buraxmamışdılar.
Teatrın direktoru, Əməkdar
artist İntiqam Soltanın
açılış və
salamlama nitqindən sonra söz aktyorların idi...
lll
Torpaqlarımızın azadlığı uğrunda
öz canından, qanından keçən qəhrəman oğullarımıza,
şəhidlərimizə ithaf
olunmuş "Cənnətə
bilet" tamaşasının
müəllif və rejissoru İlhamə Əhmədovadır. Əsər II Qarabağ müharibəsində
baş vermiş hadisələrdən qaynaqlanıb.
Öncə səhnədə bir ata görünür (Mehman Piriyev). Onun televizorda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışını
dinləyərkən həyəcanını,
təlaşını, sevincini
iliklərimizə qədər
hiss edirik. Az
sonra cənab Prezidentin verdiyi xəbərlə tarixin
2020-ci il 20 oktyabr olduğunu öyrənəcəyik.
Çünki məhz həmin
gün Ali Baş Komandan bir neçə
kəndlə birlikdə
Zəngilan şəhərinin
də işğaldan azad olunduğunu açıqlamışdı. Belə bir gün unudularmı?!
Tamaşanın ilk səhnəsində də ata Zəngilanın
azadlığına ürəyi
dayanacaq, nəfəsi
kəsiləcək, havalanacaq
dərəcədə sevinir.
Onun bu sevinc səslərinə içəridən həyat
yoldaşı (Flora Hüseynova)
gəlir. Onların dialoqundan məlum
olur ki, oğulları hazırda cəbhədə düşmənlə
üz-üzə döyüşdədir.
Ailə oğullarının cəbhədə
olmasını özlərinə
dərd etmir, onun üçün nə qədər narahat olub, təlaşlansalar
da, belə bir oğul böyütdükləri
üçün onunla
fəxr edirlər.
Hətta
bu günlərdə yanına gedə bilsələr, onunçün
isti paltar, yemək tədarükü
də görürlər.
Ana bu təlaşdaykən
ata gördüyü yuxunun fikrinə düşür. Günlərdir görmədiyi oğlu-əsgər
balası (Röyal Allahverdiyev) gəlib yuxusuna. Gəlib ki, onunla vidalaşsın. Gəlib ki,
anasını, ailəsini,
övladlarını özündən
çox güvəndiyi
atasına tapşırsın.
Gəlib
ki, onu bu
cür vətənpərvər,
qorxmaz, cəsur böyütdüyü üçün
atasına təşəkkür
etsin. Gəlib ki, ona özünün görə,
dadına doya bilməyəcəyi qələbə
xəbərini çatdırsın.
Gəlib
ki, atasına "mən gedirəm, Vətən sağ olsun!"-desin.
Çox keçmir, atanın bu yuxusu çin
olur. Torpaqların azadlığına sevinən ürəklərə
bala dağı çəkilir - igidin şəhadət xəbəri
verilir.
Bundan sonra hamımıza tanış olan o mənzərə başlayır- balası şəhidlik zirvəsinə
ucalmış ailənin
qürur qarışıq
əzabı. Ata elə
hey "Vətən sağ
olsun!"-deyir.
Ana, həyat yoldaşı
bu yoxluqla barışa bilmirlər.
Övladlar isə hər
şeydən xəbərsiz
atalarının gələcəyi
günü gözləyirlər.
lll
Bu iki ildə çox şəhid anası, çox şəhid atasıyla həmsöhbət olmuşam. Cəmiyyətimizin alnına damğa kimi vurulan "kişilər ağlamaz!"-
ifadəsinin bəsitliyini, nankorluğunu,
yersizliyini isə bala dərdiylə saçları ağaran, qəddi bükülsə
də, gözündəki
yaşları çölə
deyil, içinə-ürəyinə
axıdaraq başını
dik tutmağa çalışan ataların
simasında görmüşəm.
Məni qınayan olmasa, deyərəm ki, bir şəhid anasıyla söhbət daha asandır, nəinki bir şəhid atasıyla.
Çünki ana hər kəlməsində nalə
çəkə, balasını
oxşaya, gözlərinin
yaşını sel kimi tökə bilir. O, bununla qəlbini yaxıb-qovuran dərdinin üstünə
su səpir sanki. Danışdıqca ağlayır, ağladıqca
sakitləşir. Atalar isə
elə deyil. Atalar oğullarından sonra daha dəhşətli
vəzifələr üstlənirlər:
qəlbi dağlı ananı sakitləşdirmək,
başsız qalan gəlinə, ya da qardaş həsrətli bacıya
sahib çıxmaq, nəvələri
varsa, onlara bundan sonra həm
ata, həm də baba olmaq,
eyni zamanda, cəmiyyətdə "şəhid
atası" kimi vüqarlı, mətin görünmək. Nə qədər ağır, nə qədər faciəvi bir məsuliyyətdir, İlahi!
Buna görə də daim şəhid
atalarıyla söhbət
mənimçün ağır,
əzablı olub.
Bu səhnə əsərində
də aktyor Mehman Piriyevin canlandırdığı şəhid
atası bu cür dəhşətli vəzifələrin öhdəsindən
gəlməyə məcbur
qalır. Oğul dağının üzərinə uçub
qalaqlanmış dərdinin
altında əzilir, cəmi iki səhnədən
sonra beli də bükülür sanki. Artıq ilk səhnədə torpaqlarımızın
azad edilməsinə coşğuyla sevinən, az qala atılıb-düşən cavan,
qıvraq kişidən
əsər-əlamət yoxdur.
Bircə
günün içərisində
qəddi bükülür,
saçları ağarır,
gözləri min ilin qocası kimi çuxura düşür.
Lakin yenə də atanın dərdinə xas üsyanını, ağlamasını görmürük.
Ta ki, oğlunun uşaqlıq velosipediylə
məşğul olana
kimi. Bu səhnə
fikrimcə, tamaşanın
ən möhtəşəm,
ən dəhşətli
səhnəsi idi.
Təkbaşına velosipedin başında
oturan, onun təkərlərinə baxıb
xəyala dalan ata için-için ağlayır. Görünür ki, onun bu
təkərləri sığallayan
əlləri oğul saçlarının, oğul
əllərinin həsrətini
çəkir, onun istiliyini bu cansız
nəsnədə axtarır.
Və nəhayət, günlərdir dərdini qəlbinin dərinliklərinə
basdıran, həyat yoldaşı dərd çəkməsin, gəlini
(Türkan Şahmarlı)
üzülməsin, nəvələri
heç nə hiss eləməsin deyə faciəsini öz içində yaşayan ata qəlbinin üsyanına dözmür,
var gücüylə bağırıb hönkürür.
Bax, bu bir neçə
saniyəlik an hər şeyin ən çılpaq görüntüsü
idi. Burda dərd də vardı, üsyan da, çarəsizlik də, həsrət də... Və həmin an Mehman
Piriyev səhnədə
yüzlərlə, minlərlə
şəhid atsının
ümumiləşdirilmiş obrazını ən təbii, ən real halıyla canlandırırdı.
lll
Uşaqlar isə (Toğrul İsabəyli və Əli Babayev) öz aləmlərində
babalarından eşitdikləri
"cənnət"in hara
olduğunu dəqiqləşdirməyə
çalışırlar. Axı ataları
ordadır. Bəs niyə
onlar cənnətə
gedə bilmirlər?
Babaları deyir ki, cənnət burdan çox uzaqdadır və oraya yalnız
vətənpərvər, vətənini,
torpağını, xalqını,
ailəsini sevən, gözəl xasiyyətə
malik, savadlı, dərslərini yaxşı
oxuyan insanlar gedir. Yəni ataları kimi...
Ancaq onlar uşaq təfəkkürüylə
özlərinin ora gedə bilməyəcəyini
qəbul etmək istəmirlər və cənnətə "bilet"
almaq üçün
pul yığmağa başlayırlar. Onlar elə bilirlər
ki, bu bilet
vasitəsiylə cənnətə
gedib atalarını görə bilərlər.
Lakin təəssüf ki, həqiqət tam başqadır
və bunu onlar da öyrənməlidirlər.
Tamaşada şəhid rolunu ifa edən Röyal Allahverdiyev və onun dublyoru Qurban Əhmədov hər ikisi Vətən müharibəsi iştirakçılarıdır. Onlar həyatda qəhrəmanlıqla iştirak etdikləri, əvvəldən sona kimi vuruşduqları və dövlətimiz tərəfindən bir neçə medalla təltif edildikləri müharibənin səhnədə şəhidi kimi rol almışdılar. Həmin gün ifasını izlədiyimiz aktyor-döyüşçü Röyal Allahverdiyevin simasında həqiqətən də şəhidlərimizə xas hüzuru, qüruru gördüm. Həmçinin, gənc aktyorun gözlərində dərin, ürküdücü bir kədər də vardı. Əminəm ki, bu kədər onun müharibədə itirdiyi, şəhid olan döyüş yoldaşlarının kədəri idi. Çünki indi səhnədə Röyal özü yox, məhz onlar idi.
lll
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdu.
Səhnə əsərinin rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.
Tamaşa bitsə də, səhnədə aktyorların, zalda tamaşaçılar göz yaşları qurumurdu. Dediyimiz kimi, əsər Vətən müharibəsi şəhidlərinə həsr olunsa da, bu gün bu əsərin oynanılması teatrın kollektivi üçün ikiqat ağır idi. Çünki kollektiv ötən mövsümün bağlanışında bu tamaşanı oynayarkən, orada gəlin obrazını gənc və sevilən aktrisa Gülnar Əlizadə canlandırırdı. Nə yazıq ki, Gülnar elə tamaşanın səhəri günü qəfil dünyasını dəyişdi. Onun gənc yaşda bu cür qəfil gedişi kollektiv üçün həm böyük şok, həm də dərin kədər yaşatdı. Onu səhnədə istedadlı aktrisa Türkan Şahmarlı əvəz etmişdi. Gülnar isə yeni teatr mövsümünün açılışında yoxdur və əbədi olmayacaq.
Allahdan həm şəhidlərimizə, həm də cavan ömrünü mədəniyyətimizə həsr edən istedadlı aktrisa Gülnar Əlizadəyə rəhmət diləyirik!
Bu cür
ağır, eyni zamanda,
uğurlu tamaşa üçün isə Bakı Uşaq və Gənclər Teatrının
kollektivinə sonsuz təşəkkürlər!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.12.